525.Az

Öz dilində savaş


 

ƏGƏR SAVAŞ HAQQINDA ÖZ DİLİNDƏ DANIŞMAĞI BACARMASAN, BUNU SƏNƏ YAD DİLDƏ ANLADACAQLAR...

Öz dilində savaş <b style="color:red"></b>

Biz yaşda olan insanlar müharibə filmlərini çox izləyiblər.

Bəlkə belə demək də olar - bu  filmlərlə böyümüşük. Və mənə  elə gəlirdi ki, bu  mövzunu tam  bilirəm. Uzun illər alman dilini eşidəndə vahimələnirdim.  Həm də o  vaxtkı  fikirlərimdən biri də  bu idi: nə  yaxşı ki biz  müharibə  görmədik. Amma  valideynlər danışırdı axı... Aclıqdan, qara kağızların ağlaşından... Sadəcə  təsəvvür  etmək  olardı... Sonra dəyişdi  hər şey. Əfqanıstan oldu. Amma sink tabutları nəzərə almasaq  yenə uzaqda qaldı. Və bir gün gəldi düz  qapımızın ağzına savaş . Kino yox . Həqiqi savaş. Gördük . Və gördükmü ? Yaşadıq. Dərk etdikmi? Ağrısı hamıya  dəysə də lokal qaldı . Sanki bizdən xəbərsiz bir anestezioloq keyləşdirdi  bu  dərdi... Dərk edə bilmədik.

Zaman-zaman təkrar baxdığım filmlər çox  olub. Deyim ki reytinq anlayışım sabit  deyil. Ola  bilər  nə  vaxtsa  baxdığım bir filmi sonra  bəyənməyəm. Amma yaddaşımda qalan elə  səhnələr də  var ki hər  yaşımda məni ağladıb. Müharibə  ağladır. Hər  yerdə və  hər  zaman.

Müharibə filmləri kinematoqrafın ən çox müraciət  etdiyi  janrdı və  həm də ən çox xərc  aparan janrdı. Kütləvi səhnələrin, döyüş səhnələrinin, son  illərdə  isə mürəkkəb kompüter effektlərindən istifadə olunan bir  sahədi. Müharibə bütün öyrəşdiyimiz, adət  etdiyimiz, məişətimizin bir  parçası  olan nələrisə sıxışdırıb çıxarır gündəlikdən... Burda bircə prioritet var - sağ qalmaq, yaşaya  bilmək.

Belə bir  cərəyan  da  olub orta  əsrlərdə - yalınayaqlar... Həyatın bütün nazı-nemətindən imtina edən, asket, dərvişanə yaşayan rahiblər hərəkatı. Onlar Bibliyadakı  bir  sitata əsaslanırdılar - Rəbbim Musa Peyğəmbərlə söhbətində dedi ki, ayağındakını  çıxar, çünki ayağını qoyduğun bu  torpaq müqəddəsdi...

Həmin təlimi kilsə  lənətləmişdi. Təbii bütün dinlərin sonrakı  dövlərdə bir  siyasi söykənəcəyi  olur, ilkin mənasından  uzaqlaşmağı  olur. Amma mahiyyət belədi - həmin insanlar müqəddəs  bilirdilər yer  üzünü... Ayaqyalın  gəzirdilər...

lll

Bakı -2016... İlk kadrlar... Bakı buxtasından bir panoram, Şəhidlər Xiyabanına  keçid. Kölgə insandan  böyükdü. Səhər  vaxtıdı deməli. Yalın kişi ayaqları, aram addımlar... Mərmər  pillələrlə yuxarı qalxır, 5 yaşlı bir  qızcığazın məzarı önündə bir  anlıq  dayanır. Məzarın üstündə təptəzə  ayaqqabılar  qoyulub, qırmızı rəngdə. Addımlar davam edir və indi də bir  kişi  məzarı  önündə dayanır... Sonra enir pillələri və uzaqlaşır.

lll

Bakı -1993... Bir  qadın əlində  ayaqqabı  qutusu (üstündə Türk Kızılayı yazılıb)  aramla irəliləyir. Qadının qutunu necə tutduğu  diqqət  çəkir...  Bu  məkanda hər  tərəfdə köhnə, təzə  ayaqqabılar səpələnib, bunlar əsgər çəkməsi geyinib müharibəyə gedən oğlanların (həlak olduqlarını düşünürəm)  ayaqqabılarıdı. Plan dəyişir və  başqa məkanda uşaqlar öz  aralarında ayaqqabılarla oynayır.  Balkonlardan da  ayaqqabılar  asılıb... Bəziləri də taykeş...

lll

İlk baxışda yorucu görünə  bilər  bu  kadrlar. Səbr  edək . Bir az  aralıda uşaqlar üstündə "Qarabağ" yazılmış topla  futbol oynayır. Hərəsinin əynində  bir  ölkənin adı  yazılmış mayka var.  Film ilk kadrlardan rəmzlərlə danışdığından burda ATƏT-i  görmək  çətin deyil. Bir  uşaq da kənarda bu  oyunu  izləməkdədi. Topu  ayaqları  altına  qoymuş iki uşaq isə üzbəüz  dayanıb dalaşmağa hazırlaşır - biri  yuxarıdan, ironik baxır, biri əsəbi. Ayırırlar onları. Və  uzaqdan həsrətlə  oyuna baxan uşaq   anasının  onu haylamağına - Həsrət, gəl evə - hiddətlə ayağını yerə  çırpır. Həsrətdi uşağın adı. Uşaqlar meydandan uzaqlaşır, topu uşağa  verirlər. Qarabağ topu  qoltuğunda gedir anasının  çağırdığı yerə. Balaca bir oğlan  üzünü  divara çevirib, yerdən oturub mürgüləyir. Arada titrəyir də. Sanki top səsləri eşidir yuxuda. Qapının ağzında  bir oğlan arxası kameraya, ayağında  böyük ayaqqabılar dingildəyir. Yəqin  bu  uşaq elə  ömrü boyu  ayağına olmayan yerlərdə dingildəyəcək  adamlara arxasını çevirib... Girəcəkdə lövhə asılıb: 2 nömrəli oğlan yataqxanası. Miskin, fəqir bir  yataqxana. Bu  artıq Qarabağ  üçün   böyüyən ikinci nəslin rəmzidi.

Ana oğlunu gözləyir otaqda. Otaq uçuq-sökük xaraba  bir  otaqdı. Divarda isə Milli Qəhrəmanların  portretləri  sıralanıb. Xaraba otaq və bu qədər qəhrəman. İlk kadrlarda gördüyümüz balaca qızcığaz və kişinin portretləri də var burda. Ana  qutudakı təzə  ayaqqabıları göstərir uşağa:

- Ana, sənə deməmişəm bura  evimiz demə?

(Bu, mənə görə bu  sözsüz, həm də dil açıb danışan kadrlarla  zəngin filmin qırmızı xəttidir... Bu  xaraba  deyil  bizim evimiz... Deyil!!!)

Ana cavab verir :

- İşdə dedilər BMT axşam qərar verib... Qayıdacıyıq....

- Evimizə qayıdanda geyinərəm... Ana, bəs sən deyirdin Allah bu  zülmü yerdə  qoymaz? BMT Allahdan böyükdü?

Gəl  bu  suallara cavab ver... Bir  küncə sıxılmış ana üzünü divardan asılmış şəkillərə tutur və  bəlkə Allaha da verir bu sualı? Rejissor anlatmasıdı bu kadrlar - rəssamların çəkdiyi ikona təsvirlərindəki Müqəddəs Məryəm və çarmıxdakı  Həzrəti İsanı xatırladır. Deməli, aqibəti məlumdu bu uşağın da, ananın da...

Və sonra yenidən günümüzə dönüş - Şəhidlərdən uzaqlaşan yalın ayaqlar sıra ilə divardakı lövhələrin yanından ötür. Lövhələrin üzərindəki ox işarələri əks istiqaməti göstərir. Ora getmə!!!  Amerika səfirliyi də, Fransa səfirliyi də, Rusiya da, İran da deyir ora getmə!!!  Yol  ayrıcında böyük bir "STOP" işarəsi də qoyulub. OLMAZ!!! Amma ayaqlar gedir. Yalın ayaqlar. Boynundan isə  həmin o ayaqqabılar asılıb. Uşaq  ayaqqabıları. Geyilməmiş, təzə, evlərinə qayıdanda geyinəcəyi ayaqqabılar. İllər  keçib... Ayaqqabılar təzə  qalıb... Oxlar isə əks tərəfi göstərir...

lll

Və kulminasiya - ev saymadığı evin divarından asılmış əsgər geyimi, yerdə isə əsgər çəkmələri. Panoram kadr yerdə sıralanmış təzə ayaqqabıları göstərir. Əsgər çəkmələrini geyinir yalın ayaqlar. Deməli, ümid bu  çəkmələrədi - onlar aparacaq onu evlərinə... Divardan toy kostyumu asılır - ana asır onu, yenə təzə ayaqqabıları cütləyib qutuya qoyur. Künc...

lll

Döyüş yalnız qırmızı atəşin yanıb sönməsiylə göstərilir. Və  bəlkə fantastik görünə biləcək bir  epiloq.

"İllər sonra Xankəndi" yazılır titrlərdə. Əldən düşmüş ana irəliləyir, sanki zorla, nəsə daşıyırmış kimi... Getdikləri küçə - Həsrət küçəsidi. Plan dəyişir... Ana əlil arabasını itələyir... Arabadakı adamın boynundan (həm sinəsindən, həm də kürəyindən) ayaqqabılar  asılıb yenə. Bu dəfə həm uşaq, həm də böyük ayaqqabıları. Geyilməmiş, təzə ayaqqabılar. Nə uşaq ola bilməyən, nə də böyük ola bilməyən Həsrətin ayaqqabıları. Qırmızı lentlə qarşısı kəsilmiş bir binanın önündə dayanırlar. Başından şürüşmüş yaylığı çəkir başına qadın. Müqəddəs bir yerə gəlmiş kimi. Ana əlil arabasındakı təzə ayaqqabıları həmin binanın qapısından asır. Bura "Geyilməmiş ayaqqabılar muzeyi"di. Muzey Milli Qəhrəman Həsrətin adını daşıyır. Və bundan sonra kamera sanki axsamağa başlayır... İri planda ayaqları olmayan əsgər geyimli şəxs görünür - üzü yox, sadəcə bədəni... Ana arabadan aralanıb pilləkənlərin üstündə oturur. Oğluna baxır və sonra oğlanın əl hərəkətlərindən həm də gözlərinin də görmədiyini anlayırsan. Son  kadrlar ananın ayaqları və arabanın təkərləri... Bu onların dramıdı - ananın və  oğulun. Müharibə bitsə də, Xankəndində Həsrət küçəsində gəzsələr də faciə onlarındı və  heç vaxt bitməyəcək...

Bayaqdan haqqında  danışdığım film "Geyilməmiş ayaqqabılar" adlanır. Rza Rzayevin filmi. Rejissor  belə  görür savaşı. Yaradıcı  qrupu ilə birlikdə. Təbii ki rejissor filmin yaradanıdı, amma  onun ideyalarını həyata  keçirənlər, təsviri tamaşaçıya çatdıranlar var  axı. Operator, bəstəkar, aktyorlar... Böyük  deyil qrup... Azacıq  məsrəflə  çəkilib. Amma  böyük mətləblərə toxunub...

İlk olaraq Gülzar Qurbanovanı qeyd  etməmək haqsızlıq olardı deyə düşünürəm. Göründüyü hər  mizanda, sözsüz kadrlarda əzablı, iztirablı baxışlarıyla Anna Manyanini xatırlatdı mənə. İfadəli, dərin, sakit. Xalqdan olan biri. Bəlkə  necə görünəcəyi qorxusunun olmadığını hiss etdim onda da. Əlləri də sanki bir başqa aktyor idi. Əllər də ustad sənətkar həssaslığı ilə təsvir  edirdi qadının faciəsini. Müharibə gerçəyi  vardı onlarda. Gözlər  və əllər. Qəribədi oğlanın ayaqları və ananın əlləri. Bu  idi faciəni təsvirlə çatdıran...

lll

Balacanın (Dəniz Həsənov) oyunu təsir, ovqat  yaratmadı məndə. Ola bilər subyektivəm.

Rejissor nə  fikirləşir-fikirləşsin, filmin ideya-bədii həllini, istiqamətini, ifadə traktovkasını, kompozision , koloristik həllini, baxış bucağını, rakursları, işıqlandırmanı düzgün verə  bilməsə film alınmayacaq. Şərtlər çoxdu -  ssenari üzərində iş, personajların portret xarakteristikası, natura seçimi, eskiz və dekorasiyaların təsdiqi. Kameranın sağamı, ya solamı hərəkəti... Gedişmi, dönüşmü?  Hər  halda,  mən filmdə uğurlu bir kamera  baxışı gördüm.

Musiqi isə lap  mistikadı. Rus  bəstəkarı Vyaçeslav Şulginin  bizim muğam ladlarından belə istifadə eləməsi maraqlı gəldi  mənə. Kinoda musiqi- ideyanı izah edən, tamaşaçıya çatdıran ən vacıb komponentlərdən biridi.Təsviri gücləndirən önəmli  elementdi. Xüsusən də dialoqların azlıqda  olduğu yerdə musiqi faktoru daha çox yer tutur. Şulginin musiqisi hadisə və obrazların dinamikasını, ritmikasını tuta bilib. Həm kadrdaxili, həm də kadrarxası planlarda yerinə otura bilib.Və filmin konsepsiyasına, ideyasına, emosiya və dramatizmin ifadəsinə uğurla xidmət edib deyə  düşünürəm. Paralelizm yarada  bilib.

lll

Sənətdə kamera  anlayışı var - kamera orkestri, kamera teatrı, kamera kinematoqrafiyası və sairə... Kinoda müəllifin birbaşa sözünü leytmotiv kimi çatdırır belə filmlər. Hadisələrdən çox insanlar haqqında danışır.Və adətən ilk işlərində nəzərə çarpır çox tanınmış rejissorların. Kino  dilində, eksperiment, ştamp və kütləvilikdən uzaq dildə  danışır. Böyük  büdcəli olmur, amma Yeni Dalğa cərəyanının filmlərini xatırlasaq bunu böyük kino anlayışından  uzaq  tuta  bilmərik. Müəyyən çərçivə, məhdud məkan daxilində insan dramı, flashback-dən təkan alaraq hadisə yaratmaq  ağır zəhmətdi. Hər  hansı bir işin süjet və psixoloji məqamları dar, kiçik müstəvidə göstərə bilməyi  rejissor və operator ustalığı deməkdi. Kamera filmində hər bir detal önəmlidi, gözdən qaçmır. Tamaşaçı operatorla  birgə  izləyir kameranın hərəkətini və rejissorun kino dilində  dediklərini anlayır. Bu çətin dildi, illüstrasiya  deyil. "Geyilməmiş ayaqqabılar" kamera filmidi. Burda görməyə öyrəşdiyimiz böyük batal səhnələr, kütləvi səhnələr  yoxdu. Həcmi də çox deyil - cəmi 45 dəqiqə. Amma hər  dəqiqəsi ağrı, əzab, faciə dolu. Rejissorun diliynən, kadrların, səhnələrin diliynən nəql olunan.

Əgər savaş haqqında öz dilində danışmağı bacarmasan, bunu sənə yad dildə  anladacaqlar... Yuxarıda  yazdığım bu fikrimi təkrarlayıram. Deməli,  mütləq  danışmaq  lazımdı. Həqiqəti  demək lazımdı. Və  həqiqəti naturalizmlə qarışdırmadan danışmaq lazımdı. Avtomat lüləsindən çıxan parıltını, tankların tırtılına qarışmış insan cəsədini göstərməsən də  olar bu  həqiqəti  demək... Rejissorun ustalığından asılıdı.  Rejissorun nə  dediyindən... Səni  yolundan  sapdıra da  bilər, ekrana  bağlaya da bilər. Böyük mənada ekran... Gerçəklərin ekranı. Rza  Rzayevin kino dili haqqında  maraqlı fikirləri var: "Kinonun özünəməxsus dili var. Müasir dövrdə  kino sənətində söz dramaturgiyasından az, təsvir dramaturgiyasından daha çox istifadə edilir. Necə ki Mövlanə söyləmişdi: "Gözün bir anda gördüyünü dil yüz il söyləsə də, anlada bilməz!" (kino ilk yarananda səssiz olub). Bu da ona görədir ki, fərqli dillərə, düşüncələrə mənsub olan tamaşaçılara təsir edə bilsinlər. Kino dərk edənə də, etməyənə də eyni təsir edir. (Dərk edənin şüuruna, dərk etməyənin şüuraltına ).  Kino insanlara daha çox rasional olaraq yox, irrasional olaraq təsir edir. Bu təsirin nəticəsində alt qatda gedən irrasional proses yuxarı qatda gedən şüurlu təfəkkürü müəyyənləşdirir. (Şüur altına toxum yerləşdirilir, bir müddətdən sonra şüurda meyvəsini dərirlər).         

Bu gün kino Azərbaycanca danışmalıdır. (Necə ki böyük Üzeyir Hacıbəyov musiqini Azərbaycanca danışdırdı.) Söhbət dialoqların Azərbaycan dilində olmağından getmir. Film dialoqlardan yox, epizodlardan ibarətdir. Film süjetlərin və epizodların ardıcıllığı və vəhdətidir.  Kino daha çox gözün, üzün, əlin, rəngin, geyimin, detalın dili ilə danışır. (Necə ki xarici filmlərin Azərbaycan dilinə tərcüməsi heç də bu filmlərin Azərbaycanca danışması deyil.) Filmdə sözdən çox bu dillər danışır, səssiz-səmirsiz. Filmdə mesajlar cəmiyyətə daha çox bu dillərlə verilir, ötürülür.

Kinoda rejissor quruluşundan, aktyor oyunundan tutmuş, montaj təfəkkürü, (montaj sıxlaşdırılmış fikir daşıyır) hər şey Azərbaycanca ifadə olunmalıdır. Bu ifadə bizim filmlərə dünyada marağı artıracaq. Dünyanı daha çox bizim nə çəkdiyimiz (düşündüyümüz) maraqlandırır, onları yamsılamaq, təkrar etmək yox". Bu  sözləri yazanda Rza hələ rejissor kimi kameralardan çox  uzaq idi. Bu  film ilk işidi onun. Mən uğurlu sayıram. Kinoşünas deyiləm, iddialı da deyiləm. Amma yaxşı tamaşaçıyam...

Öz dilimizdə baxdım bu filmə. Bu savaşa... Amma hamı anlayacaq bu dili. Bu savaşı...

 





14.03.2017    çap et  çap et