525.Az

Komitə sədri ABŞ Dövlət Departmentinin hesabatını cızma-qara adlandırdı


 

Komitə sədri ABŞ  Dövlət Departmentinin hesabatını cızma-qara adlandırdı<b style="color:red"></b>

 “Uzun illər boyu Azərbaycanda baş verən proseslər haqqında hesabat hazırlayan ABŞ Dövlət Departamenti öz fəaliyyətində bir prinsipə sadiqliyini yenə ortaya qoyub.

Bu da Azərbaycana qarşı qərəzli mövqe, qeyri-obyektivlik, ölkəmizdə gedən uğurlu inkişaf prosesini görməməzliyə vurmaqdan, kifayət qədər dəqiq olmayan məqamları qabartmaqdan ibarətdir”. 525.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri, professor Rəbiyyət Aslanova dilə gətirib.

Onun dediyinə görə, bu, Dövlət Departamentinin artıq neçənci hesabatıdır ki, məhz bu prinsiplər əsasında formalaşır: “Dəfələrlə demişəm və yenə də deyirəm ki, Dövlət Departamentinin 10 il əvvəlki hesabatını götürsəniz və bu günkü hesabata baxsanız, bəlkə də cümlələrin yerinin dəyişdirilməsindən başqa bir şey görə bilməzsiniz. Məgər. o insanlar bu gün Azərbaycan adlı güclü, qüdrətli dövlətdə baş verən prosesləri görmürlərmi? Məgər Azərbaycan qanunvericiliyində əldə edilmiş uğurlardan xəbərdar deyillərmi?

Bunların hər birindən gözəl xəbərdardırlar. Bu gün Dövlət Departamentinin təqdim etdiyi həmin hesabat Azərbaycana qarşı bir təzyiq vasitəsi sayıla, Azərbaycanın dünyada günü-gündən artmaqda olan nüfuzunu aşağılamaq məqsədi güdə bilər. ABŞ Dövlət Departamenti 167-dən çox ölkəsində gedən hadisələri, demokratik prosesləri dəyərləndirməyə çalışır. Dövlət Departamenti bir neçə ölkə istisna olmaqla, həmişə MDB məkanındakı ölkələrin tam əksəriyyətindəki demokratik dəyişiklikləri aşağılamaq məqsədi güdür.

Azərbaycan da bu sıradadır. Azərbaycana qarşı bu ikili standartlar heç vaxt dəyişmir. Bir məqamı qeyd edim. Orduda ölüm hadisələrinin baş verməsi ilə bağlı  Dövlət Departamentinin hesabatında bir məqam var. Hər bir kəs ABŞ ordusunda olan intiharlarla əlaqədar rəsmi statistikaya baxsa görər ki, bu il ötən ilə nisbətən ABŞ ordusunda ölüm halları 18 faiz artıb. Bu, çox böyük rəqəmdir. Nəyə görə Dövlət Departamenti ABŞ ordusunda baş verən bu halları gündəmə gətirmir?”.

Komitə sədri bildirib ki, ayrı-ayrı dünya ölkələrinin ünvanladığı iradlardan sonra Dövlət Departamenti yalnız son 2 ildir ki, dünyaya ABŞ-dakı proseslər haqqında hesabat təqdim edir:

 “Onlarda qəribə bir rəy formalaşmışdı ki, ABŞ-da heç bir sahədə qanun pozuntusu yoxdur, insan haqlarının qorunması yüksək səviyyədədir və buna görə də belə bir hesabata ehtiyac yoxdur. Əksinə! Bu gün ABŞ-da cəmiyyət daxilində baş verən zorakılıq, ordudakı ölüm halları, həm də tək insanların deyil, dünyadakı böyük dövlətlərin hüquqlarının pozulması ilə bağlı ABŞ tərəfindən atılan addımlar sübut edir ki, Dövlət Departamentinin tək Azərbaycan deyil, digər dövlətlər haqqındakı hesabatı da obyektiv deyil.

Bu hesabatları istədikləri şəkildə təqdim edirlər. Digər tərəfdən, Dövlət Departamenti bu gün hesabatları ayrı-ayrı mənbələrdən ayırdıqları məlumatlar əsasında formalaşdırırlar. Burada həm ABŞ səfirliyinin, həm də müxalif yönümlü QHT-lərin, ayrı-ayrı partiyaların ötürdüyü məlumatlar var. Bunlar da kifayət qədər təhrif olunmuş məlumatlardır. Milli təəssübkeşliyi olmayan, dövlətinin milli maraq və mənafelərini hər şeydən yüksək tutmağı bacarmayan insanlar yanlış, məhv, həqiqətdən uzaq məlumatları Dövlət Departamentinə, başqa beynəlxalq hüquq-müdafiə təşkilatlarına ötürür və Azərbaycan haqqında yanlış bir təsəvvür formalaşdırmağa çalışırlar”.

R.Aslanovanın qeyd etdiyinə görə, o, qəti əmindir ki, Azərbaycan haqqında fikir formalaşdırmaq istəyən qurumlar, beynəlxalq təşkilatlar ilk növbədə Azərbaycanın dövlət strukturları ilə əməkdaşlıq etməli, məlumatlar almalıdırlar:

“ Bu və ya digər məsələlərlə əlaqədar nazirliklərdən, bitərəf QHT-lərdən obyektiv məlumat almalıdırlar. Yalnız müqayisəli təhlil nəticəsində öz rəylərini ortaya qoya bilərlər.  Dövlət Departamentinin hesabatı Azərbaycan üçün qəbul ediləsi vacib bir sənəd deyil. Guya Azərbaycandakı durumu təhlil etmək istəyir. Yaxşı, bu təhlil obyektiv olarsa, biz buna hazırıq.

Son 10 il ərzində Azərbaycanda görülən işlər, insan haqlarının qorunması sahəsində atılan addımlar, qəbul edilən qanunlar, bu sahədəki milli fəaliyyət proqramları, beynəlxalq səviyyədə qəbul edilmiş konvensiyaların Azərbaycanda ratifikasiyası, milli qanunvericiliyimizin bu konvensiyalara uyğunlaşdırılması böyük bir fəaliyyətdir. Bütün bunlara göz yumaraq Azərbaycanda insan haqlarının obyektiv dəyərləndirilməməsi Dövlət Departamentinin təqdim etdiyi hesabata, cızma-qaraya çox şübhə ilə yanaşmağa əsas verir”.

K.Həmzəoğlu

 





24.04.2013    çap et  çap et