525.Az

Paris - könülü və xəyalı fəth edən şəhər


 

Paris - <b style="color:red">könülü və xəyalı fəth edən şəhər</b>

(Əvvəli ötən şənbə sayımızda)

Fransa televiziya kanalları əsas diqqətlərini daxili siyasətə yönəldirlər, beynəlxalq hadisələrə o qədər də əhəmiyyət verilmir.

Sağlar arasında praymeriz seçkilərində keçmiş prezident Nikolya Sarkozinin biabırçı məğlubiyyəti günlərlə müzakirə mövzusu oldu. Həm də kanallar ikinci tura çıxmış Fransua Fiyonun və Fransua Jupenin mübarizəsinə çox vaxt ayırırdılar, özü də Fiyonun əvvəllər autsayder hesab edildiyini vurğulamaqla, Jupeni təbliğ etməyə çalışırdılar. Lakin bu canfəşanlıq fayda vermədi və Fransua Fiyon qalib gəlməklə, 2017-ci il seçkilərində prezidentliyə sağların yeganə namizədi olacaqdır. Otel otağındakı televizorda demək olar ki, idman proqramları, futbol oyunları göstərilmirdi, matçlara yalnız bəzi kafelərdə və pablarda baxmaq olardı. Səfər yoldaşlarımızdan biri isə həris futbol azarkeşi idi, “Barselona”nın bir oyununa baxmasa bu onun üçün əsl fəlakət təsiri bağışlayardı. Tərslikdən bir gün eyni vaxtda “Barselona” və “Paris-Sen- Jermen” İngiltərədə yerli klublarla oynamalı idi. Nəhayət bir irland pabı tapdıq, orada hər iki oyun göstəriləcəkdi. Ukraynalı ofisiant bizə yaxşı yerdən bir stol tutdu. Oyuna bir qədər qalmış biz artıq pabda üzərində çoxlu çərəz və iri pivə qədəhləri qoyulmuş stolun ətrafında oturmuşduq. Dostumuz hər iki matça, əsasən “Barselona”nın oyununa baxırdı. Mənə isə nə pabdakı azarkeşlərin hay-küyü, orada azarkeş olmayan yox idi, nə acı irland qara pivəsi, nə də oyunların gedişi nəinki ləzzət vermirdi, əksinə çox darıxdırırdı. Ona görə də bir qədər sonra pabı tərk etməli oldum.

 Bir cəhət də nəzərə çarpırdı ki,ABŞ-ın prezidenti seçilən Donald Tramp da burada ciddi maraq obyektinə çevrilməmişdi. Rusiya televiziya kanallarından fərqli olaraq, Paris kanalları ona çox vaxt ayırmırdılar. Lakin küçələrdə Trampa həsr olunmuş reklam lövhələrinə rast gəlinirdi. 2008-ci ildə Avropadakı “Obamamaniyadan” fərqli olaraq qitədə Trampa qarşı xoş olmayan bir münasibət var idi. Böyük Britaniyanın Breksitindən sonra Trampın prezident seçilməsi Avropa üçün yeni bir ağır xəbər təsiri bağışlamışdı.

Parisdə bütün irqlərdən və millətlərdən olanlar arasında diqqəti cəlb edən bir tolerantlıq mövcuddur. Hansısa bir fransızın başqa ölkələrdən gəlib, paytaxtda yaşayan və işləyən əcnəbilərə yuxarıdan-aşağı baxması ağıla belə gəlmir. Parislilər irqindən, dinindən, millətindən asılı olmayaraq, bir-birilərinə qaynayıb-qarışmışlar. Ağdərili fransız gəncin qara afrikalı qızla çox mehriban, bir-birinə vurğun şəkildə gəzdiklərini görürsən və ya qaradərili oğlan fransız qızı ilə yaxın dostluq edir və buna heç kəs normal qaydanı pozan bir hal kimi baxmır. Xalqlar arasındakı fərqlər məişət çərçivəsində yox olmağa başlayır. Fransızlar heç bir qəbahət hissi duymadan, zənci qızlarına evlənir, qara afrikalı fransız qızı ilə ailə qurur. Mülki nikahlar isə bu münasibətlərin daha da asanlaşmasına şərait yaratmışdır. Avropalılarla afrikalıların və asiyalıların belə yaxınlaşması heç də dövlət siyasətinin, bu məsələ barədə xüsusi təbliğatın nəticəsi deyildir, millətlərarası münasibətdə fransızların, həmçinin ingilislərin və niderlandlıların özlərinin yaxşılığa doğru xeyli irəlilədiklərini göstərir. Yəqin ki, adi fransızı multikulturalizm o qədər də maraqlandırmır, ölkədə bu mövzuda konqresslərin, simpoziumların keçirilməsi də diqqəti cəlb etmir. Multikulturalizmin reallıqdan uzaqlaşmış şəkildə təbliğ edilməsi, bəlağətli söz tufanına çevrilməsi elə bir ciddi fayda vermir. Necə ki, başqa dinə aid məbədlərin tikilməsi də o dinə sitayiş edənlərin sayını artırmır, dini münaqişələr davam etdiyi bir şəraitdə belə təşəbbüslər öz məqsədlərinə nail ola bilmir. Dini tolerantlıq bilavasitə cəmiyyətin özünə sirayət etməlidir, cəmiyyət üzvlərinin gündəlik həyatında özünü büruzə verməlidir.

Parisdə heç kəs ateistlərə qarşı da səlib yürüşü aparmaq çağırışı ilə çıxış etmir, çünki vicdan azadlığı adamın özünün dini inanca bəslədiyi münasibətdən asılıdır, başqa sözlə, onun özünün şəxsi işidir. Qədim Romada isə bütpərəstlərin allahlarının sayı çox olduğundan, adamlar özləri öz allahını seçib, ona da inanc gətirirdi.

Allahla insan arasında, Martin Lyuterin dediyi kimi, vasitəçilərə ehtiyac yoxdur. Əslində, keşişlər, mollalar, ravvinlər iyerarxiyası da elə bir təsiri olmayan təbliğat maşınına çevrilirlər. Əlbəttə, din xadimləri yaxşı təbliğat apardıqda, müsbət iş görmüş olurlar, lakin onların danışığında cəhalətə yol verildikdə, mövhumatçılıq bayrağı qaldırıldıqda, onlar nə könülə, nə də şüura faydalı bir təsir göstərə bilmirlər. Mövhumat isə hökmən dinin dayaqlarını zəiflətməyə, dağıtmağa kömək edir.

Fransızların əksəriyyəti katolikdir, lakin həmin dinə hücum edənlərə də, onların potensialı nəzərə alınmaqla hörmətlə yanaşılır. Böyük filosof və maarifçi Volter katolitsizmə qarşı çıxır, hətta Allahın varlığına da şübhə ilə yanaşırdı. O deyirdi: “Əgər Allah olmasaydı, onu icad etmək lazım gələrdi”. Və yaxud istehza qaydasında Bibliyanın məşhur kəlamını dəyişərək, deyirdi ki, Allah insanı öz obrazında və özünə bənzər yaratmışdır, deməli, insanın malik olduğu qüsurların da hansısa bir mənbəyi vardır. Belə yeretikliyinə görə katolik kilsəsi Volteri məhkum edirdi. Axı Rusiyadakı pravoslav kilsəsi də Lev Tolstoyu dinin sıralarından kənar etmişdi. Paris isə böyük mütəfəkkirin ateist olmasını nəzərə almadan, ona ehtiram bəsləməkdə davam etmişdir. O, öldükdən 13 il sonra Sena çayının şəhərin mərkəzi hissəsindəki son sahili Volter sahili adlandırılmışdı.

Volterin böyük nəzəri irsi qalmışdır. O, fransız dilinin təmizliyinə də qayğı göstərirdi. Kardinal Rişelye dövründə təsis edilən Fransa Akademiyası da bu məsələ ilə məşğul  olurdu. Onun institutları paytaxtın Volter sahilində yerləşir. Katolik dininin Volteri məhv etməyə, sıradan çıxarmağa gücü çatmadı. Onu da qeyd etmək lazım gəlir ki, Volter islam dininin yaradıcısına, Allahın rəsuluna da, yumşaq desək, tənqidi yanaşmış, özünün “Məhəmməd” adlı pyesində Allahın rəsulunu şəhərdə iğtişaş törədən, qiyamçı kimi göstərmiş, onun qatı düşməni olan Əbu Sufyanı isə şəhərin uğurlu meri kimi qələmə vermişdir.

Bütün bunlara baxmayaraq, Volter XVIII əsrin ən güclü filosoflarından və maarifçilərindən biridir. 1715-ci ildə XIV Luinin ölümü ilə taxt-tacda onu əvəz edəcək nəticəsi XV Luinin 5 yaşı olduğundan, ona Orlean hersoqu, II Filipp regent təyin edilmişdi.  II Filipp özünü xalqın gözündə qənaətcil, bədxərcliyə yol verməyən bir hökmdar kimi göstərmək üçün kral sarayının tövləsindəki atların sayını iki dəfə azaltmaq göstərişini verdi. Axı kral və əyanları ova at belində gedirdilər. Bunu eşidən 20 yaşlı Volter sarkazm şəklində yazmışdı ki, Filipp atların sayını iki dəfə azaltmaqdansa, saraydakı eşşəklərin sayını ikiqat azaltsaydı, daha yaxşı olardı.

Parisin cənubi-şərq hissəsi Latın kvartalı adlanır. Burada Sorbonna Universiteti, Fransa kolleci yerləşir. Orta əsrlərdə tələbələr latın dilində dərs keçdiklərinə görə həmin dildə də danışırdılar. Bundan da məhəllə Latın kvartalı adını götürmüşdür. Sorbonna dünyanın Oksford, Kembric, Harvard, Yel kimi ən məşhur universitetləri sırasına daxildir.

Parisdə ölkənin görkəmli şəxslərinin adı küçələrə və meydanlara verilmişdir. Filosof Didro, Amerika İstiqlaliyyət müharibəsinin fəal iştirakçısı Lafayet, yazıçı Emil Zolya, II Dünya müharibəsinin qəhrəmanı general Leklerk küçələri, Viktor Hüqo meydanı vardır. Şəhərin meydanlarından biri II Dünya müharibəsində Stalinqrad qələbəsi şərəfinə, Stalinqrad meydanı adlanır. Rusiyada 1961-ci ildə qəhrəman şəhərin Stalinqrad adı ləğv edilsə də, Parisdə bu ad saxlanılmaqda davam edir.

Parisdə doğulan, baş qaldıran Böyük Fransa inqilabına dünyada münasibət heç də bir mənalı deyildir. İnqilab monarxiyanı ləğv etməyə nail olmuş, qədim Roma respublikasının və ABŞ-ın nümunəsində Fransada ilk respublika yaratmışdı. Lakin onun meydana gətirdiyi Terror adından irəli gələn dəhşətlər mənzərəsi meydana gətirilmişdi. İnqilab həmişə faciəvi bir şey olmuşdur. İnqilab sosial quruluşu radikal qaydada dəyişə bilmir. İnsanları dəyişmək isə daha mürəkkəb məsələdir, çünki antropoloji inqilablar baş vermir, insanlar əvvəldə olduqları kimi qalırlar. Həm də yaddan çıxarmayaq ki, inqilabı romantiklər başlayır, onun qələbəsindən isə əclaflar istifadə edir. Lakin inqilaba təkcə bir cəhətinə görə qiymət vermək düzgün deyildir, onun müsbət və mənfi əməlləri obyektivcəsinə qiymətləndirilməlidir. Çin Kommunist Partiyasının rəhbərlərindən biri, görkəmli dövlət xadimi Çjou Enlaydan həmin inqilaba  necə qiymət verməsini soruşduqda, Fransanı yaxşı tanıyan, gəncliyində orada təhsil almış bu müdrik insan cavab verib demişdi ki, axı hələ az vaxt keçmişdir. Bu cavabı söyləyərkən Böyük Fransa inqilabının baş verməsindən 180 ilə yaxın vaxt ötüb keçmişdi. Onun sözlərindən göründüyü kimi, yalnız uzun tarixi müddətin arxasından inqilaba qiymət vermək mümkündür.

İnqilablar da xalqların həyatının, taleyinin, tarixinin bir hissəsidir. Onları inkar etmək də mümkün deyildir. Axı heç kəs qədim dünyanın və ya orta əsrlərin tarixində hansısa bir düzəliş etmək fikrinə düşmür. Hansısa bir dövrün mədəniyyət plastını silib yoxa çıxarmaq da mümkün deyildir.

Böyük hind yazıçısı Rabindranat Taqor Aqradakı Tac Mahalı tarixin yanağında donmuş göz yaşı adlandırmışdı. Parisin bir sıra abidələrini bəşəriyyətin sərvəti kimi müvafiq təşbehlərlə adlandırmaq olar. Təkcə Notr-Dam de Pari Tac Mahaldan dörd əsr əvvələ gedib çıxır. Şah Cahan sevimli arvadı Mümtaz Mahal öləndə ona bu mavzoleyi tikdirmişdi. Qədim Halikarnasda Kariya hökmdarı Mavsola belə sərdabə tikilməyə başlanmış, onun inşasını arvadı Artemisiya bizim eradan əvvəl V əsrdə başa çatdırmışdı. Mavsolun adından da sonrakı sərdabələr mavzoley adlanmağa başlamışdı. XX əsrdə mavzoley ənənəsi daha eybəcər şəkildə Rusiyaya, həmçinin Türkiyəyə, Vyetnama, Çinə keçmişdi. Paris Notr-Dam kilsəsi mavzoley deyildir, xalq üçün kilsə kimi tikilmişdir və yeddi əsrdən artıq bir müddətdə bu təyinatını yerinə yetirir. Dindarlar burada dini ibadətdə, messada iştirak edirlər. Buraya ziyarətə gələnlərə bina öz sehrliliyi ilə izahı çətin olan ülvi hisslər bağışlayır, təlqin edir, onları ömrün fani olması, inancın insanı mənəvi yüksəkliyə qaldırması hisslərini aşılayır. Təkcə katoliklər ya protestantlar deyil, müsəlmanlar, iudeylər, buddistlər, hinduistlər, bütpərəstlər də məbədə daxil olduqdan sonra onun möcüzəsinin təsiri altına düşməkdən yayına bilmirlər.

Bircə Notr-Dam deyil, Parisin digər məbədləri, arxitekturası, küçələri, meydanları adamda xoş hisslər yaradır. Paris daim bayram əhvali-ruhiyyəsi bağışlayır. Burada da adamda elə bil ki, Aristotelin, faciə tamaşaçısı barədə dediyi, hala acımaq prosesinin təsiri altında onun keçirdiyi ruhən durulma - “katarsis” gedir. Paris özü isə bayramlarda daha da gözəlləşir, harmoniyalı qaydada bəzədilmiş gəlinə bənzəyir. Bu şəhəri mən Milad bayramı günündə görmüşəm. Onda Paris gözəllikdə özünü də ötüb keçmişdi. Yelisey çölü avenyusunda ağaclar miniatür elektrik lampaları ilə elə örtülmüşdü ki, Kubada və Afrikada bitən flogiston adlanan və alovlu gülləri olan bu ağac da onlara həsəd apara bilərdi. Bu mənzərə əsl cənnət effekti yaradırdı. Avenyunun ortasında yuxarıdan asılmış və kiçik güzgülərdən düzəldilmiş şar fırlandıqca, projektordan ona düşən işıq güzgülərdə bərq vurur və küçə ilə hərəkət edən maşınlar bərqlərdən yaranan və hərlənən işıq tunelinin içərisi ilə irəliləyirdi. Elə bilirsən ki, möcüzələrin çoxluğu ilə fərqlənən bir məkana düşmüsən. Binaların balkonları gül-çiçək hörükləri işlə bəzədilmişdi. Al-əlvanlıq, gül çələngləri hamını Milad bayramını xoş əhvali-ruhiyyədə qeyd etməyə səsləyirdi.

Paris ona təşrif buyuran hər bir adama nikbin hisslər, mübaliğəsiz deyilsə, sevinc bəxş edir. Bunu səfər dostlarım da dəfələrlə vurğuladılar, onlar xarici ölkələrdə çox olsalar da, Parisdə elə bil ki, özlərinə yeni dünya açmışdılar. Parisi, sadəcə, duymaq, bu mümkündürsə, sevmək lazımdır. Böyük rus şairi F.İ.Tyutçevin Rusiya barədə dediyi sözləri bu şəhərə də aid etmək olar. Onu ağılla duymaq, adi arşınla ölçmək yaramır. Ona yalnız inanmaq, mən əlavə etmək istərdim ki, onu layiq olduğu kimi sevmək lazımdır. Parisə bəslənən bu sevgi də cavabsız qalmayacaqdır. Sehrli şəhər yaratdığı bol təəssüratla bunun əvəzini artıqlaması ilə çıxmağı bacarır. Paris onda yaşamağa gələnlərin qəlbində ümid şüası yaratdığı kimi, onu görməyə, seyr etməyə gələnlərə ağuşunu açıb, onları təəccüb, vurğunluq və sevinc hisslərinin qarışığı şəklindəki qeyri-adi ərmağan ilə mükafatlandırır.

Belə xoş təəssüratların təsiri altında biz taleyimizin sakit limanı hesab etdiyimiz və lövbər saldığımız Bakıya qayıtdıqda özümüzü yuvasına dönən quş kimi hiss etdik. Quş üçün uçduğu səma nə qədər geniş və əlçatmaz olsa da, doğma yuvası onun əvəzsiz bir səltənətidir.

Son

 





22.03.2017    çap et  çap et