525.Az

Ələsgər Əlioğlunun şeirləri


 

Ələsgər Əlioğlunun <b style="color:red">şeirləri</b>

QANADI SINAN QUŞA

O qanadı sınan quşun,
Canı hələ özündədir.
Yerdə elə çabalayır,
Ümidi göy üzündədir.

O qanadı sınan quşun,
Yox taqəti, yox təpəri.
Ənginlikdə boş qalıbdı,
İndi bir cüt qanad yeri...

Əgər ipi kəsilməsə,
Səmaları qucar o quş.
Belə ki həyat eşqi var,
Qanadsız da uçar o quş!
Qanadsız da uçar o quş!

ÖVLADLARIMA ÜÇ-BEŞ KƏLMƏ

(Ömür-gün yoldaşım İradə xanımın vəfatı ilə bağlı)

Siz ana itirdiz,
Mən ömür şamı,
İşıqsız qalmışam bu yer üzündə.
Qaranlıq içində yaşayarammı,
Özümü tapmıram axı özümdə.

Çətin ki, dünyaya könül açam mən,
Daha qılığıma girənim yoxdur.
Dərd-qəmdən bar tutan bir ağacam mən,
Budaqlarım sınır...
Dərənim yoxdur.

Ana haraylayıb çox ağlamayın,
Taleyin duz yükü kürəyimdədir.
Torpağı havayı qucaqlamayın,
Bilin ki,
Ananız ürəyimdədir!..
Yanvar 2017

...

Tale gəlir mənə hədə,
Ömrüm azmı gedib hədər!?
Gözüm yaxşı görməsə də,
Sözümdən tutub gedirəm.

Sönürəmmi, sönmürəmmi,
Təhnizləri sinirəmmi?..
Yandırsa da bu sinəmi,
Közümdən tutub gedirəm.

Bu meydanda tələsmirəm,
Nə bərə, nə bənd kəsmirəm.
Sallaşmağa əl gəzmirəm,
Özümdən tutub gedirəm.

AĞLA, UYĞUR BALASI

İnternetə baxarkən milli münaqişə zəminində doqquz-on yaşında bir uyğur oğlanın döyüldüyünü gördüm...

Ağla, ağla, ağla, uyğur balası,
Qorxma ki, gözünün gedər qarası.
Ağla, ağlamağın ara verməsin,
Demə ki, dünyanın qulağı kardır.
Ağla, ağlamaqdan köksün göyərsin,
Demə ki, dünyanın gözləri kordur...
Nə kardır,
Nə də ki, kordur bu dünya,
Bir gün görərsən ki, görərsən ki, sən,
Attək şahə qalxıb durdu bu dünya!..
Sən indi top atıb, top tutmalıydın,
Şarını havada oynatmalıydın...
Amma səni toptək atıb-tuturlar,
Şar kimi havada hey oynadırlar...
Ağla, ağla, ağla, uyğur balası,
Dünyanı diz çökdür baxışlarınla.
Ağla, ağla, ağla, uyğur balası,
Suvar qeyrətini göz yaşlarınla.
Ağla, ağla, ağla, uyğur balası,
Bu dünya üzünə bir gün baxacaq.
Ovcuna ələnən göz yaşlarından,
Qılınc cücərəcək,
Nizə qalxacaq!..
Ağla, ağla, ağla, uyğur balası!..
...
Gözümdə tapdanmış bir biçənəksən,
Təzədən gül-çiçək bitirəcəksən!?
Yoxsa bilmirsən ki, nəyə gərəksən,
Havayı yapışma əlimdən daha.

Elə sərt gətirib taleyin üzü,
Sönüb o sevdamın ocağı-közü.
Umduğun kəlməni, umduğun sözü,
Çıxara bilməzsən dilimdən daha.

Üstümə illərin qınağı çökür,
Xəyallarım indi bağ-bostan əkir.
Hisslərim haçandan quraqlıq çəkir,
Bir damcı qalmayıb selimdən daha.

Yoluna göz dikib çox dayanmışam,
Nağıl dünyasından gec oyanmışam.
Elə alışmışam, elə yanmışam,
Çınqı da tapılmaz külümdən daha.
2016

BU GÜNÜMÜN ŞAİRİ

Heç düzəldəmmir qəddini,
Qələmini qəm qəddəyir...
Zaman da bilmir qədrini,
Görsün nə çəkdi şairi.

Ağrı-acıya bənd olub,
Ağ gününə kəmənd olub...
Dünya özü həpənd olub,
Nəyə gərəkdi şairi?!

Çıxmaz dərdin çilləsindən,
Aşar əsrin qülləsindən...
Bu günümün gülləsindən,
Qat-qat gödəkdi şairi!..
lll
Hisslərim şumtək əkilir,
Dizlərim yerə bükülür.
Fikrim də elə çəkilir,
Zaman tutub sağa bilmir.

Taledən payım görünür,
Qazılmış quyum görünür...
Qəbrimdən boyum görünür,
Torpaq məni boğa bilmir.

Kirişimə yağmı çəkir,
Bu sinəmə dağmı çəkir?..
Əlli ildir ağrı çəkir,
Dünya məni doğa bilmir...
 
UÇUB BU SİNƏMDƏN ÜRƏYİM MƏNİM

Ömrüm pay-puş olub, uralanmışam,
Di gəl ki, bu eşqdən oda yanmışam.
Gəncliyimdən elə aralanmışam,
Kölgəsinə belə çata bilmirəm.
Saçımda yurd salıb duman-çən daha,
Bilirəm bu sevdam tutmaz dən daha...
Yanan ocağımı təzədən daha,
Söndürüb günaha bata bilmirəm.

Nə yaman gecikib çiçəyim axı,
Artıq bir nağıldır diləyim axı!..
Ucub bu sinəmdən ürəyim axı,
Uçub kəpənəktək...
Tuta bilmirəm!..
lll
Bu gül kolu
Azadlığı andıran
Günəşin işartısına
Aldanıb.
Arzusunda, istəyində olduğu
Baharı andırıb...
Yazı andırıb...
Qönçələyib minbir həvəslə, -
Gül açıb.
Sanki girəvələyib,
Məhbəsdən
Bir məhbus qaçıb...
Amma qışın da adı qışdır, -
Yenidən tutulub hava,
Yenidən buz bağlayıb su...
Şaxta axır ki,
Keçirib ələ,
Məhbəsdən qaçan bu məhbusu!..
1999

UŞAQ ÇƏKMƏSİ

Sərhəd rayonlarımızdan köçürülən azərbaycanlı ailələri  arasında on-on bir yaşında bir qız qoltuğundakı bağlamanı əlindən vermək istəmir:”Qar-daşımın çəkməsidir, vermərəm! Qardaşımı “saqqallılar” yandırdılar. Ondan yadigar qalan təkcə bu çəkmədir!..”

Bu qız bu dünyanı yoxsa unudub,
Öz yurdu özünə od-ocaq deyil.
Əlində bir kiçik bağlama tutub, 
Uşaq çəkməsidir,
Oyuncaq deyil.

“Saqqallı” cəlladlar susayıb qana,
Bu qızın qardaşı yanıb, kül olub.
Üzünü nifrətlə tutub zamana,
Bu qızın gözləri sualla dolu!..

(Bu qızı bir ağrı hey çapar-talar, -
Tanrı bu həsrətdən göyə çək məni!)
“Sapı özümüzdən olan baltalar”,
İçində gizlənsin qoy bu çəkmənin!..

Sən də, ey keşikçi, çəpəki baxma,
Lazımmı hər şeyi bir-bir yoxlamaq!?
Bağlama açılsa,
Partlamaz qorxma, -
Kövrək ürəkləri partladar ancaq!..

Bu qız bu dünyanı yoxsa unudub,
Öz yurdu özünə od-ocaq deyil.
Əlində bir kiçik bağlama tutub,
Kədər mərmisidir!..
Oyuncaq deyil!..
1993

SOMALİ-2011

Burada ümidlər
Səhralar yorğunu
Bir dəvənin gözləri kimi
      Qapanıb.
Burada dərd-qəmi çəkməyə
Tab gətirməz dünyanın tərəzisi,
       Qapanı...
Burada
Anatomiya müəllimi
Korluq görməz
     əyani vəsait sarıdan.
Sümükləri çıxmış
    Hər bir uşaq bədəni,
Onu dərs zamanı yarıdar...
Burada
İnsanlar yuxularda tapar,
Bol suyunu, çörəyini...
Burada
  infarkt mərkəzi yaradılıb
Duyub-düşünən insan ürəyinin...

Burada əllər də kəsərdən
        düşüb,
Dikələ bilmir
    Göylərə sarı,
Burada
Uşaqlar acından torpaq yeyir,
Torpaq da uşaqları...

ƏLLƏRİMİN İÇİNDƏN KEÇƏRƏM

Əllərimin içindən keçərəm, -
Gedərəm üzü günəşə.
Bəxtimlə,
Taleyimlə
Güləşə-güləşə.
Əllərimin içindən keçərəm,
Fərqi yox,
Uduzum da,
Udum da...
Əllərim beşiyim də olar,
Tabutum da!..

İKİ SƏRHƏD ARASINDA

Zəngilan qaçqınları Araz çayını keçərkən dünyaya bir körpə gəlib. Bu körpənin adını Araz qoyublar...

Araz balam,
Haqsızlığa göz açdın,
Nə yazıydı bu yazıldı alnına?
Araz çayı dərdə yeni iz açdı,
Düşdü sənin tərcümeyi-halına...

Sayımızı azalmağa qoymadın,
Gəlib çıxdın dar macalda, çətində.
Söylə, yoxsa belə gündə qıymadın,
Yük olasan
Sən ananın bətnində?..

Qaçqınlığın harayına bələndin,
Qismətinə düşdü sənin bu ad da.
İlk beşiyin-
Araz çayı yelləndi,
İlk laylanı sular çaldı həyatda.

Gəlişinlə qırdın neçə tilsimi,
Düşmənlərin sinəsinə dağ oldun.
Bu millətin taleyinə görk kimi,
İki sərhəd arasında doğuldun!..
Düşmənlərin sinəsinə dağ oldun!..

BİR PAYIZ YAĞIŞI

On altı yaşımda...
 Yerimdən məni
Bir payız yağışı oynatdı keçdi.
Gözümdən əritdi dumanı, çəni,
Nağıllı dünyamdan oyatdı keçdi.

Dinclikdən necə də əl götürdüm, əl, -
Sığışa bilmədim mən öz qınıma.
O qızın...o qızın eşqilə birgə,
O payız yağışı hopdu canıma.

Sonralar nə qədər yağış yağsa da,
Yerini vermədi həmin yağışın.
Qarşıma gözəllər dəst-dəst çıxsa da,
Heç odu sönmədi o ilk baxışın...

O payız yağışı yadımdan çıxmır,
İndi də ömrümdə görünür yeri.
O payız yağışı heç nəyə baxmır,
Yağır yaddaşıma illərdən bəri...

 





01.04.2017    çap et  çap et