525.Az

Azərbaycanda müasir Əfqanıstan tarixinə dair ilk kitab


 

Azərbaycanda müasir Əfqanıstan tarixinə dair ilk kitab<b style="color:red"></b>

Tanınmış şərqşünas-alim, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) eksperti Məsiağa Məhəmmədinin “Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə” adlı kitabı çapdan çıxıb.
 
Kitabın elmi redaktoru SAM-ın direktor müavini Gülşən Paşayeva, elmi rəyçisi AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri Vidadi Mustafayevdir.

Kitabda təqribən qırx illik dövrdə – 1978-ci il aprel çevrilişindən XXI əsrin əvvəllərinə qədər Əfqanıstanda və onun ətrafında baş verən hadisələrdən bəhs olunur. Müvafiq fəsillərdə “Aprel inqilabı” ərəfəsində Əfqanıstanda vəziyyət, SSRİ-nin Əfqanıstana hərbi təcavüzünün gedişi və nəticələri, işğal illərində ölkədə gedən hərbi-siyasi proseslər, silahlı əfqan müxalifətinin tərkibindəki qruplaşmalar, Sovet qoşunlarının çıxarılmasından sonrakı mərhələdə baş verən olaylar, mücahidlər və Taliban hakimiyyəti dövründəki durum və nəhayət, ABŞ-ın Əfqanıstana müdaxiləsinin doğurduğu situasiya təhlil edilir. Bütün bu məsələlər Böyük oyunun yeni mərhələsi kimi – Əfqanıstanda regional və qlobal güclərin geosiyasi mübarizəsi kontekstində nəzərdən keçirilir.

Beş fəsildən, giriş və nəticədən ibarət olan kitabda vurğulanır ki, son onilliklərdə Əfqanıstanda baş verənlərin öyrənilməsi təkcə həmin ölkənin müasir tarixi və beynəlxalq əlaqələri baxımından deyil, qlobal siyasətin açar məqamlarından birinin aydınlaşdırılması, günümüzdə regionda və dünyada cərəyan edən hadisələrin adekvat dərki nöqteyi-nəzərindən də əhəmiyyət daşıyır. Tədqiqatda 2001-ci ildən sonra Əfqanıstanda və onun ətrafında baş verən hadisələrdən proseslər hələ bitmədiyi, regionda hansı düzənin formalaşacağı bəlli olmadığı üçün ümumi şəkildə bəhs olunub, əsas diqqət onların köklərinin gizləndiyi əvvəlki dövrlərə verilib, bu zaman ölkədəki durum daxili və xarici faktorların dialektikası əsasında nəzərdən keçirilib.

Nə üçün onilliklər keçsə də, Əfqanıstanda sülh və sabitlik bərqərar olmur? Nə üçün bütün siyasi dəyişikliklərə rəğmən, əfqan xalqı öz ölkəsində dinc birgəyaşayışın

formulunu tapa bilmir? Nə üçün çoxsaylı beynəlxalq səylər Əfqanıstan düyününün açılmasına gətirib çıxarmır? Kitabda bu və digər suallara cavab tapılmasına cəhd göstərilib. Müəllif belə bir qənaətə gəlib ki, nəzərdən keçirilən dövrdə Əfqanıstanda yaşananlar qlobal və regional güclərin cari və strateji maraqlarının toqquşma meydanına çevrilmiş bir ölkənin başına gələnlərin ibrətamiz hekayətidir.

Kitabın “Əlavələr” bölümündə mövzuya dair müxtəlif tipli, o cümlədən, vaxtilə məxfi sayılan sənədlər, xatirə, çıxış və müsahibələr verilib. Həmin materiallar müəllif tərəfindən dəri (fars), rus və ingilis dillərindən tərcümə edilib. “Personalia” bölməsində isə araşdırılan dövrdə Əfqanıstanın siyasi həyatında mühüm rol oynamış şəxsiyyətlərin bioqrafiyası təqdim olunub.

Qeyd edək ki, bu kitab Əfqanıstanın müasir tarixinə və beynəlxalq əlaqələrinə dair Azərbaycanda işıq üzü görən ilk araşdırmadır.

 





28.03.2017    çap et  çap et