525.Az

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər


 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər<b style="color:red"></b>

I cild (noyabr 1918 - aprel 1920) 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov 

Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev) 

(Əvvəli ötən şənbə sayımızda) 

Azərbaycan Məclisi-Məbusanında Denikinin Dağıstana hücumu məsələsi 

Məclisi-Məbusanın 6 mart tarixli iclasında Denikin qoşununun Dağıstan üzərinə hücumu münasibətilə parlamanda növbədən xaric müzakirat vaqe olaraq Rəisi-Vükəla və fraksiya rəisləri hökumətə, parlaman və fraksiyalarımızın məsələyə nə nəzərlə baxdıqları və nə təsəvvürdə olduqları həqqində nitqlər irad etmişlərdi.
 
Qəzetəmizin sırağagünki nömrəsində bu münasibətlə Dağıstan siyasi nümayəndəsinin hökumətimizə məktubu və hökumətimizin Tomsona notasını dərc etmişdik. Şimdi haman gün parlamanda söylənmiş olan nitqlərin məzmununu qarelərimizə təqdim ediyoruz.

Xan Xoyski - (Baş vəzir) Mötərəm məbuslar! Bən özümü borclu biliyoram son zaman vüqu bulan hadisat həqqində sizə bir qədər məlumat verəyim.

Bir neçə gün bundan qabaq, necə ki, eşitmişsiniz hamımıza yaxın və dost və həmdin olan Dağıstan Cümhuriyyəti üzərinə Könüllü Ordu qoşunu yürüş edib, yerlərini istila və hökumətinə təklif ediyor ki, özünü ləğv etsin. Dağıstan qoşunlarını buraxsın, özləri də cəbrən əhalidən əskər yığmağa başlıyorlar. Biz bu sözləri eşidən kibi onların səfirlərindən məlumat istədik. Əhvalat nə yolda və hökumət nə fikirdədir. Dün Dağıstan hökuməti səfiri tərəfindən Azərbaycan xariciyyə nəzarətinə bu barədə bir kağız gəlmişdir. Bu kağızdan anlaşılıyor ki, doğrudan da böylə şeylər olmuşdur. (Kağızın məzmunu sırağagünki qəzetəmizdə vardır). Aşkardır ki, bu kağız gələndən sonra bizim hökumət və parlaman və bütün Azərbaycan cəmaəti bir fikirdədir ki, dağıstanlılara böylə zülm olan halda biz sakit otura bilməriz. O şey ki əlimizdədir ediyoruz, o tədbirlər ki, lazımdır görəcəgiz. İmdi hökumət özünü borclu bildi bu xüsusda müttəfiqlər nümayəndəsi general Tomsona Azərbaycan hökumətinin nöqteyi-nəzərini bildirsin. Hökumətimizin protestosunu elan olmaq üzrə bu gün Tomsona bu məzmunda bir kağız yazdım. (Notanın da tərcüməsi “Azərbaycan” qəzetəsinin sırağagünki nömrəsində vardı).

Hökumət özünü borclu bildi, bu xüsusda sizə məlumat versin. Biz var qüvvəmizlə Şimali Qafqasiya hökumətinə kömək etməliyiz, siz biliyorsunuz ki, Könüllü Ordunun əsl siması imdi açılıyor. Əvvəlcə onların hərəkəti bir balaca Gürcüstanda oldu. Azərbaycan dairəsindən biz onları çıxarmışıq, şimdi Qafqasiyada olan Könüllü Ordunun fikri yalnız bolşeviklər ilə mübarizə degil, onların mübarizəsi cəmi xırda millətlər ilədir və istiyorlar ki, xırda millətlərin ixtiyaratını yox edib tapdalasınlar. Bu barədə bir millət o birinin ixtiyarının əlindən alınmasına aşkardır ki, bitərəf baxa bilməz. Aşkardır ki, Dağıstan hökumətinə dəyən zərbə bizə dəymiş kibidir. Bən bizim hökumət və parlamanımızın Dağıstan hökumətinə kömək edəcəgini onların səfirinə xəbər verdim. Azərbaycanın nə hökuməti və nə də parlamanı qoymayacaqdır onların hüquqi tapdalansın, var qüvvəmizlə onlara kömək edəcəgiz. (Gurultulu alqış).

(Məbuslar ayağa qalxaraq Dağıstan səfiri lojasına təvəccöhən şiddətli bir surətdə səfiri alqışlıyorlar. Səfir əfəndi ayağa qalxıyor, alqış daha da şiddətləniyor. Səfir baş əyərək təşəkkür ediyor, yenə gurultu qopuyor).

Məhəmməd Əmin Rəsulzadə - (Müsavat) Həzərat! Denikin ordusunun qara təhlükəsi qarşısında ilk zərbəyi yeməkdə olan Şimali Qafqasiyalı qardaşlarımız ilə daima bərabər olaraq hüquq və istiqlalımızı müdafiə edəcəgimizi burada yüksək səslə bütün aləmə söyləməgə ehtiyac yoxdur. Çünki bu o qədər aydın və aşkar bit məsələdir ki, Azərbaycan Məclisi-Məbusanının, bu böyük məclisin, hökumətin düşündügündən başqa cür düşündügünü təsəvvür etmək mümkün degildir. Bütün Məclisi-Məbusan fraksiyaları bu kürsüdən şimaldan gələcək bir qorxu qarşısına ciddiyyətlə çıxaraq müqabilədə bulunacaqlarını öz bəyannamələrində söyləmişlərdi. Zatən qara bir qüvvənin gələcəgini biz həmişə mümkünatdan ədd ediyorduq. O qüvvə də mütləqa şimaldan gələcək idi. Bu təhlükəyə qarşı hökumətimizin gördügü tədbirlər və dağıstanlı qardaşlarımıza yar və müin olmaq təşəbbüsü firqələrin bəyannamələrində göstərilmiş və bəyannamələrin əsasını təşkil etmişdir.
 
Biz biliyorduq ki, düşmən ordusu “qəlyanaltı”sını Dağıstanda eləsə, “nahar”ını Bakıda yeyəcəkdir. Ona görə bütün millət və məclis bir tək vahid kibi var qüvvəsilə çalışıb bu qara qüvvə qarşısında dayanmalıdır. Və dağıstanlı qardaşlarımıza deməliyiz ki: buraxmayın o qara qüvvəyi, qoymayın o istibdadı gəlsin. Müharibə edin, biz də sizinlə varıq. Onlar nə simayə girəcəklər girsinlər, biz öz hüquq və istiqlalımızı müdafiə edəcəgiz. Biz əvvəldən bilirdik təhlükələr gələcəklərdir və bu təhlükə şimaldan gələcəkdir. İştə o təhlükə gəliyor. Bu qüvvə əsl simasını açmıyorsa da, lakin Soçi tərəfindən Gürcüstana, bu tərəfdən də Şimali Qafqasiyaya hücum edib, oradan da bizi boğmağa gəlmək istəyənlərin və daxildə də binamızın altına bomba qoyub partlatmaq istəyənlərin kim olduqlarını biz yaxşı tanıyoruz. Onlar haman əski çarizmin müməssili, bu qüvvə əski çarizm qüvvəsidir. Bunlar bu gün bolşeviklər ilə mübarizə ediyorlarsa da məhz millətlərə istiqlal kibi həqq və hüquq vermiş olduqları üçün ediyorlar. Məzkur qara qüvvənin çıxışı inqilab və hürriyyət əsasları əleyhinədir. Zira onlar: bu əksinqilab qüvvətləri, artıq məhkum olmaq istəməyən sabiq məhkum millətləri yenidən zənciri-əsarət altına alıb məhkum etmək istiyorlar. Bu bir əksinqilab qüvvəsidir. Qafqasiya cümhuriyyətləri - Azərbaycan da onlar daxilində olaraq - böylə əksinqilab qüvvətlərinə tabe olmaq istəməzlər. Ona qarşı çıxıb bütün varlıqları ilə mübarizə edər, yaxın gəlməgə qoymaz, deyərlər ki: qəhr olsun üzərimizə gələn qara qüvvət! Yaşasın Dağıstan! (Şiddətli alqış).

Əhməd Cövdət - (Sosialist) Mötərəm məbuslar! Rusiya inqilabının nəticəsi bu idi ki, Rusiya daxilində yaşayan bütün xırda millətlər öz müqəddəratını həll etmək ixtiyarına malik olsunlar.

İnqilab vüquilə çarizm istibdadı kökündən devrildi. Bütün millətlərin ixtiyarat və hüququ özünə verildi. Nəinki rus milləti çarizmin zülmündən qurtardı, hətta bütün millətləri ki, şimdiyə qədər nə olduqlarını bilmiyordular - onları da zülmdən qurtardı. Rus demokratiyası bütün digər millətlər demokratiyası ilə bərabər xırda millətlərin hüquq və ixtiyaratının özünə verilməsinə qol çəkdi. Demokratiya: hər millət öz müqəddəratına hakimdir, dediyi halda köşədə-bucaqda bulunan bəzi əksinqilabçılar ki, onlar hamı hüququ ayaq altına almaq və ixtiyarat və sairəyi tanımamaq istiyorlardı - haman bu qara qüvvələr yavaş-yavaş güc tapıb yığılmağa və qeyri xırda qüvvətləri güc ilə özlərinə tabe qılaraq çarizm əsasını möhkəmləşdirməgə başladılar. O cümlədən, kolçaklar, denikinlər və qeyrilərinin idarələri altında bu qara qüvvələr azad xırda millətlərin üzərinə yürüyərək inqilabın bəxş etdiyi hüququ təkrar qəsbə başladılar. Xüsusən o tərəflərdə ki, qüvvətlər xırda-xırda, biri-birindən ayrı və gücsüzdürlər, bugünki gündə Rusiyadan gücsüz görünüyorlar.

Rusiyada qüvvə çox olduğu üçün bu könüllülər dişlərini orada sınaya bilməyib üzlərini Qafqasiyada Dağıstana, Azərbaycana və qeyri xırda millətlərə çeviriyorlar. Buralara hakim olaraq öz qüvvələrini artırmaq istiyorlar. Rusiya demokratiyası ilə çarpışmaq üçün onlara müsaid bir zəmin olmaq üzrə Bakıyı intixab etmişlərdir. Onlar nə qədər şimdiki halda Gürcüstana və Şimali Qafqasiyaya hücum edə gəlməkdə isələr də əsl məqsədləri Bakıdır. Bu qara qüvvə ilə çarpışmaq yalnız Dağıstan, ya Gürcüstanın vəzifəsi degildir. Çünki bu gün Dağıstan hüduduna gələn yarın Bakıya gələcək və Bakıya gələn qüvvə yarın Tiflisi də istila etmək istəyəcəkdir. Binaənileyh bu təhlükə ümumi Zaqafqasiya təhlükəsi və millətlərin həqq və hürriyyətini təhdid edən bir təhlükədir ki, bunun qabağını bütün Qafqasiya millətləri və cəmaəti bir vücud kibi ittihad etməklə saxlamalıdırlar.
 
Bu barədə hökumətin verdigi notaya bütün varlığımız ilə tərəfdarız. Ancaq bunlara qarşı yalnız nota ilə çıxmaq kifayət etməz. Bu qara qüvvələr ilə mübarizə məsələsi təkrar ediyoram yalnız inquş arvadları öhdəsinə buraxılmayaraq, böylə mühüm bir vəzifə qarşısında qətiyyən Zaqafqasiya millətlərinin birləşərək əlbirligi ilə və ciddiyyətlə çarpışması lazımdır. Bunun üçün də biz öz tərəfimizdən Azərbaycana və Gürcüstana təklif edəriz qəti və şiddətli tədbirlər görməgə əcələ etsinlər. (Bir səs: Ermənistanı da). Bir də general Prejevalski öz otryadı ilə mühitimizdən çəkilib getdigi halda yenə o qara qüvvədən məmləkətimizdə bir çoxları mövcuddur. O cümlədən, onların nümayəndəsi Erdeli və sairədir ki, əlan buradadırlar. Onların barəsində hökumətimiz qəti tədbirlər görüb həbs etməlidir. (Ümumi alqış). O fikirli adamlar daha da varsa, gərək onlar da məmləkətəmizdən çıxarılsınlar. Bir də məlumunuzdur ki, qəzetələrin yazdığına görə Dağıstanda bəzi köhnə çinovniklər Denikinə lazım olan məlumatı verib onun Dağıstana gəlməsinə müavinət göstərmişlərdir. O çinovniklərin misalı bizim paytaxtımızda da var. Ona görə öylə çinovniklərin buradan rədd edilmələri lazımdır. (Alqış). Bu kibi adamlar Gürcüstanda da mövcud idilər. Amma gürcülər böylə həriflərə qarşı bizdən daha qəti və şiddətli tədbirlər görərək onları öz aralarından rədd etmişlərdir. (Səslər: doğrudur). Bizim də o surətlə hərəkət etməgimiz lazımdır.

Bundan başqa, bu qara qüvvələrə kömək edənlər dəxi vardır. O özü-özlügündən gələn qüvvət degildir. Xaricdən onlara qətiyyən kömək veriyorlar. Bu da müttəfiqlər komandanlığı özüdür. O kömək veriyor, qüvvə də hərəkət ediyor. Müttəfiqlər müharibədən qabaq və müharibə əsnasında diyorlardı ki, bu ümumi müharibə azadlıq müharibəsi və xırda millətlərin ixtiyaratı üçündür. Böylə söylənildigi halda xırda millətlərin həqq və ixtiyaratlarını qəsb edən həmin qara qüvvələrə kömək edən yenə müttəfiqlər komandanlığıdır. Əgər müttəfiqlərin köməgi olmasa o qüvvə cəsarət edib üstümüzə gəlməz. Hal-hazırda haman qara qüvvə bütün varlığı ilə xırda millətlərin ixtiyarını qəsbə qalxışmışdır. Biz müttəfiqlər komandanlığından qəti surətdə tələb etməliyiz ki, siz onlara kömək ediyorsunuz, binaənileyh onların bu hərəkətlərində siz məsulsunuz. Əgər siz həqiqətən xırda millətlərin ixtiyaratı tərəfdarı isəniz, bu gün hüququ qəsb edilən millətlərə kömək ediniz və qara qüvvəyə əmr veriniz buradan rədd olsunlar. Yoxsa bu gün Dağıstanı çeynəyən qüvvə yarın sıra ilə Azərbaycanı və Gürcüstanı da çeynəyəcəkdir. Əmin olunuz ki, təcavüz əsli müttəfiqlərdəndir.

Qarabəyov - (İttihad) Həzərat! Üç ay bundan əvvəl həmin bu minbərdən bütün firqələrin dedikləri bu idi ki, Azərbaycan və bütün Qafqasiya millətləri istiqlalını son qətrə qanımıza qədər müdafiə edəcəgiz. Dağıstan hökuməti də Qafqasiyada təşəkkül etmiş müstəqil dövlətlərin biridir. Şimdi görürüz o adamlar ki, özlərinə Rusiya sahibi diyorlar, Dağıstanın hürriyyətini dağıtmaq istiyorlar və Dağıstan bu yolda yalnız qalmışdır. Vəhalonki yayda bizim üzərimizə düşmən gələndə dağıstanlılar çaxmaqlı tüfəng ilə bizim köməgimizə gəldilər. Bu qardaşlıq hissi bizi vadar ediyor əlimizdə silah olaraq onların köməginə gedək. Onların müharibəsi bizim müharibəmizdir. Biz burada söz ilə degil, felən onların müharibəsinə şərik olmalıyız. Onlar Qafqasiyanın müqəddimeyi-elçisidirlər. Onların qələbəsi bizim qələbəmizdir. Ona görə hökumətin ittixaz etdigi tədbirləri alqışlarız və daha da şiddətli tədbirlər ittixazını firqəmiz tərəfindən təklif edəriz. (Sağdan alqış).

(Ardı var)

 





22.03.2017    çap et  çap et