525.Az

Xırdalanda beş nəfərin dəm qazından ölməsi ilə bağlı cinayət işi


 

Xırdalanda beş nəfərin dəm qazından ölməsi ilə bağlı cinayət işi <b style="color:red"></b> Xırdalan şəhərində beş nəfərin dəm qazından ölməsi ilə bağlı cinayət işi başlanıb.
 
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumatda deyilir ki, martın 15-də saat 12 radələrində Xırdalan şəhəri, 26-cı məhəllə, ev 6, mənzil 4-də 5 qadın meyitinin aşkar edilməsi ilə bağlı Abşeron rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitlərə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib.
 
Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən qızdırıcı qaz sobası götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
 
İlkin araşdırmalarla müəyyən edilib ki, qeyd edilən ünvanda kirayədə yaşayan Gəncə şəhər sakini 1992-ci il təvəllüdlü Abbasova Mələk Mübariz qızı, Balakən rayon sakinləri - 1974-cü il təvəllüdlü Musayeva Nübar Fazil qızı, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı və 1993-cü il təvəllüdlü Musazadə Aytən Elçin qızı martın 14-dən 15-nə keçən gecə ilkin ehtimala görə dəm qazından zəhərlənərək ölüblər.
 
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi və məhkəmə-texniki-təhlükəsizlik ekspertizaları təyin olunub.
 
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
 





15.03.2017    çap et  çap et