525.Az

"Azərbaycan yalnız ərazi bütövlüyü çərçivəsində danışıqlara razılıq verəcək"


 

"Azərbaycan yalnız ərazi bütövlüyü çərçivəsində danışıqlara razılıq verəcək"<b style="color:red"></b>

ATƏT-in Minsk qrupunun həmsədrləri bu ay Azərbaycanda və  Ermənistanda səfərdə oldular. Onlar həm Bakıda, həm İrəvanda verdikləri açıqlamalarda münaqişənin hərbi yolla həllinin olmadığını bəyan etdilər və tərəfləri danışıqları intensivləşdirməyə çağırdılar.

Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland Ermənistanda jurnalistlərə açıqlamasında bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar masasında bir sıra ağlabatan planlar var:

"Ola bilsin ki, bu planlar yekun deyil, amma onlar hazırda dövriyyədədir. Bu isə o deməkdir ki, onlar ətrafında danışıqlar davam etməlidir". R. Hoqland bildirib ki, münaqişə tərəflərinin rəhbərləri siyasi iradə nümayiş etdirərək danışıqlar masasına qayıtmalıdır. O, həmçinin deyib ki, yaxın bir ay ərzində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri bir araya gələcək, onlar prezidentlərin görüşünün təşkilini müzakirə edəcəklər. Ermənistan rəhbərliyinin hazırda tutduğu qeyri-konstruktiv, separat mövqeyini nəzərə alsaq, danışıqlarda hər hansı irəliləyişin olması gözlənilən deyil. Məsələyə münasibət bildirən  politoloq Qabil Hüseynli hesab edir ki, Ermənistan rəhbərliyi son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar prosesində aranı qarışdırmağa çalışır: "Onlar öncə danışıqlar prosesindən çəkildiklərini bəyan etdilər, daha sonra Moskva və Fransaya səfər edərək cəfəng fikirlər səsləndirdilər". O qeyd edib ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Dağlıq Qarabağ münaqişəsinin danışıqlar prosesində daha fəal görünür: "Amerikalı həmsədr Bakıda olanda dedi ki, Dağlıq Qarabağ problemi postsovet məkanındakı digər problemlərdən fərqlənir. Ona görə də ona əlahiddə yanaşma metodu tətbiq edilməlidir. Amma münaqişənin nə ilə fərqləndiyini və bu metodun nədən ibarət olduğunu demədi. Ondan əvvəlki amerikalı həmsədr isə arada bir mətbuatda görünərək kifayət qədər obyektiv fikirlər səsləndirir. Düşünürəm ki, münaqişənin həlli ilə bağlı ABŞ-la Rusiya arasında razılaşma olarsa, danışqları həmin istiqamətə yönləndirməyə çalışacaqlar. Ancaq Azərbaycan ərazi bütövlüyümüzə xələl gətirən heç bir təklifi qəbul etməyəcək". Politoloq bildirib ki, son zamanlar Fransa ilə Rusiya arasında Dağlıq Qarabağ münaqişəsinə dair xoşagəlməyən işbirliyi yaranıb: "Bununla bağlı Fransa prezidenti Fransua Olland və Rusiyanın bəzi səlahiyyət sahibləri də beynəlxalq hüquq normalarına zidd olan fikirlər səsləndirirlər. Bu, mövcud olan həll variantlarının açıqlanmaq istəməməsindən irəli gəlir. Çünki guya mətbuat vasitəsilə ajiotaj yaranır. Bütün hallarda Azərbaycan yalnız ərazi bütövlüyümüz çərçivəsində aparılan danışıqlara razılıq verəcək".

Politoloq Arzu Nağıyev isə deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin istər Azərbaycanda, istərsə də Ermənistanda bəyanatlarını ABŞ nümayəndələri səsləndirir: "Bu proses Ceyms Uorlikin vaxtında da belə olub, hazırda Riçard Hoqland da bu ənənəni davam etdirir. Rusiya nümayəndələri separatçılarla görüşlərdə bəyanat verir, fransızlar isə susur. Təbii ki, bunların hamısı heç də məqsədsiz deyil". O qeyd edib ki, İrəvanda R.Hoqland tərəfindən verilən son bəyanatda əsas məsələ münaqişənin həlli ilə bağlı planın Lavrova aid olmadığını bildirməsidir: "Bununla belə, ABŞ nümayəndəsi müxtəlif planlardan təşkil edilən yeni bir variantın olduğunu bəyan etdi. Düşünürəm ki, bu plan ilk növbədə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı olmalıdır. Sonradan isə mərhələli şəkildə Madrid, Vyana, Sankt-Peterburq, Kazan görüşlərinə uyğun olaraq status və digər məsələlərin həlli ilə nəticələnməlidir. Bundan sonra məsələ xarici işlər nazirləri və dövlət başçıları səviyyəsində müzakirə edilməlidir. Bütün bu proseslər Ermənistanda aprelin 2-də keçiriləcək seçkilərdən asılıdır. Ermənistandakı seçkilərdən, orada iqtidarda qalacaq qüvvələrin kimliyi bəlli olandan sonra hər hansı qərar verilə bilər. Deməli, hazırda hər hansı bəyanatın icrasını gözləmək olmaz".

Deputat Aydın Mirzəzadə   bildirib ki, ATƏT-in Minsk qrupunun vəzifəsi birbaşa ora daxil olan ölkələrin təhlükəsizliyi məsələləri ilə məşğul olmaqdır: "Bu baxımdan bu mandatın hansı təşkilata verilməsinin elə də böyük əhəmiyyəti yoxdur. Əsas məsələ Dağlıq Qarabağ probleminin həll edilməsidir". Deputat qeyd edib ki, problemin həllində format deyil, mahiyyət önəmlidir: "Təsəvvür edin ki, münaqişənin həlli ilə bağlı BMT-də hər hansı bir qrup yaradıldı: "Bura dünyanın aparıcı dövlətləri daxil olacaq. Əgər ABŞ, Fansa və Rusiya indiyədək Ermənistanı ATƏT çərçivəsində işğalçı adlandırmayıblarsa, bunu BMT-nin qrupu çərçivəsində edəcəklərinə inanmaq olarmı? Burada söhbət formatdan deyil, mahiyyətdən gedir. Beynəlxalq ictimaiyyət Ermənistanı öz adı ilə çağırmalı və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə öz töhfəsini verməlidir".

A.Mirzəzadə söyləyib ki, Dağlıq Qarabağ məsələsinə biganəlik ümumilikdə dünyanın stabillik modelini böyük təhlükə altına qoyur:  “Vaxtilə terrora soyuq münasibət bəsləyən dövlətlərin özlərinin paytaxtlarında bu gün terror hadisələri baş verir. Kim zəmanət verə bilər ki, sabah Ermənistanın cəzasızlığı digər dövlətləri  də bu hərəkətə sövq etməyəcək? Düzdür, ATƏT-in Minsk qrupu problemi həll edəcək vəziyyətdə deyil. Lakin  bu mexanizmdən daha yaxşısı da ortada yoxdur. Bu baxımdan nə qədər zəif, vəzifəsinin öhdəsindən gəlməyən olsa da, ondan  istifadə etmək lazımdır. Düşünürəm ki, ATƏT-in 3 həmsədr dövləti  Dağlıq Qarabağ münaqişəsinin həllinin məsuliyyətini daşıdıqlarını hər gün yada salmalıdırlar".

Politoloq Vasif Əfəndiyevin sözlərinə görə isə Ermənistanda aprelin 2-nə təyin edilmiş seçkilərdən dərhal sonra narazı qüvvələr Sarkisyanın "Qarabağ klanı"na qarşı böyük etiraz aksiyaları keçirəcək: "Hazırkı iqtisadi çətinlik və hərbi əməliyyatlar zamanı uğursuzluq bu seçkilərdə Sarkisyan üçün böyük əngəl olaraq qalmaqdadır. Erməni xalqına isə arzum odur ki, bu korrupsioner və quldur rejimdən qurtulmaq üçün əllərindən gələni etsinlər. Bundan sonra isə Azərbaycanla münasibətlərin normallaşması istiqamətində çalışsınlar. Biz də onlara normal yaşamaları üçün əlimizdən gələn köməyi və dəstəyi verə bilərik. İnanıram ki, Ermənistanda Qarabağ probleminin ədalətli həllini istəyən qüvvələr var və bu qüvvələr bir gün öz quldur hakimiyyətlərini dəyişəcəklər".

PƏRVANƏ

 





29.03.2017    çap et  çap et