525.Az

Hollandiya Türkiyədən üzr istəyəcəkmi?


 

"AVROPADA DEMOKRATİK DƏYƏRLƏR YOX, İKİLİ STANDARTLAR HÖKM SÜRÜR"

Hollandiya Türkiyədən üzr istəyəcəkmi?<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, keçən həftə Hollandiya hökumətinin Türkiyə dövlətinə qarşı atdığı qərəzli addımlara görə iki ölkə arasında siyasi qalmaqal olub.

Niderland Krallığı martın 11-də Hollandiya Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinə uçuş icazəsinin ləğv edilməsi, ailə və sosial siyasət işləri üzrə nazir Fatma Betül Sayan Kayanın Rotterdamda avtomobilinin hərəkətinin qarşısının alması, daha sonra isə buna etiraz edən türklərə qarşı qeyri-insani rəftarın nümayiş etdirilməsi ilə Avropanın Türk və İslam dünyasına bəslədiyi böyük nifrəti bir daha ortaya qoyub. Halbuki, türkiyəli nazirlər Hollandiyada Türkiyə konstitusiyasına aprelin 16-da keçiriləcək referendumda düzəlişlərə dəstək mitinqlərində iştirak etmək üçün Rotterdama getməyi palnlaşdırırdılar. Hər iki nazirin Rotterdam şəhərində türk icması ilə görüşdə iştirak etmək üçün ölkəyə gəlişinə icazə verilməyib. Buna etiraz olaraq Avropanın ən müxtəlif ölkələrindən gələn türklər Rotterdam şəhərində, Türkiyənin baş konsulluğunun binasının qarşısına toplaşaraq, etiraz aksiyası keçiriblər. Polis 14 min nümayişçiyə qarşı dəyənəklərdən, su şırnağından, itlərdən istifadə edib. Süvari polislər nümayişçiləri döyüblər.

Türklərə qarşı radikal addımlar atan Niderland Avropanın mərkəzində insan hüquq və azadlıqlarına qarşı münasibətin hansı səviyyədə olduğunu nümayiş etdirib. Bir daha məlum olur ki, özünü "demokratiya beşiyi" hesab edən Avropada insan haqları fərdlərə - milli mənsubiyyət və inanclara görə dəyişir. Hollandiyanın baş nazirinin birbaşa göstərişi ilə həyata keçirilən anti-türk əməliyyatı haqlı olaraq Türkiyə dövlətinin prezidenti və baş nazirinin sərt tənqidlərinə səsəb olub. Rəsmi Ankara Hollandiya hökumətindən Türkiyədən rəsmi olaraq üzrxahlıq etməsini tələb edib. Hollandiya hökuməti isə Türkiyədən üzr istəməkdən imtina edib. Yaşanan diplomatik qalmaqal Türkiyə ilə Hollandiya arasındakı münasibətlərə də köklü surətdə təsir edəcək. Artıq rəsmi Ankara Hollandiyaya qarşı iqtisadi sanksiyaları işə salmaq baraədə düşünür.

O cümlədən, Türk və İslam dünyasının bir parçası olan Azərbaycanda da qardaş ölkəyə qarşı atılan bu radikal addımlar narazılıqla qarşılanıb. Rəsmi Bakı bu hadisə ilə bağlı öz mövqeyini açıqlayıb. Qardaş ölkəyə qarşı həyata keçirilən bu qərəzli addımlar qətiyyətlə pislənib.

Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov qeyd edib ki, türkiyəli nazirlərin Niderlanda buraxılmaması təəssüfedici bir haldır. "Trend"in məlumatına görə, o, jurnalistlərə bildirib ki, bu həm beynəlxalq hüquqa hörmətsizlik, həm də Vyana Konvensiyasının tələblərinin kobud şəkildə pozulmasıdır: "Türkiyənin iki nazirinə qarşı belə hörmətsizlik edilməsi, əlbəttə, yaxşı hal deyil. Sözsüz ki, Niderlandda yaşayan insanların, konkret ikili vətəndaşlığı olan türklərin də səsvermə hüququ var və referendumda iştirak edəcəklər. Onların da konstitusiyaya dəyişikliklər haqqında məlumat almaq hüququ var. Nazirlər də həmin məlumatları vermək üçün ora getmişdilər. Onların başqa məqsədi yox idi".

Birinci vitse-spiker qeyd edib ki, nazirlərdən əlavə, Rotterdamda olan Türkiyə konsulluğunun diplomatlarına qarşı kobud davranılması Vyana Konvensiyasının birbaşa pozulması deməkdir: "Belə olan halda ortaya bir sual çıxır: insan hüquqlarından dəm vuran Avropa insan hüquqlarına bu cür yanaşırmı?! Bu cür yanaşmanı və münasibəti qəti şəkildə pisləyir və qınayıram. Hesab edirəm ki, bu məsələyə tezliklə aydınlıq gətiriləcək".

Milli Məclisin deputatı Bəxtiyar Sadıqov da deyib ki, Türkiyənin yüksək çinli diplomatlarının Hollandiyaya buraxılmaması təəccüb və təəssüf doğurur. O, bildirib ki, bu hadisə Avropanın demokratik dəyərlərinə zərbədir: "Hollandiyanın belə bir addım atması Avropa demokratiyasına ləkədir. Bütün bunlar azmış kimi, diplomatların Hollandiyaya buraxılmamasına etiraz edən dinc aksiyaçılara qarşı qeyri-insani hərəkət etdilər. Bu qədər vəhşilik olmaz. Çünki etiraz edənlər silahsız idi. Onlar Hollandiya dövləti, rəsmi qurumlar üçün heç bir təhlükə törətmirdilər. Özünü demokratiyanın beşiyi sayan Avropa bu dəfə demokratiyada da ikili standartları nümayiş etdirdi, beynəlxalq konvensiyalara hörmətsizlik göstərdi. Bu prosesdə Türkiyə yalnız beynəlxalq normalar çərçivəsində addım atıb. Türkiyə diplomatlarının öz vətəndaşları ilə görüşünün qarşısının bu cür vəhşiliklə alınması, qeyri-adekvat güc tətbiq olunması dərin təəssüf hissi doğurur".

Deputat Elman Nəsirov isə hesab edir ki, Türkiyə xarici işlər nazirinin təyyarəsinin Niderlanda buraxılmaması Niderlandın Türkiyəyə qarşı qərəzidir: "Niderland bu addımı ilə bir daha sərbəst toplaşma azadlığına mane olduğunu bəyan edir. Bu, dünya tarixində analoqu olmayan bir hadisədir. Bu ona dəlalət edir ki, Avropa İttifaqının, onun ayrı-ayrı üzvlərinin, əlində bayraq etdiyi sərbəst toplaşma azadlığı, insan hüquqlarının müdafiəsi, demokratiya ilə bağlı yanaşmalar sabun köpüyündən başqa bir şey deyil. Bu bir fon yaratmaqdır. Reallıqda isə Niderlandda nə insanların sərbəst toplaşmaq hüququ, nə də insan hüquqlarının müdafiəsinə hörmət var. Bu gün bütün beynəlxalq ictimaiyyət buna bir daha şahid oldu. Türkiyədə keçiriləcək referendumda xalqın əksəriyyəti "hə" deyəcək və Niderland da bundan qorxuya düşüb. Onlar müsəlman ölkəsi olaraq Türkiyənin güclənməsini istəmirlər".

Millət vəkili qeyd edib ki, Niderlandın bu davranışı beynəlxalq hüquq normalarına sığmır: "Türkiyə artıq sanksiyalar tətbiq etmək barədə mövqeyini ortaya qoyub. Hesab edirəm ki, Niderland bu məsələyə düzgün qiymət verməli və Türkiyə ilə münasibətləri bərpa etməyə çalışmalıdır".

YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə qeyd edib ki, bu gün bir çox dünya dövlətləri kimi Azərbaycan da demokratik inkişaf yolu seçib. O, "milli.az"a bildirib ki, insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə təminatı məhz demokratik şəraitdə mövcuddur: "Doğrudan da, demokratiya olmayan ölkələrdə hansısa inkişafdan, tərəqqidən danışmaq qeyri-mümkündür. Təbii ki, söhbət sözün əsl mənasında demokratiyadan gedir. Bəzən bizə demokratik inkişaf istiqamətində nümunə kimi göstərilən Avropada əslində antidemokratik mühitin hökm sürdüyünün şahidi oluruq. Bu mənada "Qərb demokratiyasının" kökündə tamamilə başqa "dəyərlər" cəmlənib. Zaman-zaman başqa ölkələrin siyasi idarəçilik sistemində, keçirdikləri seçkilərdə hansısa nöqsanlar, qanunsuzluqlar axtarmağa çalışan "avropalı mütəxəssislər" bir çox hallarda öz gözlərində tiri görə bilmirlər və ya görməzliyə vururlar. Bu amil isə onu sübut edir ki, "qoca qitə"də demokratik dəyərlər yox, ikili standartlar hökm sürür".

V.Rəhimzadənin sözlərinə görə, Hollandiyanın qardaş Türkiyəyə qarşı etdiyi diplomatik hörmətsizlik ikili standartların bariz nümunəsi, sözün əsl mənasında rəzalətdir: "Hollandiyanın Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin ölkəyə enişinə icazəni ləğv etməsi, üstəlik qardaş ölkənin ailə və sosial siyasət naziri Fatma Betül Kayanın avtomobilinin Hollandiya polisi tərəfindən saxlanılması çox böyük hörmətsizlikdir. Bu zaman nazirin səfərini işıqlandırmaq üçün Rotterdama səfər edən Anadolu agentliyinin və TRT-nin jurnalistləri də polis tərəfindən saxlanılaraq sənədləri yoxlanılıb. Göründüyü kimi, burada baş verən hadisələr islamofobiyanın təzahürləri, beynəlxalq hüququn tapdanmasıdır. Əgər bir ölkədə hansısa qanuni tədbirlərin keçirilməsinə yol verilmirsə, jurnalistlər əsassız yerə saxlanılırsa, orada hansı demokratiyadan söhbət gedə bilər?".

"İki sahil" qəzetinin baş redaktoru vurğulayıb ki, bu gün Türkiyənin regionda və dünyada artan rolu və nüfuzu bəzi dairələri narahat edir: "Son illərdə qardaş Türkiyənin regionda və dünya miqyasında nüfuz dairəsi xeyli genişlənib. Azərbaycan Türkiyə ilə birlikdə meqa layihə olan "Cənub Qaz Dəhlizi"ni uğurla reallaşdırır. İqtisadiyyatı durmadan inkişaf edən  Türkiyə, eyni zamanda siyasi və hərbi güc mərkəzinə çevrilib. Təbii ki, bu da islamofobiya və ksenofobiyanın mövcud olduğu Avropanı narahat edir. Hesab edirəm ki, bu və digər amillər Türkiyəni öz haqq yolundan döndərə bilməz".

YAP Siyasi Şurasının üzvü bildirib ki, özlərini demokrat adlandıran avropalılar miqrantlarla amansız davrandıqları, onları öz ölkələrindən deportasiya etdikləri halda, Türkiyə miqrantlara qucaq açdı: "Bu gün güclü Türkiyə terrora qarşı da ciddi mübarizə aparır. Son vaxtlar xüsusilə Suriyada PKK və İŞİD terrorçularına qarşı mübarizə daha da gücləndirilib. Bunun əksi olaraq isə Avropa və bəzi dairələr terrorçuları dəstəkləyirlər, Suriyada PKK və İŞİD terrorçularının əllərində Qərb ölkələrinin silahları var. Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan öz çıxışında bu barədə faktlar səsləndirib. Məqsəd Türkiyəni zəiflətmək, müsəlman dünyasını terrorla əlaqələndirərək ləkələməkdir".  

V.Rəhimzadə Hollandiya polisinin türkiyəli nazir Fatma Betül Kayanın avtomobilinin saxlanılmasına qarşı etirazçıların haqlı tələblərinə qarşı güc tətbiq etməsini də kəskin şəkildə tənqid edib. Onun sözlərinə görə, insanların azad şəkildə toplanmaları, öz fikirlərini sərbəst şəkildə ifadə etmələri demokratiyanın əsas prinsiplərindəndir: "Bunun əksi olaraq Hollandiyada insanların konstitusion hüquqlarına qarşı çıxmaq, zor tətbiq etmək, insani xüsusiyyətlərdən uzaq hərəkət etmək, demokratiyanın ayaqlar altına atılması deməkdir. Ona görə də bütün dünya bu ədalətsizliyi görməli və nəticə çıxarmalıdır".

Ceyhun ABASOV

 





15.03.2017    çap et  çap et