525.Az

Prezident İlham Əliyev: “Həkimlərin maaşlarının səviyyəsi bizi qane edə bilməz”


 

Prezident İlham Əliyev: “Həkimlərin maaşlarının səviyyəsi bizi qane edə bilməz”<b style="color:red"></b> “Bölgələrdə səhiyyə müəssisələrinin yaradılması, tikilməsi prosesi gedir. Hər bir şəhərdə ya diaqnostika mərkəzi, ya mərkəzi rayon xəstəxanası tikilib, yaxud təmir edilib. Hazırda yeddi şəhərdə təmir işləri gedir”.

Lent.az-ın məlumatına görə, bunu prezident İlham Əliyev oftalmoloq alim, akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunan mərasimdə çıxışı zamanı bildirib.  Dövlət başçısının sözlərinə görə, qarşıya vəzifə qoyulub ki, bir-iki il ərzində Azərbaycanda hər bir yaşayış məntəqəsində, hər bir şəhərdə, hər bir rayonda ən yüksək tibbi xidmətə nail olunsun.
 
“Azərbaycana ən müasir avadanlıq gətirilir. Yəni, dövlət öz tərəfindən lazımi işləri görür. Təkcə onu demək kifayətdir ki, son on il ərzində səhiyyə xərclərinə ayrılan vəsait 11 dəfə artıb. Həkimlərin maaşı 6 dəfə artıb. Halbuki bu gün də o maaşların səviyyəsi bizi qane edə bilməz. Bu məsələlərin gələcəkdə daha da səmərəli şəkildə həlli üçün indi hökumət işləyir. Yəni, maaşlar daim qaldırılacaq” - deyə, prezident İlham Əliyev əlavə edib.

Dövlət başçısı onu da vurğulayıb ki, Azərbaycan vətəndaşı sağlam olmalıdır. Gənc nəsil sağlam böyüməlidir: “Bunu etmək üçün ilk növbədə yüksək səviyyəli tibbi xidmət olmalıdır. Yenə də deyirəm, siyasətimizin əsasında, mərkəzində Azərbaycan vətəndaşı dayandığı üçün biz maliyyə resursları cəlb etmişik. Ancaq təkcə maliyyə resurslarının cəlb edilməsi ilə iş bitmir. Eyni zamanda, peşəkarlıq artmalıdır. Kadrların hazırlanması sahəsində daha da böyük işlər görülməlidir. Hazırda bu işlər inkişafdadır. Azərbaycan həkimlərinin bir qrupu xaricdə təlim keçir. Xaricdən gələn görkəmli mütəxəssislər, alimlər Azərbaycanda fəaliyyət göstərirlər. Yəni, biz gələcəkdə bu işlərə daha da çox vəsait ayıracağıq ki, peşəkarlıq artsın, Azərbaycanda səhiyyənin nəinki maddi-texniki bazası, eyni zamanda, səviyyəsi, ümumiyyətlə, dünya standartlarına cavab versin”.
 
 





29.04.2013    çap et  çap et