525.Az

Qəşəm Nəcəfzadənin şeirləri


 

Qəşəm Nəcəfzadənin <b style="color:red">şeirləri</b>

Qocalıram

Qocalmağa tələsirəm,
Qalsın arxada
Beynimə sızan həqiqətsiz gözləntilərim.

Bilim: o şey ki, mənə qismət olmalıydı,
Olmadı, hamısı qaldı o tərəfdə,
Bir az dincəlim.

Atları uşaqlar minib getsinlər daha,
Gücüm ona çatar ki, baxışlarım
Atları qamçılasın.

Bilsəniz, əllərim çəliyə qonmağa necə tələsir,
Uçurlar çəliyin başında yuva qurmağa.
Çəlik ağac olduğu vaxtlar,
Başına quşlar qonardı,
İndi də yorğun quş qanadlarına bənzəyən əllər.

Əllərin siniri ölsə də,
Ağaclar  Xirosima qışında çəliyə dönsə də
Yaddaşları həmişə keçmişi xatırlayır,
Yaşamaq üçün bəs edər
Ala - toran xatirələr...

Bütün günü qocalmağa tələsirəm,
İşləyən əllərim qocalıq puluna təhvil verilənə kimi-
Qocalmaq.

Gözlərim eynək gətirsin,
Saqqalım qar,
Əllərim çəlik...
Yaşım qocalıq pulu...

Deyirlər, qocalıq pulu da nəvə kimidir,
Əlindən tutmağa,
Səni ora -bura dartmağa,
Aldatmağa.

Günlərin bir günü, Qəşəm,
Qocalıq pulun gecikəndə
Sən də beş - on manatlıq kartının əlindən asılanda
Qoyasan kartını ayağının altına
Çıxasan üstünə ...
Başlayasan ötən illərini ayaqlamağa,
Başlayasan gəncliyinə söyməyə.

Başlayasan ürəyindən
Olan - qalan sevgini çıxartmağa
Baxmayasan,
ayağının altında ağlayan uşağa...

Ayağı göbələkli atlar

Ayağı göbələkli atlar
Gəlib kəndimizin yanından keçdilər.

Çapdılar, çapdılar
Göydə buludlar
Yerdə göy atlar.

Atların nəfəsi ilə darandı
Ağ yovşanlar,
Göy otlar.
Uşaq vaxtı atamdan soruşmuşdum:
Atların alnındakı ağ nədi?
Atam demişdi:
Atlar otlayanda
Alnını qara batırıb
Mart qabağı.
Ayağı göbələkli atlar
Alnını vurdu buludlara
Yağış yağdı səhralara.

Ayağı göbələkli atlar
Getdilər,
Getdilər,
Gözdən itdilər.
Bizdə onların yəhərini,
Yüyənini
Köhnə daxmaların bir küncünə atdıq,
Unutduq.

Bir səhər ayağı göbələkli atlar
Qayıtdılar,
Bizdən yəhərlərini istədilər,
Tapmadıq.

Məni bir az gözlə

Sevdiyim şair Xəqani Həbiboğluna

Məni bir az gözlə, Xəqani müəllim,
Bənövşəyə salam verib gəlirəm.
Bir gül də var, səndən salam gətirib
O salamı güldən dərib gəlirəm.

Hara getdim, qabağıma sirr çıxdı,
Bir sirr açdım, milyon dənə hürr çıxdı.
Bir sevdam var, yatır, üstü açıqdı,
Ürəyimi üstə sərib gəlirəm.

Vəfasızı vəfalıdan çox sevdim,
Gəlsin mənə, dəysin mənə ox, sevdim.
Mən yox oldum, dəli oldum, “yox” sevdim,
Tanımazsan, qərib-qərib gəlirəm.

Mən səni bu qədər uzaq bilməzdim,
Uzaq yolu yaxın bilib gülməzdim.
Bu gecə yarısı durub gəlməzdim,
Ürəyimə şeir gəlib, gəlirəm.

Kənddən gəlmişəm

Mən kənddən gəlmişəm,
kənddən gəlmişəm
Əllini aşırıb
əldən düşmüşəm.
Şəhərə mən atnan, itnən gəlmişəm,
Yovşannan, iydəynən, kolnan,
Araznan, Kürnən gəlmişəm,
Bir az ləpələnib dalğalananda
İçimdən kükrəyib yırğalananda
Sizə toxunuram, sizə dəyirəm
Bir az yerinizi dar eləyirəm,
Bilirəm inciyib
Qoralanırsız
Məni qınayırsınız,
Niyə qınayırsız?

Pəncərə oluram külək açıram
Ağaca dönürəm, çiçək açıram,
Kimi görürəmsə ürək açıram,
Sirr saxlayan deyil, mızıldanırsız.
Mənim də gümanım səsimə çatır
Kənddən gətirdiyim hirsimə çatır,
Arzum dilə düşür, söz eləyirsiz,
Məni nişan verib göz eləyirsiz
Az qala ayağım torpağı yarsın
Az qala neftimiz göylərə yağsın.
Ayaqlarım quyu
Əllərim göyə açılan
neft fəvvarəsi
Neft çıxara -çıxara,
Şeir yaza - yaza,
Qaralır nəfəsim, təntiyir səsim,
Məni qınayırsınız,
Niyə qınayırsınız?

Bəzən söz deyəndə hirsli deyirəm
Ürəkdən keçəni səsli deyirəm,
Uzun danışana “bəsdi” deyirəm,
Hələ üstümə də havalanırsız
Məni tək bilirsiz, davalanırsız
Atı çağıraram bu saat bura
İti çağıraram bu saat bura,
Görərsiz atımın qanadlarını
Batırıb özünü ay işığına.
Görərsiz atımın ayaqlarını
Səkildi, batırıb qışın qarına,
İtimin burnnda aya baxın siz,
Atın ayaqında yaya baxın siz
Açılır, açılır çöl vərəqlənir,
Düzlər axşamlanır, çöl səhərlənir
Məni qınayırsınız,
Niyə qınayırsınız?

Amma
Yaxşı eləyirsiz, düz eləyirsiz,
Mən günü sabahdan dönürəm kəndə.
A yaqlarım quyu
əllərim neft şəlaləsi.
Qoy məni bulaqlar tanımasın
Neft iyi gəlir ağzımdan.

Dəyirman

İstəyirəm gedib kənddə dəyirman tikəm,
Söyüd saçlı arxların üstündə tikəm,
Örkəni doğanaqdan uzaqda tikəm,
Suların içindəki dəli sevdanı oxusun
Dəyirmanın çarxı.
Sonra götürüb dəli sevdanı qatsın
Üyütdüyü buğdaya...

İstəyirəm gedəm, kənddə bir taxıl əkəm,
Sünbüllər boylu olur zəmini ayaqyalın sulayanda.
Sünbüllər yelinləyir
Ayaqlarım balıqlarla burun - buruna
dəyəndə.

İstəyirəm eşşək arabası ilə
taxıl daşıyım dəyirmana,
Un tayları sığal çəksin kürəyimin ağrısına.

Arıq bir dəyirmançı olum
Arılar sevən...
Dul arvadlıar,
Qarılar sevən...
Gecə səhərəcən buğdanın içindəki
sevdalara əyilən.

Sonra, sonra
Üzümü bulayıb una...
Sevgilisinə unun ətrindən bir nəfəs tutan.

Göynən gedən uca quşlar,
Bulud  kimi düşsünlər dəyirmanın başına
Uzaqdan keçən atlılar
Əlinə qoyub qaşına,
Soruşsunlar: ay bala, o uzada xal kimi qaralan nədi,
Dəyirmandı, bir şar tikibmiş - desinlər,
Şair sevdası
Eşq xarabası kimi qalıb dünyanın
huşunda.

Qapısında qədim bir yazı varmış
Bu könnə dəyirmanın:
“Can bəslədim,
Eşqim bir də cana gələ.
Neçə şeir yazdım, sevgilim yola gəlmədi,
Bəlkə, dəyirmana gələ”.

Bizimki ayrılıqdan keçdi

Nağıl öyrənirəm ki, sənə danışım,
Lətifə əzbərləyirəm, səni güldürüm,
Ayrılıq öyrənirəm, səni öldürüm,
Bizimki ayrılıqdan keçdi, qorxma.

Ayaqqabılarımı küçənin ortasında soyunuram ki, güləsən,
Dişləri sınmış darağımın göstərirəm ki, qəh - qəh çəkəsən
Sənə uşaq ayaqqabılarını göstərirəm,  sevəsən
Gəlinlik paltarına baxıb gülümsəyirəm, kədərlənəsən,
Süd kimi gəlin olasan.

Bu nədi,
Anan səni ayda çimizdirib, nədi?

Araq içirəm ki, sevinəsən,
Siqaret çəkirəm ki, güləsən,
Görürsən ki, böyümüşəm,
Görürsən ki, qocalmışam,
Bir gün də çəliyimlə güldürəcəm səni,
Çəliyimdə bir ağ çiçək var, ağ kəpənəyim,
Uç gəl.

Yemək yeyəndə əllərimi yağa batırıram ki,anam olasan,
Çayı süfrəyə calayıram ki, məni danlayasan.
Küçəni tərs keçirəm ki, qolumdan tutasan.

Hələ çox güldürəcəm səni
Belim əyiləndə,
Gəl düzəlt məni
Gör qarnımı qucaqlayıb hansı lətifəyə gülürəm?

 





01.04.2017    çap et  çap et