525.Az

Haqqa doğru


 

Haqqa doğru<b style="color:red"></b>

Ali məktəbi bitirib Astaraya təyinat almışdım. Zəngəzurun ucqar dağ kəndindən yüz kilometrlərlə uzaq olan bu rayonda işləmək qərarına dayımın məsləhətindən sonra gəlmişdim.

Demişdi ki, onsuz da Azərbaycandan Ermənistana göndəriş (təyinat) vermirlər. Belə olan halda Astaraya getməyin daha uyğun olar. Çingiz Fərəcov orada birinci katib işləyir, xahiş edərik ki, gözü üstündə olsun...

... Avqustda göydən od ələnən günorta vaxtı Astara rayon partiya komitəsinin qapısını kəsdirib birinci katibin nahardan qayıtmasını gözləyirdim. Neçə saatdan sonra iti addımlarla yanımdan ötüb keçən kostyumlu, qalstuklu adamın nəm-nişanından Çingiz Fərəcov olduğunu zənn edib dilləndim:

-Çingiz müəllim...

Ardını gətirməyə cürətim çatmadı...

Ayaq saxlayıb zəndlə üzümə baxdı. Yəni demək istədi ki, kimsən, nə istəyirsən? Təbii ki, gəlmə olduğumu dərhal başa düşmüşdü. Axı rayonda yerli adam birinci katiblə görüşmək üçün küçənin ortasında onu səsləməyə cürət edə bilməzdi. Bunun üçün qəbula yazılmalı, müəyyən edilmiş gün növbəyə yazılıb birinci katiblə görüşə bilərdi...

Nə isə... Özümü ələ alıb güclə dilləndim:

-Bakıdan təyinatla işləməyə göndərilmişəm, filankəs müəllim məni sizin yanınıza göndərib ki..

Sözümü bitirməyə imkan vermədi, "axşam saat 7-8 arası gələrsən...",- deyib uzaqlaşdı.

... Sözün düzü, bu cür soyuq (hər halda başqa cür düşünməyə əsas yox idi) "salam-sağol"a, onunla görüşə çox can atdığıma görə özümü də, məni bu uzaq, bir simsarım da olmayan rayona yola salan dayımı da qınadım.

Yol yorğunluğu bir tərəfə, "ilk oxumun daşa dəyməyinin" pərtliyindən ayaq üstə dayana bilmirdim. Dincimi almaq, özümə gəlmək üçün mehmanxanaya gedib uzandım. Yuxudan ayılanda isə artıq ertəsi günün günorta vaxtı idi. Deməli, Çingiz Fərəcovun görüş vaxtı fələyin badına getmişdi. Öz-özümə toxtaqlıq verdim: "Bəlkə, elə belə yaxşıdır, dünən nə üz göstərdi ki, axşam da yanına gedəydim... Heç lazım da deyil... Təyinat müddətini başa vurandan sonra ya öz rayonumuza, ya da Bakıya qayıdaram".

Beləcə, məchul bir küskünlüklə Astarada işə başladım. Aradan bir neçə gün keçmiş birinci katibin məni axtardığını xəbər verdilər...

... Birinci katib məni məzəmmətlə qarşıladı. Sözünə düz olmayanları xoşlamadığını bildirdi. Necə deyəydim ki, rayona qədəm basdığım ilk gündə onu laqeyd, biganə adam kimi tanımağım sonrakı günlərdə məni raykoma getməkdən daşındırıb.

... Sonra rayon rəhbəri məsələdən xəbərdar imiş kimi kiminləsə telefonla danışıb məni diqqətdə saxlamağı, qayğısını əsirgəməməyi, kəm-kəsir işlərimi yoluna qoymağı tapşırdı.

Bundan sonra Astarada işlədiyim dörd ildə Çingiz Fərəcov məni tez-tez yanına dəvət edir, gün-güzəranım və çətinliklərimlə maraqlanırdı. O vaxt ali təhsillilər üçün hədsiz dərəcədə əlçatmaz olan, lakin gələcək üçün böyük perspektivlər açan "Sov.İKP üzvü olmaq" məsələsində də mənə "yaşıl işıq" yandırdı . Bundan başqa, mənim mətbuat səhifələrinə də yolumu açdı, "Sovet Astarası" qəzetinin redaktoruna qayğısı və köməyini əsirgəməməyi tapşırdı.

... 1987-ci ildə Astaradan ayrıldım. İki il doğma Sisyanda işləyib Bakıya köçdüm. Çingiz Fərəcov isə az sonra Dəvəçiyə göndərildi, orada bir il, Xaçmazda isə iki il partiya komitəsinin birinci katibi işlədi.

... Çingiz müəllim Bakıya dönəndən sonra tez-tez qarşılaşardıq. Həmişə işimlə, dolanışığımla maraqlanardı, dəyərli tövsiyələr verərdi. Bəzən hansısa rayonda tədbir keçiriləndə baş redaktorla danışıb məni də özü ilə aparardı. Bu ürəyiaçıq, həssas adamla o qədər qaynayıb-qarışmışdıq ki, haqsızlıqla qarşılaşanda, ədalətsizliklə üzləşəndə, özümü tənha, köməksiz hiss edəndə zəng vurub ürəyimi boşaldardım. Diqqətlə qulaq asar, dözümlü, səbirli olmağı məsləhət görər, heç nəyə məhəl qoymadan öz yolumdan dönməməyi söyləyərdi. Hər dəfə onu dinləyəndən sonra xeyli yüngülləşərdim, gözümə işıq, ürəyimə təpər, dizimə taqət gələrdi...

lll

Son dəfə qəfil ölümündən bir neçə gün əvvəl görüşmüşdük. Sanki ömrünün qüruba çatdığını, tezliklə dünyasını dəyişəcəyini hiss etmişdi. Uşaqlığı, ilk gənclik illəri ağır, acınacaqlı keçən, həyatın hər üzünü görən, bəlkə də buna görə keçmiş günləri əvvəllər yada salmaqdan çəkinsə də, nədənsə, göynərtili xatirələrə üz tutmuşdu. Uşaq evinə verilənə qədər yaşadığı əzab-əziyyətləri, başına gələn məşəqqətləri, yataq xəstəsi olan anasının bütün ağırlığının onun və böyük qardaşının çiyninə düşməsini, qardaşıyla birgə taxıl sahəsinə xəlvətcə gedib, ciblərini sütül buğda ilə doldurmalarını, yarma hazırlamalarını acı-acı xatırlamışdı. Və belə "oğurluqların" birində Azərbaycan KP MK-nın birinci katibi Mircəfər Bağırovun onu "yaxalaması"ndan, əvvəl Füzulidəki, sonra isə Şuşadakı "yetimxanaya" göndərilməsindən kövrəkliklə danışmışdı...

Çingiz müəllim 1952-ci ildə uşaq evində qalarkən Moskvaya festivala aparılmasını, görüşlərin birində böyük türk şairi Nazim Hikmətin qarşısında onun şeirini əzbərdən söyləməsini ayrıca yada salmışdı. Alqışlarla qarşılanmasından, bu böyük şairin onu oğulluğa götürməsindən, lakin vətənsizliyə dözməyib yük qatarı ilə bir həftə sonra Bakıya, oradan da Şuşaya qayıtmasınıdan sevinc qarışıq kədər hissi ilə söhbət açmışdı. Sonralar da Nazim Hikmətin onu unutmamasını, hər zaman onu arayıb- axtarmasını, hədiyyələr göndərməsini həyatının ən qiymətli və unudulmaz səhnələri kimi qədirbilənliklə bildirmişdi...

lll

Gözü-könlü tox idi, aza qane olmağı, nəfsinə üstün gəlməyi bacarırdı. Birinci katib işlədiyi illərdə də, Milli Məclisdə, Kənd Təsərrüfatı Nazirliyində məsul vəzifələrdə çalışdığı dövrdə də heç nəyin təmənnasında olmadı.

Sovet rejiminin can verdiyi, müstəqilliyin nəfəsinin duyulduğu illərdə - ölkədə heç kimin heç kəsin ərizəsini oxumadığı vaxtlarda rayonların birində keçirilən tədbirdən qayıdırdıq. Yolboyu gördüklərindən narahatlıqla, yanğıyla danışırdı: "Eşitdin də, icra başçısı qonaqlardan utanıb-çəkinmədən nələr söyləyir?!. Elə bil ki, rayon dədəsindən qalıb, sakinlər də onun nökərləridi. Birinci katib işlədiyim dövrdə inzibatçılıq, qorxu-hürkü olsa da, insanlara qarşı belə saymazlığa, əmlaka, mala-dövlətə belə talançı münasibətə görə bilirsən adama neyləyərdilər?!.". Sonra söhbətinə davam edərək iftixarla deyirdi: " Heydər Əliyevin nəhəngliyi onda idi ki, kadrları seçəndə onların Vətənə, torpağa sədaqətini, insanlara məhəbbətini əvvəlcədən dəyərləndirə bilirdi. Biləndə ki, hansısa vəzifə sahibi el malına tamah salır, baş girləyir, onu cəzalandırırdı".

Təmizlik, halallıq qanda olmalıdır. Yüzlərlə vəzifə sahibini nəzarətdə saxlamaq, onların el malına əl uzatmaması üçün yüzlər, minlər qədər böyük və nəhəng olmaq lazımdır...

Çingiz müəllimin gəncliyində çobanlığı ilə bağlı danışdığı bir əhvalat da yadıma düşür. Sumqayıtın kənd təsərrüfatı müfəttişliyinin rəisi onu respublikanın ən iri təsərrüfatlarından birinə - Altıağac heyvandarlıq sovxozunun 9 nömrəli briqadasına baş çoban təyin edib. "Cəngi meşəsi" adlanan qışlaqda, Qobustanın Çaylı kəndinin yaxınlığında yerləşən qoyun yatağına baş çəkmək üçün o vaxt məsul partiya və komsomol işçiləri tez-tez gəlib-gedirdilər. Həmin gəlişlərin birində vəzifəli şəxslərdən biri ondan quzu kəsməyi xahiş edir. Üzünü həmin adama tutub deyir ki, bu qoyun-quzu sürüsü dövlətin malıdır. Hər bura yolu düşənə bir quzu kəssəm, sürüdə qoyun qalmaz...

... Ona edilən yaxşılıqları itirmədiyi, unutmadığı kimi, pisliklər, qarayaxmalar, haqsızlıqlar da yaddaşında ilişib qalırdı. Heç kimdən, heç nədən çəkinmədən sözü üzə deyirdi. Elə buna görə də nəfsi, tamahı iti olanların ondan xoşu gəlmirdi. Belələri istəklərinə çatmayanda onların qarşısını kəsən Fərəcovun üstünə çirkab atmaqdan, qara yaxmaqdan də çəkinmirdilər. Lakin o bütün rəzillik və çirkinlikləri soyuqqanlı qarşılayırdı. Ürəyinin səsinə qulaq asıb, qəlbinin hökmüylə tutduğu yolla haqqa doğru gedirdi.


Heyif ki, bu yol qəfil sona yetdi. Həyatın ən ağır sınaqlarından çıxan, xalqına xidmət yolunda yüksələn işıqlı əməllər sahibi neçə-neçə istəyinə yetişmədən haqq dünyasına qovuşdu...

Vaqif BAYRAMOV

 





16.03.2017    çap et  çap et