525.Az

“İrəli” 31 mart soyqırımıyla bağlı aksiyaya start verdi


 

“İrəli” 31 mart soyqırımıyla bağlı aksiyaya start verdi<b style="color:red"></b>

“İrəli” İctimai Birliyi sosial şəbəkələrdə erməni təcavüzkarlarının törətdiyi 31 mart soyqırımıyla bağlı aksiyaya start verib.

Birlikdən verilən məlumata görə, aksiyanın keçirilməsində məqsəd bütöv Azərbaycanı parçalamaq arzusunda olan erməni təcavüzkarlarının xalqımızın başına gətirdiyi müsibəti dünya ictimaiyyətinə daha təsir edici formada çatdırmaq, soyqırım haqqında məlumatsız olan insanları insanlığa qarşı törədilmiş cinayət haqqında məlumatlandırmaqdır.

Sosial şəbəkələrdə təsir qüvvəsi çox olan Twitter sosial şəbəkəsində aksiyaya 500-dən artıq gəncin qoşulacağı gözlənilir. Aksiyanın 1 aprel tarixinə kimi davam etməsi nəzərdə tutulur.

“İrəli”dən verilən məlumata görə, aksiyaya qoşulmaq istəyən şəxslər, Tvitter sosial şəbəkəsi üzərindən #31March1918 #31MarchGenocide #Azerbaijan #ireli2017 hashtaglarından istifadə edərək müxtəlif növdə olan məlumatlandırıcı paylaşımlar etməklə Azərbaycan həqiqətlərini daha böyük auditoriyalara çatdırılmasına nail ola bilərlər.

Qeyd edək ki, 31 mart Azərbaycan Respublikasında soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindən biridir.

Xatırladaq ki, “İrəli” İctimai Birliyi ötən ay Heydər Əliyev Fondunun “Xocalıya Ədalət” Beynəlxalq Kampaniyası çərçivəsində Xocalı Soyqırımının tanınması ilə bağlı sosial şəbəkə aksiyası həyata keçirib. 300-dən artıq gəncin qoşulduğu twitter, facebook, instagram kimi sosial şəbəkələrdə #justiceforkhojaly haştaqı altında paylaşımlar edərək aksiyada yaxından iştirak etmiş və müxtəlif erməni qruplarına qarşı tutarlı arqumentlərlə çıxış edib.

Ceyhun ABASOV

 





28.03.2017    çap et  çap et