525.Az

Qəhər dolu aydınlıq


 

Qəhər dolu aydınlıq<b style="color:red"></b>

Neçə saat keçib bu xəbəri eşitdiyimdən... İnana bilmirəm və uzun müddət bəlkə də qəbul etməyəcəm. Sevimli müəllimim bunu Sizə heç yaraşdırmadım...

Bir neçə gün öncə Attestasiya blankını təqdim edəndə mənə müsbət rəyinizi elə coşqu ilə vermişdiniz ki, bütün kafedra eşitmişdi. İndi məni bu çətin yolda tək qoydunuz... Bu necə elmi rəhbərlik , bu necə müəllimlikdi... Xatirələrim o qədər çoxdur ki... və o qədər yaxşı tanıyırdım ki, sizi... Hələ də belə bir gediş etdiyinizi ağlıma gətirə bilmirəm. 6 illik tələbəlik vaxtımda yeganə “4”-ü sizdən almışam və bu mənim üçün çox “əla”lardan yüksək qiymət oldu. Çünki Sizdən “5” almaq o qədər də asan məsələ deyildi. Amma buna da nail oldum. Sizin dissertantınız oldum və dönə-dönə “sən mənim ən yaxşı tələbəmsən” sözlərini eşitdim. Mən sizi bir müəllim kimi örnək göstərdiyim kimi, siz də məni tələbələrinizə nümunə çəkirmişsiniz... Bircə təsəllim var ki, elmi işimin ilk variantı ilə tanış olub müəyyən tövsiyələrinizi vermisiniz və indi onlarla məşğul oluram.

Məsləhətlərinizin ömrü həyatınızdan uzun oldu, müəllimim və bu hər zaman belə də davam edəcək. Qürurla deyirəm və həmişə də səsləndirəcəm... Mən Aydın Dadaşovun tələbəsiyəm. Sizdən öyrəndiklərim çoxdur və bu biliklər yolumda işıq olacaq. Tez-tez sual verərdiniz ən müxtəlif təriflərlə bağlı. Məsələn, “Xarakter nədir?” Mən də tez “İdeyası uğrunda ölümə gedən... “ cavabını verərdim. “Afərin” deyərdiniz. Və bunun kimi bir çox suallar... Axı sizin xarakterinizdə Sözünüzdən qaçmaq, dostunu yarıyolda qoymaq yox idi... Axı Siz həm də bir dost idiniz mənim üçün.

Ən çox da mübahisələrimiz üçün darıxacam... Siz təkcə bir tələbə, alim yox, Siz həm də bir vətəndaş yetişdirirdiniz. Mənə verdiyiniz söz hələ də xatirəmdədi, sonuncu təbəssümünüz kimi...

Gözlərinizdəki kədər həyat yoldaşınızı avtomobil qəzasında itirdikdən sonra sanki  daha da sezilən olmuşdu. Bu kədərin adı “Şuşasızlıq” idi.  Amma tale sizə ömür-gün dostunuzu itirib ayaqüstə dayanmağı da qismət etdi. O ayaqlar ki, qəzada kifayət qədər zədə görmüşdü...  İndi facebook səhifənizə baxıram, Şuşada yaşadığınızı qeyd etmisiniz... Duyğularınız həmişə orda idi, indi ruhunuz da ora pərvazlandı.

Bəzən saatların necə keçdiyindən xəbərimiz olmazdı... Müzakirələr, mübahisələr və gəlinən nəticələr... Halbuki siz vaxtınızın qədrini bilən adam idiniz. Elə ona görə də ölümünüz vaxtsız oldu.  Novruz bayramından sonra görüşəcəkdik, müəllimim, indi hara gedəcəyimi bilmirəm.  “Ekran dramaturgiyası” kitabınız indi mənə baxır, mən isə onu götürüb oxuya bilmirəm. Amma dayanmaq, durmaq olmaz. Axı mənim də Sizə verdiyim bir söz var idi. Axı siz məni qoçaq bilirdiniz. Axı... Çoxdu axılar...

Yadımdadı, həmişə deyirdiniz ki, cümləyə elmilik gətirmək  üçün əvvəl  səbəbləri, sonra  nəticəni bildirməlisən. İndi o öyrətdiyiniz tərzə bir cümlə qurmağa çalışacam . -  Aydın Dadaşovun  tələbələrə fərdi yanaşması, yaltaqlıq və riyadan uzaq olması,  gənclər arasında işıqlıları, ziya sahiblərini görə bilməsi, onları anlaması və dəstək olub yol göstərməsi necə bir şəxsiyyət, adında ehtiva olunduğu kimi necə bir Aydın olduğunu göstərir və bütün bunlardı onu bizim sevimli müəllimimiz edən.

Qəhər boğur məni, müəllim, halbuki güclü olmağı öyrətmisiniz hər zaman.  Nə olursa olsun, gələcəyə baxmağı... Sizə söz verirəm! Elmi işimi tez bir vaxtda müdafiə etmək üçün əlimdən gələndən də artığını edəcəm. Və təşəkkür edirəm Sizə, elmi rəhbərim!.. Qədərdə Sizin sonuncu dissertantınız olmaq da var imiş...

 





19.03.2017    çap et  çap et