525.Az

Ağrılı həyatın sağlam və işıqlı izləri


 

Ağrılı həyatın sağlam və işıqlı izləri<b style="color:red"></b>

XALQ YAZIÇISI ƏNVƏR MƏMMƏDXANLI 100 İLLİYİNDƏ EHTİRAMLA YAD EDİLDİ 

Aprelin 22-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı, görkəmli nasir, dramaturq, ssenarist, tərcüməçi Ənvər Məmmədxanlının anadan olmasının 100 illiyinə həsr edilmiş yubiley gecəsi keçirildi.

Ənvər Məmmədxanlı Azərbaycan bədii nəsrinin, dramaturgiyasının, kinosunun inkişafında böyük xidməti olan yazıçılarımızdan biridir. Onun yaradıcılığı ənənəvi sovet nəsri ilə yeni nəsrə keçiddə istər mövzu, istər ideya, istərsə də dil baxımından körpü rolunu oynayıb. Yazıçının “Qızıl qönçələr”, “Karvan dayandı”, “Buz heykəl” kimi hekayələri, “Babək” romanı Azərbaycan bədii nəsrinin klassik nümunələri sırasındadır. Yazıçının ssenariləri əsasında ekranlaşdırılan “Fətəli xan”, “Bəxtiyar”, “Leyli və Məcnun”, xüsusilə də, “Babək” filmləri kinomuzun qızıl fonduna daxil olub. Yaradıcılığının başlanğıc dövrü Stalin repressiyası dönəminə təsadüf edən Ənvər Məmmədxanlının həyatı olduqca ağır sınaqlardan keçib. Lakin o, bu sınaqlardan üzüağ çıxıb, hələ sağlığında ədəbiyyatımızın vicdanı, şərəfi, ləyaqəti adlarını qazanıb. Onun yaradıcılığı, şəxsiyyəti, həyatı hər kəs üçün bir örnəkdir.

Yubileyi giriş sözü ilə açan Atatürk Mərkəzinin sədri, Millət vəkili, AMEA-nın müxbir üzvü Nizami Cəfərov yazıçının həyat və yaradıcılığı haqqında qısa, lakin dolğun məlumat verdi: “Ənvər Məmmədxanlı Göyçayda anadan olub və gəncliyinin çox hissəsi orda keçib. Onun sonrakı həyatı isə Bakıyla bağlıdır. Ənvər Məmmədxanlı texniki ixtisas almışdır, əsas peşəsi elektriklə – işıqla bağlıdır. Elə Ənvər adının mənası da işıq deməkdir. “Buz heykəl”dən başlamış “Şərqin səhərinə” qədər biz onun yaradıcılığında bu işığı görürük. Vaxtilə Nazim Hikmət ona deyirdi ki, sən əsərlərində nəyisə gizlədə bilirsən. Onun əsərlərinin alt qatında böyük mənalar dururdu. O, nəsrdə şair idi və istənilən əsərində mətnin poeziyasını, ruhun poeziyasını görmək olar. Ənvər Məmmədxanlı Moskvada təhsil alıb, professional kino-dramaturqdu. O, İkinci Dünya müharibəsində iştirak edib. İstər hərbçi, istərsə də jurnalist kimi fəaliyyətində ən mürəkkəb dövrü Cənubi Azərbaycanla bağlıdır. Onun Cənubi Azərbaycana dair çoxlu xatirələri var. Ssenarist kimi isə o, bu gün populyar olan bir çox kinoların yaradıcısıdır. Onu tanıyanlar yaxşı bilirlər ki, Ənvər Məmmədxanlı dəqiq elmləri yüksək səviyyədə bilirdi. O, keçmişlə bağlı xatirələrdən həmişə riyazi dəqiqliklə danışardı. Onun tərcümeyi-halını izah etmək üçün Anarın yazıçının özündən sitat gətirdiyi və həyatı boyu həmişə təkrar etdiyi ifadəni nümunə göstərmək olar. O, həmişə deyirmiş ki,  həyatım ağrıyır. İnsanın bədəni ağrıyar, ruhu ağrıyar, amma 1913-cü ildən 1990-cı ilə qədər davam edən uzun bir ömrün ağrıması nadir hadisədir. Ənvər Məmmədxanlı həm də yaxşı tərcüməçi idi. Onun yazıçı istedadı və mədəniyyəti dilə münasibətdən başlayır. Onun təqdimində ana dili olduğu gücdə görünür, belə bir dilin daşıycısı kimi qürrələnirsən. Təkcə dili yox, ifadə etdiyi həyat fakturası da belədir. Maksim Qorkidən etdiyi tərcümələr onun dilimizin ustası olduğunun bir daha sübutudur.

Cənab Prezidentin onunla bağlı sərəncamından bir sitat olduqca yerinə düşür: təravətli bir yaradıcılıq. Doğrudan da onun həm məzmununa, həm dilinə, həm də düşüncə tərzinə görə təravətli bir yaradıcılığı var. O, həqiqətən ədəbiyyatımızın tarixində çox böyük sənətkarlarla birlikdə böyük bir yer tutur”.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Ənvər Məmmədxanlı ilə bağlı xatirələrini bölüşdü: “İlk dəfədir ki, Ənvər Məmmədxanlının geniş yubileyi keçirilir. Nə sağlığında, nə də ölümündən sonra belə geniş yubileyi keçirilməyib. Mən cənab prezidentə təşəkkür edirəm ki, onun yubileyinin keçirilməsi haqqında sərəncam verib, Mədəniyyət Nazirliyinə təşəkkürümü bildirirəm ki, bu tədbiri təşkil ediblər. Uşaqlıqdan Ənvər Məmmədxanlını əmim kimi qəbul eləmişəm. O, şən məclislərdə birdən gözlərini yumardı, fikrə dalardı, elə bil başqa bir aləmə köçərdi. Və biz nə olduğunu soruşanda deyərdi ki, həyatım ağrıyır. Mən elə bilirdim ki, bu, gəlişigözəl bir sözdür. Sonra onun tərcümeyi-halı ilə tanış olduqdan sonra başa düşdüm ki, bu sözün arxasında ağrılı bir həyat, ağrılı bir ömür dayanır. Həmçinin onun atası Qafar Məmmədxanlının, kiçik qardaşı Niyazinin də həyatı ağır keçmişdi. O vaxt “Şərqin səhəri” pyesinə dövlət mükafatı vermişdilər. Rejissor, rəssam, aktyorlar hamısı mükafat almışdı, bircə müəllifdən başqa. 60-cı illərə qədər onu xaricə buraxmırdılar. O, müharibənin iştirakçısıydı, Cənubi Azərbaycanda olmuşdu. Cənubi Azərbaycan həyatından “Od içində” adlı pyes də yazmışdı. Bu əsər də başıbəlalı olub. Yadımdadı ki, bizi tamaşaya dəvət eləmişdi, gedib gördük ki, teatrın qapısı bağlıdır. Məlum oldu ki, tamaşanı qadağan ediblər. Lakin o, bütün bu çətinliklərə dəyanətlə dözürdü, çünki ləyaqətli insan idi. Amma onun həyatında çətinliklərlə yanaşı yumor da olub, zarafat da. O, Mehdi Hüseynlə dost idi. Bir gün Ənvər Məmmədxanlı Mehdi Hüseynə deyib ki, bu gecə yuxuda Qorkini görmüşəm, mənə ağıllı bir söz deyib, indi, səncə, mən bunu yazsam, Qorkinin adından yazım, yoxsa öz adımdan?”

Alqışlarla qarşılanan bu sözlərinin yubiley gecəsindəkiləri güldürməsinə baxmayaraq, çıxışının sonunda qəhərləndiyi hiss olunan Anar  müəllim tamaşaçıları kövrəltdi: “O vəfat edəndə mən Moskvada idim. Zəng edib dedilər, həmin gün gəldim Bakıya. Son günlər deyirmiş ki, Anarı görmək istəyirəm, ona deyiləsi sözüm var. Nə deyəcəkdi, bilmirəm... Bəlkə də, deyəcəkdi ki, həyatım ağrıyır”.

Daha sonra Bakı Slavyan Universitetinin rektoru, yazıçı Kamal Abdulla çıxış etdi: “Ənvər Məmmədxanlı Azərbaycan mədəniyyət tarixinə adı yazılmış şəxsiyyətlərdəndir. Gənc olsam da, ömrünün son beş ilində onunla yaxından tanış olmaq xoşbəxtliyi mənə nəsib olmuşdu. Tək mən deyildim, bir sıra adamlar vardı, əsas da bizim gözəl şairimiz Vaqif Bayatlı. Biz üçümüz tez-tez görüşürdük. O görüşlərdə elə bil biz dərs keçirdik, məktəb keçirdik. O, böyük və mürəkkəb həqiqətləri adi məxrəclərə gətirə bilirdi. O, insan haqqında heç vaxt birmənalı danışmazdı. Qara-ağ rənglər yoxuydu onun üçün, bəlkələr deyilən, yəqinlər deyilən, gümankilərdən ibarət bir müstəvi vardı. Və bu müstəvidə o, nəinki öz həqiqətini, həm də obyektiv münasibəti əks etdirərdi. Ənvər Məmmədxanlının televiziya ilə qətiyyən arası yoxuydu. Televiziya işçiləri həsrətində idi ki, Ənvər müəllim gəlib onun verilişində iştirak eləsin. Bir gün Ənvər Məmmədxanlını verilişə gətirəcəyimi dedim, heç kim buna inanmadı. Onun bizim verilişimizə gəlməyini böyük zəfər hesab edirəm. Həmin verilişdə unudulmuş, ömrünü bu yolda fəda etmiş adamların adları çəkildi. Çəkiliş bitəndə yuxarıdakı işıqlar yandı və mən gözümü açıb gördüm ki, burda ən azı əlli adam var. Onun televiziyaya gəlməyinə inanmayan adamların hamısı əl çalırdı və biz onu alqışlarla yola saldıq. O, Azərbaycan ədəbiyyatının sonuncu mogikanlarından idi. Allah ona rəhmət eləsin”.

Yubiley gecəsində yazıçının ssenari müəllifi olduğu “Bəxtiyar”, “Babək”, “Fətəli xan”, “Leyli və Məcnun” kino-filmlərindən fraqmentlər göstərildi. Gülyaz və Gülyanaq Məmmədova bacılarının “Bəxtiyar” filmindən Hüseynova bacılarının mahnısını böyük şövq və ustalıqla oxuması məclis iştirakçılarına şən ovqat bəxş etdi.

Yazıçının “Şərqin səhəri” dramı və “Leyli və Məcnun” kino-dastanından səhnələşdirilən epizodlar, eləcə də tanınmış müğənnilər Lalə Məmmədova və İlkin Əhmədovun “Leyli və Məcnun” operasından ifa etdikləri parçalar yubiley gecəsinə teatrallıq və həzin aura verdi.

Tədbirin ən təsirli hissələrindən biri də tanınmış qiraət ustası, Əməkdar artist Azad Şükürovun yazıçının “Buz heykəl” hekayəsini oxuması oldu. A.Şükürovun bəzən lirik, bəzən də dramatik ladlara söykənən və möhtəşəm final akkorduyla bitən qiraəti zalı həm kövrəltdi, həm də ruhlandırdı və tamaşaçıların gurultulu alqışlarına səbəb oldu. Tədbirin sonunda Anar müəllimin Ənvər Məmmədxanlıya həsr etdiyi şeir, Qılman İlkin, Fikrət Qoca, Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Kamal Abdullanın yazıçı haqqında fikirlərindən parçalar aktyorların ifasında səsləndi. Təsirli və  mənalı yubiley gecəsi yazıçının öz sözləri ilə başa çatdı: “Mən də bu yolu seçdim. Bircə onu bilirəm ki, bu yolun sonunda işıq var. Mən o işığa üz tutub getdim.”

 





24.04.2013    çap et  çap et