525.Az

İrəvan Dövlət Azərbaycan Teatrı: 1882 - 1927-ci illərdə - Teatr - 135


 

3-cü məqalə

İrəvan Dövlət Azərbaycan Teatrı: 1882 - 1927-ci illərdə - <b style="color:red">Teatr - 135</b>

Uilyam Şekspirin dramaturgiyası, ilk növbədə faciələrindəki hadisələrin möhtəşəm miqyaslı inkişafı, konfliktin bəşəri xarakteri, obrazların kükrəyən ehtirasları, mənəviyyatların ehtiraslı toqquşmaları Azərbaycan teatrlarını həmişə cəlb etmişdir.

Maraqlıdır ki, milli səhnəmizdə dahi ingilis dramaturqunun "Otello" faciəsinə müraciət daha çox olmuşdur.

Düzdür, istər ayrı-ayrı truppaların, istərsə də dövlət teatrlarının müraciətlərinin hamısı uğurlu alınmamışdır. Lakin bütövlükdə Şekspir faciələri və ilk növbədə "Otello" əsəri neçə-neçə rejissor və aktyorun yaradıcılığına möhtəşəm sənət töhfələri bəxş etmişdir. Şərq psixoloji düşüncə tərzinə, şərq ehtiraslarına daha yaxın olan "Otello" faciəsinin İərvan teatrında 1938-ci il və 1944-cü il quruluşları sənət ocağının yaradıcılıq iqlimində dönüş kimi dəyərləndirilmişdir. Hər iki tamaşa bədii-estetik məziyyətlərinə və müxtəlif aktyor ifalarına görə teatrın nailiyyətlərinə çevrilib.

1938-ci ilin mayın 4-də oynanılmış "Otello"da rejissor faciənin estetik səhnə təcəssümü prinsiplərini realist planda açmağa səy göstərmişdi. Aktyorlar da əsas  konfliktlə bağlı mövzu-xətləri canlı realizm mürəkkəbliyi ilə ifa edirdilər. Tamaşada Otello - Yaqo konflikti mənfi və müsbət obraz ölçüləri ilə deyil,  münaqişənin özəyində duran sırf  iki əks qütblü fəlsəfi konsepsiyanın poetik-dramatik səhənə təqdimi kimi realizə edilmişdi. Belə rejissor yozumunda nəinki əsas rolları ifa edən İsmayıl Dağıstanlı (Otello) və Əli Zeynalov (Yaqo), hətta ikinci dərəcəli obrazlarda çıxış edən aktyorlar Adriq Dərzaqova (Emiliya), Yunis Nuri (Qratsiano), Züleyxa Babayeva (Bianko), Həsən Mirzəyev (Kassio), Əhməd Səfayi (Brabansio), Əziz Süleymanov (Rodriqo) da realist oyun üsubuna üstünlük verirdilər. Zariq Teryan isə Dezdemona rolunda lirik-dramatik ifadə vasitələrindən daha çox və yaradıcı tərzdə istifadə edirdi.

Əli Zeynalov daxilən güclü və mübariz, uzaqgörən və tədbirli olan, xaraktercə insanlardan şübhələnən, öz mənafeyi üçün başqalarının qürurlarını tapdalayan mürəkkəb insan xarakteri oynayırdı. Aktyor qüdrətli sərkərdə, nəcib mavr Otelloya qarşı Yaqonun özünün məkrli planlarını həyata keçirməsində tədbirli və təmkinli insan obrazı canlandırırdı. Otellonu oynayan İsmayıl Dağıstanlıdan daha böyük nailiyyət qazanırdı. Onun Şekspir obrazı daha canlı, daha həyati və daha real təsir bağışlayırdı.

Teatrın həyatında Üzeyir bəy Hacıbəylinin "Arşın mal alan" operettasını musiqisiz oynamaq cəhdləri olub. Bu operettanı yazıldığı kimi, bütün musiqi zənginliyi və təravəti ilə tamaşaçılara təqdim etmək baxımından teatrın daha uğurlu işi 1938-ci ildə rejissor Əli Şahsabahlının quruluşunda oynanılan tamaşadır. Dekabr ayının 12-də premyerası göstərilən operetta musiqinin peşəkarcasına səhnə həlli, məişət məzhəkəsinin səmimi yumoru, ifaçıların sadə və real oyunları ilə tamaşaçıların ürəyinə yol tapmışdı. Nübar Əlixanovanın Gülçöhrə rolundakı vokal bacarığı və məlahətli ifası aktrisanın yeni yaradıcılıq imkanlarını açmaqla yanaşı, səhnə əsərinə təravət aşılayırdı. "Arşın mal alan" operettasının tamaşası rejissor Əli Şahsabahlının İrəvan teatrında ilk işlərindən, özü də uğurlu yaradıcılıq səylərindən biri idi. Teatr bu tamaşanın premyerasına ciddi hazırlaşmışdı. Tamaşanın uzunömürlülüyü bunu bir daha təsdiqləyir. Rəssam Rza Məmmədov səhnədə çox koloritli, cazibəli və ürəkaçan bir məkan yaratmışdı. Əsgərin partiyasını tamaşanın rejissoru Əli Şahsabahlı özü oxuyurdu.

Quruluşçu rejissor Yusif  Yulduzun orijinal səhnə təfsiri verdiyi və 24 sentyabrda göstərilən "Platon Kreçet" ("Polad Qartal". Aleksandr Korneyçuk) tamaşası bədii məziyyətlərinə, realist teart estetikasının parlaq təcəssümünə baxmayaraq repertuarda çox qalmadı. 1936-cı ildə Baxşı Qələndərli bu pyesin təbdilini tamaşaya hazırlamışdı. Yusif Yulduz isə əsərin tərcüməsinə üstünlük vermişdi. Ona görə də obrazların adları orijinaldakı kimi qalmışdı. Yusif Yulduzun quruluşundakı tamaşada İsfəndiyar Hüseynov (Berest) və Əli Zeynalov (Arkadi) daha maraqlı oyun nümayiş etdirirdilər. Qabriel Sundukyan adına Ermənistan Dövlət Dram Teatrının aktyoru Raçya Nersesov bir neçə dəfə İrəvan Azərbaycan teatrının tamaşasında Platon Kreçet rolunu ifa etdi.

Milli peşəkar dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin anadan olmasının 125 illiyi münasibətilə teatr ədibin "Hacı Qara" komediyasına müraciət etdi. Komediyanı tamaşaya Baxşı Qələndərli hazırlamışdı. Tamaşanın premyera günü (7 aprel 1938) Hacı Qara rolunu Əhməd Səfayi ifa etdi. İkinci və sonrakı tamaşaların əksəriyyətini Yunis Nuri oynadı. Hacı Qara rolu aktyorların İrəvan teatrında yaratdıqları daha samballı səhnə surətlərindən biridir. Əziz Süleymanov (Kərəməli), Əli Zeynalov (Arakel) və Zakir Şahbazov (Mkrtıç) epizod komik surətlərdə gözlənilməz olsalar da, səmimi, koloritli və məzəli baxılırdılar.

"Həyat"ın quruluşçu rejissoru Baxşı Qələndərlinin diktəsi ilə rəssam Azərbaycan məişətinin xzarakterik səciyyələrini tərtibatın bütün elementlərində saxlamağa çalışmışdı. Rekvizit və butafor əşyaları, geyimlər koloritli idi. İlk tamaşa oktyabrın 27-də göstərildi. Quruluşçu rejissorun fikir genişliyi bəzi epizodlarda alınmasa da, əsasən ifaçı aktyorların istifadə etdikləri ifadə vasitələrində həssaslıqla təcəssüm tapmışdı. Rolları Adriq Dərzaqova (Həyat), Əli Zeynalov (Süleyman), Əşrəf Quliyev (Rauf), İsfəndiyar Hüseynov (Abbas), Əsəd Xəlilov (Həsənov), Əli Şahsabaşlı (Məşədi Hüseyn), Dilarə Məmmədova (Rəşxəndə), Zakir Şahbazov (Pardon Qurbanəli), Cəmil Əliyev (Camal kişi), Ağakərim Səlimov (Qurban kişi) oynayırdılar.

Tənqid Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" komediyasının tamaşasına (7 dekabr 1939) böyük diqqət yetirmişdi. İlk növbədə quruluşçu rejissor Əli Şahsabahlının yaradıcılıq axtarışları, onun əsərə verdiyi səhnə təfsirinin estetik dəyərləri təqdir olunurdu. Müəyyən rejissor qüsurlarına, əlavə olunmuş mətnlərin səthiliyinə, aktyor oyunlarının zəif cəhətlərinə baxmayaraq, "Lənkəran xanının vəziri" komediyasının tamaşası teatrı iki-üç illik repertuar ətalətindən çıxmağa can atması baxımından qiymətli və dəyərli idi. Bütövlükdə tamaşada aktyor ansamblı pis alınmamışdı. Müəyyən qüsurlarına baxmayaraq, Nübar Əlixanova (Ziba xanım), Züleyxa Babayeva (Pəri xanım), Dilarə Məmmədova və Həlimə Şükürova (Nisə xanım), Məmməd Sadıqov (Ağabəşir), Cəmil Əliyev (Səlim bəy), Əziz Hacıyev (Heydər bəy), İbrahim Məcidov (Səməd bəy) canlı və komik, real və dramatik səhnə obrazları oynamağa çalışırdılar.

1939 -1940-cı il teatr mövsümündə quruluşçu rejissor Baxşı Qələndərli 1935-ci ildə hazrladığı "1905-ci ildə" (Cəfər Cabbarlı) tamaşanı bərpa etdi. İrəvan teatrının vətənpərvərlik mövzusunda maraqlı yaradıcılıq işlərindən biri Georgi Mdivaninin "Vətən namusu" dramının tamaşası idi. "Vətən namusu" tamaşasında əsas rolları Əli Zeynalov (Yaqor), Məmmədbağır Qaraxanov (Sardion), Nübar Əlixanova (Natella), Əziz Süleymanov (Nadir) ifa edirdilər.

Teatr 1939-cu ildə özünün dövlət təsisatına keçməsinin on illik yubileyindən sonra böyük sənət məsuliyyəti və bir növ siyasi sayıqlıqla hazırladığı əsərlər Cəfər Cabbarlının "Aydın" (10 oktyabr 1940) və Səməd Vurğunun "Xanlar" (4 dekabr 1940) dramlarının tamaşaları oldu. "Aydın" tamaşasının quruluşçu rejissoru Əli Şahsabahlı aktyorlarla diqqətlə işləmişdi. Mizanların verilməsində və hadisələrin inkişaf xəttində Aydın (Əli Zeynalov), Dövlət bəy (Həsən Mirzəyev), Surxay (Həsən Hüseynov) obrazları daha qabarıq verilmişdi. Pyesdəki "proletar mübarizliyini" qabarıq göstərmək üçün bilavasitə rejissorun təkidi ilə, Pirqulu (Adil Məmmədov) və Səlim (Zakir Şahbazov) personajları süni şəkildə bir sıra dramatik hadisələrə daxil edilmişdilər. Rejissorun çalışqanlığı və aktyorların obraz üzərində axtarışlarına işgüzar və yaradıcı münasibətləri sayəsində epizod rolların ifaçıları da səhnədə təbii və real görünürdülər.

"Xanlar" tamaşası üçün məxsusi geyimlər sifariş verilmişdi. Rəssam Rza Məmmədov tamaşa üçün monumental səpkidə səhnə tərtibatı işləyirdi. Ancaq kollektiv tamaşanı təhvil verməyə tələsmirdi. Payız mövsümündə məşqlər yeni vüsət aldı. Tamaşanın rəssamı Rza Məmmədov uğurlu axtarışlarına baxmayaraq, Vasili Vartanovla əvəz olundu. "Xanlar" tamaşasının premyerası uğurlu keçdi. Tamaşada əksər tarxi obrazlar deklorativ, quru çıxsalar da, aktyorlar səylə oynayırdılar. Stalin rolunda Əli Zeynalovun və Abbasqulu Tağıyevin istifadə etdikləri ifadə vasitələrində maraqlı tapıntılar daha qabarıq tərzdə təcəssüm tapmışdı. Tipik xarakterli rollarda çıxış edən Zakir Şahbazovun (Aslan), Nübar Əlixanovanın (Qızyetər), Adil Məmmədovun (Vanya), Məmmədbağır Qaraxanovun (Mamuliya), Cəmil Əliyevin (Araq Şəmistan) ifaları daha canlı və təbii təsir bağışlayırdı.

Teatra daim pyes yazan yerli müəllif yox idi. Aktual və problematik  çağdaş mövzularda pyes sifariş vermək imkanı olmayan teatr erməni dramaturqlarının əsərlərinə müraciət etmək məcburiyyətində qalırdı. Yaxud da teatr direktorun və ya kollektivin üzvlərindən kiminsə yazdığı pyesi hazırlamalı olurdu. "Daşqın" əsəri də tamaşaya belə hazırlanmışdı  (9 yanvar 1940). Sənət ocağının aparıcı aktyorlarından olan Əli Zeynalovun yazdığı "Daşqın" dramı o qədər də bitkin səhnə əsəri deyildi. Mövzu aktyal və maraqlı olsa da, konflikt əsaslı deyildi, əsas surətlər və yardımçı personajlar zəif çıxmışdılar.

Teatr 1940-cı ildə Əli Şahsabahlının quruluşunda Jan Batist Molyerin "Jorj Danden" ( 26 fevral), Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (18 mart), Baxşı Qələndərlinin rejissorluğu ilə Aleksandr Ostrovskinin "Günahsız müqəssirlər" (2 may), Sabit Rəhmanın "Toy" (7 sentyabr), Süleyman Sani Axundovun "Eşq və intiqam" (19 noyabr) əsərlərinin tamaşalarını da repertuara daxil edib. "Günahsız müqəssirlər"də Neznamov, Kruçinina və Şmaqa kimi mürəkkəb dramaturji obrazlar Əli Zeynalova, Nübar Əlixanovaya və Zakir Şahbazova tapşırılmışdı. Tamaşanın enerji nüvəsi də onların üzərində qərar tapmışdı. Aktyorlar ifa etdikləri obrazları psixoloji cəhətdən əsaslandırmaq səyindəydilər. Əli Zeynalovun daxili ehtirası və səhnə temperamenti bəzi səhnələrdə çox görünsə də, onun Neznamovu səmimi, həyat burulğanlarında ləyaqətini itirməməyə çalışan fədakar insan təsiri bağışlayırdı. Zakir Şahbazovun Şmaqası təkəbbürlü, iddialı olduğu qədər də sadə, yumor hissini saxlayan xalis rus tipi idi.

Tərcümə əsəri kimi Jan Batist Molyerin "Jorj Danden" komediyasının tamaşası daha uğurlu alınmışdı. Tamaşaçıların maraqla qarşıladıqları komediyada Həsən Hüseynov (Lyuben), Əziz Hacıyev (Kolen), Əziz Süleymanov (Klitandra), Gülzar Rəhimova (Klodina), Nübar Əlixanova (Anjelika), İsfəndiyar Hüseynov (Sotanvil) maraqlı və məzəli, şən ovqat doğuran oyun nümayiş etdirirdilər. "Pəri cadu" isə nisbətən uğurlu alınmışdı. Pəri rolunda aktrisa Nübar Əlixanovanın nailiyyətləri daha çox hiss olunurdu.

1941-cı illərdə janr axtarışlarını gücləndirən İrəvan teatrı xalq qəhrəmanlıq tamaşalarını oynamağa daha inamlı cəhd göstərirdi. Bu baxımdan milli müəlliflərdən Süleyman Rüstəmin "Qaçaq Nəbi" (14 mart), Səməd Vurğunun "Vaqif" (1 iyun), Mirzə Fətəli Axundzadə "Müsyö Jordan və dərviş Məstəlişah" (29 oktyabr), gürcü dramaturqu Sandro Şanşiaşvilinin "Anzor"  (16 dekabr), osmanlı ədibi Şəmsəddin Saminin "Dəmirçi Gavə" pyeslərinin tamaşalarını teatrın səmərəli yaradıcılıq nailiyyətləri sırasına daxil etmək olar.


"Qaçaq Nəbi" İrəvan teatrının romantik-monumental səpkidə işlənmiş uğurlu yaradıcılıq axtarışlarının bəhrəsi kimi sənət ocağının tarixində xüsusi yer tutur.Tamaşasının quruluşçu rejissoru Əli Şahsabahlı idi. Baş rollar Əli Zeynalova  (Nəbi), Nübar Əlixanovaya və Ətayə Əliyevaya (Həcər), Məmmədbağır Qaraxanova (Təhmas bəy), Həsən Mirzəyevə (Səlim bəy) tapşırılmışdı. Onlar dramatik səhnələrdə ehtirasla və daxili coşqunluqla oynayırdılar. Qəhrəmanlıq ruhunun romantik tərzdə çatdırılması baxımından aktyorlar hamısı səylə çalışmışdılar.

"Vaqif" tamaşası teatrın poetik teatr estetikasına cəsarətli inamla yiyələnməsində də mühüm əhəmiyyət kəsb etdi. Tamaşada rejissor Baxşı Qələndərlinin monumental-romantik üslubda səhnə təfsiri vermək səriştəsinin yeni keyfiyyətləri açıqlandı. Quruluşçu rejissorun aktyorlarla işində nailiyyətlər daha çox idi. Bəzi aktyorların şeirlə dialoqların söylənilməsində romantik ruhu quru pafosla əvəz etmələrinə baxmayaraq, ümumən poetik teatr oyun-ifadə prinsiplərinə yanaşma forması maraqlı baxılırdı.

İrəvan teatrının tarixində nadir hadisələrdən biri "Vaqif" tamaşası ilə bağlıdır. Əsərin premyerası dörd gün dalbadal, 1941-ci il iyunun 1-də, 2-də, 3-də və 4-də böyük təntənə ilə göstərildi. Bu estetik təravət və yenilik xüsusən Əli Zeynalovun (Vaqif), Əli Şahsabahlının (Qacar), Məmmədbağır Qaraxanovun (İbrahim xan), Əziz Süleymanovun (Vidadi), Ətayə Əliyevanın və Gülzar Rəhimovanın (Gülnar), Zakir Şahbazov (Təlxək), Züleyxa Babayevanın (Yengə), ifalarında daha qabarıq nəzərə çarpırdı. "Vaqif" tamaşasında ümumi aktyor ansamblı güclü alınmışdı. Kütləvi səhnələr monumental-romantik teatr estetikası əsasında qurulmuşdu.

İrəvan teatrı Vətən müharibəsinin başlanması ilə əlaqədar 1941-ci ilin sonlarından bir növ təbliğat-təşviqat funksiyasını icra edirdi. Truppa üzvləri ayrı-ayrı briqada və dəstələrə bölünərək hərbi qospitallarda, əsgərliyə çağırış məntəqələrində çıxışlar edirdilər. Proqramlar musiqi nömrələrindən, faşizm əleyhinə satirik şeirlərdən, ayrı-ayrı tamaşalardan götürülmüş parçalardan ibarət olurdu. Teatr  dörd il ərzində yeni tamaşalar da hazırlamışdır. Bu tamaşaların az bir qismi əvvəl oynanılmış əsərlər idi. Əli Şahsabahlının rejissorluğunda Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun", "Əsli və Kərəm", Zülfüqar bəy Hacıbəylinin "Aşıq Qərib", Müslüm Maqomayevin "Şah İsmayıl" operaları, Üzeyir bəyin "Məşədi İbad", "Arşın mal alan", Zülfüqar bəyin "Əlli yaşında cavan", "Evliykən subay" musiqili komediyaları təkrar-təkrar tamaşaya hazırlanıb. "Aşıq Qərib" operasının tamaşasında Qəribi Əli Şahsabahlı özü, Şahsənəmi Nübar Əlixanova, Şahvələdi Həsən Mirzəyev, Güloğlanı Zakir Şahbazov ifa ediblər.

Əli Şahsabahlı, başda Üzeyir bəyin əsərləri olmaqla, musiqili komediyaların hazırlanmasında yol verdiyi qüsurlardan əlavə daha bir uğursuz addım atdı. O, Nizaminin "Leyli və Məcnun" poeması əsasında eyniadlı dram əsəri yazdı və 1942-ci ildə özü ona səhnə quruluşu verdi. Tənqid, gec də olsa, bu zəif dram əsərinə özünün obyektiv qiymətini verdi.

1941 - 1945-ci illərdə təkrar quruluşlarda və əsaslı bərpada Cəfər Cabbarlının "Aydın", "Solğun çiçəklər", "Sevil", Səməd Vurğunun "Xanlar", Mirzə İbrahimovun "Həyat", Georgi Mdivaninin "Vətən namusu" dramları, Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" faciəsi, Mirzə Fətəli Axundzadənin "Hacı Qara", Sabit Rəhmanın "Yalan" komediyaları tamaşaçılara göstərilib. Kollektivin yeni tamaşaları da olub. Bu baxımdan Jan Batist Molyerin "Jorj Danden", Lope de Veqanın "Quzu çeşməsi", Aleksandr Ostrovskinin "Günahsız müqəssirlər", Mehdi Hüseynin "Nizami", Sabit Rəhmanın "Aşnalar", "Xoşbəxtlər", Səməd Vurğunun "Fərhad və Şirin", Mehdi Hüseynin "Cavanşir" əsərlərinin tamaşalarını göstərmək olar.

Teatrın yaradıcı kollektivi "Xoşbəxtlər" komediyasının tamaşası üzərində daha səylə çalışmışdı. Tamaşanın premyerası 1943-cü ilin noyabrında oynanılıb. Quruluşçu rejissor Baxşı Qələndərli məişət-sosial xarakterli tamaşa qura bilmişdi. Tamaşada əsas rolları Əziz Süleymanov (Mürşüd), Həsən Hüseynov (Sadıq), Ətayə Əliyeva (İnci), T.Zariq (Gülər), Zakir Şahbazov (Bərbərzadə), Həsən Mirzəyev (Usta Segah), Nübar Əlixanova (Maral), Məmmədbağır Qaraxanov (Mirzə Qərənfil), Züleyxa Babayeva (Sənubər), Gülzar Rəhimova (Həlimə) oynayırdılar.

Səməd Vurğunun "Fərhad və Şirin" qəhrəmanlıq dramının ilk tamaşası 1942-ci ilin mart ayında göstərildi. Baxşı Qələndərli tamaşanın qəhrəmanlıq ruhunu daha da qabartmışdı. Müəyyən mənada romantik monumentallığa meyl də özünün səmərəli nəticəsini vermişdi. Fərhad rolunu respublikanın Əməkdar artisti Əli Zeynalov ifa edirdi. Digər əsas rolları Məmmədbağır Qaraxanov (Xosrov), Ətayə Əliyeva (Məryəm), Həsən Hüseynov (Şiruyə), M. Məcidov (Fərhad), Həsən Mirzəyev (Azər baba), Gülzar Rəhimova (Fitnə), Zakir Şahbazov (Baş vəzir) ifa edirdilər.

Müharibə ilə bağlı olaraq teatr 1942 - 1945-ci illərdə qəhrəmanlıq, vətənpərvərlik, sağlam həyat mövqeyi mövzularında hazırlanmış tamaşalara üstünlük verib. Teatr Şəmsəddin Saminin "Dəmirçi Gavə", Əkbər İrəvanlının "Səadət uğrunda", Məmmədhüseyn Təhmasibin "Aslan yatağı", Mehdi Hüseynlə İlyas Əfəndiyevin "İntizar", Rza Şahvələdin "Qız qalası", Məlik Koçaryanın "Doğma adamlar", Prutun "Raykom katibi" dramlarını öz repertuarına daxil edib. Həmin əsərlərin əksəriyyəti uğur qazanmayıb. Göstərilən tamaşaların quruluşlarını əsasən Baxşı Qələndərli və Əli Şahsabahlı veriblər. Teatr 1942-ci ildə aktyor Əli Zeynalovun "Həyəcanlı qəlb" dramını da tamaşaya hazırladı. Tamaşanın quruluşunu rejissor Baxşı Qələndərli vermişdi və baş rol Xasayı Əli Zeynalov özü oynayırdı.

Haqqında bəhs olunan dövrdə teatrın sənət nailiyyətlərindən biri "Otello" (Uilyam Şekspir) tamaşası idi. Quruluşçu rejissor Baxşı Qələndərli tamaşa üçün Cəfər Cabbarlının tərcüməsini seçmişdi. Yeni quruluşda rejissor faciənin romantik-monumental vüsətini əsas götürmüşdü. İfaçılar Abbasqulu Tağıyev (Yaqo), Əziz Süleymanov (Rodriqo), Həsən Mirzəyev (Kassio), Əhməd Səfayi (Brabansio) da romantik aktyor məktəbinin poetika göstəriciləri əsasında oynayırdılar. Təzə quruluşda Otello qüdrətli sərkədə olduğu qədər də sadəlövhcəsinə aldanan sadə sevgili, mətin iradəsi ilə yanaşı çətin məqamlarda hisslərini cilovlaya bilməyən zavallı aşiq obrazı təsiri bağışlayırdı. Aktyor həm səhnə davranışı, həm də bəlağətli və pafoslu danışığı ilə obrazın romantik qəhrəman vüsətini daha da ucaldırdı. Belə səhnə təfsirində Əli Zeynalovun Otellosu Şekspir ruhuna, Şekspir fəlsəfi fikrinə, Şekspir ehtiraslarının əzəmətinə daha yaxın və doğma təsiri doğururdu.

Kollektiv 1946-cı ildə üç yeni tamaşa hazırladı . Onları üçü də komediya idi. Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəlişah" (quruluşçu rejissor Əli Şahsabahlı), dramaturq Məmməd Səid Ordubadi, bəstəkar Fikrət Əmirov "Ürəkçalanlar" (quruluşçu rejissor Əli Şahsabahlı), Jan Batist Molyerin "Cancur Səməd" ("Vasvası xəstə". Quruluşçu rejissor Əli Şahsabahlı) əsərlərinin tamaşaları teatrın repertuarındı möhkəm yer tutdu. Tamaşa Məmmədbağır Qaraxanovun Hatəmxan ağa, İbrahim Azərinin (Atakişiyev) Məstəlişah və İsfəndiyar Hüseynovun Müsyö Jordan və Həsən Mirzəyevin Şahbaz bəy rolları ilə yadda qalırdı.

Teatr ilin ikinci yarısında dramaturq Məmməd Səid Ordubadinin və bəstəkar Fikrət Əmirovun "Ürəkçalanlar" musiqili komediyasını hazırlayıb repertuarına əlavə etdi. Quruluşçu rejissor Baxşı Qələndərli tamaşada bir sıra mürəkkəb musiqi nömrələrini çıxartmışdı. Rollarda İsfəndiyar Hüseynov (Quluş bəy), Nübar Əlixanova (Yəmən), Gülzar Rəhimova (Səmən), Züleyxa Babayeva (Tərlan xanım), Abbasqulu Tağıyev (Qulam), Həsən Mirzəyev (Musa), Zakir Şahbazov (Şaban), Adil Məmmədov (Bəhlul bəy), Məmmədbağır Qaraxanov (Heybətqulu), Ziya Mirzəhəsənov (Dramaturq), Tələt Nəsirov (Kirmanlı) çıxış edirdilər.

Ermənistan Respublikası Nazirlər Soveti yanında İncəsənət İşləri İdarəsi günü-gündən İrəvan Dövlət Azərbaycan Dram Teatrına daha laqeyd, daha soyuq münasibət bəsləyirdi. 1945-ci ildə İncəsənət İşləri İdarəsi teatrın yaradıcılıq iqlimindəki durğunluğu aradan qaldırmaq, yaradıcılığa əngəl törədən qüsurları dəf etmək üçün 245 saylı qərar-əmr vermişdi. Əslində bu əmr gözdən pərdə asmaq idi. Uzun illər idi Azərbaycan teatrı üçüncü dərəcəli sənət ocağı sayıldığı üçün təchizatında ciddi çatışmazlıqlar vardı. Rəsmi dairələr hər dəfə teatrın dərəcəsinin qaldırılacağına söz versələr də, əməli iş görmürdülər.

Azərbaycan teatrına, Azərbaycan mədəniyyətinə belə laqeyd münasibət əslində məqsədyönlü idi və teatrın yaxın gələcəkdə bağlanması üçün zəmin hazırlayırdı. O ki, qaldı tənqidin Əli Şahsabahlının milli operalarımızın üzərində "əməliyyat" aparmasına, bu, həqiqətən də ürəkağrıdan fakt idi. Kollektivin potensial yaradıcılıq imkanı opera tamaşaları oynamağa imkan verməsə də, rejissorlar tamaşaçı "toplamaq" naminə məşhur əsərləri dram şəklinə salaraq təqdim edirdilər. Bununla da həm Üzeyir bəyin yaradıcılıq irsinə ləkə salınır, həm də teatrın məqsəd və qayəsi primitivləşdirilirdi.

1947-ci ildə teatrın repertuarına Baxşı Qələndərlinin quruluşunda Məmmədhüseyn Təhmasibin "Bahar" (24 fevral), Səməd Vurğunun "Fərhad və Şirin" (12 iyun), İlyas Əfəndiyevin "İşıqlı yollar" (3 noyabr), Əli Şahsabahlının rejissorluğunda Süleyman Rüstəmin "Qaçaq Nəbi" (14 aprel) əsərlərinin tamaşaları daxil olub. Teatr "Doğma insanlar" tərcümə əsərini də oynayıb.

"Bahar" tamaşasında əsərin qəhrəmanı Bahar rolu Nübar Əlixanovaya və Ətayə Əliyevaya tapşırılmışdı. Ətayə xanım obrazı daha çox lirik-dramatik planda oynamaqla tamaşaya və hadisələrin gərginliyinə dramatizm ruhu verirdi. Əslində quruluşçu rejissorun təklif etdiyi bu tfa tərzi və oyun prinsipi rejissorun tamaşa üçün müəyyənləşdirdiyi ali məqsədlə üst-üstə düşürdü. Digər əsas rolları Əziz Süleymanov (Tərlan), Firuzə Muradova və Gülzar Rəhimova (Laçın), Abbasqulu Tağıyev (Qaya),  Zakir Şahbazov (Veysəl Mirzə) ifa edirdilər.

İrəvan teatrı  Süleyman Rüstəmin "Qaçaq Nəbi" qəhrəmanlıq dramını birinci dəfə 1941-ci ildə tamaşaya qoymuşdu. 1947-ci ildə kollektiv bu əsəri Əli Şahsabahlının quruluşunda yenidən öz repertuarına daxil etdi. Tənqid kollektivin yeni işini birmənalı qarşılamadı. Tamaşaya həsr olunmuş resenziyada baş qəhrəmanların oyunlarının uğurlu cəhətləri göstərilməklə yanaşı, zəif ifa tərzləri də tənqid olunurdu. Qaçaq Nəbi rolunu müəyyən təcrübə toplamış bacarıqlı aktyor Abbasqulu Tağıyev, Həcərin obrazını isə Nübar Əlixanova ifa edirdilər. Quruluşçu rejissor Əli Şahsabahlı "Qaçaq Nəbi" pyesinin qəhrəmanlıq ruhuna üstünlük verdiyi üçün tamaşada lirik səhnələri, psixoloji epizodları bir qədər ötəri işləmişdi. Buna görə də tənqidin Nəbi və Həcərin sevgi səhnəsi barədə söylədikləri fikirlər əsaslı və haqlı tənqiddir.  Digər tərəfdən, rejissor kütləvi səhnələrə geniş imkan versə də, monumentallığa cəhd etsə də, tamaşa romantik möhtəşəmliklə səhnə təfsiri tapa bilməmişdi. Rejissorun psixoloji-dramatik epizodlardakı diqqətsizliyi bəzi aktyorları da oynadıqları obrazların yanlış səhnə təfsirinə sövq etmişdi.

Nizami Gəncəvinin anadan olmasının 800 illiyi münasibətilə teatr şair-dramaturq Səməd Vurğunun "Fərhad və Şirin" mənzum qəhrəmanlıq dramına yenidən müraciət etdi. Əsas rollarda Ətayə Əliyeva (Şirin), Abbasqulu Tağıyev (Xosrov), Həsən Mirzəyev (Azər baba), Məmmədbağır Qaraxanov (Şapur), Nübar Əlixanova (Məryəm), Ziya Mirzəhəsənov (Şiruyə) çıxış edirdilər.

"İşıqlı yollar" tamaşasında güclü aktyor ansamblı vardı. Obrazların böyük-kiçikliyindən asılı olmayaraq, Ətayə Əliyeva (Gülarə), Məmmədbağır Qaraxanov (Baba dayı), Adil Məmmədov (Vasilyev), Abbasqulu Tağıyev (Səlim), Gülzar Rəhimova (Lalə), Həsən Mirzəyev (Cəfərqulu və Şirəli), Zakir Şahbazov (Kərim), İbrahim Məcidov (Polad), Tələt Nəsirov (Laçın), Cəmil Əliyev (Usta Faiz), Züleyxa Babayeva (Balayan), İsfəndiyar Hüseynov (Sultanov), Əziz Süleymanov (Allahyar), Mehdi Ramazanov (Dərgahqulu), Firuzə Məmmədova (Texnik) həyati və canlı, real və tipik səhnə surətləri yaratmağa inamla səy göstərmişdilər.

İrəvan teatrının truppası günü-gündən seyrəlib zəifləyirdi. Tamaşaların bədii keyfiyyəti aşağı düşürdü. Kollektivə İrəvan şəhərində tamaşa göstərməyə demək olar imkan verilmirdi. 1948-ci ildə teatr şəhərdə barmaqla sayılacaq qədər az əsər göstərib. Yeni dekorasiyalar hazırlamaq, üzərinə müxtəlif mənzərələr çəkilmiş arxalıq və önlük pərdələr işləmək, təzə geyimlər almaq üçün teatra pul ayrılmırdı. Aktyorlara aylarla maaş verilmirdi.

Bütün çətinliklərə baxmayaraq, teatrın işləmək əzmini hələ qırmaq mümkün olmamışdı. Çətinliklə olsa da, kollektiv mart aynın 4-də Cəfər Cabbarlının "Sevil" dramını yeni quruluşda tamaşaya hazırladı. May ayının 24-də yaradıcı heyət Üzeyir bəy Hacıbəylinin dəfələrlə göstərdiyi "Məşədi İbad" musiqili komediyasını, 27 dekabrda isə "Leyli və Məcnun" operasını təzə quruluşunda tamaşaçılara təqdim etdi. Tamaşaların rejissoru Əli Şahsabahlı idi. "Sevil" tamaşası Sevil rolunda çıxış edən Ətayə Əliyevanın bir növ sənət bayramına çevrilmişdi. Dilbər (Nübar Əlixanova), Babakişi (Cəmil Əliyev), Atakişi (Məmmədbağır Qaraxanov), Tafta (Dilarə Məmmədova) rollarında çıxış edən aktyorların uğurlu tapıntıları vardı.

Kollektiv Süleyman Sani Axundovun "Eşq və intiqam" faciəsini və Müslüm Maqomayevin "Şah İsmayıl" operasını tamaşaya hazırladı. Tamaşaların ikisi də İrəvanda təhvil verildi, ancaq premyeralar Basarkeçərdə göstərildi.

Dövlət Azərbaycan Teatrı İrəvanda bağlanandan (1949) sonra xeyli aktyor truppadan ayrıldı. İşləmək üçün Bakı və Gəncə teatrlarına gedənlər vardı. Lakin truppanı tərk etməyənlər də oldular. Bunların arasında Məmmədbağır Qaraxanov, Cəmil Əliyev, Abbasqulu Tağıyev, Dilarə Məmmədova, Adil Məmmədov kimi təcrübəli aktyorlar vardı. Kollektivin əsas yaradıcı qüvvəsi isə eyni teatrın Basarkeçər şəhərində açılmasına nail ola bildilər.

İrəvanda qalmış truppa üzvləri baş rejissor Baxşı Qələndərlinin rəhbərliyi ilə 1949-cu ilin payızında Basarkeçərə gəldilər. Onlar əsl fədakarlıq göstərərək kiçik rayon mərkəzindəki yararsız bir klub binasında yerləşdilər. Aktyorlar müxtəlif evlərdə qalırdılar, sosial şəraitin çətinliyinə, o cümlədən, yaradıcılıq iqliminin qeyri-sabitliyinə baxmayaraq yaradıcı heyət 1950-ci ilin əvvəllərində pərdələrini tamaşaçıların üzünə açdı. Təxminən iki ildə Üzeyir bəy Hacıbəylinin "Məşədi İbad", "Ər və arvad", Aleksandr Şirvanzadənin "Cinli", Nəsib Əfəndiyevin "Qısqanclıq", Cəfər Cabbarlının "Aydın", Rzayevin "Könülsüz nigah", Məmmədəli Nasirin "Bəxtsiz ailə" əsərlərinin tamaşalarını oynayıb.

1952-ci il yay aylarının əvvəllərində ciddi maliyyə çətinlikləri ilə üzləşən teatr fəaliyyətini dayandırmalı oldu. Bu fasilə təxminən on beş il çəkdi.

 





10.03.2017    çap et  çap et