525.Az

“İrəli” sədri Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri ilə görüşdü


 

“İrəli” sədri Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri ilə görüşdü<b style="color:red"></b>

“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elayd ilə görüşüb.

Təşkilatdan verilən məlumata görə, görüş zamanı İslam ölkələrinin gənclər təşkilatlarının birlikdə əməkdaşlığı müzakirə olunub, mərkəzin təşkil etdiyi sərgilərə birgə əməkdaşlıq çərçivəsində ekskursiyaların təşkil olunmasıyla bağlı fikir mübadiləsi aparılıb, bu əməkdaşlığın Azərbaycan gəncliyinin maariflənməsində böyük rolu olacağı qeyd edilib.

Mərkəzin sədri Əhməd Sami Elayd eyni zamanda Ayn-Şəms Universitetinin Ədəbiyyat fakültəsində Azərbaycan dili müəllimidir. Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin ərəb dilində zəngin kitabxanası var. Əhməd bəy görüşdə bu zəngin kitabxanadan istifadəyə, Misirdə olan tariximizlə bağlı mənbələrin tədqiqata cəlb edilməsinə dair öz köməyini təklif edib.

Bildirilib ki, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində həm də ərəb dili kursları keçirilir. Əhməd Sami Elaydi "İrəli" İctimai Birliyinin əməkdaşlarını, üzvlərini bu kurslarda iştiraka dəvət edib və qeyd edib ki, kursu bitirənlərə sertifikatlar veriləcək. Misirli alim ulu öndər Heydər Əliyevin “Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” sözlərini xatırladaraq Azərbaycanı sevdiyini və Azərbaycançı olduğunu bildirib. O, qeyd edib ki, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi Azərbaycanda ilk və yeganə ərəb mədəniyyət mərkəzidir və bu mərkəz Bakıda 1999-cu ildən fəaliyyət göstərir.

“İslam Həmrəyliyi İli” çərçivəsində “İrəli” ilə mərkəzin birgə tədbirləri olacaq.

Misirli qonaq bildirib ki, hədəfimiz birdir: “Azərbaycan və Misir arasındakı əlaqələrin dərin tarixi kökləri var.

Mən özümü Azərbaycanda bir misirli kimi qürbətdə hiss etmirəm”.

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri üzərində qədim Misirə aid təsvirlər olan papirus kağızını ”İrəli” İctimai Birliyinə hədiyyə edib.

Qeyd edək ki, Misir Mədəniyyət və Təhsil əlaqələri mərkəzi Azərbaycanda 19 ildir ki, fəaliyyət göstərir. Mərkəz Azərbaycan dövlətinin rəsmi qurumları ilə əməkdaşlıq edir.

Ceyhun ABASOV

 





30.03.2017    çap et  çap et