525.Az

Vətəndə vətən təntənəsi


 

Vətəndə vətən təntənəsi<b style="color:red"></b>

Tarixi və mənəvi dəyəri son dərəcə böyük olan Türküstanın keçən ilin dekabr ayında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən 2017-ci il "Türk Dünyasının Mədəniyyət paytaxtı" seçilməsi ilə bu coğrafiyaya diqqət birə-on artdı.

Adına 1992-ci ildə - hazırda mənim də tələbəsi olduğum - universitet açılmış, Türk dünyasının böyük mütəfəkkiri kimi tanınan Əhməd Yəsəvinin yurdu sayılan Türküstan bu gün də bütün türklər tərəfindən sevilməkdə, öz dəyərini qoruyub saxlamaqdadır. Qazaxıstanın görkəmli şairi Mağcan Cumabayın dediyi kimi:

Türküstan iki dünya eşiyidir;
Türküstan ər türkün beşiyidir. 

Türk dilində sufi ədəbiyyatının ilk yaradıcılarından olan Əhməd Yəsəvi və kökü ta qədimlərə dayanan Türküstan başqa və daha böyük bir yazının mövzusu olduğundan, bu yazı boyunca TÜRKSOY tərəfindən 21 mart Türküstanda düzənlənmiş olan, türk dünyasından üç yüz nümayəndənin qatıldığı möhtəşəm Novruz Bayramı mərasimindən bəhs edərək, təəssüratlarımı  bölüşməyə çalışacağam. Ancaq bir gün öncədən, 19 martdan başlamaq istəyirəm...

Hər şey Rəşad Məcidin mesajı ilə başladı. Məlum oldu ki, Mədəniyyət Paytaxtının açılış mərasiminə ölkəmizdən bir qrup gəlir. Sən demə, keçən il yayda, xoş bir təsadüf sayəsində tanış olduğum yazıçı Pərvin xanım da Türksoy tərəfindən mediya ödülünə layiq görülüb və elə bu günlərdə həmin mükafatını almaq üçün Türküstana gələcəkmiş... Ayın 20-də Türk Dünyasının fərqli yerlərindən gəlmiş tələbə dostlarımızla birgə, ürəyimiz istəyən kimi olmasa da, əlimizdən gələn qədər hazırlaşıb yollandıq əvvəlcədən müəyyən etdiyimiz ünvana. Pərvin xanım TÜRKSOY-un nümayəndələrini, ya da ona bu üç gündə bələdçilik edəcək şəxsləri  gözlədiyinə və bizim də gələcəyimizi əvvəldən bilmədiyinə görə qarşısında bizi görüncə, türklər demiş, şaşırdı. Pərvin xanımın gözləmədiyi adamlar gözlədiyi adamlardan daha tez gəlmişdi, ya da onlar gecikirdilər.

Qonağımızın təəccüb və sual dolu baxışlarını görüncə: "Burda olduğunuzu Rəşad müəllim söylədi" - deyə etiraf elədik. Qonağımız gülümsədi, tanış olub söhbətə başladıq. Qızlar Pərvin xanımla gah rusca, gah türkcə danışırdılar. Elə bil bir-birlərini illərdi ki, tanıyırdılar. Köhnə dostlar kimi söhbətləşir, fikirlərini bölüşürdülər. Həm sevinmişdik, həm də sevindirmişdik. Gecikənlər də yaddan çıxmışdı, deyəsən...

Qonağımız Qazaxıstanın milli yeməyi olan "bağursaq"ın dadına baxdı. Məşhur "samsa"nı isə gözləyirdik...

Rus dilində başa düşmədiyim sözləri zehnimdə təkrar edərək anlamağa çalışarkən birdən telefonuma zəng gəldi. Zəng Qarabağlı kaman ustası Xəyyam Məmmədovdan idi: "Qardaş, salam. Bayramın mübarək! Gəlmişəm Türküstana. Səni görməmiş gedən deyiləm". Otelin ikinci mərtəbəsində başını pəncərədən çıxarıb, eyni sözləri desəydi, yenə eşidərdim Xəyyamı. Yox-yox, Xəyyamın da daxil olduğu "Cəngi" qrupu bizim oturduğumuz oteldə deyildilər. Sadəcə olaraq yaxın idi. Balaca şəhərdi axı. Bir də ki adamın doğması gələndə şəhər nə qədər böyük olsa da, ovuc içi qədər kiçilir...

Pərvin xanımın bələdçisi bizdən qabaq gələ bilməsə də, "samsa"dan qabaq gəlib çıxdı. Ondan xahiş elədik ki, bir az gözləsin, qonağımız "samsa"nın da dadına baxsın. Razılaşdıq...

Pərvin xanımı Çimkəndə yola salandan sonra üz tutdum "Kanaxa"ya. İçəri girən kimi Xəyamı nətər qucaqladımsa, elə özüm də özümə məəttəl qaldım. Oteldə iyirmiyə yaxın azərbaycanlı var idi. Keçən ildən bəri bu şəhərdə qarşısına bircə nəfər azərbaycanlı çıxmayan adam üçün bu bilirsiz nə demək idi? Bir batalyon Azərbaycan Əsgəri! Dedim ki, bu otel ta siz gedənə kimi bizimdi. Elə sevinirdim, uşaq mənim yanımda  yalan olardı...

Sabahısı gün, yəni 21-də Türküstanda, necə deyərlər, tayı-bərabəri olmayan Novruz şənliyi keçirildi. Mən əminəm ki, dünyanın heç bir yerində belə Novruz olmamışdı. Günün birinci yarısı, konsertqabağı ödül şöləni keçirildi. Media ödüllərini TÜRKSOY-un baş katibi Düsen Kaseinov təqdim edirdi. İlk ödülü də elə Pərvin xanım aldı. Konsert iki saat açıq havada davam elədi. Adam əlindən, iynə atsan yerə düşməzdi. Türk dünyasının elə bir yeri yox idi ki, ordan iştirakçı olmasın. İlk dəfə idi ki, kökü, soyu, özü bir olan milləti bu tərkibdə bir yerdə görürdüm. Və bəlkə də birinci dəfə idi ki, ortaq vətənimiz olan Türküstan elində heç vaxt yaşamadığım, ancaq bundan sonra tez-tez yaşayacağım (buna inanıram!) hissi yaşayırdım. Türk olmağımla bu qədər onurlanırdım, qürur duyurdum.

Sərgini gəzib baxırdıq. Pərvin xanım tez-tez müxtəlif sözlərin mənasını soruşur, qazaxcada fərqli səslənən sözləri müqayisə edirdi... Deyəsən, ayaqüstü söhbətlərin bu sarıdan xeyri olmuşdu. Çünki artıq xanım qonağımızı sonuncu gün Türküstandan yola salanda o, qazaxlarsayağı "caxsı-caxsı" deyirdi... "Caxsı" - "yaxşı" deməkdir...

23 mart isə Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Türk-Qazax universitetinin Mədəniyyət Mərkəzində TÜRKSOY tərəfindən təşkil olunmuş "Türk Dünyasının Beynəlxalq Musiqi Festivalı" keçirildi. Yeddi nəfərdən ibarət münsiflər heyəti tərəfindən Azərbaycanın I yerə layiq görülməsi qürurverici idi. Türküstandakı azərbaycanlı tələbələr olaraq xeyli onurlandıq. Azərbaycanı təmsil edən "Cəngi qrupu" mükafat kimi onlara təqdim olunan 1 500 000 təngəni (5 000 $) haqq edirdi. Vətənim - Azərbaycan üçün bir daha qürur duydum. Üç ildir Türküstanın havasını uduram, suyunu içirəm, çörəyini yeyirəm. Ruhən bağlanmışam bu torpağa. Artıq özümü buranın sakini hesab etməyə başlamışam. Bura vətəndir! Ancaq nə qədər Türküstanı vətən deyib, bağrımıza bassaq da, Azərbaycan hər yerdə, bütün zamanlarda birincidir və birinci gəlir. Türküstan isə bayaq dediyim kimi ortaq vətənimizdir!

Dörd gün boyunca bu qrupun əhatəsində özümü elə hiss elədim ki, sanki onlar bura, Türküstan yox, mən ora, Azərbaycana gəlmişəm. Adətən analar deyirlər ki, körpə qoxusundan gözəl heç nə ola bilməz həyatda. Mən o müqəddəs torpağın qoxusunu aldım bu insanlardan. Birinci hissi yaşamadığıma görə, ikinci hiss daha alidir mənim üçün. Bu insanlar  ürəklərində vətən sevgisi, üst-başlarında vətən torpağı, dillərində vətən nəğməsi gətirmişdilər. Bu insanlar vətəni, elə vətənin özünü gətirmişdilər!

Vətənə vətənin qonaq gəlməsindən möhtəşəm nə ola bilər ki?!

Qazaxıstan Respublikası, Türküstan şəhəri

 





28.03.2017    çap et  çap et