525.Az

Əbülfəs Qarayev Almaniyada mühüm tədbirlərdə


 

Əbülfəs Qarayev Almaniyada mühüm tədbirlərdə <b style="color:red"></b>

Almaniyada səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bundestaqın deputatı, parlamentin Cənubi Qafqaz Dostluq Qrupunun sədri xanım Karin Ştrens ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Almaniya-Azərbaycan əlaqələri, Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyinin qeyd edilməsi və digər məsələlər barədə ətraflı müzakirələr aparılıb. Azərbaycanın dünyada mədəniyyətlərarası dialoq məkanı və tolerant ölkə olmasını vurğulayan nazir, xanım parlamentarini Bakıda keçiriləcək qlobal əhəmiyyətli tədbirlər barədə də məlumatlandırıb. Görüşdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində xalqımızın mədəniyyətinə vurulmuş ziyan xüsusilə qeyd olunub. Ə.Qarayev Karin Ştrensi mayın 5-6-da Bakıda keçiriləcək IV Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

Martın 8-də beynəlxalq turizm sərgisi çərçivəsində Azərbaycan stendinin açılışı olub. Nazir həmin gün “İTB Berlin” sərgisi çərçivəsində keçirilən İpək Yolu ölkələrinin Turizm Nazirlərinin 7-ci görüşündə və Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi ilə bağlı tədbirdə iştirak edib. Almaniya Xarici İşlər Nazirliyinin Beynəlxalq Klubunda Azərbaycanda alman məskənlərinin 200 illik yubileyi münasibətilə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin və ölkəmizin Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənovun adından ziyafət verilib.

Tədbiri açan səfir Ramin Həsənov 2017-ci ilin iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi və Azərbaycanda alman məskənlərinin 200 illiyi ilə yadda qalacağını bildirərək, dövlətimizin başçısı İlham Əliyevin Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında Sərəncam imzaladığını diqqətə çatdırıb. Azərbaycan-Almaniya münasibətlərinə toxunan səfir Ramin Həsənov iki ölkə arasındakı əməkdaşlığın bütün sahələrdə, o cümlədən, mədəniyyət, turizm və humanitar sahələrdə dinamik şəkildə inkişaf etdiyini vurğulayıb.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tarixən Azərbaycanda məskunlaşmış 500 alman ailəsinin ölkəmizdəki həyatının Azərbaycanda hökm sürən multikulturalizmin və dini tolerantlığın bir nümunəsi olmaqla bərabər, iki dövlət arasında hazırkı münasibətlər üçün də möhkəm bünövrə təşkil etdiyini deyib. Nazir Azərbaycanda mövcud olmuş tarixi alman məskənləri, onların qorunub saxlanması üçün görülən işlər, həmin ərazilərdəki abidələrin ölkəmizin turizm imkanlarına töhfəsi barədə məlumat verib. O, Azərbaycanda alman məskənlərinin 200 illiyi münasibətilə Prezident İlham Əliyev tərəfindən imzalanmış Sərəncama müvafiq olaraq hazırlanmış tədbirlər planı haqqında da danışıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının işğalı və bir milyondan çox azərbaycanlının öz evindən didərgin düşməsi barədə məlumat verib, ölkəmizin bu münaqişəni sülh yolu ilə həll etməyə çalışdığını diqqətə çatdırıb. Əbülfəs Qarayev Azərbaycanın dünya ölkələri və xalqları arasında mədəniyyətlərarası dialoqun möhkəmlənməsi üçün gördüyü işlərdən söz açıb, multikultural yaxınlaşma və digər mədəniyyətləri daha yaxından tanıma nəticəsində dünyadakı bir çox problemlərin asanlıqla həll oluna biləcəyini qeyd edib. Nazir bununla əlaqədar olaraq mədəniyyətlərarası dialoq üzrə Bakı prosesinin, o cümlədən, cari il mayın 5-6-da Bakıda keçiriləcək Mədəniyyətlərarası Dialoq üzrə IV Dünya Forumunun əhəmiyyətini vurğulayıb.

Tədbirdə, həmçinin Bundestaqın deputatları, Alman-Azərbaycan Forumunun idarə heyətinin üzvləri, Almaniya Xarici İşlər Nazirliyinin əməkdaşları, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, elmi-mədəni, ictimai-siyasi, iqtisadi dairələrin və KİV-lərin təmsilçiləri, eləcə də Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları iştirak ediblər.

 





11.03.2017    çap et  çap et