525.Az

Yuxuya gedib gecə... - (povestdən parça)


 

Yuxuya gedib gecə... - <b style="color:red">(povestdən parça)</b>

Səməndərlə görüş

Bəlkə gecənin elə özü kimi qara dumanı başından götürülə, beynindən silinə deyə yadına qəlbini rahatladan nəsə yaxşı bir əhvalat salmaq istəyirdi, ancaq olmurdu.

Hövsələdən çıxır, özü-özünə:

- Ay adam, bu qədər ömür sürüb, yer-yurd, insan görüb yaşadın, yəni üzünü güldürəcək, könlünü fərəhləndirəcək bir günün, qəlbini rahatladacaq bir anın olmadı? Qüssələndi, elədir, hə, elədir. Elə yaxşı sandığın nələrisə dilə gətirməyin də arxasında qədirbilməzlik qorxusu var. Yaxşılıqları, yaxşı günləri də bax o qədirbilməzlik yada salmağa qoymur, qorxudur adamı.

...Eh Həbib, Həbib!..

Kaş hər şeyi, bütün olub keçənləri unuda biləydim,- düşündü. Yox bacarmazdı, bacarmırdı, unutmaqmı olur?

Dodaqlarının arasından pıçıldadı: 

Yuxuya gedib gecə,
Keşiyini mən çəkirəm.
Diri gözlü qaranlığın
pərdəsini
Şəfəqlərlə tən sökürəm,
nə çəkirəm, mən çəkirəm!.. 

Birdən qulağına at kişnərtisi, nal səsi gəldi. Çaparaq səyriyib meydan başında fınxırıb şahə qalxan köhlən kişnərtisi. Bir də öz köpüyündə çimən o köhlənini hayqırıb cilovunu yığan igid hayqırtısı...

Əvvəl düşündü ki, hə, yəqin elə bu səs imiş onu yuxudan diksindirib gecənin özü kimi qara-qura, bitib tükənməyən ehtimalların, şübhələrin torunda çırpındıran...

Həbib öz-özünü sorğu-suala tutmuşdu:

- Heç darıxan vaxtların olurmu? Olur! Darıxanda səni o duyğuların əlindən alıb aparacaq birini arayıb-axtarırsanmı? Əlbəttə ki, axtarıram...

Yadına Səməndərlə son görüşü düşdü. Və nədənsə ürəyindən o görüşün təəssüratını yuxuya dalmış gecəylə bölüşmək istəyi keçdi.

lll

Çoxdan idi ki, Səməndəri görmürdü, da

ha doğrusu, görmək üçün heç arayıb axtarmamışdı da... Birdən-birə darıxdığını hiss etdi, Səməndər yadına düşmüşdü...

Axşam tərəfi idi. Və bir azdan hava qaralacaqdı. Yola düşdü... Maşın yulğun kollarının arasından ötüb keçən dolanbac torpaq yolla asta-asta irəliləyirdi.

Sürücüyə:

- Sürəti artır, - dedi, - qaranlıq düşsə, Səməndəri çətin görəm..

Kilkəli budaqlarını maşınların adda-budda keçdiyi torpaq yola əyib hərdən də elə o budaqları ilə ötüb keçən o maşınların pəncərələrinə süpürgə çəkən kolları göstərib: - Gecə qaranlığa qovuşsa, bu kol-kosun içində Səməndər tapmaqmı olar? - deyib yavaş-yavaş şöynük düşən ətrafa işarə etdi.

Sürücü onun sözlərindən ürəkləndi, qılıqla üzünə gülümsəyib:

- İndicə çatarıq, - deyərək yolun təhlükəsizliyini də nəzərə alıb sürəti artırdı.

Yollandıqları ünvana çata-çatda əvvəllər keçalat kimi istifadə edilən yolun su oyuğu bildiyi yerinin indi yekə bir nohura çevrildiyini gördü. Su yatağının dərinliyini təxmin etmək çətindi, ötüb keçə bilməyəcəklərini fikirləşib pərt oldu. Öz-özünə astadan: - Hayıf, Səməndəri bu gün görmək qismət deyilmiş, çətin ki nohuru yarıb keçə bilək...- deyə pıçıldadı.

Yola tək çıxmamışdı. Yol yoldaşı arxadan, oturduğu yerdən:

- Mən buralara yaxşı bələdəm; suyun altı, bax, buradan çaylaqdır, daşlıqdır, - deyə əli ilə işarə edib nohurun ortasını göstərdi, - maşın batmaz.

Sürücü maşının sürət əlcəyini sıxdı. Sürət götürən maşın suyun içində yırğalana-yırğalana, nəhri yararaq qarşı sahilə çıxdı.

Nəhri keçəndən sonra dərindən rahat bir nəfəs aldı. Maşın suyun içində olanda, açığı, qorxmuşdu. Qorxmuşdu ki, birdən mühərrik sönsə, buradan necə çıxarlar və yaxud köməklərinə çatıb onları bu palçığın-limin içindən bu şər qarışan vaxtı kim gəlib çıxarar...

Sonu yaxşı oldu, nəhri xəta-bəlasız ötüşdülər, deməli, geriyə də elə bu sayaq qayıdacaqdılar. Həm də bir sınaqdan da çıxmışdılar. Daha qorxu-filan da olmayacaqdı.

Elə uzaqdan Səməndəri gördü. Maşından enib ona sarı addımladı. Səməndər irəlidəki su yarğanının yanında selbasarda, çayırlığın içindəydi. “Səməndər” deyib adı ilə ucadan hayladı. Səməndər də başını qaldırdı, onu görmüşdü. Elə o andaca yerdən ayaq götürüb ona tərəf gəlməyə başladı. Həbib elə uzaqdan hiss etdi ki, Səməndər sol ayağını çəkir, nəmsiyir. “Eh, qocalıq, qocalıq”, - deyə köks ötürdü. Ancaq Səməndər yaxınlaşanda gözünə gümrah dəydi. Görünüşü də pis deyildi. Göz oxşayırdı. Dayanıb heyran-heyran tamaşasına durmuşdu.

Asta-asta yaxınlaşıb Səməndərin düz bərabərində dayandı. Səməndər başını əyib onun sinəsinə yaxınlaşdırdı, qoxladı. Bir an beləcə dayandılar. Sonra da sanki “Nə üçün belə az-az görünürsən deyirmiş” kimi, gileyli tərzdə başını yırğalayıb sakitcə durdu, yavaş-yavaş boynunu döndərib sol tərəfə, indicə keçib gəldiyi yollara doğru boylandı. O anda Səməndərin iri gözlərinin ətrafındakı qırışların dərinləşdiyini sezdi. İlahi, yastı burnunun üstü alnının ortasınacan çallaşmışdı.

Sakitcə dayanmışdı. Tərpənmirdi, Səməndər başını qaldırıb yenə onu qoxladı, sanki illərlə ülfət bağladığı dostunun - Həbibin indicə ondan aralanıb çıxıb gedəcəyindən qorxurdu.

Həbibsə danışırdı, dil boğaza qoymadan danışırdı:

- Necəsən, Səməndər? Yoxsa incimisən məndən?!

Səməndər başını silkələyib yuxarı, boyu bərabəri qaldırdı. Həbib onun giley-güzarını elə bil aydınca eşidirdi:

- Çoxdandı gəlib getmirsən, nə olar, arada bir gözə görünsən, məyər “maşınının nalı” düşər? Bir zamanlar, axı, sən heç belimdən düşməzdin, görüşlərə, gəzintilərə mənim kürəyimdə gedib-gələrdin...

Sanki: -Eh köhnə dost, bir yadına salsana: - Səni belimə alıb özüm quzey yolların palçığını, lehməsini bəzən diziməcən azmı özdəmişəm, güneylərin cığırlarında, yaylalarda iti çınqıl-daşların dabanlarımı döyəcləyib qançır etdiyini necə unutmusan?! Heç yoruldum, incidim dediyimi eşitdinmi, indi nə oldu, qürbdən düşdüm?

Bu səssiz-səmirsiz söhbətə ara verib azacıq duruxdu. Elə bil ki, yox, inciməmişəm, - deyirdi.

Həbibin ürəyi isə söz-söhbətlə dolu idi.

- Səni belə gümrah gördüm, məmnun oldum, Səməndər! Deməli, yaxşısan, yerin rahatdı, dəyib-dolaşanın yoxdur, yeyəcək sarıdan da korluq çəkmirsən.

Fınxırdı, Həbibin son sözləri, deyəsən, xoşuna gəlməmişdi...

Tez sözünü dəyişdi. Ötənlərin xiffəti ilə yaddaşının sevgi, sevinc dolu hissləri baş qaldırmışdı. “Yadındadır iyirmi il əvvəl? Nazənin bir gözəl kimi naz-qəmzən yerə-göyə sığmırdı. Nə sığal bilirdin, nə də tumara ehtiyacın vardı. Yolu-izi uça-uça keçib gedirdin...

Ancaq yox, sən o vaxtlar da, elə sonralar da belə ağıllı idin, düşüncəli idin... Gör aradan nə qədər zaman ötüb, ancaq sən heç dəyişməmisən. Səsimi çıxarmasam belə məni hənirimdən tanıyırsan...”

Başını döndərib gözlərini üzünə zillədi.

Özlüyündə fikirləşdi ki, yəqin ki, Səməndər baxışlarıyla “bu dediklərin əbəsdir”, -deyir.

- Mən elə əvvəlki kimi mənəm, sən az görünürsən, səni yenə də tez-tez görmək, hənirini almaq, yaxında olduğunu hiss etmək istəyirəm. Onda arxayın olaram...

Əli çatdığı qədər tumarlayır, alnına, yalına, sığal çəkirdi. Səməndər də xoşallanırdı, məmnundu. Yerindən tərpənməməyindən, aram-aram nəfəs almağından hiss edirdi ki, bu anlar üçün, əlinin tanış təması üçün darıxıb, indi də bu anların bitib tükənməsini istəmir.

Əlini yenə də küləklərin nə vaxtdan bəri onsuz “sığal” çəkib qarışdırdığı, toxunduğu yalına çəkir. Kövrəlir və gözlərində yaş gilələnir.

Səməndər də elə bil ürəyinin səsini, içindəki harayı duyur. Başını silkələyir, nəmsiyən sol ayağını qaldırıb qoyur. Lakin duruşunu dəyişmir, qamətini dümdüz tutur. Yenə ayaqlarını köklü ağac kimi yerə sancır.

Yan tərəfdən ötənilki ürgəsi, bir yaşı yenicə tamam olmuş daylaq çıxır. Diqqəti ondadı, ürgəni görən kimi gözləri alacalanır. Elə bil:

- Bax, gör bir kim gəlibdir,- deyir.

Ürgəsi hələ tanımadığı adamın Səməndərlə yanaşı, belə ərkli duruşundan heyrətlənir. Bəlkə də “Sən kimsən axı belə?” - deyə xəbər də almaq istəyir. Sonra nədənsə bir az ürəklənir, bir-iki addım irəli gəlir. Dayanır. Ürkək baxışlarla ona baxır, baxır. “Gəl”, deyir, əvvəlcə səsindən diksinir, ancaq aralanıb da getmir. Anası ilə belə məhrəm duruşundan ona bir sədəmə toxunmayacağı kimi qəbul edir.

Həbib Səməndərin ürgəsiylə bu səssiz-söhbətindən feyziyab olmuş kimi fikrə dalır. Amma birdən elə bil qəfil nə isə yadına düşür, tez-tələsik:

- Səməndər, ay Səməndər, yanına əliboş gəlməmişəm, ey,-deyib əlini yan tərəfdə tutduğu boğçaya uzadır:

- Bax, sənin üçün bir gör necə şirniyyat gətirmişəm. - Sevdiyin şəkərlərdəndir... Gətirdiklərini iki əlli ovuclayıb Səməndərə tərəf uzadır. Əvvəl-əvvəl o qədər də əhəmiyyyət verməyib, həvəssiz, laqeyd-laqeyd baxaraq başını yana döndərir. Özlüyündə “yəqin qədrim üçün deyiləm, qürbüm üçünəm”, demək istəyir, düşünür. Ovucunda tutduğu matahların qoxusunu alıb həvəslənsin, - deyə, əllərini Səməndərin burnuna yaxınlaşdırır, sonra da dodaqlarına tərəf sürüşdürür.

- Ye, Səməndər, naz eləmə, ye, qırma məni, - deyə üz vurmağa başlayır.

Birini dadır; həvəslə yeyir, iki, üç, beş... Hə, bəsindir, daha bəsindir...

Ayağını götürüb qoymağından Həbibin getmək istədiyini duyur. Başını endirib dirənib qalır.

Səməndər indi də yerdən bir qom yovşan qoparıb qoxlayırmış kimi dodaqlarının arasında sıxır, üzünə baxır, sanki:

- Getmək istəyirsən? Nə oldu? Yoxsa yorulub darıxdın? Ya bezikdin?

Yerindən tərpənmir, eləcə mıxlanıb qalıb. Bir yaşlı balası daylaq da yanından uzaqlaşıb, çıxıb gedib. Ancaq Səməndər yerindən tərpənmir. Görünür, çıxıb getməyini istəmir.

Gözlərinə baxır, İlahi, nə qədər də məhzundur, yəni gedişinə bu qədər üzülür?

Ətrafa baxır, demə, Səməndər, bayaqdan bəri kənarda dayanıb onları beləcə seyr edən yol yoldaşının kövrəlib ağladığını hiss edibmiş.

Aralanaraq qeyri-ixtiyari dönüb arxaya baxır. Səməndər elə yerindəcə dayanıb durub. Məhzun nəzərlərlə ona baxır. - O lal baxışları ilə sanki “Bir də nə vaxt gələcəksən? Gələcəksənmi?”- deyə soruşur...

lll

Həbib yerindən qalxıb asta-asta yenə pəncərənin önünə yaxınlaşdı. Deyəsən, qaranlığın sovuşub heç çəkilən əhvalı yox idi. Zil qara bəbəklərindən zülmət süzülürdü.

... Nal səsi, at kişnərtisi. Bu, Səməndərə necə də yaraşırdı. Ancaq indi o kişnərtiyə, ipçin nal səsi ilə külək kimi vıyıltıyla çapmağa Səməndərdə həvəs hardaydı. Səməndərin indiki halı ayrılıq dəminin kədər gətirən hüzn dolu məqamıydı.

Yox, təkcə at kişnərtisi, igid hayqırtısı onu belə diksindirməz, içini oyuq-oyuq oyub yuxusunu da belə ərşə çəkməzdi...

“Yataram, gecənin zülmətini ancaq yuxu əridər, şirin bir yuxu”, - deyib özünü qeyzlə çarpayıya atdı. Yorğanı başına çəkib gözlərini bərk-bərk yumdu...

4 sentyabr 2016-cı il,

Şabran

 

 





11.03.2017    çap et  çap et