525.Az

“Azərbaycan dini tolerantlığın mayakıdır”


 

“Azərbaycan dini tolerantlığın mayakıdır”<b style="color:red"></b> ABŞ-dakı Atlanta Yəhudi Akademiyasının bir qrup şagirdi Azərbaycana tanışlıq səfərlərindən sonra ölkəmizi “Dini tolerantlığın mayakı” kimi dəyərləndirib.
 
Amerikalı yəhudi şagirdlərinin Azərbaycan səfəri bu il martın 13-19-da Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə gerçəkləşib. TEAS-dan APA-ya bildirilib ki, Akademiyanın 10-17 yaş arası olan beş məktəblisi ravvin Reuven Trevis və Atlanta yəhudi icmasının rəhbəri Corc Birnbaumun müşayiəti ilə Azərbaycana səfər edib. QBu, Atlanta Yəhudi Akademiyası şagirdlərinin Azərbaycana sayca ikinci səfəridir.
 
Sonuncu səfər dünya mediasında geniş işıqlandırılıb. Azerbaijan Praised as ‘Beacon of Religious Tolerance’ Following Visit by Children from Atlanta Jewish Academy” başlıqlı xəbər dünyanın 158 kütləvi informasiya vasitəsində dərc edilib. Bunlara 76 milyon gündəlik izləyicisi olan “Yahoo! Finance”, hər birinin 600 000 gündəlik izləyicisi olan “Dow Jones MarketWatch”, və “Yahoo Singapore”, “New York Business Journal” və “Atlanta Business Chronicle” kimi məşhur saytlar, ABŞ və Avropada fəaliyyət göstərən onlarla televiziya kanalı, xəbər saytı da daxildir. “Bank of America” bankının nüfuzlu investisiya nəşri “Merrill Edge” və onlayn nəşr olan “Silicon Valley Globe” da bu xəbəri səhifəsində yerləşdirib.
 
“Aserbaidschan wird nach Besuch von Kindern der Atlanta Jewish Academy als ’strahlendes Beispiel religiöser Toleranz’ gelobt”  başlıqlı xəbər almandilli ölkələrdə, Berlində yerləşən məşhur “Der Tagesspiegel” nəşri, “Almaniyada Wall Street: Online” və “Finanznachrichten”, Avstriyanın APA-OTS və İsveçrədəki xəbər nəşrləri tərəfindən dərc edilib.
 
Xəbərdə səfər iştirakçılarının Azərbaycan haqqında təəssüratları yer alıb. 17 yaşlı Devora Çeysen Azərbaycandan xoş təəssüratlarla ayrıldığını bildirib. O, Azərbaycanın zəngin tarixi keçmişinə, multikultural mədəniyyətinə heyran qaldığını və burada özünü tam təhlükəsiz hiss etdiyini vurğulayıb: "Çağdaş dünyada dini bölgü əsasən, stereotiplərdən irəli gəlir. Lakin Azərbaycanda sən qonaqpərvərlik və dostcasına yanaşma ilə qarşılaşırsan və anlayırsan ki, reallıq çox fərqlidir. Bu, bizim gözlərimizi açdı".
 
Atlanta Yəhudi icmasının rəhbəri Corc Birnbaumun sözlərinə görə, bütün dünyada artan dini gərginliyi nəzərə alaraq, Amerikadan olan yəhudi uşaqlar üçün Azərbaycan kimi müasir, plüralist və tolerant müsəlman ölkəsi ilə əyani tanışlıq zərurətdir. Burada yəhudi və müsəlman icmaları, hökumət və yəhudi icması arasında həqiqi dostluq var. Birnbaum deyib ki, azərbaycanlı şagirdlərin də ABŞ-a səfərlərini təşkil etmək üçün oxşar proqram hazırlanır: “Ümid edirik ki, bu layihə uzunmüddətli nəticələr verəcək. Uşaqlar böyüyür və iki ölkə arasında biznes, siyasət, təhsil və digər sahələri inkişaf etdirmək üçün yeni imkanlar yaradır”.
"Bu ölkə stereotipləri dağıdır" deyən ravvin Trevis yəhudi uşaqlardan ibarət qrupun özünü Azərbaycanda tam sərbəst hiss etdiyini vurğulayıb: “Fransada mən beysbol papağı taxırdım. Düşünürdüm ki, Parisin küçələrində kippa ilə gəzmək Bakıdan daha təhlükəlidir".
 
17 yaşlı Ester Bençetrit isə dini tolerantlığın yayılmasının vacibliyindən bəhs edib. O, dostlarına və ailə üzvlərinə səyahət üçün məhz Azərbaycanı seçməyi tövsiyə edəcəyini deyib.
 
Səfər zamanı amerikalı şagirdlər Bakıda İçəri Şəhərin tarixi abidələri ilə tanış olub, Qobustan dövlət tarixi-bədii qoruğunu və Qubada dağ yəhudilərinin sıx məskunlaşdıqları Qırmızı Qəsəbəni ziyarət ediblər.
 





28.03.2017    çap et  çap et