525.Az

ELÇİN-70 (Şeirlər)


 

ELÇİN-70 <b style="color:red">(Şeirlər)</b>

RAMİZ RÖVŞƏN

 

Sözlər (Elçinə)

 

Bir vaxt daş kimiydi, kərpic kimiydi

sözlər əlimdə.

Mən şeir yazmırdım ki,

sözlərdən ev tikirdim.

Bir vaxt balta kimi, çəkic kimiydi,

sözlər əlimdə.

Mən şeir yazmırdım ki,

öz içimi-çölümü

dağıdırdım-tökürdüm.

 

Sonra muma döndü

ovcumda sözlər,

Yandırdım, hərəsi bir şama döndü,

o şamların işığında

dünyaya baxdım-getdim.

Sonra quma döndü

ovcumda sözlər,

Yavaş-yavaş

o quma qarışıb axdım-getdim...

 

EYVAZ  BORÇALI

 

Elçinə

 

Çalxanıb, bulanıb, durulub zaman

Çək-çevir eləyib gəlib-getmişi.

Üz-üzə durduqca yaxşıyla yaman

Sən bütöv yaşadın bütöv yetmişi.

 

Ziyalı ocaqdan aldığın ziya

Hopdu qələminə, çökdü qəlbinə.

İndi özünün də saldığın ziya

İbrətdir dostluqda dostun qəlpinə.

 

Fikrin aydınlığı, sözün kəsəri

Alıb mayasını səmimilikdən;

Hər yeni əsərin, təzə əsərin

Çeşmə tək qaynayıb gəlib ilikdən.

 

Sənət aləmində bəllənib yerin,

Sən zəhmət çəkmisən, biz zövq almışıq.

Qələmi qəlbindən su içənlərin

Üzündə nur olub, Sözündə işıq.

 

Yazıb yaradana yetmiş nədir ki,

Səksəni, doxsanı haqlamalısan;

Şərəfli yetmişi yüzə yetir ki,

Yüzün özündə də çağlamalısan.

 

AYDIN HATİPOĞLU (Türkiyə)

 

Sessizce

Elçine

 

Gece

Durgun və sessiz

Hazar uyuyor

Bebeler uyuyor

Sokakta karanlık gölgeler

Apartımanlar içine kapanmış

Bir piyano çalıyor uzak-uzak

Ağaclar uyanık

Bir kadın bekliyor karanlıkları

Dinleyince duyuyorsun

Yürek gibi vuruyor gece

Hazarda bir kayık ölüyor

Cesedi kumsala vuruyor sessizce.

1979. İstanbul.

 

VAQİF  BAYATLI  ODƏR

 

Kitabları oxumaqçün yox, doğmalıqdan

sevinmələrini görməkçün alıram

 

“Özü öz dərdinə gülümsəməyi öyrənmişdi...”

Elçin

Kitabları oxumaqçün yox,

onların çiçəklərtək doğmaca,

Göylərtək səssizcə nəfəs almalarını,

Hətta ömründə heç bir kitab oxumayanlara da

Kitablardakı sevgilərdən də

böyük sevgiylə baxmalarını,

İnsanlarla ilahi doğmalıqdan sevinmələrini,

Gülümsəmələrini görməkçün gətirirəm evə.

 

Ancaq hər dəfə gecə işığı söndürüb yatanda

bütün körpələrtək qaranlıqda qəmlənir susur

hətta, deyəsən, bir az da məndən küsür kitablar,

hər səhər onların könlünü alıram birtəhər,

mən ən yaxşı şeirlərimi o anda –

məndən küsmüş kitabların

könlünü alanda yazmışam.

 

Adam olmayan adamdan,

qəm olmayan qəmdən incidim,

ancaq kitab olmayan kitabdan heç bir zaman,

mən hər kitabda mənadan

qabaq doğma sözlərin

əyri-üyrü, ancaq doğma duruşunu duyuram,

mənim canımda da eləcə bir-birinin yanında

bir-birindən doğma durur o sözlər, o canlar,

başqa sözlər, başqa canlar

başqa şəkildə duranda

başqa dünyaların, başqa dillərin,

başqa zalımların olurlar onlar.

 

VAQİF NƏSİB

SARIHÜSEYNOĞLU

 

Böyük ürək və qələm sahibi Elçinə

 

Hər məbədi öz yerində,

Buta,

Naxış,

Söz yerində,

Ürəyinin köz yerində,

Bir Elçin qayğısı yaşar, –

Haraylara haray qatar.

 

Vaqifdən üz dönən zaman,

Unudanda son anları.

Öləziyib sönən zaman

Yolunun qoca fanarı

Qayəsində əzm, tutar,

Elçin həm əl,

işıq tutar.

 

Nə yaxşı ki,

daim yatar

xeyirxahlıq bərəsinə

Qayğısıyla fişəng atar

İncik incə dərəsinə.

Zəmanənin təklədiyi,

Necə zərbə həklədiyi

Astanbəyli dərvişinə, –

Hacı Məhəmmədə çatar.

8 oktyabr 2011-ci il.

 

TÜNCER CÜCENOĞLU

(Türkiyə)

 

Elçinə

 

“Qatil”i oxuyarkən

 

Azərbaycan xalqının

böyük,

cəsur yazarı,

dostu olmaqdan şərəf duyduğum

sevgili Elçin!

“Qatil” –

misilsiz bir oyun.

Yığcam, ancaq dərindən dərin...

Və dostum olduğunçun da

şərəf duyuram.

Ürəyinə, beyninə sağlıq!

Çox yaşa və hər il

ən azı

belə bir oyun yaz.

Yazar olmaq gerçəkdən də

zor deyilmi?

9 iyun 2003, İstanbul.

 

AĞACƏFƏR HƏSƏNLİ

 

Ümid ağacı

 

Görkəmli dövlət xadimi, əsərlərini sevə-sevə oxuduğum, həmişə pənahım bildiyim qüdrətli yazıçı Elçinə

 

“Ümid sonda ölür”, deyiblər, ancaq

ümidim ölmədi axı sonda da.

Üzümə bir dəfə gəlmədi “qoçaq”,

özgə libasda da, özgə donda da.

 

Hikmətdir nənəmin sözünün canı,

bağrımın başında tufan qoparıb:

“Ümidin üstündə bərk oturanın

sonda kürəyini soyuq aparıb”.

 

Adlayıb keçmişəm ümid qışını,

vurub sifətimi ümid bürküsü.

Ümid daşı bilib elçi daşını,

babamın gözündən qaçıb hürküsü...

 

Adama pənahdır Allahın piri,

bəndənin ruhunu saflıq oyadıb.

Susub ələkçinin qıl verənləri,

ümid qapısından peşman qayıdıb.

 

Yuxumu qaçırıb min ağrı-acı,

məni ara yerdə söz salıb işə...

Ürəyimdə bitən qəm ağacının

barsız budağını silkələmişəm.

2011-ci il.

 

AKİF ƏHMƏDGİL

 

Elçinə ehtiramla

 

Xalq yazıçısı Elçinə

 

Ezopu Elçindən eşitmədikmi?!

Esseni Elçindən eşitmədikmi?!

Elin, ev-eşiyin etibarıdır,

Elçin elmimizdir, eloğlumuzdur.

 

Edib ehramlara ezamiyyəti,

Eşitdim, Elçinim Ermitajdadır.

Essenin elçisi, elmin ehramı,

Epiloq, epiqraf, epitetleri...

 

Ehtiram eylədik esselərinə,

Eşidən eşqini elan eylədi.

Elmin elçisidir, elin elçisi,

Eşitsin ellərin etirafını.

28 iyun 2011.

 

SƏLİM BABULLAOĞLU

 

Xalq yazıçısı Elçinə

 

“Aydınlı gecələr” hekayəsinin müəllifinə

 

Yarpaq bitər yaşıl-yaşıl,

Qonar budağa quş kimi.

Kimi baxar naşı-naşı,

Kimi görər bihuş kimi.

 

Kimi ömrün manqalına

Xeyirdən çır-çırpı atar.

Kimi şərin tonqalında

Özünü yandırıb yaxar.

 

Nəfsi, qəlbi möhürlüysə

Pislikdən yorulmaz biri.

Kimi alçaq könüllüysə

Anlayar sonsuz Xeyiri.

 

Su axdıqca dolar səhəng,

Uşaqla uçar çərpələng,

Yaşayar adam, kəpənək

Bütöv bir ömrü hər biri.

 

Yarpaq qopar sarı-sarı,

Düşər torpağa quş kimi.

Naşı görməz gözəl Yarı,

Aşıq sevər sərxoş kimi.

20 sentyabr 2011.

 

ELXAN ZAL

 

Mahmud və Məryəm

Elçinə

 

Qarabağ üstündə tənha bir məbəd,

Zikrin səmasında qanad çalır qut.

Əsir torpaqlarda daşanda şiddət,

Həsrətin adına tük salır bulud.

 

Yollar tor bağlayıb, cığırlar cadar,

Daşlaşan dualar uyğusunda dəm.

Ömür qayğıları çəkəndə avar,

Göz-gözə dayanır Mahmudla Məryəm.

 

Susqun gədiklərdə birəm-birəm qar,

Könül dəhlizində susmaz əndişə.

Kimsəsiz dağlarda qalan mahnılar,

Lənət oxuyurlar Qara Keşişə.

28 aprel 2012.

 

NƏRİMAN QASIMOĞLU

 

Biri məndən keçir o sətirlərin...

 

Görkəmli yazıçımız,

əziz Elçin müəllimə

 

Səni bir sətirtək yazmış ömrümə,

Həmd olsun Tanrıya, kəlməsi gözəl!

Zillərəm gözümü Tanrı əmrinə,

Bəzəyi, naxışı, ilməsi gözəl.

 

Salıram yadına bir dar macalı,

Min şükür, uğurla sınandı baxtım.

O sətrin içindən göyə ucalıb

Tanrıya uzalı əlimi sıxdın.

 

“And olsun qələmə, yazdıqlarına”1,

Ulduztək parladır yurdumda səni.

Bir yazar işığı düşür yarına,

Sökülür dan yeri nurundan sənin.

 

Bax necə şəfəqlər göyə sərilir,

Enir sətir-sətir ağ vərəqlərə.

Biri məndən keçir o sətirlərin,

Qoşur məhrəm-məhrəm al şəfəqlərə.

 

FƏXRİ MÜSLÜM

 

Elçinə

 

İtmiş ömürlərdən gələn səsləri,

Göyərdib, iç edib sözə güvəndik.

Danın dan üzünə salavat bilib,

Ocağa güvəndik, közə güvəndik.

 

Sinirlər gərilib Zamanı tutdu,

Arzular buludu, dumanı tutdu,

İşimiz umudu, gümanı tutdu,

Gedib çatmadıq da, ərzə güvəndik.

 

Can atdıq göylərə, göy bizi sıxdı,

Çəkildik öymüzə, öy bizi sıxdı,

Vardıq içimizə boy bizi sıxdı,

Vətən, yurd bilib də, gözə güvəndik.

 

Sel-çamur əlindən bulaq incidi,

Naşı ayağından oylar incidi,

Dəhnəmiz incidi, çaylaq incidi,

Rəngə, ruha dönmüş irzə güvəndik.

 

Alın yazımızda dərdim ağrıdı,

Gör nə günə qaldıq, mərdim ağrıdı,

Şehə tutulmuş gül dərdim ağrıdı,

Ömrün baharında küzə güvəndik.

 

Türkün qalasında yadlar dolaşdı,

Dolaşıq isimlər, adlar dolaşdı,

Naxələf ulaşdı, bədlər ulaşdı,

Təklənib bir cana, özə güvəndik.

 

Alma gülüşlərə bənd olub qaldıq,

Elə binələnib, kənd olub qaldıq,

Elə sərhədlənib, sədd olub qaldıq,

Kəsik cığırlara, izə güvəndik.

 

Kor fələk dünyaya qəm çiçəklədi,

Ürəkdə tel olmuş sim çiçəklədi,

Gümüş şehə tutdu, nəm çiçəklədi,

Yaxşı ki, inama, düzə güvəndik.

 

Hal-əhval almadı nə yoxuş, nə dik,

Qalıb ətəyində nimdaş göyərtdik,

Mamıra tutulmuş boz daş göyərtdik,

Yaşam, taqət bilib dizə güvəndik.

 

Açılan səhərlər, dan üzü çəkdi,

Aylı gecə çəkdi, gündüzü çəkdi,

Palıdın, çinarın dümdüzü çəkdi,

Nə yaxşı, doxsana, yüzə güvəndik.

13 iyun 2011.

 

TOFİQ  NURƏLİ

 

Hörmətli Elçin müəllim üçün

 

Bu dikbaş dalaşqan uşaq

Göylər boyu çox uçacaq...

Hələ özüyçündü,

    ancaq,

Sonralar Elçin olacaq.

 

Qeybdən bir işıq saçdı,

İşığın dalıyca qaçdı...

... hələ ki, Baladadaşdı,

Sonralar Elçin olacaq.

2012.

 

1 Quran, Qələm surəsi,

1-ci ayə – müəllif

 

 





29.04.2013    çap et  çap et