525.Az

“Ulduz”un mart sayı


 

“Ulduz”un mart sayı<b style="color:red"></b>

“Ulduz” jurnalının mart sayı işıq üzü görüb.

Jurnalın fevral sayı barədə bu nömrə üçün ekspert yazısının müəllifi bugünlərdə dünyasını dəyişmiş professor Aydın Dadaşovdur.

A.Dadaşov “Ulduz”un tarixini yada salaraq yazıb: “Ulduz” jurnalı 1967-ci ilin dördüncü sayında “Rəndə” imzası ilə tanınan əmim Mürşüd Dadaşovun “Evlənmək istəyirəm” felyetonunun getməsi ilə xatirimdadir.

Sonralar “Azərbaycanfilm” kinostudiyasında birgə çalışdığım Yusif Səmədoğlunun 1976-cı ildə bu jurnala baş redaktor keçməsi ilə müəlliflər sırasına daxil edildim. Yusif Səmədoğlunun çalışdığı on il ərzində kinohekayə, kinopovestlərimlə yanaşı, resenziyalarım da “Ulduz” jurnalında davamlı olaraq işıq üzü gördü. Beləliklə, Yusif bəydən sonra da müəlliflərin biri kimi “Ulduz”da çap olunmaqla istər-istəməz jurnalın təəssübkeşinə çevrildim”.

Ekspert rəyini Rəşid Bərgüşadlının “Özüylə söhbəti” və “Qara buludlar” hekayəsi izləyir.

“Ulduz” - 50” rubrikasında Təranə Vahidin “Anarın “Ulduz”lu anları” müsahibəsi verilib.

Fərqanə Yusifqızı, Ruslan Mollayev, Samir Sədaqətoğlu, Emin Akif, Hicran, Nofəl Ümid, Kamal Aken, Maşallah Məftun və mərhum Yalçın Qocanın poetik nümunələri “Şeir vaxtı” bölməsində yer alıb.

Elvin Nurinin “Dayı”, Nicat Nəsirlinin “Qəbirlərinizi qoyub getməyin”, Ömər Xəyyamın “Havalandırma sistemi” və Xəyalə Muradın “Xilas” hekayələri “Nəsr” bölümündədir.

İlham Abbasovun “Bernard Şou: Avropanın Molla Nəsrəddin” yazısı, “Postmodern yazarlar” silsiləsində Qeri Snayder haqda məlumat və şairin şeirləri də jurnalın bu sayında dərc olunub.

“Sənət” rubrikasında Samirə Əşrəf tanınmış rejissor Andrey Tarkovskidən bəhs edir.

Mina Rəşidin şeirləri “Böyükdən uşağa” rubrikasında öz əksini tapıb.

“Qısa fikirlər xəzinəsi” bölməsində Cəlal Məmmədov İ.V.Getenin yaradıcı şəxsiyyətini və kəlamlarını təqdim edib.

“Esse” bölməsində Aydan Umudovanın “Eşqin hüzurunda”, “Eksperimental” bölümündə Vüsal Şabizadənin “Davud dayının düyəsi”, “Tribuna” rubrikasında Şamil Sadiqin “Erməni qadın və Səməd Vurğun” yazıları, “Qürbət şeirləri” bölməsində Rauf Qaraişığın haykuları yer alıb.

Elnur Rəsuloğlu “Debüt” bölümündə “Əliağa Kürçaylı poeziyasında sonet” mövzusuna nəzər yetirib.

“Dərgidə kitab” layihəsinin budəfəki qonağı gənc şair Ruzbeh Məmməddir.

MÜŞFİQ

 





18.03.2017    çap et  çap et