525.Az

Kral Tibb Dərnəyinin ali mükafatının ilk sahibi türk oldu


 

ŞAHİN MUSAOĞLU: "BU MÜKAFATA DÜNYA TİBB ELMİNƏ BÖYÜK TÖHFƏLƏR VERƏN MEHMET HABERALIN LAYİQ GÖRÜLMƏSİ OLDUQCA QURÜRVERİCİDİR"

Kral Tibb Dərnəyinin ali mükafatının ilk sahibi türk oldu<b style="color:red"></b>

Dünya Orqan Nəqli dərnəyinin sədri türkiyəli professor Mehmet Haberal nüfuzlu beynəlxalq mükafatın sahibi olub.
 
Türkiyə mətbuatının verdiyi xəbərə görə, o, İngitərə Kral Tibb Dərnəyinin ən ali mükafatına layiq görülüb. Türkiyəli professor "Distinguished Fellowships" mükafatının ilk sahibi kimi tarixə düşüb.

Təkcə Türkiyə deyil, ümumilikdə Türk dünyası üçün əlamətdar olan bu hadisə barədə "Lent.az"a danışan azərbaycanlı həkim Şahin Musaoğlu bildirib ki, Dünya Orqan Nəqli Dərnəyinin sədri Mehmet Haberalın aldığı bu mükafat Kral Tibb Dərnəyinin ən ali mukafatıdır: "212 il tarixi olan dərnəyin ən ali mükafatı olan "Distinguished Fellowships" ilk dəfə təqdim olunub. Sevindirici haldır ki, bunu alan da türkdür".

Şahin Musaoğlunun sözlərinə görə, bu mükafata dünya tibb elminə böyük töhfələr vermiş Mehmet Haberalın layiq görülməsi olduqca qurürvericidir: "Hələ dünyada heç bir həkim bu statusda bir mükafat almayıb".

Məlumat üçün qeyd edək ki, İngitərə Kral Tibb Dərnəyinin əsası 1805-ci ildə qoyulub. 25 min üzvü olan dərnəyin idarə heyəti 7 illik araşdırmalardan sonra bu mükafatı professor Mehmet Haberala verməyi qərara alıb. Bununla 212 illik tarixə malik olan İngitərə Kral Tibb Dərnəyinin ən ali mükafatınına ilk layiq görülən türkiyəli elm adamı olub.

Kral Tibb Dərnəyinin sədri professor Babulal Sethia nüfuzlu mükafata layiq gördükləri türkiyəli elm adamı haqqında danışaraq onun dünya səhiyyəsində böyük xidmətləri olan alim kimi qiymətləndirib. B.Sethianın sözlərinə görə, tibb sahəsində Mehmet Haberalın araşdırmaları ilə bağlı 10 elmi kitab işıq üzü görüb: "Bunlardan 4-ü ingilis dilində çap olunub. Bununla yanaşı nüfuzlu elm adamının 2 minə yaxın məqaləsi dərc olunub. O, həqiqətən də həm Türkiyə, həm dünyanın bir çox ölkəsində böyrək və qaraciyər nəqli sahəsində ən geniş təcrübəyə malik mütəxəssisdir".

Dərnəyin sədr müavini professor Nadey Hakim isə qeyd edib ki, Mehmet Haberal dünya çapında tanınan elm adamıdır: "Türkiyəli professor minlərlə böyrək və qaraciyər nəqli həyata keçirib. O, Türkiyə və bir sıra dünya ölkələrində mövcud olan nüfuzlu tibb dərnəklərinin üzvüdür. Həmçinin, Mehmet Haberal tibb sahəsində əldə etdiyi nəticələrə görə, 31 beynəlxalq mükafata layiq görülüb".

Öz növbəsində nüfuzlu mükafata layiq görülən türkiyəli elm adamı qeyd edib ki, İngitərə Kral Tibb Dərnəyi həm də bu sahədə fəaliyyət göstərən tibb mütəxəssisləri üçün böyük bir məktəbdir: "Sözügedən dərnək ildə 200-dən artıq elmi konfrans təşkil edir. Həmçinin, dərnək tibb elmində fəaliyyəti ilə seçilən mütəxəssisləri də mükafatlandırmağı yaddan çıxartmır. Bu mənada, mənə təqdim olunan bu nüfuzlu mükafat Türk səhiyyəsinin əldə etdiyi böyük uğurlardan biridir".

Ceyhun ABASOV

 





28.03.2017    çap et  çap et