525.Az

Əbülfəs Qarayev İsmayıllıda qəbul və müşavirə keçirdi - Fotolar


 

Əbülfəs Qarayev İsmayıllıda qəbul və müşavirə keçirdi - <b style="color:red">Fotolar</b>

Martın 29-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin İsmayıllıda vətəndaşlarla görüşü keçirilib.

Görüşdən öncə nazir Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli liderin abidəsi önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib, sonra mərkəzin ekspozisiyası ilə tanış olub.

Əbülfəs Qarayev həmçinin İsmayıllı şəhər Mədəniyyət Mərkəzinin ərazisində təşkil olunan “Turist bazarı” ilə tanış olub. Burada köşklər, konsert səhnəsi, turistlərin xatirə şəkli çəkdirməsi üçün lövhə qurulub. Misgərlər, xalçaçılar, kəlağayı ustaları, rəssamlar, suvenir ustaları, kulinarlar öz məhsullarını, əl işlərini nümayiş etdirirlər. Nazir “Turist bazarı”nın fəaliyyətinin genişləndirilməsi, turistlərə göstərilən mədəni xidmətlərin səviyyəsinin daha da artırılması üçün müvafiq tapşırıq və tövsiyələrini verib.

Sonra Heydər Əliyev Mərkəzində İsmayıllı, Ağsu, Qəbələ, Qobustan və Şamaxı rayonları sakinlərinin qəbulu gerçəkləşib. Nazirliyin məsul əməkdaşlarının iştirak etdikləri qəbulda 30-dan artıq vətəndaşın müraciətinə baxılıb. Budəfəki görüşdə də müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.

İsmayıllıdan qəbula yazılan vətəndaşlar tərəfindən rayon ərazisindəki Cavanşir qalasının bərpası, tarixi-mədəni abidələrin, turistlərin cəlb olunması üçün əhəmiyyətli yerlərin göstərici nişanları və reklam lövhələrinin hazırlanması, İsmayıllı ilə “qardaşlaşmış şəhərlər”də rayonun folklor və musiqi kollektivlərinin, sənətkarlarının çıxışlarının təşkilinə köməklik göstərilməsi xahiş edilib.

Ağsu rayonundan qəbula gələnlər orta əsr Ağsu şəhər yerinin qoruq və ya açıq hava altında muzeyə çevrilməsi, peşəkar rəssamların əsərlərinin sərgisinin təşkili, musiqi alətlərinin istehsalı, təmir edilməsi və digər məsələlər barədə müraciətlərini diqqətə çatdırıblar.

Qəbələ sakinlərinin müraciətləri rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən Xalq teatrının ölkəmizdə keçirilən teatr festivallarında iştirakı, Uşaq incəsənət məktəbində skripka sinfinin açılması, Vəndam qəsəbə Sənətkarlıq evinin fəaliyyəti, vətənpərvərlik mövzularına həsr olunmuş mahnılardan ibarət kitabın hazırlanaraq klub müəssisələrinə verilməsi kimi məsələlərlə bağlı olub.

Qobustan rayonundan qəbula gələn vətəndaşlar Şamaxı Regional Kollecində mədəniyyət müəssisələri üçün kadr hazırlayan ixtisasların açılması, abidə mühafizəçiləri üçün kursların təşkil olunması, əməyin qiymətləndirilməsi barədə xahiş ediblər.

Həmçinin Şamaxı İncəsənət Təhsili Mərkəzində xalçaçılıq sinfinin açılması və müvafiq avadanlıqların qurulması, mədəniyyət müəssisələrinə uşaq filmlərinin verilməsi, kitabxanaların islam həmrəyliyi mövzusunda nəşrlərlə təmin olunması, Şamaxı rayonunda turizmin inkişaf etdirilməsi və digər məsələlər barədə xahişlər diqqətə çatdırılıb.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Həmin gün Əbülfəs Qarayev İsmayıllıda Mədəniyyət və Turizm Nazirliyinin yeni yaradılan regional mədəniyyət və turizm idarələrinin fəaliyyətinə həsr olunmuş geniştərkibli müşavirə də keçirib.

Müşavirəyə nazirliyin struktur bölmə rəhbərləri, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və regional mədəniyyət və turizm idarələrinin rəisləri, məsul əməkdaşları qatılıb. Tədbirdə 2017-ci ilin yanvarından fəaliyyətə başlayan regional idarələrin əldə etdiyi nəticələr təhlil edilib və qarşıda duran vəzifələr müzakirə olunub. Həmçinin regional idarələrin Novruz bayramı ərəfəsində paytaxtda keçirilən bayram tədbirlərində iştirakı dəyərləndirilib.

Nazir müşavirəni açaraq ölkəmizdə mədəniyyət və turizm sahəsində həyata keçirilən tədbirlər haqqında geniş məruzə ilə çıxış edib.

Əbülfəs Qarayev Novruz ərəfəsində Bakıda müxtəlif bayram tədbirlərinin keçirildiyini, nazirliyin yeni yaradılan Milli Turizm Təbliğat Bürosunun və regional mədəniyyət və turizm idarələrinin bu işdə yaxından iştirakının təqdirəlayiq olduğunu deyib: “Bu il keçirilən bayram tədbirləri Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirib. Bayram tədbirlərində ölkəmizin bütün regionlarını təmsil edən kollektivlər bölgələrin mədəni həyatını yüksək səviyyədə nümayiş etdiriblər. 8 gün ərzində 60-dan artıq musiqi, rəqs və folklor kollektivi çıxış edib. Milli Turizm Təbliğat Bürosu tərəfindən keçirilən Novruz festivalına gün ərzində 30-35 min, bəzi günlərdə isə 50-60 min nəfər insan qatılıb”.

Həmçinin diqqətə çatdırılıb ki, Mədəniyyət və Turizm Nazirliyi ölkəmizdə keçirilən mötəbər tədbirlərin reallaşdırılmasında yaxından iştirak edir, ölkəmizə təşrif buyuran qonaqların mədəni istirahətinin təşkili üçün rəngarəng mədəniyyət proqramları, layihələr reallaşdırılır. Həyata keçirilən bu tədbirlər cari ildə də davam etdiriləcək.

Nazir regionlarda mədəniyyət və turizm xidmətlərinin günün müasir tələbləri səviyyəsində qurulmasının vacibliyini xüsusi qeyd edib. Bildirib ki, bunun üçün regionlarda çalışan işçilər üçün müvafiq təlimlər, ixtisasartırma kursları təşkil olunacaq, əməkdaşların

müasir informasiya texnologiyalarından istifadəsi üzrə bilikləri genişləndiriləcək. Yerlərdə fəaliyyət göstərən mərkəzi kitabxanaların nəzdində açıq kitabxanaların yaradılmasının gündəmdə olduğu vurğulanıb.

Əbülfəs Qarayev ölkəmizdə turizmin inkişafı sahəsində həyata keçirilən işlərdən danışaraq bildirib ki, regionlarda turizm sənayesinin inkişafı, turizm klasterlərinin yaradılması istiqamətində görülən tədbirlər davam etdiriləcək. Həmçinin yay turizm mövsümünə hazırlıq, yeni turizm marşrutlarının yaradılması istiqamətində tapşırıqlar verilib.

Müşavirədə Mədəniyyət və Turizm Nazirliyi Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli, Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Nazim Ağayev, Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mirvari Zeynalova və başqaları çıxış ediblər. Çıxış edənlər yerlərdə mövcud problemlərin həlli, mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, tələblərə uyğun gəlməyən müəssisələrin gələcək fəaliyyəti barədə təkliflərin hazırlanıb həyata keçirilməsi haqqında fikirlərini bildiriblər.

 





29.03.2017    çap et  çap et