525.Az

Millət vəkili AŞPA-dan səsləndi : “Azərbaycan tolerantlıq baxımından bölgədə liderlik edir”


 

Millət vəkili AŞPA-dan səsləndi : “Azərbaycan tolerantlıq baxımından bölgədə liderlik edir”<b style="color:red"></b>

Bu fikirləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Sahibə Qafarova sözügedən qurumun növbəti  yaz sessiyasında “Dini icmalara qarşı zorakılıq” adlı hesabatın müzakirəsi zamanı dilə gətirib.

S.Qafarovanın sözlərinə görə, xüsusən, dini zəmində ayrı-seçkilik yaratmaq üçün fürsət gözləyən, hər cür təxribata hazır olan bəzi qüvvələrin mövcud olduğu, müəyyən cəhdlərin müşahidə olunduğu indiki dövrdə birgə yaşayışımızın yeganə resepti dini dözümlülük və tolerantlıqdır:

“Mən öz ölkəmin timsalında bunun nə qədər əhəmiyyətli, insanları bir arada tutan mühüm dəyər olduğunu söyləyə bilərəm. Bildiyiniz kimi, Azərbaycan çoxmürəkkəb bir coğrafi məkanda yerləşir. Regionda təkcə siyasi baxımdan deyil, dini və milli mənsubluq baxımından da kifayət qədər həssaslıq var. Lakin bütün bu məsələlərə rəğmən Azərbaycan dini və milli tolerantlıq baxımından bölgə dövlətləri arasında liderlik edir.

 Ölkəmizin ətrafında və daxilində  digər dinlərin daşıyıcısı olan xeyli sayda millətlər yaşayır. Azərbaycanda bütün dinlərə və digərmillətlərə mənsub olan toplumlara tarixən tolerant münasibət bəslənilib. Bu münasibət, təbii ki, inzibati metodlar hesabına formalaşdırılmayıb və formalaşdırılması da mümkün deyil. Çünki tolerantlıq hər kəsin fərqli ifadə tərzinə hörmətlə, ziddiyyət təşkil etsə belə onun fikirlərinə dözümlü yanaşmaqdır. Bu isəAzərbaycanın milli-mədəni, mənəvi dəyərləri, tarixi ənənələri və bütövlükdə türk  millətinin xarakteri ilə bağlı olan məsələdir”.

Millət vəkili deyib ki, Azərbaycanda müsəlmanlarla bərabər xristianlıq, iudaizm və digər qeyri-ənənəvi dinlərə mənsub xeyli sayda vətəndaş və vətəndaşlığı olmayan insanlar yaşayır:

“ Həmçinin, burada ənənəvi dini bağlılıqları olmayan toplumlar, məsələn, qaraçılar da yaşayır. Hər hansı bir başqa dinə və millətə mənsub olduğuna görə Azərbaycan ərazisində insanlara cəmiyyət tərəfindən radikal münasibət göstərilməyib.

Azərbaycanda din dövlətdən rəsmən ayrıdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən, hər kəsin vicdan azadlığı var. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ var.

Azərbaycanda müxtəlif dini konfessiyalar tərəfindən ibadət evlərinin tikintisinə və bərpasına fərqli dini icmaların nümayəndələrinin maddi və mənəvi dəstək verməsi dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycanda xristian məbədlərinə paralel olaraq yəhudi sinaqoqları da bərpa olunub, yeniləri inşa edilib”.

S.Qafarovanın eyni zamanda qeyd etdiyinə görə, Azərbaycan bütün dünya ictimaiyyəti tərəfindən örnək göstərilir və ölkəmizdə, o cümlədən, paytaxt Bakıda hər il dinlərarası dialoqa həsr olunmuş beynəlxalq konfranslar, dünyanın dini liderlərinin toplantıları keçirilir:

 “Beləliklə, çox starteji bir bölgədə yerləşən Azərbaycan bir çoxlarından fərqli olaraq dini fərqiliyini nümayiş etdirən bir paradoks deyil, barışığı, birliyi, dostluğu, birgə yaşayışı stimullaşdıran müqəddəs bir vasitə hesab edir. Bu da təbiidir.

Əgər başqa dinlərə qarşı dözümlü olsaq, onda biz təxribatçıların əlindən bu fürsətlərini almış olarıq. Unutmamalıyıq ki, özümüzü sevmək, özümüzə hörmət etmək başqasını sevə bilmək və başqasına hörmət etmək qabiliyyətindən asılıdır”.

K.Həmzəoğlu

 





24.04.2013    çap et  çap et