525.Az

Azərbaycanla sülh yaratmadan Ermənistanın gələcəyi yoxdur


 

"İŞĞALÇI ÖLKƏNİN İQTİSADİ TƏNƏZZÜLDƏN QURTULUŞU DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNDƏN ASILIDIR"

Azərbaycanla sülh yaratmadan Ermənistanın gələcəyi yoxdur<b style="color:red"></b>

"Ermənistanda parlament seçkisi yaxınlaşdıqca partiya liderləri arasında mübarizə gərginləşir. Partiya və hərəkat liderləri seçicilərin səslərini qazanmaq üçün erməni xalqını narahat edən əsas mövzulardan danışırlar. Ermənistan xalqını əsas iki mövzu maraqlandırır: iqtisadiyyat və Dağlıq Qarabağ münaqişəsinin həlli".

Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, məsələ burasındadır ki, iqtisadi tənəzzüldən qurtuluş Dağlıq Qarabağ münaqişəsinin həllindən birbaşa asılıdır: "Bunu Ermənistan siyasətçiləri də anlayır. Bu mənada mübarizədə önə çıxan 3 liderin açıqlamasını misal çəkmək olar. "Ohanyan-Raffi-Oskanyan" blokunun liderlərindən biri Seyran Ohanyanın "Qarabağ məsələsində qalib və məğlub tərəf ola bilməz, kompromislər olmalıdır..." açıqlaması xüsusi əhəmiyyətə malikdir. Çünki, "iki qonşu xalq arasında uzunmüddətli sülh kompromislər əsasında həllini tapmalıdır" deyən şəxs keçmiş müdafiə naziridir, Qarabağda separatizmin əsasını qoyanlardandır, Azərbaycan torpaqlarının işğalına rəhbərlik edənlərdən biri olub. Yəni, bu cinayətlərdə birbaşa əli olan şəxs də anlayır ki, Azərbaycanla sülh yaratmadan Ermənistanın gələcəyi yoxdur. Seyran Ohanyanın bir başqa fikri də maraqlıdır ki, o iki tərəf arasında istensiv dialoq üçün Rusiyanın daha böyük imkanlara malik olduğunu söyləsə də, münaqişənin nizamlanması üçün ATƏT meydançasını ən optimal və real variant adlandırır. Belə olan halda yenə də bu sözlərin müəllifinin kimliyinə müraciət etmək lazımdır. Seyran Ohanyan o şəxsdir ki, Rusiya ilə daima təmasda olub, bu ölkədən silah və sursat alıb. Ancaq o da anlayır ki, Rusiyaya arxayın olmaq mümkün deyil və Moskvaya Ermənistanın timsalında bərabər hüquqlu tərəfdaş deyil, vassal lazımdır. Ona görə də Seyran Ohanyan kimi təcavüzkar və aprel savaşında Ermənitsanın müdafiə sisteminə rəhbərlik edən şəxs belə, Rusiyaya ümid etməyin yanlış olacağına işarə edir".

E.Şahinoğlu bildirib ki, seçki kampaniyasına aktiv qoşulan və Dağlıq Qarabağ mövzusunda ən çox danışan keçmiş prezident Levon Ter-Petrosyanın "Azərbaycan və Ermənistan, demək olar ki, razılığa gəliblər" açıqlaması da daha çox seçici səsi qazanmağa hesablanıb: "Ermənistan siyasətçiləri arasında Levon Ter-Petrosyan tək siyasətçidir ki, rəsmi Bakı kimi o da münaqişənin "mərhələli həll" planını dəstəkləyir. O Seyran Ohanyandan çox əvvəl anlayıb ki, Azərbaycan və Türkiyə ilə münasibətləri nizamlamadan Ermənistanın heç bir gələcəyi yoxdur. Levon Ter-Petrosyanın və Seyran Ohanyanın Qarabağ açıqlamalarını əslində hakim partiya mənsubları da şərikdirlər, sadəcə müxalifət və Azərbaycan qarşısında zəif görünməmək bunu açıq deməkdən yayınırlar. Buna baxmayaraq, baş nazir və hakim Respublika Partiyasının aparıcı simalarından biri Karen Karapetyan da son açıqlamalarının birində Azərbaycana mesaj yollayıb. Onun fikrincə, Ermənistan gələcəkdə Azərbaycanla dostlaşa bilməsə də, normal qonşuluq əlaqələrinə malik olmaq məcburiyyətindədir. Onun bu açıqlaması vaxtilə Serj Sarkisyanın prezidentliyə yolunu açan eks-prezident Robert Koçaryanın "azərbaycanlılarla ermənilərin birgə yaşayışı mümkün deyil" açıqlamasına ziddir. Bu o deməkdir ki, baş nazir Karen Karapetyan da müxalifət liderləri kimi anlayır ki, Azərbaycanla düşmənçiliyin davamı Ermənistanı uçuruma aparır. Baş nazir əsasən rəqəmlərlə işləyir və bu rəqəmlər göstərir ki, Ermənistanın Azərbaycan tərəfindən bütün regional layihələrdən təcridi Ermənistan üçün milyardlarla dollar itki deməkdir".

Politoloq qeyd edib ki, Ermənistanda parlament seçkisi mübarizəsi zamanı hakim partiya mənsubları hətta ona qədər açıqlama veriblər ki, azərbaycanlılar Dağlıq Qarabağa qayıda da bilərlər: "Əlbəttə, indiki şərtlər altında bu mümkün deyil, mifdir, çünki heç bir azərbaycanlı münaqişə həll olunmadan separatçıların rəhbərliyi altında yaşamaz. Münaqişə həll olunmalıdır ki, məcburi köçkünlər öz ərazilərinə qayıtsınlar. Hətta erməni jurnalistlər sual veriblər ki, İrəvanın bu çağırışı hansı məntiqə dayanır, axı yüzminlərlə azərbaycanlının Dağlıq Qarabağdakı evi viran qoyulub, onlar bu "çağırışa" müsbət cavab verib gəlsələr, harda və necə yaşayacaqlar? Aydındır ki, "qayıda bilərlər" çağışırının heç bir məntiqi əsası yoxdur. Ancaq bu "çağırışın" səsləndirilməsi belə ondan xəbər verir ki, erməni separatçıları məcburi köçkünlərin geri qayıtması zərurətini anlayırlar. Bugünə qədər erməni separatçıları ümumiyyətlə Dağlıq Qarabağda yaşayan azərbaycanlılar mövzusuna toxunmazdılar, bu barədə bir kəlmə belə işlətməzdilər.

Ermənistanda parlament seçkisində "Azərbaycanla və azərbaycanlılarla barışıq" mövzusu yalnız seçki təbliğatıyla bağlı deyil. Ermənilər onlar üçün hədəfi bəlli olmayan müharibədə ölmək istəmirlər. Ermənilər getdikcə anlayırlar ki, müharibə onların gələcəyini əllərindən alır, inkişaf üçün heç bir perspektiv yeri qoymur. Əgər əvvəllər bunu ancaq xaricdə sığınacaq tapan bir-iki erməni fəal dilə gətirirdisə, indi bu haqda Ermənistandakı siyasətçilər açıq danışmağa başlayıblar. Keçən ilin aprel savaşı da onları silkələdi, məhrumiyyətlər onları qorxudur. Belə vəziyyətdə seçki öncəsi Azərbaycandan da Ermənistana ümumi prosesə təsiri olan mesajlar ötürülməlidir. Məsələn, rəsmilərimiz müxtəlif açıqlamalarında erməni siyasətçilərinə və cəmiyyətinə konkret mesajlar göndərməlidirlər ki, müharibə kimsənin xeyrinə deyil, biz də Ermənistanla sülh və normal qonşuluq arzulayırıq, birgə yaşayışdan onlar da qazanclı çıxacaqlar, Dağlıq Qarabağ yenidən qurulacaq, bölgənin istisadi inkişafı üçün layihələr işə düşəcək və sair. Ancaq bunun başlıca şərtinin Dağlıq Qarabağ münaqişəsinin "mərhələli həll" planı əsasında çözümündən keçdiyi xatırlanmalıdır. Biz bu cür mesajlarla Ermənistanda sülh arzulayan siyatəçilərin və ayrı-ayrı fəalların arqumentlərini gücləndirə bilərik".

Mərkəz sədri deyib ki, Koçaryan-Sarkisyan hakimiyyəti dövründə Ermənistan və işğal altında saxladıqları Qarabağ əhalisinin iqtisadi və sosial vəziyyəti ağırlaşıb: "Ermənistanda kütləvi narazılıq var. Parlament seçkisi yaxınlaşdıqca güllə səslərinin və həbslərin sayı artır. Ermənistanda hakimiyyət uğrunda siyasi mübarizə ilə yanaşı, klanlararası mübarizə də gedir. Ermənistanda 20 ildir hakimiyyətdə Qarabağ klanı qərar tutub. Bu klan SSRİ illərində də Ermənistanda müəyyən mövqelərə malik idi. Ancaq 1987-ci ildə Dağlıq Qarabağda separatçılıq başladıqda bu klanın mövqeləri Ermənistanda gücləndi. Dağlıq Qarabağ separatçıları Ermənistan və Rusiya ordusunun köməyi ilə Dağlıq Qarabağ və ətraf rayonları işğal etdikdən sonra İrəvanda təsir güclərini bir az daha artırdılar. Ermənistanda doğulan siyasətçilər Qarabağdan gələnləri sevməsələr də, onların artan rolunu qəbul etmək məcburiyyətində qaldılar. Buna görə də Ermənistanda 2 aprel parlament seçkisində mübarizənin yenə də Ermənistan və Qarabağ klanı arasında gedəcəyini söyləmək mümkündür".

Vaxtilə Qarabağ separatçılarını Ermənistanda hakimiyyətə keçmiş prezident Levon Ter-Petrosyanın gətirdiyini deyən politoloq onu da bildirib ki, Levon Ter-Petrosyan ilk olaraq indiki prezident Serj Sarkisyanı İrəvana gətirərək onu daxili işlər və milli təhlükəsizlik naziri təyin edib: "Daha sonra digər Qarabağ separatçısı Robert Koçaryanı İrəvana gətizdirərək onu baş nazir təyin edib. Bununla da Levon Ter-Petrosyan Ermənistana problem yaradıb, Koçaryan-Sarkisyan cütlüyünün tələsinə düşüb. Məntiqlə Azərbaycanla sülhə çalışan Levon Ter-Petrosyan separatçılarla arasında məsafə saxlamalı idi. Levon Ter-Petrosyan 1997-ci ildə Azərbaycanın da qəbul etdiyi "mərhələli həll" planını qəbul etməyə hazır idi. Separatçılar Levon Ter-Petrosyanı devirdilər. O gündən bu yana Qarabağ separatçıları başqa siyasətçilərin iqtidara gəlməsinə imkan vermirlər".

E.Şahinoğlu hesab edir ki, Ermənistanda anadan olan siyasətçilərin Qarabağ klanından narazılığı aşkardır: "Ancaq həmin siyasətçilər bu narazılığın məhz klanlararası mübarizə ilə əlaqəli olduğunu vurğulamırlar. Şərti adı Ermənistan klanı əbədiyyətə qədər Qarabağ klanının şıltaqlıqlarına görə kasıblıqda, miqrasiya girdabında, müharibə qorxusu altında yaşamaq istəmir. Qarabağdan Ermənistana gətirilən meyidlər də klanlararası münasibətləri gərginləşdirir. Ermənistanda doğulanlar niyə Ağdam və Füzulidə ölməlidirlər? Bu sual Ermənistan klanı üçün getdikcə aktuallaşır. Hesabla bu amillər 2 aprel parlament seçkisində Ermənistan klanının xeyrinə işləməlidir. Ancaq Qarabağ klanı başda Serj Sarkisyan olmaqla əlindən gələn hər şeyi edəcək ki, iqtidar "yadların" nəzarətinə keçməsin. Buna baxmayaraq, Ermənistan klanı asanlıqla təslim də olmayacaq. Seçkidən bir gün sonra İrəvanda və Ermənistanın digər şəhərlərində kütləvi etirazların baş verəcəyi istisna edilmir, silah səsləri də eşidiləcək".

Rusiyanın Qarabağ klanını dəstəklədiyini deyən politoloq qeyd edib ki, Ermənistan klanı Rusiya ilə yanaşı Qərblə də yaxınlaşmanın tərəfdarıdır: "Bu faktor isə Kremli qorxudur. Ona görə də Kreml Levon Ter-Petrosyan, Vardan Oskanyan və digər fiqurlardansa, Serj Sarkisyan - Karen Karapetyan cütlüyünə üstünlük verəcək. Kremldə hər ikisini yaxşı tanıyırlar, Rusiyanın bütün istəklərini yerinə yetirirlər, digərlərinin isə Moskvanın əmrlərini yerinə yetirəcəyinə təminat yoxdur. Öz növbəsində Qarabağ klanı da Rusiyanın dəstəyinə arxayındır".

Ceyhun ABASOV

 





28.03.2017    çap et  çap et