525.Az

Prezidentin Paris səfəri müsbət nəticələr verəcək


 

FRANSANIN BİZNES DAİRƏLƏRİ AZƏRBAYCANA BÖYÜK MARAQ GÖSTƏRİR

Prezidentin Paris səfəri müsbət nəticələr verəcək<b style="color:red"></b>

Məlum olduğu kimi, martın 12-də prezident İlham Əliyev Fransaya rəsmi səfər edib.

Dövlət başçısı Parisdə bir sıra nüfuzlu şirkətlərin rəhbər şəxsləri, dövlət rəsmiləri ilə görüşlər keçirib. Martın 14-də isə ölkə başçısı İlham Əliyev Parisdə, Yelisey Sarayında Fransa prezidenti Fransua Ollandla görüşüb.

Görüşdə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib. Qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafı baxımından böyük əhəmiyyətə malik olduğu vurğulanıb. Ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən, nəqliyyat, kənd təsərrüfatı, infrastruktur, kosmik sənaye, turizm, bərpaolunan enerji, ətraf mühit sahələrində səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilib. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Bundan başqa prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər. Fransa prezidenti qeyd edib ki, danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılıb: "Biz bu haqda danışdıq və bildirdik ki, mövcud status-kvo qəbuledilməzdir. Risklər var və biz bunu keçən ilin aprel ayında baş verən insidentdən də gördük. Biz danışıqların yenidən bərpa olunmasını arzulayırıq. Minsk qrupunun həmsədri kimi istəyirik ki, digər həmsədrlər - ABŞ və Rusiya da bu prosesə töhfə versin. Düşünürük ki, parametrlər bəllidir və uzun müddətdir davam edən bu münaqişənin həlli yolunu tapmaq mümkündür".

Öz növbəsində prezident İlham Əliyev çıxış edərək bildirib ki, Fransa Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda öz səylərini göstərir: "Biz bu səyləri yüksək qiymətləndiririk".

Ümumilikdə isə qeyd etmək olar ki, prezident İlham Əliyevin Fransaya rəsmi səfəri iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsinə mühüm impuls verəcək. Azərbaycanla Fransa arasında güclü siyasi əlaqələr bütün sahələr üzrə əməkdaşlığın inkişafına müsbət təsir göstərir. Fransanın siyasi rəhbərliyi, biznes dairələri Azərbaycan prezidentinin Fransaya səfərinə mühüm əhəmiyyət verib. Prezident İlham Əliyevin Fransanın aparıcı şirkət rəhbərləri ilə çoxsaylı görüşləri Fransanın biznes dairələrinin Azərbaycana böyük marağının ifadəsidir.

Rəsmi Bakı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Fransanın göstərdiyi səyləri yüksək qiymətləndirir. Dövlətimiz Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə həllinin tərəfdarıdır. Rəsmi Bakı istəyir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo dəyişdirilsin, münaqişəyə son qoyulsun, bölgədə sülh təmin edilsin. Bununla belə bəzi xarici şirkətlərin Azərbaycanın işğal olunmuş ərazilərində risk altında, qanunsuz fəaliyyət göstərməsi narahatlıq doğurur. Həmin ərazilərdə qanunsuz fəaliyyət göstərən şirkətlər bu fəaliyyətlə bağlı riskləri göz altına almalı və belə fəaliyyətdən çəkinməlidirlər. Bəzi Fransa şirkətlərinin həmin ərazilərdə iş qurması Azərbaycanla Fransa arasında dost münasibətlərinə uyğun deyil.

Ermənistan hakimiyyəti yararsız təbliğat aparmaq əvəzinə, diqqəti ölkədəki dəhşətli iqtisadi vəziyyətdə cəmləşdirsəydi daha yaxşı olardı. Ermənistanı "innovasiyalar ölkəsi" kimi qələmə verən Serj Sarkisyanın iddiaları gülüş doğurur. Əgər Ermənistanda iqtisadi vəziyyət yaxşıdırsa, hansı səbəbdən ermənilər bu ölkədən baş götürüb qaçır?!

Prezidentin Fransa səfəri ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Elman Nəsirov qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin Fransa səfəri iki ölkə arasında əlaqələrin hərtərəfli genişlənməsinə səbəb olacaq. O, "Trend"ə bildirib ki,  Fransa-Azərbaycan əlaqələri bir neçə parametr üzrə olduqca böyük əhəmiyyət kəsb edir: "Birincisi ona görə ki, Fransa Avropanın iki lokomotiv dövlətindən biridir. Fransa Avropa qitəsində xüsusi çəkiyə malikdir. Ona görə də bizim Fransa ilə əməkdaşlığımız həm də Avropa İttifaqı ilə əlaqələrin inkişafına səbəb olacaq. Avropa İttifaqı ilə Azərbaycanın Cənub Qaz Dəhlizində ciddi əlaqələri qurulub. Bu baxımdan da bu səfər çox əhəmiyyətlidir. Bununla yanaşı, bu səfər iqtisadi-ticari, humanitar və kənd təsərrüfatı, kosmik sənaye və digər sahələrdə əməkdaşlığın genişlənməsində yeni imkanlar açır".

E.Nəsirov bildirib ki, səfər, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişin əldə edilməsi üçün mühüm rol oynaya bilər: "Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi olan ATƏT-in Minsk Qrupunun həmsədridir. Biz bu münaqişənin həlli ilə bağlı Fransanın bir neçə dəfə fəal iştirakının şahidi olmuşuq. Ona görə də prezident İlham Əliyev Fransada əksər görüşlərində münaqişənin həllinə toxunub və bu prosesdə Ermənistanın danışıqlar prosesindən yayındığını, hələ ki, buna nail olduğunu da diqqətə çatdırıb.

Ümumilikdə hesab edirəm ki, dövlət başçısının səfəri Fransa-Azərbaycan əməkdaşlığının inkişafı üçün yeni imkanlar açacaq və xüsusən də Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin sürətlənməsinə xidmət edəcək".

Deputat Tahir Mirkişili isə deyib ki, Azərbaycan prezidenti İlham Əliyevin Fransaya səfəri iki ölkə arasında əməkdaşlığın daha da inkişafına xidmət edəcək: "Azərbaycan-Fransa əlaqələrinin inkişafı və bu əlaqələrin şaxələndirilməsi ölkəmizin öz inkişaf hədəflərinə daha sürətli çatmasına təkan verəcək. Son illər ərzində Azərbaycan-Fransa münasibətləri xeyli inkişaf edib. Fransada Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycanda Fransız Liseyinin açılması, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının yaradılması, Azərbaycan-Fransa İqtisadi Komissiyasının fəaliyyəti ölkələrimiz arasında əlaqələrin inkişafına müsbət töhfə verib. Ölkələrimiz arasında parlamentlərarası əlaqələr də yüksək işgüzarlığı ilə seçilir. Azərbaycanla Fransa müxtəlif sahələrdə - ticarət, investisiya qoyuluşu, eləcə də Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması, bərk məişət tullantılarının yandırılması zavodunun inşası, nəqliyyat və sair layihələrdə uğurla əməkdaşlıq edir. Hazırda Azərbaycanda 50-dən çox Fransa şirkəti fəaliyyət göstərir, onların Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyanın məbləği iki milyard dolları keçib. Azərbaycan prezidentinin Paris səfəri Fransanın müxtəlif iqtisadi sektorlarında çalışan şirkətlərin diqqətini çəkib. Ölkə prezidentinin həm Fransa Şirkətlər Hərəkatının biznes şurasında, həm də ayrı-ayrılıqda müxtəlif şirkətlərin rəhbərləri ilə keçirdiyi görüşlər Azərbaycanın qeyri-neft sektoruna Fransa şirkətlərinin marağını göstərib".

Deputat bildirib ki, Azərbaycanda dərin iqtisadi islahatlar aparılır, iqtisadiyyatın şaxələndirilməsi yönümündə müxtəlif tədbirlər həyata keçirilir: "Təbii olaraq inkişaf etmiş ölkələrin təcrübəsini öyrənmək, onların müasir texnologiyalarını mənimsəmək və birgə fəaliyyət göstərmək Azərbaycan iqtisadiyyatının müasirləşməsinə ciddi təkan verəcək. Digər tərəfdən Azərbaycan ilə Avropa Birliyi arasında strateji münasibətlərin formalaşdırılması istiqamətində ciddi işlər aparılır və Fransa da Avropa Birliyinin aparıcı ölkələrindən biridir".

Ceyhun ABASOV

 





17.03.2017    çap et  çap et