525.Az

Dövlət Komitəsində soyqırımı qurbanları yad olundu


 

Dövlət Komitəsində soyqırımı qurbanları yad olundu<b style="color:red"></b>

Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə komitənin sədri, sədr müavinləri, eləcə də mərkəzi aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

Komitədən verilən məlumata görə, tədbirdə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ermənilərin xalqımıza qarşı müxtəlif dövrlərdə həyata keçirdikləri soyqırımı və işğalçılıq siyasəti barədə məlumat verib.

O, bildirib ki, iki yüz ildən artıqdır ki, erməni millətçiləri tərəfindən xalqımıza qarşı ardıcıl soyqırım və təcavüz siyasəti aparılır: “Ermənilərin ölkəmizə qarşı mənəvi, ideoloji tərəfdən basqınları, mənhus planları bugünədək davam edir”.

1918-ci ildə erməni millətçiləri tərəfindən törədilən qanlı faciənin tarixi haqqında danışan Mübariz Qurbanlı məhz ümummilli lideri Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların Soyqırımı haqqında” fərmanının tarixin qaranlıq səhifələrinə işıq salmağa imkan verdiyini diqqətə çatdırıb.

O, qeyd edib ki, bu fərman uzun illər bundan əvvəl baş vermiş hadisələr barədə həqiqəti açıqlayıb, xalqın yaddaşını təzələyib, onu öz tarixi köklərinə, mənəvi-əxlaqi dəyərlərinə, Vətənə məhəbbət duyğularına qaytarıb: “Azərbaycan dövləti azərbaycanlı əhaliyə qarşı soyqırımı və etnik təmizləmələr haqqında həqiqəti beynəlxalq ictimaiyyətə çatdırılmasının əsasını qoymuş olub”.

Komitə sədri çıxışında 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılan, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlandırılması üçün mühüm rol oynadığını xüsusi vurğulayıb.

M.Qurbanlı qeyd edib ki, 31 Mart soyqırımının qurbanları daim yad edilməli, bu məlumatlar yetişməkdə olan nəslə çatdırılmalıdır. Komitə sədri Dövlət Komitəsinin əməkdaşlarına həyata keçirilən maarifləndirmə tədbirlərində tarixi faktların əhalimizə, xüsusilə gənclərə çatdırılmasına xüsusi önəm vermələrini tövsiyə edib.

Anım mərasimindən sonra 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar olaraq Dövlət Komitəsi tərəfindən görülmüş işlər və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparılıb və müvafiq tapşırıqlar verilib. Eyni zamanda, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mərkəzi Aparatının və bölgə şöbələrinin müdirlərinin hesabat məruzələri dinlənilib. Məruzələrdə ölkədəki mövcud dini durum, dövlət-din münasibətləri, dövlətin dinə qayğısı, Azərbaycanın zəngin tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin qorunması və digər aktual məsələlərlə bağlı müzakirələr aparılıb.

Ceyhun ABASOV

 





30.03.2017    çap et  çap et