525.Az

Bədbəxt uşaqlar - Orxan Aras Almaniyadan yazır


 

Bədbəxt uşaqlar - <b style="color:red">Orxan Aras Almaniyadan yazır</b>

"Praqada gəzərkən bir prospektdə Kafkaya rast gəldim.

Başıaşağı gedirdi. Arxasından səsləndim:

- Necəsən?

Döndü, o hüzn dolu baxışıyla gülümsədi və dedi:

- Ax, necə olum?.. Başımı çiyninizə qoyub ağlaya bilərəm.

İçini çəkdi və getdi“.

Yuxarıdakı sətirlərin müəllifi Villi Haasdır. O da Kafka kimi praqalı bir yəhudidir. Praqalı Kafka, onun əsərlərini yanmaqdan xilas edən yoldaşı Maks Brod və Frans Verfel Haasın gənclik yoldaşlarıdır. Villi Haas əvvəl film tənqidləri yazmış, sonra da Berlində Ernst Rohowoltla birlikdə bizim Məhəmməd Əsəd bəyin də məqalələr yazdığı o məşhur "Ədəbiyyat dünyası" qəzetini çıxarmağa başlamışdı. 1957-ci ildə nəşr etdiyi xatirələrində Kafka kimi o dövrün daha məşhur olmamış yazarlarını, onların kədərini və sevgilərini çox axıcı bir şəkildə qələmə almışdı. 1900-cü illərin Parisi, Praqası, Vyanası, Berlini operaların, baletlərin, salonları ağzına qədər dolan kinosu və musiqili kafelərin şəhərləridir. Bütün bu mədəni əyləncələrə və varlanmalara baxmayaraq, insanlarda bir bezginlik və bədbəxtlik vardı. Ştefan Svayq "Dünənin dünyası" adlı xatirələrində o bədbəxt insanları və cansıxıcı gəncləri bələ izah edərdi: "Çürümüş ənənələr və ailə içi təzyiqlərə qarşı dirənməyə çalışan gənclik üçün Berlin yeni bir şəhər idi və ora axın vardı". Əslində, Ziqmund Freydin Vyanadaki ofisində müalicə etdiyi atalarına kin bəsləyən gənclər də eyni gənclərdir. Bu gənclərin ailə münasibətləri ilı yanaşı, sevgiləri də pisdir. Kafkanın "böyük dənizin dibindəki kiçik daşı sevər kimi" sevdiyi Milenanın belə sevgi mövzusunda başı qarışıqdır. Villi Haas eyni kitabında 1939-cu ildə Praqada təkrar Milena ilə qarşılaşmasını da təsvir edir:

"Almanların Praqaya hücumunun bir neçə həftə öncəsiydi. Bəlvədərədə bir skamyanın üzərində yan-yana oturduq. Bir az keçmişdən danışdıq. Birdən döndü və mənə belə soruşdu: - Məni həqiqətən sevmişdin? - Təbii ki Milena, dedim. Bunu sən də bilirdin.

- Yaxşı, bəs biz niyə qovuşa bilmədik? Bu sualdan sonra bir müddət susdu və sonra getmək üçün ayağa qalxdı. - Sabah yenə görüşəkmi, - deyə soruşdum. - Günortadan sonra gələrəm. - dedi. Ertəsi gün gəlmədi amma bir xəbərçi göndərdi. Xəbərçi mənə bir məktub ilə birlikdə bir paket buraxıb getdi. Məktubda Milena gələ bilmədiyi üçün məndən üzr istəyir və paketin içindəkiləri mənə hədiyyə etdiyini yazırdı. Paketi açdım.

Kafkanın ona yazdığı sevgi məktublarıydı. Bu məktublarda bəhs olunan sevgidən xəbərim varıydı. Ona söyləməsəm də, Kafkanın ölümündən bu qədər il keçməsinə baxmayaraq, o məktubların məzmununu öyrənmək istədiyimi də bilirdi. Paketdəki məktublardan ikisini oxudum və məktubları təkrar paketin içinə atdım. Bir müddət özümə gələ bilmədim. Sanki qızğın bir dəmiri çılpaq əlimlə tutmuş kimi olmuşdum. Cümlələrə sinmiş dilemma, nifrət, eşq, yalvarış, lənətlənmə kimi sözlər bir yay kimi məni özünə çəkmiş və məni tir-tir titrətmişdi. Bir başqa insanın bu qədər dərin sirrlərinə vaqif olmaq mənim üçün bir az çox idi.

Paketi təkrar üzərindəki iplə möhkəmcə bağladım və həqiqətən də o paketə səkkiz il boyu əl vurmadım.

1947-ci ildə Kafkanın yoldaşı Maks Brod məndən xahiş edincə məktubların hamısını oxudum, redaktə etdim və nəşr olunması üçün Nyu Yorkdakı „Schocken“ nəşriyyatına verdim". Yarıda qırılmış sevgilər, qırıq talelər, yarımçıq dostluqlar - çilik-çilik olmuş bir nəsil... O dövrdəki bu „çilik-çilik olmuş“ nəslin çoxu Kafka kimi küskün, hirsli və vərəm idi. Bu nəslin bir qismi nasizm terrorunda, bir qismi də İkinci Dünya Müharibəsinin od-alovunda itib batdı. Milene Jesenska da 1939-cu ildə Gestapo tərəfindən həbs olundu və 17 May 1944-cü ildə „Reavensbrück“ toplama düşərgəsində dalağını, böyrəklərini, o yaralı ürəyini itirərək ağrılar içində öldü. Almanların ən tanınmış filosoflarından Vilhelm Şmid "Bədbəxt olmaq" adlı kitabında yazır: "Bədbəxt insan vəbaya sanki yoluxmuş kimidir - insanlar ondan uzaq qaçar, onunla cüzəmli xəstə kimi davranarlar".

"Bədbəxt insanmı toplumu itələyir, yoxsa cəmiyyətmi bədbəxt insanı?“ sualı maraqlı sualdır və bəlkə də həmişə cavabsız qalmağa məhkumdur. Amma bədbəxtliklərin xüsusilə gənclər arasında bir vəba

kimi yayıldığını çox acı bir şəkildə görə bilirik. Hər kəsdən və hər şeydən qopmuş uşaqlar, gənclər... Bizim, amma bizim olmayan uşaqlar. Sevgilərin, münasibətlərin varlığı ilə yoxluğu bəlli olmayan bir aləmə əmanət etdiyimiz təcrübəsiz, təzə-tər beyinlər ... Hər şey yenidən bilməcəyə dönmüş vəziyyətdədir. Qaranlıqların arxasında məlum-naməlum yaşayan dostlar, yaşanan dostluqlar bədbəxtlikdən və təklikdən başqa nə verə bilər insana? Zaman səfərində məkanı itirmək və heç geriyə dönəmməmək nə acıdır! Hətta zamanın fərqində ola bilməmək! Zamansızlıqda və məkansızlıqda yaşayan gənclər Bazarov kimi qışqırmasınlar, bəs necə qışqırsinlar? Anadan sonra insanı əhatə edən dil işarələrə çevrilmədimi? Gülüşlər üç xəttə sığdırılmadımı? Hələ o tərs mötərizəli öpüşlər... Öpülməyən yanaqların soyuqluğunu kim isidə bilər? Bəlkə də ekranların arxasında balalarını itirən milyonlarla ana belə qışqırır: "Oğlum, gəl sinəmdə ağla biraz, göz yaşlarını ovuclarıma axıt" - cümləsini necə deyəcəyəm mən sənə? Necə qoxlayacam mən səni bu rəngi, qoxusu, dadı qalmayan aləmdə, necə? Övladım, sənin aləmində mən niyə yoxam, niyə?" Anasız aləm! Nə yaman aləmsən sən belə! Bu üsyana hansı internet proqramı xəttlər və ya simvollarla cavab verə biləcək görəsən? Vyananın, Praqanın gözdən uzaq küçələrində küskün, incik, vərəmli Kafkalar necə ÇEVRİLİB BÖCƏK OLDULARSA, biz də uşaqlarımızı elə ÇEVİRDİK. Şəhərbəşəhər, kəndbəkənd yurdumuzu hüznlü Kafkalarla doldurduq – onları ağrılarını, "Dava"sını izah edə bilməyən Kafkalarla ÇEVİRDİK... Bir yoxluqdan o biri yoxluğa əl yelləyən, içindən yoxluğa bağıran uşaq bədbəxt olmasın, bəs kim bədbəxt olsun? Bədbəxtlik artıq ürəklərimizdə deyil, barmaqlarımızın ucundadır. O gözə görünməz düymələrə hər barmaq basdiqca həyat bizi və uşaqlarımızı bir pillə də aşağıya salacaq və biz xəttlərlə qorxularımızı ifadə edə bilmədən yalançı öpüşlərə aldanıb daha da bədbəxt olacağıq.

 





31.03.2017    çap et  çap et