525.Az

“Sehrli güzgü”nün adiləşməyi


 

“Sehrli güzgü”nün adiləşməyi<b style="color:red"></b>

Almaniyada bir psixoloq televiziya aludəçiliyini yoxlamaq üçün təcrübə aparıb.
 
Altı aydan sonra qiymətli mükafat vəd etməklə 200 ailənin televizorunu evindən götürüb. Üç həftə sonra eksperiment iştirakçılarından biri futbola baxmaq istəyini əsas gətirərək şərti pozub, bir müddət sonra başqa bir iştirakçı serial izlədiyinə görə televizorunu geri alıb. Heç iki ay keçməmiş bir nəfər də iştirakçı qalmayıb...

Bu təcrübə özü də televiziyanın məişətimizə sıx surətdə daxil olduğunu sübut edir. Müasir dövrdə isə onsuz ötüşmək həqiqətən müşkülə çevrilib, onun işləmədiyi dövrdə ətraf aləmdən sanki təcrid olunur, çox şeydən xəbərsiz qalırıq. Dünyanı evimizə “gətirən”  mavi ekrana sevgimiz  böyük  olsa da, son illər televiziyalar bundan sui-istifadə etməklə məşğuldur. Əvvəllər televiziya böyük bir məktəb və tərbiyəçi idi. Həm də təkcə uşaqlar, yeniyetmə və gənclər üçün yox. Həm də elə böyüklər üçün... 

İndi televiziya öyrədici, maarifləndirici  missiya deyil, daha çox əyləncə funksiyasını yerinə yetirir. Obrazlı desək, elə bil böyük bir universitetin yerində kiçik bir “palatka” toyxanası qurulub ki, gün ərzində əcaib-qəraib verilişlərlə camaatın zövqünü korlasınlar. Hərdən təəssüflənirsən- niyə hər şey belə ucuzlaşdı, adiləşdi? Niyə hər şeyin dadı-duzu qaçdı, ləzzəti itdi? Elə bil hansısa nəhəng bir süpürgə ilə müqəddəs sayılan, sevilən nə varsa hamısını süpürüb nəhəng bir selin qabağına atırlar. Böyük-kiçik, ağsaqqal-qarasaqqal, ustad-tələbə, müəllim-şagird dəyəri itib, yaxşı ilə yamanın, çirkinlə gözəlin, peşəkarla həvəskarın sərhəddi pozulub. Hamı şeir yazır, hamı mahnı bəstələyir, hamı kitab yazır, hamı oxuyur... Təəssüf ki, kitab yox, mahnı...

Əvvəllər televiziya bir etalon kimi qəbul edilirdi: istər mənəvi-əxlaqi, istər geyim-gecim, yazı-pozu və davranış mədəniyyəti baxımından... İndi efirdə məişət səviyyəsindən də aşağı  danışırlar, kim necə istəyir geyinib çıxır, titrlərdə çoxlu qrammatik səhvlərə rast gəlinir. Ən çox təəssüf doğuran odur ki, həmin özbaşınalıqlar heç bir məktəb keçməyən, diletant, indi özünü illərin televiziyaçısı kimi aparan, hətta bəzən titullara layiq görülən aşağı səviyyəli aparıcılar tərəfindən baş verir. Get-gedə xalqımızın bir sıra müqəddəs dəyərləri televiziya vasitəsilə tarixin arxivinə göndərilir.

Hər gün efirlərdə saatlarla davam edən qazan asmaq, xörək bişirmək şouları, müxtəlif klinika və həkimlərin reklamına xidmət edən ayrı-ayrı xəstəliklər haqqında söhbətlər, didişmə, acıq-qıcıq, şou-biznes nümayəndələrinin biri-birinə ünvanlanan eyhamlarla dolu atmacaları...

Şübhəsiz ki, televiziyanın bir missiyası da əyləncə və şou göstərməkdir. Amma yalnız bu yox ki? Bəs intellektual, düşündürücü və öyrədici verilişlər necə? AzTV və İctimai Televiziya istisna olmaqla digər kanallarda maarıfçi, elmi-kütləvi proqramlar yoxdur.  Məgər televiziya ekranı şou-biznes bazarını öz əlinə keçirən bir qrup  səsi, istedadı olmayan, aşağı səviyyəli toy “manıslarının” atdığı atmacalardan, manşetlərə çıxarılan “şok açıqlama”lardan, “bir az sonra”lar üçündürmü? Həmin qrup “şou-biznes ulduzu” bütün kanalları işğal edib, hətta eyni vaxtda iki-üç kanalda görünürlər. Oxuduğu mahnıdakı sözlərin mənasını başa düşməyən,  “göz”lə “köz”ü, “söz”lə “saz”ı, “gülüm”lə “günüm”ü ayırd etməyi bacarmayan, vurğu, intonasiya nə olduğunu bilməyən şou əhlini həm musiqi, həm mənəviyyat, həm tərbiyə, həm mətbəx, həm də digər  mövzularda  olan verilişlərə dəvət etməyin mənası nədir? Doğrudanmı, hər məsələdə onların mövqeyini öyrənməyə bu dərəcədə ciddi ehtiyac var? Necə ola bilər ki, məşğul olduğu sənəti uzun illər ərzində düz-əməlli öyrənə bilməyənlər  həm sosial və mənəvi məsələlərdə, həm də tərbiyə və kulinariya məsələlərində mütəxəssis olsunlar?

Televiziyanın digər funksiyaları da var axı... Bəzən televiziyada çalışanlar elmi-kütləvi və  maarifçilik verilişlərinin lazımi reytinq toplaya bilmədiklərini önə çəkirlər. Bəs onda camaatın səviyyəsini, tamaşaçıların zövqünü kim yüksəltməlidir? Doğrudanmı camaatın səviyyəsinin yüksəldilməsi  Boloniya təhsil sisteminə keçməkdən, Elmi kitabxanaya illik giriş haqqını 100 manata qaldırmaqdan, televiziya efirlərində “hay-huy”lu auditoriyalarla doldurulan cılız verilişləri çoxaltmaqdan keçir?  Əbəs yerə deyil ki,  Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli də etiraf edir: “Uzun müddətdir, Azərbaycanın efir məkanında verilişlərin keyfiyyətinin aşağı olması bizi çox düşündürür”.

Onun fikrincə, bunun əsas səbəblərindən biri reklam bazarının çox aşağı səviyyədə olması və reklam siyasətinin efir siyasətinə böyük təsir göstərməsidir: “Reklam məsələsi bu sahədə ciddi məsələlərdən biridir. Təbii ki, kadr məsələləri yenə də əvvəlki kimi öz qüvvəsində qalır. Kadrların peşəkarlığı demək olar ki, çox aşağı səviyyədədir. Efir sanki əhalinin aşağı təbəqəsinin tələbinə uyğun hesablanır. Bu da çox düşündürücü məqamdır”.

Yeri gəlmişkən, reklamlar barədə...  Reklamların çoxu kasıb auditoriyaya ünvanlanmır.  Maddi və sosial durumun indiki vəziyyətində mebel almaq, evin dizaynını dəyişmək məgər hər kəsin cibinə uyğundur? Axı  saç gətirmək, gözaltı  qırışları yox edən maz və  balzamları, qaraciyər və s. orqanları  sağaldan dərmanları reklam etmək  nə dərəcədə inandırıcıdır?  Bunlar gerçək olsa və özünü doğrultsa hesabla gərək indi nə daz, nə gözünün altı qırışlarla örtülü, nə də qaraciyəri xəstə olan qalaydı...

Yaxud mətbəx verilişlərində elə inqriyentlərdən söhbət gedir ki, onu əldə etmək heç də hamının imkanı daxilində deyil.

Elə bil get-gedə ziyalılarla televiziya arasına nəhəng bir sədd çəkirlər. Onların çox böyük hissəsi həmin səbəblərə görə mütəxəssis kimi efirlərə çıxmaqdan və tamaşaçı kimi ona baxmaqdan  imtina edir. Televiziya sevilən obrazını tamamilə bunun əksi olan obraza dəyişməkdədir.

Məktəbli vaxtı məşhur “Qarabağ bülbülləri” ansamblında tar çalan bir dostumuz var, indi başqa bir sahədə çox gözəl mütəxəssisdir. Boş vaxtlarında hərdən tarı sinəsinə sıxır. Heç də pis çalmır. Evdə uşaqlarına bərk-bərk tapşırıb ki, birdən qocalanda ağlım çaşar, tarı qoltuğuma vurub efirə çıxaram,  qoymayın...

Ən çox narahatlıq doğuran məsələlərdən biri də ədəbi dilin qorunması ilə əlaqədardır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, veriliş aparıcılarının çoxu ya Azərbaycan dilinin incəliklərindən, efir mədəniyyətindən xəbərsiz olan müğənnilər və bu sahədə heç bir bilik və təcrübəsi olmayan təsadüfi adamlardır. Elə bunun nəticəsində də verilişlərdəki dialoq və müzakirələr məişət səviyyəsində aparılır, dilimizin qayda-qanunlarına əməl olunmur. Efirdə işlənən  Azərbaycan ədəbi dilinin  aşağı səviyyədə olması barədə  Milli Televiziya və Radio Şurasının sədri də gileylidir: “... Azərbaycan ədəbi dili efirlərdə aşağı səviyyədədir. Bunu hər birimiz görürük. Tək efir deyil, bunu insanların gündəlik həyatında da hiss edirik. Amma televiziya və radio xüsusi bir sahə olduğu üçün burada çalışanların yüksək intellektə malik olmasını, ədəbi dil qaydalarını bilməsini istəyirik”.

Bütün bunların nəticəsidir ki, həyatımıza bu dərəcədə daxil olmuş “sehrli güzgü” get-gedə bizdən uzaqlaşır: ən yaxşı halda onun  dalğasını dəyişir, ən pis halda  imtina edirik.

Tamaşaçıların çoxu televiziyada nümayiş olunan yerli kanallardan üz çevirir, əksər tamaşaçılar isə xarici kanallara üz tutur. Nəticədə uşaqlar xarici musiqi dinləyir, xarici filmlərə baxır, xarici xəbərlərə maraq göstərir. Özümüzdən xəbərsiz qalmağa aparan yol...

Təhlükəli tendensiya deyilmi? Düşünməyə dəyər...

 





13.03.2017    çap et  çap et