525.Az

Mario Varqas Lyosanın doğum günüdür


 

Mario Varqas Lyosanın doğum günüdür<b style="color:red"></b>

Bu gün perulu nasir və dramaturq, publisist, ictimai-siyasi xadimi, 2010-cu ilin ədəbiyyat üzrə Nobel mükafatı laureatı Mario Varqas Lyosanın doğum günüdür.

Lyosa 1936-cı ildə anadan olub. Xorxe Mario daha dünyaya gəlmədən, valideynləri - Ernesto Varqas Maldonado və Dora Lyosa Ureta - boşanıblar, və Mario 10 yaşına qədər ailəsi haqqında bilgi sahibi olmayıb.

Orta təhsilini Boliviyada konsul işləyən babasının yanında almış, daha sonra isə hərbi məktəbi bitirib.

1953-cü ildə San Markos Milli Universitetinin (Universidad Nacional Mayor de San Marcos) Ədəbiyyat və Hüquq fakultetinə qəbul olub. Bu seçimi atası tərəfindən xoş qarşılanmadığı üçün bəzi sıxıntılar yaşayıb.

18 yaşındaykən dayısının 31 yaşlı baldızı - Xulia Urkidi ilə evlənir.

1959-cu ildə İspaniyada, Madrid Komplutense Universitetində (Universidad Complutense de Madrid) "Xavier Prado" təqayüdü ilə doktorantura oxumağa başlayır və bu universitetdən Fəlsəfə və Ədəbiyyat Doktoru ünvanını alır. Daha sonra Parisə gedən Lyosa Berlitz Liseyində (Escuela Berlitz) ispan dili müəllimliyi edir. Eyni zamanda, FransPres kimi agentliklərin ispan dili şöbələrində də işləyir.

1964-cü ildə Peruya qayıdır və Xulia Urkidi ilə boşanır.

1965-ci ildə Patrisiya Lyosa ilə evlənir və ondan Alvaro (1966), Qonzalo (1967) və Morgana (1974) adlı uşaqları dünyaya gəlir.

Lyosa ədəbiyyata "İnkanın qaçışı" (1952) pyesi ilə gəlib. Sonradan hekayələr yazıb, ədəbi jurnallar nəşr etdirib. "Şəhər və itlər" (1962), "Yaşıl ev" (1966), "Pantaleon və qonaqlar" (1973), "Xuliya xala və yazıçı" (1979) romanları, hekayələri, pyesləri, tənqidi yazıları onu bütün dünyada tanıdıb.

1990-cı ildə Peruda Prezident seçkilərində namizəd olmuşdur, lakin Alberto Fuximoriyə uduzub.

Lyosa 2010-cu il ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

İsveç Akademiyasının açıqlamasında Nobel mükafatının Lyosaya "hakimiyyət strukturunun detallı açıqlamasına və insanın mübarizəsi, üsyanı və məğlubiyyətinin kəskin təsvirinə görə" verildiyi bildirilib.

Cavid QƏDİR
Mənbə: Vikipediya

 





28.03.2017    çap et  çap et