525.Az

Türkiyə həm terroru zərərsizləşdirir, həm də sülhü təmin edir


 

Türkiyə həm terroru zərərsizləşdirir, həm də sülhü təmin edir<b style="color:red"></b>

Ötən həftə İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəyi ilə Suriya böhranının həllinə dair aparılan növbəti danışıqlar nəticəsiz sonluqla başa çatdı.

Cenevrə danışıqları təsdiq etdi ki, BMT-nin, xüsusən də, münaqişənin həllini “öz inhisarında saxlayan” Qərb, əslində, regionda sülhün bərpa olunmasında maraqlı deyil, yalnız vaxt uzatmaqla məşğuldur. Məsələn, BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan Mistura ümid edir ki, Suriya ilə bağlı danışıqlar bir neçə ay fasilələrlə davam edəcək, çünki münaqişənin həlli ilə bağlı tam yekdil bir fəaliyyət planı yoxdur. Ötən illər ərzində fasilələrlə bir neçə raund üzrə aparılmış danışıqların nəticəsiz qalmasına diqqət çəkən S.Mistura çərçivə sazişinin imzalanmasının hələ tez olduğunu, bu prosesin uğurlu nəticələnməsi üçün xeli müddət gözləməyin lazım gəldiyini vurğulayıb.

Əsas məsələ Suriyada bütün siyasi qüvvələrin təmsil olunduğu hökumətin formalaşması, ölkədə yeni Konstitusiyanın hazırlanması və demokratik təsisatların, idarəetmə strukturlarının fəaliyyətini təmin edən seçkilərin keçirilməsidir. Qeyd edək ki, BMT TŞ-nin Suriya böhranının həllinə dair 2254 saylı qətnamə bir neçə dəfə Cenevrədə müzakirəyə çıxarılsa da, problemin həll yolları ilə bağlı yekun akt hazırlanması mümkün olmayıb. Maraqlıdır ki, Cenevrə görüşlərinə rəsmi Dəməşq ilə müxalifət arasında sülh danışıqlarının bütün mərhələləri uğursuzluqla başa çatıb. BMT dəfələrlə Suriya hökumətinin BMT-dəki səfiri Bəşər əl-Cəfəri ilə əsas siyasi tərəflər hesab olunan Nəsr əl-Hariri və Məhəmməd Sabranı açıq dialoqa, birgə yekdil razılığa əsaslanan həll paketinin müzakirəsinə dəvət etsə də, hər dəfə yarımçıq danışıqlar, yaxud kəskin fikir ayrılıqları səbəbindən heç bir nəticə əldə olunmayıb. Amma Türkiyə, Rusiya və İran dövlətlərinin nümayəndələrinin iştirakı ilə Astanada keçirilmiş danışıqlar problemin həllində daha ümidverici vədlər verir. “Üçlüyün” Suriya böhranının həlli ilə bağlı tutarlı nəticələr əldə etməsi müəyyən mənada özünü doğrultmuş sayıla bilər.

Açıq dialoq və bütün təmsilçilərin sona qədər fikir mübadiləsi aparması və Astana formatının tam fərqli olması indiyədək keçirilən görüşləri geridə qoyub. Daha doğrusu, həmin görüşlər Cenevrə müzakirələrindən fərqli olaraq, daha konkret siyasi həll yollarının və komromislərə söykənən məqamların olması ilə yadda qaldı. Ən əsası odur ki, Astanada qəbul edilən bəyannamədə realist notlar əksini tapıb, sənədin bir neçə bəndi üzrə siyasi tərəflərin ortaq mövqeyinin ifadə olunması da müsbət dinamikadan xəbər verir. Tərəflər bütövlükdə Suriya məsələsinin sülh yolu ilə həll etməkdə eyni mövqedə olduqlarını nümayiş etdirməklə, Cenevrədə masaya yatırılan təkliflərə qeyri-real baxdıqlarını da təsdiqləmiş olurlar.

Türkiyənin xarici işlər naziri Mövlud Cavuşoğlunun dediyi kimi “kaş ki, Türkiyə, İran və bölgənin başqa ölkələri ilk dövrlərdən bir araya gələydi və kənardakı ölkələrin müdaxiləsi olmadan problemi çözəydi”. Hazırda Türkiyənin yeni bir sülh perspektivlərini yaratmağa çalışdığını vurğulayan nazir əsas fundamental prinsipin, ali məqsədin Suriya xalqının müstəqil dövlətçiliyinin, sülh və sabitliyin təmin olunması, regionda qarşılıqlı geniş təhlükəsizlik platformasının yaradılmasıdır.

Türkiyə münaqişənin sülh yolu ilə həlli istiqamətində mühüm addımlar atmaqla bərabər, regionda sülhə təhlükə yaradan bütün silahlı qruplaşmaların zərəsizləşdirilməsində fəallığı ilə seçilir. Rəsmi Ankara sülh regionda böyük təhlükəslik zolağı yaratmaq, Suriay ilə bərabər, İraqdakı terrorçuların zərərsizləşdirilməsi üçün yeni əməliyyatlar mərhələsinə start verib. Söhbət Suriyada İŞİD qədər təhlükəli olan və hər cür hərbi təchizatla təmin olunmuş YPG-PYD silahlılarına qarşı antiterror hərəkatından gedir.Türkiyə dövləti 2016-cı ilin noyabrında Suriyada həddindən artıq ağır olan bir prosesə qoşulanda terrorçuların sona qədər zərəsizləşdirilməsi üçün, ölkənin sərhədlərinə axışan bu qruplaşmaların son yuvalarına sıxışdırına qədər mübarizə aparacağını bildirmişdi. Bu məqsədlə başlanılan “Fərat Qalxanı” antiterror əməliyyatlarında minlərlə terrorçu zərərsizləşdirildi, İŞİD-in demək olar ki, hərbi nizamı darmadağın oldu və qarışıq şəkildə qətllər törətməyə çalışan bu qrup dağlarda gizlənməıyə məcbur olub.

Məsələ ondadır ki, Suriyada İŞİD-in yerində digər aktiv terror qruplarının fəaliyyəti artmağa başlayıb və bu prosesdə də dünya gücləri kənardan seyrçi mövqe nümayiş etdirir. YPG-PYD terrorçularına qarşı aparılan əməliyyatlarda Türkiyə silahlı qüvvələri təkdir, bölgədə sülhü və sabitliyi daim təhlükə altına alan terror qruplaşmalarına qarşı da heç bir ölkə təsirli addımlar atmaq istəmir. Türkiyə regionun və özünün sərhədlərinin sabitliyi üçün öz hərmi gücünü göstərməyə məcburdur.

Maraqlıdır ki, NATO və Qərb Türkiyəni meydanda tək qoymaqla kifayətlənməyib hətta terrorçuların zərəsizləşdirilməsində narahatlıq keçirməyə başlayıblar. Son 10 gündə YPG və PYD-nin sıx toplaşdığı Menbicdə bəzi ərazilərin terrorçulardan təmizlənməsi Qərbin əsil simasını yenidən ortaya qoydu. Türkiyə silahlı qüvvələrinin təmizlədiyi və Azad Suriya Ordusuna (ASO) təhvil verdiyi ərazilərə Almaniya və ABŞ-ın dəstəyi ilə yeni silahlı qruplaşmaların yürüdülməsi Qərbin Suriyanı qan içində saxlamaq niyyətlərini göstərir. Məsələn, ABŞ hərbi qüvvələrinin polkovniki Jon Dorrian da Münbiçə dəstəyin edilməsini gizlətməyir. "Münbiç ətrafında ASO-nun daha irəli getməsini əngəlləmək üçün güclərimizi artırdıq" ifadələrini açıqlayan Dorrian bölgədə İŞİD qədər təhlükəli olan başqa qruplaşmaların Azad Suriya Ordusu ilə üz-üzə gəlməsinə rəvac verir.

Türkiyə isə bütün cəbhələrdə terrorla vuruşur. İŞİD də, PKK da, YPG də hər an Türkiyə üçün real terror mənbəyidir, Bu qruplaşmaların hər biri Türkiyə ilə sərhədlərdə, İraq və Suriya ərazilərində yerləşir və hər iki ölkənin ərazisindən Türkiyəyə rahatlıqla keçib terror törədirlər. Türkiyə sərhədlərinə yaxın ərazilərə nəzarət edən bu qruplaşmaların zərəsizləşdirilməsi, həmin ərazilərdə təhlükəsiz və sabit mühitin təmin olunması rəsmi Ankaranın strateji maraqlarını təşkil edir. Hazırda Türkiyə Ərdoğanın rəhbərliyi altında çox güclü regional gücə çevrilməkdəıdir. Qərb isə bunu qəbul edə bilmir və Türkiyəyə qarşı olan bütün sılahlı ünsürlərlə işbirliyində olmağa hazırdır.

Türkiyənin Baş naziri Binəli Yıldırım bildirib ki, terrora böyük zərbə vurduq, terrorçular can verirlər. FETÖ da, PKK da, İŞİD də bitəcək. Rəsmi Ankara hətta İraqın Qəndil dağlarında qərargah salmış PKK terrorçularının əsas dayaqlarını da məhv etməkdə israrlıdır.

 





10.03.2017    çap et  çap et