525.Az

Talelərə düşən işıq


 

VƏ YA BİR TƏRCÜMEYİ-HALA SIĞMAYAN ÖMÜR

Talelərə düşən işıq <b style="color:red"></b>

Qarşımda bir sənəd var. Bu, Nurulla müəllimin öz dəsti-xətti ilə yazdığı tərcümeyi-halıdır. Ömrünün 57-ci ilində yazdığı bu tərcümeyi-hal vur-tut ikicə səhifəyə sığışıb...

Tərcümeyi-hal sahibinin öz əli ilə yazdığı ikicə səhifə vərəqdə yer tutan ömür yolu isə indi cild-cild kitablara sığmayan neçə-neçə xatirələrə çevrilib, nağıl kimi sehrli, şirin söhbətlərə dönüb. Nurulla müəllimin dünyasını dəyişdiyi vaxtdan otuz il keçsə də, onunla bağlı bütün xatirələr o qədər təzədir, elə bil dipdiri bir adam haqqında söhbət gedir...

İndiki Şabran  rayonundakı ən böyük təhsil ocaqlarından birinə, Tofiq Abbasov adına şəhər orta məktəbinə Nurulla müəllimdən sonra çox adam rəhbərlik edib. Ancaq indinin özündə də "Nurulla müəllimin məktəbi" adı ilə tanınır bu təhsil ocağı...

1960-cı ildən istifadəyə verilən bu məktəbin ilk direktoru Nurulla müəllim olub və qısa bir fasilə ilə 18 il bu məktəbə rəhbərlik edib. Çox yox, cəmi dörd-beş ildən sonra məktəbi qabaqcıl təlim-tərbiyə ocağı kimi respublikada tanıdıb. Bu təhsil ocağı "Nurulla müəllimin məktəbi" adı ilə əbəs yerə ünvanlanmayıb. Hazırda məktəbin direktoru işləyən Fikrət Şamxalovun sözlərini xatırlayıram: "Bəzən işdə onun əli ilə tərtib edilib hazırlanmış sənədlərlə rastlaşıram. Nə qədər obyektiv, ədalətli və işgüzar bir məktəb direktoru imiş! Onun qoyub getdikləri indi də kara gəlir..."

Nurulla müəllimin boş hay-küylə işi yox idi. Zahirən çox soyuqqanlı görünürdü. Amma o, məktəbin kandarından içəri ayaq basan andan müəllimlərdən tutmuş yuxarı sinif şagirdlərinə kimi hamı özünü yığışdırardı. Bu, kollektivin direktora hörmət və ehtiramı idi.

Nurulla müəllimin məktəbində çalışanlara qibtə edirdilər və çox vaxt soruşurdular ki, Nurulla müəllim onları necə tapıb bir yerə toplayıb.

Rayonda ən güclü müəllim kimi ad çıxarmış həmin pedaqoqlar Nurulla müəllimin məktəbinə fəaliyyətə ən adi bir müəllim kimi başlamışdılar. Onları Nurulla müəllim yetişdirmişdi, öyrətmişdi. Və onlar da öz təcrübələri, əməkləri ilə Nurulla müəllimi adlı-sanlı məktəb direktoru kimi tanıtmışdılar.

Bir vaxt Nurulla müəllimin şagirdi olmuş "Tərəqqi" medallı Həqiqət Əzimova-Adıgözəlovanın söhbəti yadıma düşür: "1968-ci ildə sinfimizin 25 məzunundan 20 nəfəri ali məktəblərə, 5 nəfəri isə texnikumlara daxil olmuşdu. Mən də öz sevimli müəllimimin yolu ilə gedib Pedaqoji İnstituta qəbul olunmuşdum. Onun kimi dil-ədəbiyyat müəllimi olacaqdım.

İnstitutun son kursunda oxuyurdum. Bir gün institutumuzun geniş foyesində Nurulla müəllim ilə qarşılaşdım. İmtahan vaxtları idi. Mənimlə hal-əhval tutandan sonra qiymət kitabçamı istədi, qiymətlərimlə tanış olduqdan sonra çöhrəsi güldü: "Afərin, qızım, Tofiq Abbasov adına məktəbin məzunu olduğunu unutma!"

Ali məktəbi bitirdikdən sonra təyinatla rayonumuza qayıtdım, məni məzunu olduğum məktəbə göndərdilər. Həmin il məktəbə məndən başqa bir neçə nəfər də gənc müəllim gəlmişdi. Zəhmli direktorumuz az qala hər gün bizimlə maraqlanır, dərslərimizdə iştirak edirdi. Dinlədiyi dərslər haqqında fikir söyləyərkən tərifli sözlər deməkdə çox xəsislik edir, əsasən, nöqsan və çatışmazlıqlarımızı deyir, sonra da məsləhətlər verir, metodik kömək göstərirdi. Mənə elə gəlirdi ki, mənə qarşı daha tələbkardır. (Sən demə, o vaxt biz gənc müəllimlərin hamısı belə fikirləşirmiş). Açığını deyim ki, onda sevimli müəllimimin bu tələbkarlığından ürəyimdə hətta inciyirdim də.

Məktəbimiz respublikada məşhur, qabaqcıl tədris ocaqlarından biri kimi tanınırdı. Adlı-sanlı qonaqlar, görkəmli pedaqoq-alimlər, metodistlər tez-tez məktəbimizə gəlir, ayrı-ayrı fənn müəllimlərinin dərslərində iştirak edir, şagirdlərimizlə müxtəlif pedaqoji təcrübələr, eksperimentlər aparırdılar.

Bir gün VIII sinifdə ədəbiyatdan dərs keçirdim. Qapı döyüldü, məktəbin direktoru və üç nəfər nümayəndə sinif otağına girdi. Cəmi iki-üç illik pedaqoji staja malik bir müəllim kimi əvvəlcə həyəcanlansam da, özümü tez ələ aldım. Şagirdlərimə də arxayın idim və dərs yüksək fəallıq şəraitində sona çatdı. Zəng vuruldu. Yenidən həyəcanlandım. Məni narahat edən yalnız bu idi ki, görən, Nurulla müəllim dərsimdən razı qaldımı?

Müəllimlər otağında qonaqlar - Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun əməkdaşları və Maarif Nazirliyinin inspektoru dərsdən çox razı qaldıqlarını bildirdilər. Nurulla müəllim isə fəxrlə bircə kəlmə söz dedi: "Öz məktəbimizin məzunlarındandır. Şagirdim olub".

Sevincimin həddi-hüdudu yox idi. Bir müəllim kimi ilk və ən böyük mükafatımı almışdım".

lll

1980-cı ildə Nurulla müəllim bir vaxt rəhbərlik etdiyi Dəvəçi şəhər Tofiq Abbasov adına orta məktəb haqqında pedaqoji ictimaiyyət tərəfindən maraqla qarşılanan bir kitab yazmışdı. N.Xəlilov öz kitabında yazırdı: "1960-cı ildə bir tipli layihə ilə tikilmiş geniş müasir binaya malik ikimərtəbəli məktəbimizdə 1000 nəfərdən çox şagird təhsil alır. Məktəbdə 24 fənn kabineti, lazımi avadanlıqla təchiz olunmuş idman və iclas zalları, 1000 nəfərlik yeməkxana, maşınşünaslıq, evdarlıq (xidmət əməyi) kabinetləri fəaliyyət göstərir. Şagirdlərin istifadəsində bir hektarlıq tədris-təcrübə sahəsi var.

Məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə 70 nəfərdən çox müəllim məşğul olur.

Bu təhsil ocağı rayonun metodbirləşmə mərkəzidir. Məktəb beynəlmiləl məktəbdir. Burada səkkiz millətin övladı oxuyur.

Son 20 ildə 23 nəfər məzun məktəbi qızıl və gümüş medallarla bitirib. Hər il 35-40 nəfər məzun tərifnamələrə layiq görülür. İstər medalçılar, istərsə də ayrı-ayrı fənlərə görə xüsusi tərifnamə ilə məktəbi bitirmiş şagirdlər müvəffəqiyyətlə imtahan verib ali və orta ixtisas məktəblərinə qəbulda özlərini doğruldurlar. Məzunlarımızın arasında elmlər namizədi, elmlər doktoru olanlar çoxdur".

Nurulla müəllim çox həssas, ürəyi nazik insan idi. Onun ürəyi yuxalığının şahidi elə özüm olmuşam. Yadımdadır, 1969-cu ildə orta məktəbdə buraxılış imtahanlarını verirdik. İmtahan Komissiyasının da sədri məktəbimizin direktoru Nurulla müəllim idi. Sinfimizdə yaxşı oxuyan bir şagird vardı. İmtahanları da yaxşı qiymətlərlə verirdi. Xarici dildən - alman dilindən sonuncu imtahanımız idi. Həmin yoldaşımızın imtahan biletinin suallarına cavabları Nurulla müəllimi qane etmədi. Fənn müəllimimiz də gileyləndi: "Çalışqan şagirddir, amma il boyu nə qədər etdimsə, inadından əl çəkmədi..."

Elə bu zaman həmin şagird titrək səslə: "Müəllim, anam deyir ki, dayını müharibədə almanlar öldürüb. Onların dili sənə gərək deyil. Anamın sözündən çıxa bilmirdim..."

Sinif sükut içində idi. Nurulla müəllim də kövrəlmişdi. Ancaq o, özünü tez ələ aldı: "Ananın dediyi almanların hamısı faşist deyil, oğlum!..." Sonra biz Hötenin, Bethovenin... adlarını eşitdik.

Bunlardır Nurulla müəllimin tərcümeyi-halı...

Ancaq Nurulla müəllim öz əli ilə axırıncı dəfə tərcümeyi-halını yazanda 1985-ci il idi. 1987-ci ilin aprel ayının 12-ə - Nurulla müəllimin dünyadan köçəcəyi günə hələ vardı. Ölüm güclü çıxıb onu həyatdan apara bildi. Ancaq neçə-neçə yaxın və uzaq adamların xatirində yaşayan ömrə ölümün gücü çatmadı...

lll

1978-ci ilin yanvar ayında Nurulla müəllimin rayon Xalq Maarif Şöbəsinə (o zaman belə adlanırdı) müdir təyin etdilər. Rayonun rəhbər təşkilatlarının tapşırıqları ilə şöbənin əməkdaşları vəzifələrinə aid olmayan işlərə cəlb edilir, işdən ayrılırdılar. Bu da şöbənin ahəngdar işinə mənfi təsir göstərirdi. Nurulla müəllimin nüfuzu belə hallara son qoydu. O, şöbənin əməkdaşlarına yüksək tələbkarlıqla yanaşır, həm də onları kənar qüvvələrin təzyiqindən qoruyurdu. Nurulla müəllimin Maarif şöbəsinə müdirlik etdiyi müddətdə təhsil müəssisələri daha bacarıqlı, işgüzar, cavan rəhbər kadrlarla möhkəmləndirildi. Məktəblərdə xeyli əlavə sinif otaqları, idman zalları, tədris emalatxanaları, bufet və yeməkxanalar inşa edilib istifadəyə verildi. Gəndov, Rəhimli, Ağbaş, Yenikənd (indi Siyəzən rayonunun ərazisindədir) kəndlərində dövlət hesabına birtipli orta məktəb binaları tikilirdi. 1978-1979-cu dərs ilinə hazırlıq işində qazandığı nailiyyətlərə görə rayon Maarif şöbəsi o zaman Azərbaycan KP MK-nın, Nazirlər Sovetinin, AHİŞ-in və Komsomolun Mərkəzi Komitəsinin keçici Qırmızı Bayrağına layiq görüldü.

Nurulla müəllimin başçılıq etdiyi şöbənin bu nailiyyətləri, onun özünü məğrur, başı dik, qürurlu aparması bədxahlarını açmırdı. Onlar Nurulla müəllimin təkəbbürlü olması haqqında uydurmalar yayır, onu rayon rəhbərliyinin nəzərindən salmağa çalışırdılar. Nurulla müəllim özü də bunu hiss edirdi. Onunla yerli rəhbərlik arasındakı çəkişmə rayonun tədris ocaqlarının işinə xələl gətirməsin deyə Nurulla müəllim öz ərizəsinə əsasən tutduğu vəzifədən azad olunmaq qərarına gəldi...

Respublika Maarif Nazirliyi Nurulla müəllimi mərkəzi aparata işə gətirdi. O, ömrünün son illərini Bakıda keçirdi. Pedaqoji İnstitutda məktəbşünasa böyük ehtiyac var idi. Nurulla müəllim şöbə müdiri vəzifəsindən imtina etdi. Dedi ki, "indi tədqiqat aparan, araşdıran çoxdur, lakin onları həyata keçirən, necə həyata keçirildiyini yoxlayanlar, nöqsanları müəyyənləşdirib aradan qaldırılmasına kömək edənlər isə azdır. Mən praktik fəaliyyətdən ayrıla bilmərəm".

Bəli, Nurulla müəllimin praktik iş üçün, gənc nəslin təlim və tərbiyəsində bilavasitə iştirak etmək, öz biliyini, bacarığını canından çox sevdiyi millətin gələcəyinə sərf etmək üçün dünyaya gəlmişdi.

Xalqın gələcəyi yoluna nur saçan, onun xoşbəxtliyi uğrunda fədakar olan maarifpərvərlər ölmürlər. Nurulla müəllim bu gün də belə maarifpərvərlərin cərgəsindədir.

Addımlayan işıq idi Nurulla müəllim. Elə işıq kimi də paylandı talelərə, ömürlərə, ocaqlara. Qəbri nurla dolsun...

Şabran

 





16.03.2017    çap et  çap et