525.Az

"Beynəlxalq əməkdaşlığa öz fəlsəfəmizi gətirmişik"


 

"Beynəlxalq əməkdaşlığa öz fəlsəfəmizi gətirmişik"<b style="color:red"></b> “Sosial sahədə də böyük planlarımız var. Bu il ənənəvi olaraq beş milyon insan pulsuz diaqnostikadan, müayinədən keçir. Hesab edirəm ki, bu da dünya miqyasında nadir təşəbbüsdür. Artıq bunu etmək üçün hər cür imkan var. Hər bir rayonda müasir tibb müəssisələri yaradılıb. Son illər ərzində 600-dən çox tibb ocağı təmir olunub və tikilib”.
 
APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə keçirilmiş ümumxalq şənliyində çıxışı zamanı deyib.
 
Prezident bildirib ki, bu il Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçiriləcək: “Bu, növbəti dəfə ölkəmizin potensialını göstərəcək, eyni zamanda, İslam həmrəyliyinə də növbəti töhfəmiz olacaq. Çünki buna böyük ehtiyac var. Bu Oyunlar təkcə idman yarışı deyil. Bu Oyunlar bütün İslam aləmini bir araya gətirəcək. Əfsuslar olsun ki, bəzi müsəlman ölkələri arasında münasibətlər, yumşaq desək, lazımi səviyyədə deyil. Azərbaycan isə çalışır ki, müsəlman aləmində birlik möhkəmlənsin, güclənsin. Bu, bizim ailəmizdir. Biz bu ailənin üzvüyük. Ona görə istəyirik ki, bu ailədə əmin-amanlıq, inkişaf olsun, müharibələrə, münaqişələrə son qoyulsun. Yəni, biz uğurlu siyasətimizlə ölkəmizi gücləndiririk”.
 
Dövlət başçısı qeyd edib ki, bütün tariximizi götürsək, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb: "Bizim uğurlu siyasətimiz, regional təşəbbüslər, enerji, nəqliyyat layihələri geniş mənada beynəlxalq əməkdaşlığı formalaşdırır. Biz beynəlxalq əməkdaşlığa öz fəlsəfəmizi gətirmişik. Beynəlxalq əməkdaşlıq hər bir iştirakçı üçün uğurlu olmalıdır. Bu, zorla ola bilməz. Heç bir ölkəni zorla, məcburən hansısa təşəbbüsə cəlb etmək olmaz. Bunun heç bir effekti olmayacaq. Ölkələr bəlkə buna müqavimət göstərə bilmirlər, ancaq daxilən narahat olacaqlar ki, onları nəyəsə məcbur edirlər. Ona görə, bizim beynəlxalq əməkdaşlıq doktrinamız əməkdaşlıq və qarşılıqlı dəstək üzərində qurulub.
 
Məhz buna görə biz Cənub Qaz Dəhlizi kimi həm maliyyə, həm texniki, həm siyasi cəhətdən mürəkkəb olan bir layihəni icra edirik. Üçüncü dəfədir ki, Bakıda Məşvərət Şurası keçirilib və iştirak edən bütün ölkələr öz mənfəət payını alacaqlar. Biz bir çox layihələri icra etmişik və vəsait də xərcləmişik. Əlbəttə, bu vəsait həm vəsait olaraq, həm siyasi divident kimi qayıdacaq, həm də ki, bölgədə yeni əməkdaşlıq mühiti yaranmışdır. Azərbaycan bütün bu önəmli nəqliyyat və enerji layihələrinin təşəbbüskarıdır. Vaxt keçdikcə dünyada ölkəmiz haqqında daha da dolğun məlumat yayılır. Bizə böhtan, şər atan, bizə pis gözlə baxan qüvvələr yavaş-yavaş sıradan çıxırlar. Artıq onların bir çoxu siyasi səhnədən kənarlaşdırılıb. İndi dünyada yeni inkişaf dinamikası yaranır. Azərbaycan müasir, müstəqil, inkişafda olan ölkə kimi dünyada daha çox tanınır”.
 





18.03.2017    çap et  çap et