525.Az

Beynəlxalq Vərəmlə Mübarizə Gününə həsr edilmiş dəyirmi masa


 

Beynəlxalq Vərəmlə Mübarizə Gününə həsr edilmiş dəyirmi masa <b style="color:red"></b> Bu gün Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda Beynəlxalq Vərəmlə Mübarizə Gününə həsr edilmiş dəyirmi masa keçirilib.
 
APA-nın xəbərinə görə, tədbirdə Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova bildirib ki, vərəmlə mübarizə güclənməlidir.
 
Onun sözlərinə görə, çoxsaylı dərmanlara davamlı vərəmin aşkara olunması, vaxtında müalicə olunması üçün müəyyən tədbirlər görülüb və xüsusiləşmiş xəstəxanalar var: “Burada yalnız bizim işimiz xəstəliyi vaxtında aşkar edərək müalicə etmək, tam sağalandan sonra xəstələrin cəmiyyətə qayıtmalarını təmin etməkdən ibarətdir. Azərbaycanda yeni protokollar üzrə belə xəstələrin məcburi müalicəyə cəlb edilməsinə başlanıb. Artıq bu proses cəzaçəkmə müəssisələrində icra olunur. Bu günə kimi ölkəyə I və II qrup dərmanlar gətirilir. Bu günlərdə və aprel ayında isə ölkəyə geniş saylı preparatlar gətiriləcək. Bunlar da V qrup dərman preparatları olacaq. Bu dərman preparatları ən ağır xəstələrin müalicəsi üçün istifadə ediləcək”.
 
Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rafael Mehdiyev bildirib ki, cəzaçəkmə müəssisələrində dərmanlara davamlı vərəmli xəstələrin nisbi artımı müşahidə olunur. Onun sözlərinə görə, bu sahədə tələbkarlıq artırılmalıdır: “Əgər gələcəkdə vərəmlə bağlı qanuna dəyişikliklər edilsə, onda orada ağır formalı, çoxsaylı dərmanlara davamlı vərəmin məcburi müayinə məsələsi öz əksini tapmalıdır. Narkomaniyadan, alkoqolizmdən, psixi xəstəliklərdən əziyyət çəkənlər üçün məcburi müalicə var. Bu, vərəm xəstələri üçün də tətbiq edilməlidir. Əgər vərəmli xəstə cəmiyyət üçün təhlükəlidirsə, qanun qarşısında məsuliyyət daşıdığını dərk etməli və müalicəyə cəlb olunmalıdır”.
 
R.Mehdiyev qeyd edib ki, bu sahədə çalışanların - ftiziatrların, pulmonoloqların əmək haqları artırılmalıdır: “Onlar üçün digər tibb işçilərindən fərqli şərait yaradılmalıdır. Bu məsələ çox aktualdır. Bu gün vərəm İİV-dən daha aktual problem və sosial xəstəlikdir”.
 
Millət vəkili İlham Məmmədov Milli Məclisin növbəti plenar iclasında bununla bağlı məsələni gündəmə gətirəcəyini bildirib. Bu sahədə kadr çatışmazlıqların olduğunu deyən deputat qeyd edib ki, bu problem daha çox rayonlarda müşahidə edilir: “Yevlax və Tərtər rayonunda xəstəxanalar tikilib, kadr çatışmazlığı yaşanır. Tək Tərtərdə 40 həkim çatışmır”.
 





27.03.2017    çap et  çap et