525.Az

Bir dəfə Türküstanda... - Fotolar


 

Bir dəfə Türküstanda... - <b style="color:red">Fotolar</b>

Ötən il Şəkidə TÜRKSOY daimi şurasının qərarı ilə Qazaxıstanın Türküstan şəhəri Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edildi.

Bu, Astana, Əskişəhər, Kazan, Mərv, Şəkidən sonra altıncı mədəniyyət paytaxtı olacaqdı. Bu şəhərlərin hər birinin seçilməsində onların qədim türk mədəniyyətini, tarixini əks etdirməsi, həmçinin müasir tədbirlərin, irimiqyaslı layihələrin həyata keçirilməsi üçün çağdaş tələblərə cavab verməsi əsas götürülür. Ona görə yeni mədəniyyət paytaxtının seçilməsini mətbuatdan oxuyan kimi elə internetdən bu şəhər haqqında bilgilər almağa, tarixi haqqında öyrənməyə çalışıram. TÜRKSOY-un bu dəfəki qərarı da təsadüfi deyilmiş. Xoca Əhməd Yəsəvinin adıyla bağlı olan bu qədim şəhər türklərin mənəvi ocağı, mərkəzi sayılırmış. Eyni zamanda Şərq poeziyasının özəyini təşkil edən sufizmin də beşiyi bura, Yəsəvinin vətəni imiş...

Bir sözlə Türküstanın mədəniyyət paytaxtı seçilməsində əsas məqsəd türk dünyasının müxtəlif yerlərindən olan fikir, söz, sənət adamlarının diqqətini bura cəlb etməkdir. Ənənəvi olaraq hər il keçirilən böyük Novruz şənliyi ilə mədəniyyət paytaxtının açılış mərasimi üst-üstə düşür. Həmçinin TÜRKSOY-un Media mükafatları da bu mərasimdə təqdim olunacaq.  

Hava limanı... "CƏNGİ" havası!!! 

Qəribə bir romantikası var Hava limanının... Daha doğrusu burda həmişə qarışıq hisslər keçirirsən. Bir tərəfdən qarşıdakı səfərdən gözləntilərin - gəzəcəyin təzə yerlər, görəcəyin yeni adamlar, alacağın təəssüratlar haqda düşünməyin... Bir yandan Bakıda qoyub getdiyin adamlar... Bəzən nədənsə hədsiz üzücü gələn mərhələləri  keçib azad zonaya çıxandan sonra başlanır bu ovqatın... Təyyarəyə miniyə saat yarım var. Bir tərəfdə oturub telefona əl atırsan... Elə qəribçiliyə də burda düşürsən. Bilirsən ki, darıxacaqsan. Bilirsən ki, uzaqlıq bir az da arıtlayacaq hisslərini... Bilirsən ki, otel otağının uzun və üzücü gecələrində həsrətin bir az da artacaq... Amma yaxşı ki, XXI əsr bütün uzaqları yaxın edib... Ovcundakı kiçik bir "dəmir lövhə" ilə soraq ala bilərsən əzizlərindən, hənirlərini duya bilərsən. Elə bunları düşünüb qeydlərimi edirəm ki, birdən "Cəngi" qrupunun bədii rəhbəri Mircavad Cəfərovun narahatlıq içində telefonla danışa-danışa ora-bura var-gəl etdiyini görürəm. Məsələ burasındadır ki, Türküstanda baş tutacaq açılış mərasiminə Azərbaycandan da sənətçilər dəvətlidir. Daha doğrusu bu mərasimdə ölkəmizi "Cəngi"nin rəqs ansamblı və xanəndə Rövşən Əziz, tarzən Mircavid Cəfərov, kamança ustası Xəyyam Məmmədovdan ibarət muğam triosu təmsil edəcək. Qrupun rəhbəri Mircavad Cəfərovun təşkilati işlərlə bağlı qayğılarını görüncə sənətin səhnəarxası tərəflərini düşünürəm yenə... Axı sadəcə öz sənətinlə məşğul olsan nə var ki... Bəzən ruhunu, ilhamını talayan bu texniki işlərdən sonra yenidən köklənmək, yenidən o ilahi hala qayıtmaq sadə deyil. "Cəngi" üçün isə bu, gündəlik həyata çevrilib, adiləşib bir az da... Avropanın müxtəlif şəhərlərində, nüfuzlu salonlarında  konsertlər, Amerikaya səfərlər, orda qazanılan uğurlar, türk dünyasının fərqli yerlərində çıxışlar, bütün bunların səhnəarxası tərəflərini təsəvvür etmək çətin deyil. Və heç şübhəsiz ki, belə "iqlim", mühit, hava  dəyişikliklərindən keçən adamlar xeyli təcrübəlidirlər. Amma bir azdan Almata şəhərinə uçuş zamanı etdiyimiz söhbətlərdən, qrup rəhbərinin və üzvlərinin danışdıqlarından başa düşəcəyəm ki, bizim bildiklərimiz heç nədir. Və əslində Mircavad müəllimin qəribə bir səmimiyyətlə danışdıqları mənə yeni əsər, bəlkə də bəlgəsəl roman mövzusu da verəcək. Ancaq indi, yazımın bu yerində tək bir qənaətimi bölüşmək istərdim. "Cəngi"nin böyük uğurlarının arxasında fantastik zəhmət durur. Bir də fövqəladə BİRlik... Komanda olmaq məharəti! Bütün bu dediklərimi Türküstanda müşahidə etdiklərim də təsdiqləyəcək...

Altun ev... Yasəvi Universitetinin tələbələri...

Qalacağım otelin qarşısında saxlayır maşın. Gözdən-könüldən uzaq Türküstan mədəniyyət paytaxtı seçilər-seçilməz burda yeni otellər, qonaq evləri inşa edilib. "Altun ev" də onlardan biridir. İçəri girincə "təmir" qoxusu burnumu dalayır... 12 saatlıq yolçuluqdan sonra arzum sadəcə rahatlıqdı. Amma nədisə yerləşdirmə, sənədləşmə işi uzun çəkir. Otelin önünə çıxıb hava almaq istəyirəm bir az və gördüyüm mənzərə məni heyrətləndirir. Yeni, dəbdəbəli, müasir otelin adı yazılmış böyük lövhədən iki dəstə  üzərrik asılıb. Aman Allah, dünyaya sərkərdələr, fatehlər bəxş edən, cəngavər xislətli, döyüşkən, cəsur türkün bəd nəzər qorxusu dəhşətdir. Ordunun yıxa, düşmənin sarsıda bilmədiyini bəd nəzər məhv edə bilər türkə görə... Və bundan qorunmaq üçün bir dəstə üzərriyin boğazına ip bağlayıb başının üstündən asmaq kifayətdir. Hələ o üzərriyi yandıra bilsən, ümumiyyətlə zaval yoxdu sənə. Bunları düşünüb gülümsəyirəm, yorğunluğum çıxır bir az... Səhər isə unudulmaz, maraqlı bir gün yaşayacam...

...Otel xidmətçisi qapımı tıqqıldadıb "sizi aşağıda gözləyirlər" - deyir. Tez-tələsik hazırlaşıb enirəm, düşünürəm yəqin bələdçimdi, axı dünən sağollaşanda səhər gələcəyini, şəhərə çıxacağımızı söyləmişdi?! Pilləkənin ayağında tələbələrimə bənzəyən gənc bir oğlan durub, bizim dildə salamlaşıb "Siz bu otağa keçin, Pərvin xanım" - deyir. Və mən təəccübqarışıq üzüyolalıqla otağa keçirəm. İçəri girincə bu xoş və qəribə sürprizdən çaşıram. Nərmənazik qızlar, səliqəli geyimli oğlanlar əllərində şarlar, güllər məni salamlayırlar. Başlarında gənc şair dostumuz Ruslan Dost Əlini görüncə hər şey aydın olur. Burda, Əhməd Yəsəvi Universitetində təhsil alan gənc şair dostları ilə görüşümə gəlib. Ruslan "Burda olduğunuzu Rəşad müəllim yazıb, xəbər elədi" - deyincə daha yaxşı başa düşürəm olanları. Gəncləri uzaqdan da olsa yönləndirmək, görüşdürmək Rəşad müəllimin köhnə xasiyyətidir. Beləliklə, çay süfrəsi arxasında oturub tanışlığa, söhbətə başlayırıq. Məndən ötrü bu görüşün bir neçə xoş və yaddaqalan tərəfi var. Həmyerlilərimi görmək, gənc tələbələrin ordakı həyatını, məişətini, necə təhsil almasını öyrənmək, həmçinin müxtəlif türkdilli xalqlardan olan bu tələbə qızları danışdırıb onların milli adətləri, yaşam tərzləri haqqında bilgilər əldə etmək son dərəcə maraqlıdı... Noğay qızı  Ajmulaeva Nasipli, Türkmənistandan Çariyeva Ogülcan, özbək tələbə Mavlyanova Madina, qazax qızları Mustafa Aru və Sariphanova Aray, Yakutiyadan Matveyeva Aysiena,  əfqan qızı Saleh Suraya və azərbaycanlı tələbələr Alxas Nağıyev, Kamran Alışov, Ziya Əkbərli ilə söhbətimiz maraqlı alınır. Öyrənirəm ki,  Əhməd Yəsəvi Universiteti Türkiyə Cümhuriyyəti ilə Qazaxıstanın birgə qurduğu təhsil ocağıdır. Hər il türk dünyasının çeşidli yerlərindən, ucqarlarından istedadlı, savadlı gənclər burda təhsil üçün seçilir. Məqsəd həm də ortaq türk mədəniyyətini inkişaf etdirmək, türkdilli xalqların incəsənətini, elmini bir az daha yaxınlaşdırmaqdı. Qonaqlarımın söylədiyinə  görə bu iş doğrudan da effektiv alınıb. Qızlar deyirlər ki, burda universitetdə oxuduqları müddətdə təkcə təhsillərini yox, dünyagörüşlərini də artırıblar,  müxtəlif ölkələrdən gələn həmyaşıdları ilə ünsiyyət onlara çox şey verib...

Samsa... Ogülcanın dediklərindən...

Qarşılıqlı müsahibə veririk bir-birimizə, gah rusca, gah türkcə, gah da öz dilimizdə danışırıq... Qazaxların milli kökələrinin, "samsa"nın dadına baxmağımı istəyirlər. Nədənsə bu çay süfrəsinə, ortaya qoyulmuş qazax kökələrinə baxanda Ruslanın ötən il yay aylarından ona populyarlıq gətirmiş şeiri yadıma düşür:

Bu pulun olmayan vaxtı,
derəm, noola, bircə dəfə
yeyib-içəsən, deyələr
hesabı şeirnən ödə...
Ömrün-günün qara vaxtı,
şeiri bir bəyaz boya san...
Bircə səhər üzün gülə:
məktəbə gedən oğlunun
cibinə şeir qoyasan... 

Şeiri məşhurlaşdıran səmimiliyi oldu məncə. Həm də şair yaşına, şairliyinə tam uyğun bir arzusunu dilə gətirib. Axı şair üçün şeirindən dəyərli nə ola bilər?! Həm də bir gənc şair şeiriylə hesab ödəmək istəyirsə, burda qəbahət nə var ki? Amma XXI əsrdə belə arzular sadəcə elə Şeir ola bilər. Ona görə süfrə arxasında bir az naqolay hiss edirəm özümü. Tələbə təqaüdü ilə yaşayan gənclərə əziyyət vermək istəmirəm. Amma söz-sözü çəkir və bütün digər məsələlər arxa plana keçir. Samsanın dadına baxınca isə uşaqlığım gəlir gözümün önünə... Bakı kəndlərində bişirilən Xilə qutabının dadıdı eynən. Sadəcə samsa üçkünc bükülür, Xilə qutabı yarımay formasında olur, vəssalam. Qoxu, dad eynidir. Görünür türk xalqlarının eyniliyi bütün sahələrdə özünü göstərir, mədəniyyətdə də, musiqidə də, ədəbiyyatda da, dillərimizdə də, hətta kulinariyada da... Sadəcə zamanla, əsrlər keçdikcə hər millət bir cür istiqamətlənib, bir şəkildə inkişaf edib.

Türkmən qızı Ogülcanın dediklərindən isə ciddi fərqlərimizi də hiss edirəm! Daha doğrusu bu böyük fərqlərə görə şükür edirəm. O deyir ki,  Türkmənistanda ən çətin iş evlənməkdi. Əgər bir xarici vətəndaş türkmən qızı ilə ailə qurmaq istəyirsə, o adam, yəni "xarici bəy" Türkmənistan hökumətinə 40 min dollar pul ödəməlidi. Bəli-bəli qırx min! Bu, təxminən indi də bəzi kəndlərimizdə qalan, qıza görə "başlıq" vermək kimi bir qanundu... Amma bundan əlavə öz vətəndaşları üçün də evlənmək çətindi. Çox bahalı adətləri varmış. Ona görə övlad dünyaya gələn kimi valideyn onun üçün cehiz yığmağa, qızıl almağa, toyunun tədarükünü görməyə  başlayır. Çünki bütün bunları sadə bir türkmən ailəsi elə ancaq 20-25 ilə edə bilər. Ogülcan gündəlik qadağalardan, "olmaz"lardan danışdıqca halım dəyişir. Ürəyin istədiyin kimi geyinə bilməzsən, yalnız xüsusi uniforma ilə getməlisən işə. O uniforma da son dərəcə zövqsüz tikilir, ətəyi uzun, başında yaylıq filan... Bir az baxımlı görünsən, hamı dedi-qodu edəcək, bezdirəcək, rəhbərlik səviyyəsində danlanacaqsan. Hətta şiddətli töhmət də ala bilərsən... Ogülcanın bütün dediklərini yazmaq istəmirəm, sadəcə bu qadağaların siyahısı o qədər uzundu ki, birdən dözməyib - "Bəs sevmək olar?" - soruşuram. Qız təəccüblənib - Əlbəttə - deyir. Yəni, sən qəlbində sevirsən sev də, kim sənə mane ola bilər? Onda mən sualımı bir az da dəqiqləşdirirəm: "Axı sevmək elə-belə, sadəcə qəlb işi deyil... Məsələn, mən sevdiyim üçün xüsusi bəzənmək istəyirəm, əlindən tutub səhərəcən küçələri gəzmək istəyirəm, yağışın altında rəqs eləmək istəyirəm... Nə bilim, ağzımı göyə tutub "səni sevirəm" qışqırmaq istəyirəm...

Bunlara icazə var?" Deyəsən, bu məqamda Ogülcanı xeyli təəccübləndirirəm, şaşqınlıq içində "Yox, yox, bunlar olmaz..." - deyir. Sonra o, ölkəsində yaşamağın üstünlüklərini də vurğulamağa başlayır. Və aramızda qəribə bir dialoq yaranır... "Amma bizim ölkədə çörək pulsuzdu...", "amma bizdə kommunal xərclər dövlət hesabınadı", "amma bizim müəllimlər çox yüksək maaş alırlar", "bizdə səhiyyə də pulsuzdu" söylədikcə, mən "yox, əzizim, istəmirəm, çox sağ ol..." - deyirəm. Doğrudan da azadlıq olmayan yerdə bütün bunlar insanın nəyinə lazımdı?! Çörəyi az da yeyə bilərsən, işığı qənaətlə işlədib kommunal xərcini idarə edərsən, nə bilim, daha başqa arzularını cibinə uyğunlaşdırarsan, ehtiyacsız yaşamağı öyrənərsən, ona görə yox ki, hər şeyin var, ona görə ki, olmayanı istəmirsən... Amma buxovlar içində, hisslərini məngənəyə salmalı olduğun mühitdə, sadə insani arzularına görə utandırıldığın bir yerdə necə yaşaya bilərsən?! Heç necə!!!    

Bir anlıq fikir verirəm ki, süfrə arxasında hər kəs Ogülcanla dialoqumuzun təsirindədir. Ona görə mövzunu dəyişib xoş nələrdənsə danışır, qızların yazıçı rejimi haqqında suallarına cavab verir və zamanın azlığına heyfislənirəm. Bələdçim gözləyir, ona görə sağollaşıb çıxmalı oluram. Sağollaşanda qazax qızı Aray - "bu şarları sizin üçün gətirmişik, götürün, otağınıza aparın deyir..." Gülürəm, şarların uzun iplərini əlimə dolayıb ardımca dartıram və bu məqamda oğlumla aramızdakı yaş fərqimiz də azalır deyəsən...   

Seyid Əhməd Yəsəvi...    

Türküstanın mərkəzi meydanında, Yəsəvinin məqbərəsi ətrafında dolaşdıqca qəribə hislər keçirirəm. Əvvəlcə bu bölgənin valisi çox da yaxşı anlamadığım, amma yeni-yeni tək-tək sözlərini öyrənməyə çalışdığım qazax dilində salamlayır qonaqları. Müxtəlif ölkələrdən 300-dən çox qonaq qatılıb tədbirə. Üstəgəl şəhər sakinləri, yerli ziyalılar və s. Bir sözlə meydanda adam əlindən yer yoxdu. Bir az kənarda qurulmuş yurtalara uzaqdan baxıram hələ ki... Qəribə bir film ab-havası var burda... Çıxışlardan, salamlamalardan sonra qonaqları Seyid Əhməd Yəsəvi türbəsinə dəvət edirlər. Türbə XIV əsrin sonu XV əsrin əvvəllərinə aiddir, 1389-1405-ci illərdə Teymurləngin əmriylə tikilib. 2002-ci ildə UNESCO tərəfindən tarixi abidə kimi təsdiqlənib, qəbul edilib.

Türklərin bu türbə ilə bağlı qəribə inancları var. Burda edilən dualar tez yerinə yetirmiş... Ənənəvi Şərq memarlığı üslubunda olan, Şərq ornamentləri ilə bəzədilmiş türbə kənardan bir az da mistik görünür. Abidənin divarlarında yuva quran quşların uçuşu, hərdən də ziyarətçilərin başı üstündə durub qanad çalması bu mistikanı bir az da artırır. Sanki Yəsəvinin ətrafında uçuşan mələklərdi bu quşlar... Ya da edilən duaları Allaha çatdıran elçilərdi, bilmirəm. Hər halda fürsətdən yararlanıb arzularımı pıçıldayıram quşlara... Çoxlu arzularımın içərisindən birini lap ciddi-ciddi tapşırıram onlara. Deyirəm ki, Şuşaya getmək istəyirəm... Sonra yan-yövrəmə baxıb görürəm ki, "heç kim yoxdu"... Bir az da ürəklənib "ordakılara de ki, daha səbrim qalmayıb!" - deyə pıçıldayıram...         

Möhtəşəm Bayram... Media ödülü...

Sərginin içərisi ilə addımlayırıq... İştirakçı ölkələr öz stenlərində əl işlərini, sənət nümunələrini nümayiş etdirirlər. Üstəgəl musiqi müşaiyəti hər şeyi tamamlayır. Sanki türk dünyasını kiçik bir ekskursiyaya çıxmışıq. Qazaxlar dombrada ifa edib öz stendlərinə tərəf dartanda, birdən qarşıda özbək rəqqasların şux musiqi sədaları altında çevik rəqslərini görürsən və bir az qabaqda tatar nənələri milli mahnılarını  oxuyub ziyarətçilərin bayramlarını təbrik edirlər. Bütün bu yaxşı mənada xaosun içində Azərbaycan xalçaları uzaqdan gülür üzümə... Stendimizə yanaşıb nümayiş olunan nümunələrə baxıram, bir az qızlarla söhbətləşib gedirəm...

Açılış mərasiminin baş tutacağı meydanda əsl bayram, Novruz ab-havası var. Yerli adamlar uşaqlarını da götürüb bayrama gəliblər. Hətta sadə camaat da milli geyimləri, papaqları ilə qatılıblar mərasimə... Son dərəcə dəbli bir kişi kostyumunun üstündən milli ornamentlərlə işlənmiş, alabəzək qazax plaşını geyinmək sadədi onlardan ötrü. Çünki bayramdı, Novruz bayramı, hələ üstəlik doğma şəhərləri Mədəniyyət paytaxtı elan olunur. Ona görə bu gün milli, özünəməxsus nə varsa, onunla sadəcə qürur duymaq olar... Elə bu cür də görünürlər.

Beləliklə qonaqlar üçün ayrılmış yerlərdə əyləşib gözləyirik. Əsl möhtəşəm bir türk bayramı, türk mədəniyyətinin, musiqisinin təntənəsi başlayır. Bu anlarda keçirdiyin hissləri sözə çevirmək çətindir. Rəqs kollektivləri əllərində ölkələrinin bayraqları meydan boyu, seyrçilərin qarşısından keçib gedirlər. Bir azdan  Dədə Qorqud dəvə belində gəlir, xeyir-dua verir, igidlər at belində çaparaq keçirlər, meydanın kənarlarında simvolik bəyaz yurtalar qurulur anındaca, incə-mincə qızlar sevgililərinə yaylıq yelləyirlər bu yurtalardan. Sonra böyük bir rəqs kompozisiyası nümayiş olunur. Bütün rəqs kollektivləri iştirak edir bu kompozisiyada. Ardıcıllıqla hər biri qabağa çıxıb öz milli rəqsini təqdim edir. "Cəngi" rəqs ansamblı da Dilşadı rəqsini oynayır... Bu böyük, bütöv türk mədəniyyəti içərisində də özünü ayrıca görmək, öz musiqini eşitmək insanı ruhlandırır. Və bir anlıq düşünürəm qədim, zəngin mədəniyyətimizlə qürurlanmağa haqqımız var. Amma bu hisslərimizi bütöv, sevincimizi möhtəşəm edən azadlığımızdı. Axı cəmisi 25-26 il öncə bunlarla nəinki öyünmək, heç bunların adını tutmaq, bunlar haqqında düşünmək belə ixtiyarımızda deyildi. Ona görə indi görünür o itirilmiş zamanın da yerini doldurmalıyıq. Bəlkə elə TÜRKSOY-un bir məqsədi də budur. TÜRKSOY sədri Düsen Kaseinov salamlama nitqində bu böyük mədəniyyəti hərtərəfli təbliğ etməyin mühümlüyündən danışır. Və TÜRKSOY-un hər il müxtəlif türkdilli ölkə qələm adamlarını təltif etdiyi Media Mükafatının təqdimat mərasimi başlanır. Əvvəlcə ölkəmin adını, sonra öz ad, soyadımı eşidirəm... Sevincək səhnəyə qalxıram, TÜRKSOY Media Mükafatını alıram. Artıq bir neçə ildir ki, TÜRKSOY-dan yazan, onun tədbirlərini, uğurlarını işıqlandıran adam kimi qürurluyam. Axı mətbuatın ölüm-itimlərlə, kriminalla, faciələrlə çulğalandığı bir zamanda mədəniyyətdən, ümumtürk incəsənətinin uğurlarından yazmaqdan gözəl nə ola bilər?!

Yemək... Sonra yemək...

Və yenə də yemək!

Türküstan tarixi məkanları ilə, insanlarının qonaqpərvərliyi ilə, əhalisinin gülərüz olması ilə qaldı yadımda... Amma həm də zəngin süfrələriylə yaddaşıma əbədilik həkk olundu. Açılış mərasimindən sonra yurtalara dəvət olunuruq. Bu yurtalarda süfrələr açılıb, qonaqlara milli yeməklər verilir. Milli geyimlərdə qazax qızları yurtaların qapıları ağzında durub içəri dəvət edirlər. Birinci dəfə bu, o qədər maraqlı, hətta ekzotik təsir bağışlayır ki... Ancaq məsələ burasındadır ki, at əti yeməyən, kumıs içməyən adam üçün bu süfrə arxasında oturmaq sadə deyil. İri sinilərdə at əti, böyük boşqablarda atın daxili orqanlarından müxtəlif qəlyanaltılar, həmçinin kumıs bu süfrələrin bəzəyidir. Kim at əti yemir, o türk deyil - deyirlər süfrə arxasındakı qazaxlar. Amma başqa bir yaxşı deyim də var ki, "Atı yeməzlər, atı minərlər..." Ona görə süfrədəki özbək aşı ilə birtəhər başımı qatıb müşahidə edirəm. Bir azdan bu cür məclislərin kuliminasiya məqamı yetişir. Bütöv bişirilmiş qoyun kəlləsi ağsaqqalın qabağına qoyulur. Ağsaqqal iti bıçaqla bu kəlləni bölüşdürüb qonaqlara verməlidir. Və bu bölüşdürmənin özünün də xüsusi "dramaturgiyası" var... Qulaqları musiqiçiyə, yaxşı eşitsin deyə, gözləri yazıçıya, yaxşı müşahidə eləsin deyə, dili balaca uşaqlara, yaxşı dil açsınlar, səlis danışsınlar deyə. Bir sözlə şəhərli mədəsi daşıyan adam üçün burda elə də asan deyil...

...Digər yurtalara da baş çəkdikcə türkün yemək sevdasını, yeməyə münasibətini düşünürəm. Bir də indi toylarımızdakı ifrat zəngin süfrələrin tarixə gedən səbəblərini anlayıram. Axşam onların "Səltənət sarayı" adlandırdığı şadlıq evində rəsmi ziyafətdə bu düşündüklərim təsdiqini tapacaq. Yəni bu yemək ənənəsi onlarda da yurtalarda qalmayıb, tarixə qovuşmayıb, çox müasir salonda, rəsmi ziyafətdə də eyni mənzərənin şahidi oluruq. Ziyafət vaxtı müxtəlif ölkələrdən gələn sənətçilər musiqi nömrələri ilə əyləndirirlər qonaqları.

Və birdən salonun lap küncündə məşq edən özümüzküləri görürəm. Xanəndə Rövşən Əziz çıxışına hazırlaşır. Yanaşıb hal-əhval tuturam. Bu səs-küydə məşq etmələri qəribə gəlir mənə... "Bir-birimizi eşidirik" - deyir gənc tarzən Mircavid. Və bir azdan Rövşən Əziz Xəyyam Məmmədovun (kamança), Mircavid Cəfərovun (tar) müşaiyəti ilə "Mənim Azərbaycanım" oxuyub sehrləyir qonaqları... Muğamımıza, musiqimizə reaksiyaları görmək son dərəcə qürurvericidir. Hətta o qədər böyük zövqdür ki, dopdolu süfrə də gözünə görünmür daha...

Bakıyaaa...

Bütün gedişlərin, səfərlərin bir üstünlüyü də müqayisə imkanı yaratmasıdı. Yəni getdiyin yerlər, gördüyün təzə məkanlar, tanış olduğun adamlar özünə, ölkənə kənardan baxmaq üçün fürsətdi əslində. Bu mənada Türküstan səfəri çiçəklənən Bakını, müasirləşən bölgələrimizi bir az da yaxşı görməyimə səbəb oldu... Və artıq şablonlaşmış "analoqu olmayan inkişaf" ifadəsinin mənasını daha yaxşı anladım...

... Bakıya Aktaudan uçmalıyam. Aktau hava limanında Bakıyla bütün əlaqələrim kəsilir. Telefon bağlanır, internet işləmir, burdakıların nigaran qalacağını bilsəm də, əlim heç nəyə çatmır. Ümid yalnız təyyarəyədi. Bir neçə saatdan sonra məni doğma şəhərimə, əzizlərimə çatdıracaq təyyarəyə... Amma sevdiklərimə doğru uçmaq üçün təyyarəyə ehtiyac varmı? Yox! Elə isə qanadlarımı taxdım! Bakıyaaa... 

 





30.03.2017    çap et  çap et