525.Az

“Heydər Əliyev. Şəxsiyyət və zaman” (Fotolar)


 

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 90 İLLİK YUBİLEYİ ƏRƏFƏSİNDƏ BƏSTƏKARLAR İTTİFAQINDA KEÇİRİLƏN GÖRÜŞDƏ YAZIÇI-PUBLİSİST ELMİRA AXUNDOVA ÜMUMMİLLİ LİDERLƏ BAĞLI XATİRƏLƏRİNİ BÖLÜŞDÜ

“Heydər Əliyev. Şəxsiyyət və zaman”<b style="color:red"> (Fotolar)</b>

Bu gün Azərbaycan Bəstəkarlar İttifaqında “Müasirlərlə dialoq” layihəsi çərçivəsində tanınmış yazıçı-publisist, Azərbaycan Respublikasının əməkdar jurnalisti, “Şöhrət” ordenli, millət vəkili Elmira Axundova ilə görüş keçirilib. E.Axundova ilə görüş onun Heydər Əliyevlə bağlı xatirələrinə həsr edilib. Məlum olduğu kimi millət vəkili eyni zamanda “Heydər Əliyev. Şəxsiyyət və zaman” adlı 6 cildlik kitabının müəllifidir. O, məhz görüşdə bu kitablarda ulu öndərlə bağlı yer verdiyi xatirələri tədbir iştirakçıları ilə bölüşərək, onların suallarını cavablandırıb.

Görüşdə ilk olaraq Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edib. O, ulu öndər Heydər Əliyevin ölməz xatirəsinin bütün Azərbaycan xalqı kimi Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin də qəlbində əbədi yaşadığını bildirib. F.Əlizadənin sözlərinə görə, ümummilli liderin milli musiqi mədəniyyətimizin inkişafı və təbliği naminə gördüyü müstəsna işlər musiqi tariximizin ən parlaq səhifələrini təşkil edir. Xalq artisti ulu öndər Heydər Əliyevin 90 illiyi münasibətilə Azərbaycan Bəstəkarlar İttifaqında bir sıra silsilə  tədbirlərin planlaşdırıldığının qeyd edərək, bu görüşün də onlardan biri olduğunu söyləyib. Daha sonra E.Axundovanın H.Əliyevlə bağlı çoxcildli kitablarından danışan F.Əlizadə bu kitabları çox dəyərli əsər kimi qiymətləndirib. Sözügedən əsərlərdə ulu öndərlə bağlı çoxsaylı xatirlərin yer aldığını diqqətə çatdıran İttifaq sədri hər bir şəxsə bu kitabları oxumağı tövsiyə edib. O, E.Axundovanı çox yaradıcı, eləcə də işinə, peşəsinə bağlı bir insan kimi qiymətləndirərək bunları söyləyib: “Elmira Axundova çox yaradıcı insandır. Hər zaman müxtəlif sahələrə aid məqalələri ilə diqqəti çəkib. Sosial xarakterli məqalələri isə hər zaman xüsusi diqqət mərkəzində olub. Azərbaycanın elə vətəndaşı yoxdur ki, onun məqalələri ilə tanış olmasın. Ulu öndərlə bağlı bu əsərləri də çox sanballı olmaqla yanaşı, kifayət qədər faktları özündə ehtiva edir. Fikrimcə, bu əsərləri hər kəs oxuyaraq, buradan ciddi məlumat əldə edə bilər. Mən öz növbəmdə Elmira Axundovaya belə bir qiymətli kitab qələmə aldığı üçün minnətdarlığımı bildirirəm”.

Daha sonra kitabın müəllifi E.Axundova çıxış edib. Burada olmaqdan son dərəcə məmnun qaldığını ifadə edən millət vəkili hər hansı insan haqqında bildikdə onun barəsində danışmağın çox çətin olduğunu bildirib. Ərsəyə gətirdiyi kitablar barəsində danışan millət vəkili burada H.Əliyevlə bağlı bütün məqamların incəliyinə qədər yer aldığını diqqətə çatdırıb: “Sözün həqiqi mənasında bu kitablarda Heydər Əliyev, sovet dövrü, eləcə də ulu öndərin fəaliyyəti ilə bağlı bütün məqamlara yer verilib. Başqa sözlə desəm bu kitablarda ümummilli liderlə bağlı istədiyiniz hər bir məqamı tapa bilərsiz. Bəzən bu kitabları varaqlayan zaman, orada yer alan məqamlara nəzərə yetirdikcə özümə sual verirəm ki, yəni bu əsərləri mən yazmışam. Yəni orada yer alan bütün faktlar hər birinizin diqqətini xüsusilə çəkəcək”.

Sonra H.Əliyevlə bağlı xatirələrini bölüşən E.Axundova ulu öndərin uzaqgörən, müdrik insan olmaqla yanaşı, həm də gözəl həmsöhbət olduğunu vurğulayıb. H.Əliyevin xarakteri ilə bağlı bir çox məqamlara toxunan millətə vəkili onun son dərəcə cəsur, qorxmaz bir lider olduğunu qeyd edib: “Bu görüşdə ulu öndərin bir neçə xüsusiyyəti barədə sizə məlumat verəcəm. Birincisi Heydər Əliyev son dərəcə uzaqgörən bir siyasətçi idi. O, hətta 1990-cı ildə deyirdi ki, artıq sovet hökuməti yoxdur, yəni bir neçə ilə dağılacaq. Bir neçə il keçdikdən sonra biz bunun həqiqət olduğunu gördük. 2000-ci ildə Amerikaya müalicəyə gedən ulu öndər o zaman ata Corc Buşla görüş keçirdi. Məlum olduğu kimi həmin ərəfədə ABŞ prezident seçkiləri ərəfəsində idi. Və Albert Qolla Corc Buş rəqib idilər. Bu görüş barəsində Heydər Əliyev demişdi ki, mənim Buşla heç bir əlaqəm olmadığı üçün onunla görüşmüşəm. Çünki onun Albert Qolla münasibətləri var idi və o, prezident seçiləcəyi təqdirdə münasibətlər qurmaq o qədər də çətin olmayacaqdı. Nəticədə Corc Buş prezident seçildi və onunla həmin görüşdə qurulan əlaqələrin nəticəsi olaraq 10 il ərzində bizim ABŞ-la heç bir problemimiz olmadı. Məhz bu idi ulu öndərin uzaqgörənliyi. Heydər Əliyevin ən üstün cəhətlərindin biri də həmsöhbətini dinləmək bacarığı idi. O, həmsöhbətinin kimliyindən asılı olmayaraq onu dinləməyi bacarırdı. Bu xüsusiyyət mənə son dərəcə maraqlı gəlirdi. Biz jurnalistlər xarici səfərlərdən qayıdan zaman ümummilli lider bir çox hallarda təyyarədə bizi qəbul edirdi. Və o, bu zaman hər bir jurnalistin səfərdə olduğumuz ölkə ilə bağlı təəssüratlarını soruşurdu. Ulu öndər deyirdi ki, siz daha çox xalqın içərisində olduğunuz üçün oradakı real vəziyyəti daha yaxşı bilirsiz. Həqiqətən də o, hər bir jurnalistə xüsusi diqqət və qayğı göstərirdi. Umümmilli liderin digər üstün cəhəti onun sön dərəcə böyük diplomat olması idi. O, bir çox məşhur diplomatlara əməlli-başlı dərs vermişdi. Biz bunu mərhum Marqaret Tetçerin timsalında görmüşük. Ulu öndərin ən böyük xüsusiyyətlərindən biri cəsarətdir. O, son dərəcə cəsarətli və qorxmaz şəxsiyyət idi. Hətta dəfələrlə təhlükə ilə qarşı-qarşıya qalsa da öz kabinetini tərk etməmişdi. Ümummilli lider bütün çətin vəziyyətlərdə yalnız xalqına arxalanırdı. Məhz o, xalqın dəstəyi sayəsində bütün çətinliklərə sinə gərmişdi. Heydər Əliyevin yüksək xüsusiyyətlərindən biri də natiqlik bacarığı idi. O, heç bir görüşə başqa liderlər kimi xüsusi hazırlaşmırdı. Bütün çıxışlarını sinədən edirdi”.

H.Əliyevin işləməyi həddindən artıq çox sevdiyini deyən müəllif, onun dostlarına da son dərəcə önəm verdiyini bildirib: “Heydər Əliyev dostlarına son dərəcə önəm verir və onları özünə çox doğma hesab edirdi. O, son dərəcə böyük hafizəyə malik idi. Demək olar ki, heç bir şeyi unutmur və bütün sahəni gözəl bilirdi. Onun səbri bir çox əngəlləri aşmasına böyük yardımçı olub. Ümumiyyətlə deyərdim ki, ulu öndər unikal bir şəxsiyyət idi. Məhz elə bunun nəticəsi idi ki, bütün liderlər ona böyük sayqı və ehtiram göstərirdilər. Sevindirici hal ondan ibarətdir ki, bu gün ümummilli lider Heydər Əliyevin amalları, bütün həyatını həsr etdiyi, canından artıq sevdiyi, qurub yaratdığı müstəqil Azərbaycan yaşayır və daim inkişaf edir”. 

Görüş daha sonra E.Axundovanın sualları cavablandırması ilə davam etdirilib.

Qeyd edək ki, uzun illərin bəhrəsi olan kitabda Heydər Əliyevin zəngin  həyatı və fəaliyyəti ilə bağlı son dərəcə tarixi əhəmiyyətə malik maraqlı faktoloji materiallar və xatirələr öz əksini tapıb. Kitab nəinki Azərbaycanda, həm də onun hüdudlarından kənarda böyük oxucu auditoriyası qazanıb ki, bu da həm H.Əliyevin qeyri-adi şəxsiyyətinə çox böyük maraqdan, həm də romanın danılmaz ədəbi-bədii məziyyətlərindən irəli gəlir. Artıq Rusiya Milli Kitabxanasında, Sankt-Peterburqdakı Tavriya Sarayında, Ukraynada və Türkiyədə ilk dörd cildin təqdimatı keçirilib. Bütün bu illərdə E.Axundova H.Əliyevin həyatı haqqında bədii-sənədli hekayəsinin qalan cildləri üzərində işi davam etdirib. Bu, həqiqətən çox çətin, miqyasına görə çox böyük zəhmət olub. Ümummilli liderin doğmaları, uşaqlıq və gənclik dostları ilə, əhatəsindəki yaxınları, silahdaşları ilə görüşlər və söhbətlər, tanınmış dövlət xadimləri və ictimai xadimlərlə müsahibələr... Yeri gəlmişkən qeyd edək ki, H.Əliyevin müasirlərinin, istər həmfikirlərinin, istərsə də opponentlərinin xatirələri ilə tanış olmaq imkanı kitabın dəyərini artıran cəhətlərdir. Həmsöhbətlərin daha geniş dairəsini əhatə etmək istəyi müəllifin etirafına görə, romanın dördüncü və sonrakı cildləri arasında beş il fasilə yaranmasına səbəb olub. Paralel olaraq arxiv materialları ilə, o cümlədən Heydər Əliyevin şəxsi arxivi ilə çox gərgin iş aparılıb. Bu arxivə o, Prezident İlham Əliyevin icazəsi ilə buraxılıb.

“Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildliyinin iki hissədən ibarət olan sonuncu, altıncı kitabı on ili əhatə edən bu dövrə həsr olunub. Yenə də xatirələr, sənədlər, yerli və xarici mətbuatda dərc olunmuş yazılardan parçalar vasitəsilə o illərin mənzərəsi canlandırılır, bir neçə addım irəlini görən əsl strateqin, siyasət qrossmeysterinin xarakteri əks etdirilir. Kitabda Heydər Əliyevin o illərdəki çoxcəhətli fəaliyyəti – onun xarici siyasəti, neft strategiyası, ictimai-siyasi sabitliyin təmin olunması, ordunun qurulması, Qarabağ probleminin həlli, iqtisadiyyatda, təhsildə islahat, demokratik proseslərin inkişaf etdirilməsi, tam siyasi sistemin, diasporun formalaşdırılması sahəsində göstərdiyi səylər, milli mənəvi, mədəni dəyərlərin, Azərbaycan dilinin qorunub saxlanmasına göstərilən qayğı dərindən təhlil olunur. Bütün bu titanik fəaliyyət ölkəni dağılmaq və dünya xəritəsindən silinmək təhlükəsindən xilas etmiş, yeni əsrə qədəm qoymasına yol açmış, indiki sürətli yüksəlişin fundamental əsasını qoyub.

Kitabın dəyəri həm də ondadır ki, burada Heydər Əliyevin idarəetmə metodları, iş prinsipləri, komandasının üzvləri ilə münasibətləri, yeniliyə qeyri-adi dərəcədə açıq olması, siyasi kübarlığı və alicənablığı göstərilir. Bu, özünü əfsuslar olsun ki, onun həyatında çox baş vermiş xəyanətə də mərhəmətlə yanaşmağı bacarmasında büruzə verir. Onun üçün dövlətin və xalqın mənafeyi həmişə ən yüksəkdə olub.

Sənədlərlə zəngin olması, şahidlərin söhbətlərinin, xatirələrinin səmimi və açıq olması, əsərin dilinin sadəliyi və aydınlığı sayəsində roman birnəfəsə oxunur. Kitabda təsvir olunan hadisələr, bu və ya digər vəziyyətlərdə Heydər Əliyevin gördüyü işlər və atdığı addımlar müdriklik dəryasıdır, səbr, təmkin, prinsipiallıq, özü və insanlar qarşısında hədsiz dərəcədə dürüst olmaq dərsidir. Burada hər şeydən ibrət almaq olar: onun vəziyyəti dərindən təhlil edərək yeganə düzgün qərar qəbul etmək bacarığından da, yaradıcı ziyalıların nümayəndələrinə münasibətindən və sadə insanların qayğılarına diqqətlə yanaşmasından da.

Kitabın ən üstün cəhətlərindən biri müəllifin Heydər Əliyev haqqında yersiz uzun-uzadı epitetlərdən istifadə etmədən yazmasıdır. O, qəhrəmanını iş başında, gündəlik əməkdə, real vəziyyətlərdə, bəzən kəskin və münaqişəli vəziyyətlərdə, insanlarla qarşılıqlı münasibətdə göstərir, oxucunun özünün nəticə çıxarmasına imkan verir. Bir sözlə desək o, doğrudan da qeyri-adi zamanda yaşamış maraqlı insan haqqında maraqlı kitab ərsəyə gətirib. Roman haqqında tanınmış insanların da rəyləri bunu təsdiq edir.

Aqil LƏTİFOV

 





25.04.2013    çap et  çap et