525.Az

Akif Əlizadə: “AMEA-da ştat sayı şişirdilib”


 

Akif Əlizadə: “AMEA-da ştat sayı şişirdilib”<b style="color:red"></b>

“AMEA Rəyasət Heyətinin fəaliyyətinin hətta səthi təhlili göstərir ki, vəziyyət heç də lazımi səviyyədə deyil. Bir tərəfdən RH-nin ştat sayı şişirdilib, ayrı-ayrı struktur bölmələrinin funksiya və vəzifələri kifayət qədər aydın ifadə edilməyib”.

APA-nın xəbərinə görə, bunu AMEA-nın yeni prezidenti Akif Əlizadə Akademiyanın gələcək prioritetlərini açıqlayarkən deyib.
 
A.Əlizadə deyib ki, AMEA bölmələrinin fəaliyyəti çox zaman formal xarakter daşıyıb: “Elmin akademik sektorunda köklü islahatların aparılması istiqamətində faktiki olaraq ciddi təkliflər irəli sürülməyib. Məlum olmayan səbəblərdən AMEA-da funksional şöbələr - analitik şöbə, proqnozlaşdırma şöbəsi, Dövlət Proqramları və İnnovasiyalar şöbəsi yaradılmayıb. Analiz göstərir ki, AMEA institutlarının işinin təkmilləşməsinə böyük ehtiyac var. AMEA-da yeni zamanın standartlarına cavab verməyən, köhnə üsulla işləyən şöbə və laboratoriyalar fəaliyyət göstərir”.
 
A.Əlizadə qeyd edib ki, yaranmış vəziyyəti aradan qaldırmaq üçün təcili tədbirlər görülməlidir: “AMEA-nın son 10 ildəki fəaliyyətinin qiymətləndirilməsi nəzərdə tutulur. Kibernetika İnstitutunda elmi tədqiqatların keyfiyyətini müəyyənləşdirmək üçün yeni sistem yaradılıb. Bu sistemdən istifadə edilməlidir. Hər bir institutun reytinqi və onun dünya institutları arasında yeri aydınlaşdırılacaq. AMEA-nın maliyyələşdirilməsinin yeni mexanizminin hazırlanması çox vacibdir. AMEA-nın maliyyələşdirilməsinin yeni proqramında bunların hamısı nəzərdə tutulacaq”.
 
A.Əlizadə bildirib ki, AMEA-nın prioritet istiqamətləri dövlətin prioritetlərinə uyğun olmalıdır: “AMEA 2020-ci ilin perspektivi baxımından fundamental tədqiqatlarını müəyyənləşdirməlidir. Təəssüf ki, indi AMEA-nın cəmi 50 prioriteti var. Enerji təhlükəsizliyi, İKT sahəsində elmi tədqiqatlar, biotibb, ölkənin milli təhlükəsizliyinə, müdafiə qabiliyyətinin yaxşılaşdırılmasına yönəlik tədqiqatlar, insan sağlamlığı, humanitar, tarix, dilçilik sahəsində elmi tədqiqatlar əsas prioritet olmalıdır”.
 
Onun sözlərinə görə, Azərbaycanda elmin maliyyələşdirilməsi hələ də qalıq prinsipi ilə həyata keçirilir: “Ötən əsrin 80-90-cı illərində ümumi daxili məhsulun 0,3-0,5%-i elmə ayrılırdısa, 1995-ci ildən başlayaraq bu vəsait 0,2%-ə enib. Bu, mövcud olan elmi potensialı qorumaq üçün də kifayət deyil. Ayrılan vəsaitlər milli maraqlara cavab verən istiqamətlərə yönəldilməlidir. Maliyyələşdirmə ayrılarkən institutların apardığı işlər, dərc olunan nəşrlərin sayı, beynəlxalq jurnallarda iştirak nəzərə alınmalıdır. AMEA institutlarının əksəriyyətində sınaq təcrübə bazası yoxdur, olan bazalar isə standartlara cavab vermir. Nəticədə innovasiya siklində qırılma baş verir. Vəziyyətdən çıxış yolunu elmi tədqiqat işlərinin bir hissəsini kommersiyaya yönəltməkdə görürük. AMEA-nın tənəzzül vəziyyətdən çıxıb stabil inkişafa yönəlməsini təmin etmək üçün müasir yanaşmalar əsas götürülməlidir. Azərbaycan elmi üçün bu gün tənəzzül dövrü başa çatıb. Elmə ayrılan vəsaitləri ümumi daxili məhsulun 1-1,2%-nə qədər çatdırmaq lazımdır”.

 





24.04.2013    çap et  çap et