525.Az

Türk modelyerin "Bahar qızı" Bakıda - Fotolar


 

Türk modelyerin "Bahar qızı" Bakıda - <b style="color:red">Fotolar</b>

Martın 17-də Bakıdakı "Four Seasons" otelində Türkiyə səfirliyinin himayəsi ilə məşhur türk modelyeri Zeynəb Qartalın "Bahar qızı" adlı moda nümayişi baş tutub.

Nümayişdən əvvəl türk iş adamı Ömər Faruk Özgülün sponsorluğu ilə ərsəyə gələn “15 iyul fotosərgisi” iştirakçılara təqdim edilib.

İş adamı çıxış edərək Azərbaycan-Türkiyə əlaqələrindən bəhs edib. Qeyd edib ki, çevrilişə cəhd zamanı həlak olanların xatirəsi həmişə yaşayacaq.

Tədbirdə Türkiyə səfiri Erkan Özoral, səfirliyin yeni təyin olunmuş mədəniyyət müşaviri İrfan Çiftçi, Yunus Əmrə İnstitunun Azərbaycan bölməsinin müdiri İbrahim İldırım, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və başqaları da iştirak edib.

Z.Qartal "525"ə açıqlamasında payız-qış kolleksiyasından ibarət 30 geyimin nümayiş olunacağını bildirib. Qeyd edib ki, kolleksiyaya "Konstans" adını verib.

Türk modelyer əlavə edib ki, moda nümayişinin hazırlanmasında azərbaycanlı modelyer Günel Behbudova ilə birgə çalışıblar.

G.Behbudova bütün çətinliklərə rəğmən iş prosesində böyük məmnunluq hissi keçirdiyini, Zeynəb Qartalla birgə çalışmağın çox maraqlı olduğunu dilə gətirib.

Nümayişin sonunda məxsusi Novruz bayramı üçün hazırlanmış Bahar qızı adlı qiyafət tamaşaçılara təqdim edilib.

Türkiyə səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi öz növbəsində Azərbaycanda olduğundan məmnunluğunu ifadə edib. Bildirib ki, iki qardaş ölkə arasında münasibətlərin daha da dərinləşməsi üçün indi daha səylə çalışacaq. Bir çox yeniliklərə imza atacaq.

Müşavir deyib ki, səfirlik yaxın günlərdə baş tutacaq turizmlə bağlı daha bir tədbirin təşkilatçılığını öz üzərinə götürüb. İ.Çiftçi bu tədbirin də ikitərəfli münasibətlərə töfhə verəcəyinə əmin olduğunu qeyd edib.

Məlumat üçün bildirək ki, moda nümayişindən sonra Əməkdar artist, müğənni Tünzalə Ağayeva iştirakçılara musiqili anlar bəxş edib.

Cavid QƏDİR

 





21.03.2017    çap et  çap et