525.Az

Tofiq Hüseynin şeirləri


 

Tofiq Hüseynin <b style="color:red">şeirləri</b>

Mənim həsrət çəkən yaşım ötüşdü

Daha marağım yox yer kürəsinə,
Dərin dəryasına, gen dərəsinə.
Diskinən deyiləm raket səsinə,
Mənim həsrət çəkən yaşım ötüşdü.

Bu haylar-haraylar heçdi gözümdə,
Min cürə olaylar heçdi gözümdə,
Şahanə saraylar heçdi gözümdə,
Mənim həsrət çəkən yaşım ötüşdü.

Daha bizim deyil bizli sevgilər,
Söhbətli sevgilər, sözlü sevgilər.
Yetər, üzə çıxın, gizli sevgilər,
Mənim həsrət çəkən yaşım ötüşdü.
 
Nə söz alanım var, nə söz verənim,
Nə gizlətdiyim var, nə gizlənənim.
Nə gözlətdiyim var, nə gözlənənim,
Mənim həsrət çəkən yaşım ötüşdü.

Ayrılaq, əlindən bezdiyim ömür,
Min-min əzabına dözdüyüm ömür,
Gəlmə, axtardığım, gəzdiyim ömür,
Mənim həsrət çəkən yaşım ötüşdü...

Gedəsən, qarşına bir qarı çıxa...

Ürəyin ağrıya, üzün gülməyə,
Hər ağrı, hər əzab dönə qılınca.
Yatmaq istəyəsən, yuxun gəlməyə,
Geyinib gedəsən yuxu dalınca.

Nə böyük, nə kiçik ardınca baxa,
Nə itlər, pişiklər haxlaya səni.
Gedəsən, qarşına bir qarı çıxa
Yapışıb qolundan saxlaya səni.

Deyə bir az dayan, nəfəsini dər,
Bir az dincini al, tərin qurusun.
Qanın harda belə bulanıb görən
Bir az dincini al, qanın durulsun.

Olub keçənlərdən bir söhbət edə,
Söhbət gedib tapa sevən çağını.
Sonra yada sala lap ilk sevgidə
Bir kənd uşağını aldatdığını.

O qarı danışa, sinən alışa,
Bir yanan ocağın közü olasan.
Onun aldatdığı o yetim uşaq,
Elə özgəsi yox, özün olasan.

Deyəsən mən idim aldanan cavan,
Tikanı gül bilən o bal arısı.
“Günahkaram” deyib qarı ağlaya,
Sən də ağlayasan gecə yarısı.

Beləcə bir axşam çıxasan evdən
Deyələr əkində, ya biçindədi.
Səhər yatağını yığanda nəvən
Görə ki, yastığın su içindədi.

Bu dünya oynamaq öyrətdi mənə

Bu dünya oynamaq öyrətdi mənə
Qol açıb oynadım toyda-mağarda.
Dedim tar səsinə, kaman səsinə
Bu yaralı könlüm bəlkə sağala.

Mən ilan oynadan gördüm həyatda,
Əl çalıb ilanlar oynatdı məni.
Düz sözüm daş oldu dilimin altda,
Dediyim yalanlar oynatdı məni.

Oynamaq öyrətdi mənə bu dünya,
Çalıb-oxuyanla davam olmadı.
Kim nə hava çaldı düşdüm ortaya,
Özümün bir fərli havam olmadı.

İçimdə göyərən yetim ilhamı,
Yandırdım bu alov-köz bəxtim ilə.
Qol-qola, üz-üzə oynayır hamı,
Üz-üzə oynadım öz bəxtim ilə.

O kimdir , çağırır məni meydana,
Nə yaman götürüb məni hədəfə.
Çəkilin qardaşlar, çəkilin yana,
Ölüm oynadacaq bu dəfə məni.
  
Bu yurdun şairi olmağa nə var

Kəmaləddin Qədimə

Oxudum şeirini qərq oldum yasa,
Dərdim dastan olar, əgər yazılsa.
Danışmaq gümüşsə, susmaq qızılsa,
Bu yurdun şairi olmağa nə var.

Ürəyimə haçan gur işıq düşüb,
Bəxtimə kədərlə barışıq düşüb,
Şeirlə hekayə qarışıq düşüb,
Bu yurdun şairi olmağa nə var.

Söz üçün sızlatma kamanı, tarı,
Gedib zirvələrdən gətirmə qarı,
Daha gözə dəymir söz xiridarı,
Bu yurdun şairi olmağa nə var.

Feysbuk dostlarıma

Dünya yalan dünyasa,
Yalanlar necə olsun?!
Nəşə-tiryək bazarı -
Dalanlar necə olsun?!

Adamı yoxdan çalan,
İlanlar necə olsun?!
Mələyi tora salan
Şeytanlar necə olsun?!

Ömrü zəhərdən betər
Olanlar necə olsun?!
Biz yaşadıq birtəhər
Qalanlar necə olsun?!

lll

Daha səndən xəbər yox
Döndün ağaca-daşa.
Məktub yazan deyilsən
Ümid qalıb mesaja.

Bacarmıram quş olub
Sizin hasara qonum.
Nə yazırsan yaz göndər
Açıqdır telefonum.

Təki bir xəbər eylə
Həsrətin üzür məni.
Çalış ölmə, sən Allah,
Bezdirib hüzür məni.

lll
 
Xanım, xoş gəlibsən mənim odama,
Gözəldir bu yerin öz mürəbbəsi.
İndicə çay dedim sənin adına
Qoy gəlsin, yanında qoz mürəbbəsi.

Heyif, xoş söz deyib könül almağa,
Nə oram, nədə ki buram qalmayıb.
İndi durub səni yola salmağa
Cibimdə bir quruş param qalmayıb.

Məndən əsirgəmə şirin gülüşü,
Baxanlar deməsin quruca daşıq.
Sanaq, uşaq ikən biz itkin düşüb,
İndicə tapışan bacı-qardaşıq.
 
lll
 
Yaxşı bir məclis ola
Yayı-qışı oturaq.
Tələsməyək heç yerə
Yaxşı-yaxşı oturaq.
İçək əcəl zülmünü
Görənlər sağlığına.
İçək, doyunca içək
Ölənlər sağlığına.

lll 

İlahi, sən mənə şirin yuxu ver,
Quzu otardığım uşaq yuxusu.
O şirin yuxuda burnuma dəysin
Təzəcə biçilən yonca qoxusu.

lll 

Zəhməti ömrümə bəzək bilmişəm
Açmadım səhəri qəm-kədər ilə.
Alnımın tərini nahaq silmişəm
Alnımın yazısı gedib tər ilə.

lll 


Bağlanıb neçə qapı
Bəxtim mənə “yat” deyib.
Dünya təzə ad tapıb
Qaçqına miqrant deyib.

Miqrantı buraxmırlar
Nə şəhərə, nə kəndə.
Miqranta zülm eyləyir
Həm Allah, həm də bəndə.

Miqrantlar boğulurlar
Dəryada dəstə-dəstə.
Uşaq ölüsü gördüm
Sahildə-qumun üstə.

Gözləri yarı açıq
Tükənibdi dözümü.
Deyir, Tanrı di gəl çıx
Sonra yumum gözümü.

lll 

Yağış gözləyirdik, göydən daş gəlib
Tikanlar göyərib çiçək yerinə.
Bu nə gündür, Allah, bizə tuş gəlib
Adamlar qırılır milçək yerinə.

lll 

Yarpaqlar arasında
Hörümçək toru gördüm
Bir arı düşdü tora.
Çabaladı, çıxmadı.
O arının gözündə
Dipdiri goru gördüm.

lll 

Tanrı əzabına tuş oldum erkən
Uddum zəhərini ağrı-acının.
Dünyada bu qədər ağac var ikən
Bağbanı oldum mən dərd ağacının.

lll 

Ölüm haqdır, deyirlər
Ölümdən necə qaçım?
Qarşımda bir “heç nə” var
Yol verin heçə qaçım.

lll 

Bu qar dənəsitək mən uçasıyam
Uçub gedəcəyəm ölümə sarı.
Onsuz da içimdə buz parçasıyam,
İlahi, çölümə yağdırma qarı.

lll 

Bu da bir ömür idi
Demirəm mətin oldu.
Hamı asan yaşadı
Mənimki çətin oldu.

lll

Kaş hər sözüm diri olsun
Min yaxşıdan biri olsun
İstisi-həniri olsun
Ocaq çat, sözüm altına.

Qəm içində yurdum-elim
Söz tutmayır tuti dilim
Tanrı, güc ver, sala bilim
Düşməni dizim altına.

Həm dəmirəm, həm də daşam,
Ölümdən qorxmuram, paşam.
Lap çoxdan, çoxdan almışam,
Ölümü gözüm altına... 

 





18.03.2017    çap et  çap et