525.Az

“Vergi borclarının ödənilməsi mexanizmi təkmilləşdirilir” (Müsahibə)


 

“Vergi borclarının ödənilməsi mexanizmi təkmilləşdirilir”<b style="color:red"> (Müsahibə)</b>

Hesablanmış vergi məbləğlərində vergi borclarının həcminin azalması Vergilər Nazirliyinin vergi borclarının dövlət büdcəsinə alınması sahəsində həyata keçirdiyi məqsədyönlü islahatların müsbət nəticəsi kimi qiymətləndirilməlidir. Bu sahədə görülən işlərlə bağlı suallarımızı Vergilər Nazirliyinin Vergi borclarının alınması işinin təşkili idarəsinin rəisi İlkin Vəliyev cavablandırıb.

– İlkin müəllim, son illər vergi borclarının həcmində azalma müşahidə olunur. Sizcə, bu tendensiya nə ilə bağlıdır?

– Vergi borclarının daha effektiv idarə edilməsi  üçün ilk növbədə borcun yaranma səbəblərinə nəzər salmaq lazımdır. Təcrübə göstərir ki, vergi ödəyicilərinin büdcə qarşısındakı öhdəliklərini tam və vaxtında icra etməmələrinin səbəbləri müxtəlifdir. Burada müvəqqəti maliyyə çətinlikləri və ya büdcəyə ödənilməli olan vəsaitlərin digər istiqamətlərə (dövriyyə vəsaitlərinin artırılmasına) yönəldilməsi üstünlük təşkil edir. Borcun daha səmərəli alınması məqsədilə qeyd olunan faktorlara, eləcə də hər bir borclu vergi ödəyicisinə ayrıca yanaşma tələb edilir.

Borcların və onların alınmasına cəlb edilən resursların daha səmərəli idarə edilməsi baxımından, ilkin olaraq, düzgün təhlillər aparılmaqla borcların ümumi şaxələndirilməsi zəruridir.

Bu məqsədlə aparılan təhlillər üzrə ümumi borcun tərkibi aktiv, qeyri-aktiv və mübahisələndirilən borclar üzrə risk kateqoriyalarına qruplaşdırılır. Müvafiq qruplaşdırma borcların hansı tədbirləri görməklə, yəni məcburi tədbirlərlə, yoxsa hüquq müstəvisinə çıxarılmaqla alınmasına qərar verməyə imkan verir.

Qeyd etdiyim tədbirlər bir sıra Avropa ölkələrinin vergi administrasiyaları və kollektor şirkətləri tərəfindən geniş tətbiq edilməkdədir və müvafiq istiqamətlərdən istifadə etməyimiz borcların azalmasına müsbət təsir edib. 1 aprel 2013-cü ilə borc məbləği ilin əvvəli ilə müqayisədə 7,5 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,3 faiz, 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 30,7 faiz azalıb.

– Vergi borcları daha çox hansı səbəblərdən yaranır? Borcun yaranmaması üçün Vergilər Nazirliyi tərəfindən hansı qabaqlayıcı addımlar atılır?

– Qeyd etdiyim kimi, borcun yaranma halları müxtəlif ola bilər, lakin vergi ödəyicisinin maliyyə çətinliyinin olması və dövlət büdcəsinə yaranmış öhdəliyin vergi ödəyicisi tərəfindən başqa istiqamətlərə yönəldilməsi vergi ödəməkdən yayınmanın əsas səbəbi kimi özünü göstərir.

Vergi borclarının alınması prosesinin effektivliyinin artırılması üçün əsas diqqət erkən müdaxiləyə yönəldilir, çünki borcun yaranma müddətindən nə qədər uzun vaxt keçirsə, onun alınması prosesi bir o qədər çətin olur. Vergi ödəyicilərini ilkin mərhələdə, yəni vergi borcu yarandığı zaman müxtəlif kanallar vasitəsi ilə məlumatlandırmaqla borcların məbləğinin artmasının qarşısını almaq mümkündür.

Qeyd edim ki, Vergilər Nazirliyində tətbiq edilən müasir informasiya texnologiyaları borclu vergi ödəyicilərinin dərhal məlumatlandırılmasına kifayət qədər böyük imkanlar yaradıb. Artıq borclu vergi ödəyiciləri onlara göndərilən elektron bildirişlərlə yanaşı, mütəmadi olaraq SMS və səsli mesajlar vasitəsilə borcları barədə məlumatlandırılır. Bununla yanaşı, problemli borclular vergi orqanına dəvət edilir, borcları, borcların yaranma səbəbləri və ödənilmədiyi halda görüləcək tədbirlər barədə onlara izahat verilir.

Mövcud məlumat kanallarını artırmaq niyyətindəyik. Vergilər Nazirliyinin internet saytında iki yeni bölmənin (“Vergi borcunu özün idarə et” və “Öz maliyyə vəziyyətini planlaşdır”) yaradılması nəzərdə tutulur. Bununla vergi ödəyicisi onlayn söhbət (online chat) vasitəsilə borclarının məbləği, yaranma səbəbləri, ödəmədiyi təqdirdə görüləcək tədbirlər və sair barədə operativ məlumat əldə etməklə yanaşı, borcun ödənilməmiş günləri üzrə faizləri avtomatik hesablamaq imkanı da əldə edəcəkdir.

– Beynəlxalq təcrübədə vergi borclarının dövlət büdcəsinə alınması üçün istifadə olunan metodlardan hansılarının ölkəmizdə tətbiqi məqsədəuyğun olardı?

– Borcların alınması prosesinin daim təkmilləşdirilməsi üçün səmərəli təcrübələri yaxından öyrənmək vacibdir. Təcrübələri öyrənilən bir sıra ölkələrdə, o cümlədən Avstraliya, Kanada, ABŞ və İrlandiyada vergi sistemi ümumi əməletmə modeli (compliance model) üzərində qurulub. Bu model prinsipial olaraq vergi ödəyicilərini üç əsas kateqoriyaya bölməklə onlara uyğun tədbirləri müəyyən edir. Həmin kateqoriyalara vergi öhdəliklərini vaxtında icra edən, vergi öhdəliklərini icra etmək istəyən, lakin müəyyən maliyyə çətinlikləri olan və vergi ödəməkdən yayınan vergi ödəyiciləri daxil edilir.

 Birinci kateqoriyaya daxil edilən vergi ödəyicilərinə vergi öhdəliklərinə əməl etmələri üçün proseslər sadələşdirilir, elektron xidmətlər genişləndirilməklə onların inzibati xərclərinin azaldılmasına çalışılır. İkinci kateqoriyaya daxil edilən vergi ödəyicilərinə vergi öhdəliklərini icra etməyə yardım edilir, borclarının məcburi tədbirlərlə deyil, məlumat vermək və təşviq etməklə ödənilməsinə çalışılır. Sonuncu kateqoriyaya daxil edilən vergi ödəyicilərinə münasibətdə isə qanunvericiliyin verdiyi bütün sərt tədbirlərdən istifadə edilir.

Qeyd edim ki, borcların alınması istiqamətində müvafiq əməletmə modeli əsas prinsip kimi götürülüb. Biz çalışırıq ki, borc yarandığı təqdirdə vergi ödəyicisi ilə birbaşa əlaqə yaradaq. Bunun üçün ilkin olaraq borclu vergi ödəyiciləri vergi orqanlarına dəvət edilərək onlara izahatlar verilir. İndiyədək dəvət edilən vergi ödəyicilərindən 75 faizi borclarını heç bir məcburi tədbir görülmədən ödəyiblər.

Vergi orqanlarının dəvətlərinə cavab verməyən və borclarını ödəməkdən yayınan vergi ödəyiciləri məcburi tədbir görülməli olan ödəyicilər kateqoriyasına aid edilir. Son dövrlərdə belə vergi ödəyicilərinə münasibətdə vergi borclarının alınması istiqamətində Vergi Məcəlləsinin verdiyi hüquqlarla yanaşı, digər qanunvericilik aktlarında müəyyən edilən normalardan da geniş istifadə edilməyə başlanılıb. Borclarını ödəməkdən imtina edən 67 vergi ödəyicisinin ölkədən getmə hüquqları müvəqqəti məhdudlaşdırılıb, 16 vergi ödəyicisinin borcları onların təsisçisi olduğu hüquqi şəxslərdəki təsisçi paylarından, 537 vergi ödəyicisinin borclarının onların şəxsi nəqliyyat vasitələri hesablarına tutulması məhkəmələr tərəfindən təmin edilib. Ümumilikdə, belə tədbirlər üzrə dövlət büdcəsinə 5,9 milyon manat borc alınıb.

Görülən tədbirlərlə yanaşı, 2013-cü ildə apardığımız araşdırmalar nəticəsində vergi borcu olan bir sıra vergi ödəyicilərinin muzdlu müqavilələr əsasında işlədikləri müəyyən edilib. Hazırda onların borclarının aldıqları əməkhaqqından tutulması üçün tədbirlər görülməkdədir.

– Vergi borclarının dövlət büdcəsinə alınması istiqamətində digər dövlət qurumları ilə işgüzar əlaqələr hansı səviyyədə qurulub?

– Məlum olduğu kimi, vergi borclarının daha çevik alınması üçün vergi ödəyicisinin əmlakı və gəlirləri barədə məlumatların əldə edilməsi zəruridir. Hazırda vergi orqanlarında mövcud olan elektron məlumat bazaları belə məlumatların əldə edilməsinə imkan verir. Qeyd edim ki, qurulmuş elektron mübadilə vasitəsilə borclu vergi ödəyicilərinin nəqliyyat vasitələri barədə məlumatdan istifadə olunur. Verilən sorğulara əsasən, vergi ödəyicilərinin gəlirləri barədə Dövlət Sosial Müdafiə Fondundan zəruri məlumatlar əldə edilir və gələcəkdə elektron mübadilənin qurulması üçün tədbirlər nəzərdə tutulur.

Siyahıya alınmış əmlakların açıq hərracda satışını təşkil edən Ədliyyə Nazirliyi icra strukturları ilə işgüzar münasibətlər qurulub. Növbəti aydan başlayaraq, siyahıya alınaraq açıq hərraca çıxarılan əmlaklar barədə daha ətraflı məlumatların və onların fotolarının Vergilər Nazirliyinin internet səhifəsində yerləşdirilməsi planlaşdırılır. Hesab edirəm ki, bu da əmlakların hərraclarda daha tez satılmasına imkan verəcək. Eyni zamanda, icra strukturları ilə borcların alınması istiqamətində qurulan digər iş tələbin icraya yönəldilməsi tədbirləridir. 2012-ci ildən başlayaraq kiçik həcmli borclar məhkəmə qərarları olmadan “tələbin icraya yönəldilməsi haqqında qərarlar” çıxarılmaqla birbaşa icra strukturlarına yönəldilir. Çıxarılmış qərarlar üzrə dövlət büdcəsinə 459,7 min manat borc alınıb.

– Cari ildə vergilər üzrə borcların alınması ilə bağlı Vergi Məcəlləsinin 65-ci və digər maddələrinə bir sıra dəyişikliklər edilib. Bu dəyişikliklərin vergi orqanları üçün üstün cəhətləri nədən ibarətdir?

– “Azərbaycan Respublikasının Vergi Məcəlləsində əlavə və dəyişikliklərin edilməsi haqqında” 2012-ci il 21 dekabr tarixli Qanunda Məcəllənin 65-ci maddəsinə edilmiş dəyişiklik vergi ödəyicilərinin hüquqlarının müdafiəsinə yönəlibdir. 65.2-ci maddəyə edilən dəyişiklik vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları ilə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyalarından məhkəməyə şikayətin verilməsi, bu dövrdə vergi ödəyicisinin pul vəsaitlərinin yalnız məhkəmənin müvafiq qərarına uyğun olaraq dövlət büdcəsinə alınması qaydasını tənzimləyir.

BƏXTİYAR

 





26.04.2013    çap et  çap et