525.Az

Gənc yazarlara Azərbaycan Yazıçılar Birliyinin üzvlük vəsiqələri təqdim edildi (Fotolar)


 

Gənc yazarlara Azərbaycan Yazıçılar Birliyinin üzvlük vəsiqələri təqdim edildi <b style="color:red">(Fotolar)</b>

Azərbaycan Yazıçılar Birliyində Gənc Ədiblər Məktəbinin bir sıra üzvünə qurumun üzvlük vəsiqələri təqdim olunub.

525.az-ın məlumatına görə, bununla bağlı tədbirdə gənc yazarlardan Emin Piriyə, Günel Eyvazlıya, Leyla Şərifovaya,  Könül Səidə, Vəlixan Abdullayevə, Ramil Əhmədə, Aysel Kərimə, Eşqanə Babayevaya, Nicat Zal Qaraxanlıya, Elmar Vüqarlıya, Dürnisə Əbdülhəsənovaya, Nərmin Azadgilə, Dəyanət Əlizadəyə, Sara Selcana  birliyin üzvlük vəsiqələri verilib. Vəsiqələri gənclərə AYB-nin sədri, Xalq yazıçısı Anar təqdim edib.  Xalq yazıçısı gənc ədibləri təbrik edərək onlara uğurlar arzulayıb. Qeyd edib ki, onların seçdikləri bu peşənin çox çətin və keçməkeşli yolları var: “Bu yol həm çətindir, həm də şərəflidir. Başınıza qalmqallar da gələcək, sıxılacaqsınız zaman-zaman. Amma çətinliyi ilə bərabər bu yolun həm də sevinc, qürur hissi gətirən tərəfləri də var. Kimsə sizi tanıyanda, oxuyanda, sevəndə siz bu hissləri yaşayacaqsınız. Bu ocaq klassiklərimizin bizə qoyub getdiyi müqəddəs bir ocaqdır. Sizlər də bu ocağa sadiq qalın, bizdən sonra bu ocağın odunu sönməyə qoymayın”.

AYB-nin gənclər üzrə katibi, “525-ci qəzet”in baş  redaktoru Rəşad Məcid də gəncləri bu münasibətlə təbrik edib və öz imzalarını təsdiqləyəcəklərinə böyük ümid bəslədiyini deyib. Gənc Ədiblər Məktəbinin koordinatoru Emin Piri  gənclərə göstərilən diqqət və qayğıya görə Xalq yazıçsı Anara və gəncləri hər zaman dəstəkləyən, onların yaradıcılığının işıqlandırılmasında öz köməkliyini əsirgəməyən Rəşad Məcidə minnətdarlığını bildirib. Tədbirə Gənc Ədiblər Məktəbinin əvvəlki yetirmələrindən olan Leyla Şərifova və Pərvin də qatılıblar. Onlar da öz həmkarlarını təbrik edib, hər birinə yaradıcılıq uğurları diləyiblər. Sonda gənclər Xalq yazıçısı Anarla xatirə şəkli çəkdiriblər.

GÜNEL

 





26.04.2013    çap et  çap et