525.Az

Çilovdan yazıram yazdıqlarımı


 

Çilovdan yazıram yazdıqlarımı<b style="color:red"></b>

(“Ada, adanın adamı, dəniz, külək və göyüzü”  silsiləsindən)

Çilovdan yazıram yazdıqlarımı,
Helikopterlə uçub gəlirəm
həftədə bir kərə
Çilov adasından Pirallahıya
ordan şəhərə

Hər gün qulaqlarımda helikopter səsi

2013

lll

Burda körpüləri çoxdan söküblər,
uçulub tökülüb estakadalar.
Burda balıqçılar vaxt öldürürlər -
Nə kütüm, nə kifal, nə berj tapılar.
 
Dənizin dibi də aydın görünməz -
Nə balıqqulağı,  nə də süngərlər.
Gözü ayağının altını görmür
Uçan təyyarələr, üzən gəmilər.
 
Burada adamlar... qaraqabaqdı -
Bir üzü ağ olur, bir üzü qara.
Adamın gülməyi  gəlir, hərdənbir
Sifəti  qarsımış bu  adamlara.

Hərdən bu adamlar baş girliyirlər,
bir az oxşayırlar qara buluda.
Ağına-bozuna baxmır nədənsə,
Bir ayağı suda, biri quruda.

lll

Tarlası yox, zəmisi yox,
Qurdu yox, quşu yox.
Bir ağız gülləyə tuş olar
“Durna dimdiyi” adlanan yerdə
Vəhşi ördəyi, qazı.
 
Dənizin kölgəsi düşər adaya,
buludu ayrıdı, günəşi ayrı -
Qabığı partlamış nardı göyüzü.

Xoruzun banı yox səhərlərində,
İl bizi çanaqsız, ziyili qansız,
İtləri zarıncı, pişiyi mavrıdı Adanın.
 
Yazı iydə ətirlidi, payızı yovşan,
Qışı qar-çovğunlu, səsli, haraylı.
Gündüzü mələklər dilli, ağızlı,
gecəsi Allahdan xəbərsiz fələk.
 
Dalğalar yalquzaq kimidi burda,
elə səssiz-səssiz insan ovunda.
Dənizin dəlilik vaxtına düşsə
sonu qərənfildi sahil boyunda -
Ya adsız məzardı yol kənarında.

lll

Suya təslim olub qumsallı torpaq,
Üşüyür, isinir, amma bətnindən
dəvətikanı çıxır yerin üstünə...

lll

Qapqara örtüklü yollar uzanır
gecənin adamsız izinə düşür.
Telsiz dirəklərin lampa işığı
Zeytun bağlarının gözünə düşür.
 
Elə də uzaq deyil
Bu yolun uzunluğu,
Oqtayın dükanıdı
köhnə parkın ayağı -
Əvəzin quzuluğu,
bir də şəhid qəbridi -
yolun sonluğu...

lll

Allahın altında
Bir axşam  gedib gözünlə görəsən,
Biləsən Çilovdan nələr danışır
yerli adamlar.
- Dənizində adam batır...
- Nöyüt düşüb girovuna...
- Toruna yosun dolaşır...
- Xərçənginin rəngi çıxıb tilovuna...

lll

Allahından dönüb, dinindən dönüb
canından bezib özünü dənizə atıb bu Ada -
dalğaların qoynuna...

xəbərin olmadı sənin, Alyona
Tabut düzəltdilər qız kölgəsinə.
Qara bağladılar salxım söyüdə.

Sarı-sısqa hörüyünün altında -
karsetli kürəyində
soyuq su ilanları,
qarnı yarılmış kütüm balıqları,
xırda-xırda pulcuqları...  
 
Qız bala, yalqız bala,
dənizi sevmək sənəmi qalıb...

lll

Burda evliliyini evə dəyişir
tənha qadınlar,
gülüşlə yola verir sevgisinin  yasını,
özü çoxdan unudub sevgi əlifbasını.
 
Sevə bilməz yenidən - unudub eşq dərsini,
tənhalıq nigah evi,
üzüyü saxta,
gəlinlik paltarı
koftası-baftası
baş örtüyü-fatası,
çantası
isti oda-yengəsi...
cehizi - nişastalı, soyuq yataq dəstləri...
 
Saçıyla salama gəlməyib hələ,
üzü dan yerinə ağlamaz belə,
nə gecəsi var, nə də gündüzü
bircə silahı var o da göz yaşı.

lll

Ümidinə od vurur hər gün,
hər gün arzusuna əl qatır
zibil qutusuna çevirib arxa.
Pırtlaşıq saçları həsrət  tumara -
Çilov adasında  pişik Tamara.
 
Dəniz boyunca, bostan yerində,
Özünü verib gecə qaranlığına
Turş şərab, quru balıq qatıb yavanlığına
gözünə təpir bu ara
Çilov adasında pişik Tamara.
 
Köhnə-küləş nə varsa
kəm olmaz ətəyindən,
torbasında süd, qatıq
pişikləri yedirdər -
gedər nahara
Çilov adasında pişik Tamara.
 
Gözünün ucuyla da baxmaz,
-Allah səni öldürsün - deyə
Yava-yava danışan astagəl adamlara,
bir də əynindəki çirkli  nimdaş paltara -
Çilov adasında pişik Tamara...

lll

Allah insaf versin
qərib qocaya...
Allah insaf versin dul qadınlara.
Allah versin yenə
bir çimdik duzdan
yanıb qaralan
çanaqsız ilbizlərə,
qana yerikləyən zəlilərə.
Allah versin
sünnətə oxşayan
soxulcanın felinə düşən
kütüm balıqlarına
və mal təzəyi kimi yollara döşənən pıspısalara.
 
Allah versin
dilsiz-ağızsız
su ilanlarına və qırxayaqlara,
 
birillik efemerlərə,
dombalana,
şampionlara,
qazayağına
və əl-ayağa dolaşan
dəvətikanına -
Allah versin torpağının yeraltı səltənətinə.

lll

Ayların-illərin sapı sökülən,
səksəndə-doxsanda dişi tökülən,
hələ xaç çevirən, beli bükülən,
ölmək istəmiyən qocalar ölür.
 
Qibləsi bilinmir bu məzarlığın,
qəbirlər üstündə xaç şəkilləri,
bir də ana məzarına tərəf
sürünən ilbiz kölgəsi.

lll

Burda ulduzlar
yuxudan ötrü ölür gecələr.
Arabasız küçələr
darıxır səhərə qədər.

lll

Burda yağıntı yox, burda dar vaxtı,
Burda dan yerində günəş görünməz.
Küləklər şellənir, bulud sürünür,
Limanı şimallı, cənublu ada.
 
Dənizin dibindən Günəş çıxır,
Göylərin kölgəsi düşür sulara.
Dənizə baxanın qamaşır gözü,
Adamlar səhv salır gecə-gündüzü.

lll

Tanrı ailəsindəndi  külək,
Vətəni Xəzər,
İki qolu (növü) var -
biri xəzri, biri gilavar.
Birisi saç yolur - gözə qum dolur,
o biri küf asır, nəğmə oxuyur.

lll

Yenə külək əsəcək,
Yenə də fırtına var.
Gəmilərin fit səsi
Çilovda lövbər atar.
 
Yenə külək, yenə külək,
yenə külək əsəcək,
ləpələrin mahnısı
yenə kökdən düşəcək.
 
Yenə külək əsəcək,
yenə xəzri, gilavar.
Ağappaq dalğaların
Yenə köpü alınar.

Quzuya dönər dəniz,
Yenə dayanar külək...
Limanda qələbəlik...
Qağayılar güləcək...

lll

Göy üzü - dan yeri
təzə-təzə ağarmışdı,
Ulduzu, ayı, günəşi təzə-təzə sağalmışdı,
Qara əsmər buludları təzə-təzə sağılmışdı,
Göyüzünün göysu göyü
Göyüzünün göy süfrəsi qəttəzəcə açılmışdı.
 
Yaralara məlhəm olan
Ulu günəş göydən göyə yurd salmışdı.
Qonaqları qanadının altına almışdı
Göyüzünün mələkləri...

Çilov adası,  2016

 





11.03.2017    çap et  çap et