525.Az

"Rekord sayda məhkum əfv edilib"


 

ÖLKƏ BAŞÇISININ QƏBUL ETDİYİ QƏRAR 423 MƏHKUMA ŞAMİL OLUNDU

"Rekord sayda məhkum əfv edilib"<b style="color:red"></b>

Dünən prezident İlham Əliyev növbəti əfv sərəncamını imzalayıb. Novruz bayramı ərəfəsində ölkə başçısı 423 məhkumun əfv olunmasıyla bağlı qərar verib.

APA-nın məlumatına görə, sərəncamla 412 nəfər azadlıqdan məhrumetmə cəzasından, 11 nəfər isə onlara verilən müxtəlif cəzalardan azad edilib. Azadlığa çıxanların arasında hüquq müdafiəçilərinin siyahısında olanlardan 7 nəfərin adı var. Bunlar Qənimət Zahidin qohumları - Rüfət və Rövşən Zahidovlar, NİDA-çı Elvin Abdullayev, Əbdül Əbilov, Emin Millinin qaynı Nazim Ağabəyovdur.

Bundan başqa ömürlük cəzaya məhkum olunan iki nəfərin cəzasının müddəti dəyişdirilib. Bunlardan biri DİN-in Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi, general Zakir Nəsirovdur. Eyni zamanda, əfv sərəncamına 38 əcnəbi məhbusun adı salınıb.

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamıyla bağlı "525"ə fikirlərini bildirən Yeni Azərbaycan Partiyasının İcra katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd edib ki, Novruz bayramı ərəfəsində prezident İlham Əliyevin növbəti əfv sərəncamı imzalayacağına ümidlər böyük idi: "Əfv komissiyasının iclasları da mütəmadi olaraq keçirilirdi. Nəticədə, dünən Azərbaycanın dövlətçilik tarixində rekord sayda - 423 nəfər məhkum əfv edilib. Onların sırasında həm Azərbaycan, həm xarici ölkə vətəndaşları, həm ömürlük cəzaya, həm də şərti cəzaya məhkum olunmuş insanlar var. Əfv olunan şəxslərin sırasında çoxlu sayda qadınlar, yaşı 30-a çatmayan gənclər də var ki, bütün bunlar Azərbaycan dövlətinin gəncliyə, qadınlara olan xüsusi qayğısını göstərir".

Deputat qeyd edib ki, dövlətin timsalında ölkə başçısı 400-dən çox insana həyatına yenidən başlamaq şansı verib: "Prezident onların cəzasının çəkilməmiş hissəsini dövlət adından bağışlayıb. İlham Əliyev bununla bir daha bütün azərbyacanlıların prezidenti olduğunu ortaya qoyub. Ümid edirəm ki, əfv edilənlər bundan sonra həyatlarını düzgün quracaqlar, ailələrinə sevinc gətirəcək və bütün fəaliyyətlərinin Azərbaycan dövlətçiliyinin inkişafına bağlayacaqlar".

Əfv Məsələləri üzrə Komissiyanın üzvü, Milli Məclisin deputatı Elmira Axundova isə "Qafqazinfo"ya açıqlamasında bildirib ki, bu əfv sərəncamı 1995-ci ildən bu yana imzalanmış ən geniş tərkibli sənəddir: "Belə ki, bu sərəncam 400-dən yuxarı şəxsə şamil olunub. Qeyd edim ki, son 1 il ərzində Əfv Komissiyası toplanmamışdı, buna səbəb Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın ötən il mayın 28-də amnistiya aktı layihəsini təqdim etməyidir. İşlər onun icrasına yönəlmişdi. Biz qərara gəldik ki, il ərzində yığılmış ərizələrə baxaq. Beləliklə, komissiyanın 8 iclası keçirilib və tövsiyə xarakterli qərar layihəsi hazırlanaraq prezidentə təqdim edilib".

Ceyhun ABASOV

 





17.03.2017    çap et  çap et