525.Az

Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur (davamı)


 

Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur<b style="color:red"> (davamı)</b>

1954-cü il Hind-Çin müharibəsi problemlərini kəskin yüksəkliyə qaldırdı. Çörçillin saziş barədəki müraciəti Britaniya qoşunlarının Suveyş bazasından geri çəkilməsi ilə nəticələndi. 30 noyabr 1954-cü ildə onun 80 illik yubileyi qeyd ediləndə, Vestminsterdə ona ehtiram göstərilməsi şərəfinə bütün partiyaların birgə təntənəli mərasimi keçirildi. Ehtiram onu göstərirdi ki, o, tezliklə istirahətə yollanacaqdır. 5 aprel 1955-ci ildə o, tutduğu vəzifədən istefa verdi, bir neçə həftə əvvəl onun seçilmiş varisi ser Entoni İden Cenevrədəki dörd dövlət başçısının konfransı qarşısında öz planlarını elan etdi.

Çörçill İcmalar Palatasında qalmaqla “Palatanın atasına” çevrildi, hətta 1959-cu ildəki yeni seçkilərdə mübarizə apardı və qalib gəldi. Dörd cildlik “İngilis dilli xalqların tarixi” əsərini (1956-1958-ci illər) yazdı. 1963-cü ilin aprelində ona Birləşmiş Ştatların fəxri vətəndaşlığı verildi, bu ona Konqressdə fəaliyyət göstərmək imkanı verirdi.

O, 24 yanvar 1965-ci ildə Londondakı evində öldü. Dövlət matəmində demək olar ki, bütün dünya ona öz ehtiramını nümayiş etdirdi. O, Oksfordşirdəki Pladon kilsəsinin həyətində ailə qəbiristanlığında dəfn edildi. Çörçill deyirdi ki, “Zaman – pis müttəfiqdir”. Özünə münasibətə gəldikdə zamanın əla müttəfiq olduğu üzə çıxdı.

Şarl de Qoll

İnsan üçün ən yaxşı qələbə özünə qalib gəlməkdir. Başqası tərəfindən məğlub olmaq biabırçılıqdır və hər şeydən pisdir.

Platon

Baxışın məlum genişliyində bütün qorxulu vəziyyətlər yoxa çıxır.

Şarl Monteskye

Şarl de Qoll iki dəfə öz ölkəsini bədbəxtlikdən xilas etmiş, onun siyasi və konstitusional normallığını bərpa etmiş və ardıcılları olan vətəndaşlarının çoxluğunun dəstəyinə artıq malik olmadığı aydın olduqda isə iki dəfə özəl həyata yollanmışdı. Siyasi həyatda əgər yeganə deyilsə, nadir şəxsiyyət olmaqla o, bu nailiyyətlərini özünün yazıçılığı və hərbi nəzəriyyəçi kimi istedadı ilə birləşdirirdi. Əlbəttə, o, 50 yaşına yaxın olana qədər siyasi şəxsiyyət kimi meydana çıxmamışdı, baxmayaraq ki, onun əvvəllər hərbi xadim və yazıçı kimi artıq bəzi mənəvi, intellektual, siyasi və digər xarakterik keyfiyyətləri üzə çıxmışdı. Bu onun sonrakı karyerasında özünü göstərdi. Birincisi, qalib gələn Fransanın lideri və onun müharibədən sonrakı müvəqqəti hökumətin başçısı kimi; ikincisi, beşinci respublikanın banisi və birinci prezidenti kimi; üçüncüsü, özünün iştirak etdiyi hadisələrin tarixçisi və avtobioqrafik əsərin müəllifi kimi.

Şarl-Andre-Mari-Jozef de Qoll 22 noyabr 1890-cı ildə Lilldə anadan olmuşdur. Katolik, vətənpərvər və millətçi, orta sinfin yuxarısından olan ailənin ikinci oğlu olmaqla, erudisiya atmosferinə düşmüşdü. Ailədən tarixçilər və yazıçılar çıxmışdı, onun atası isə fəlsəfə və ədəbiyyat professoru idi. Lakin Şarl de Qoll uşaq kimi artıq hərbi işlərə ehtiraslı maraq göstərirdi. Sen-Sir Hərbi Akademiyasında oxudu və 1913-cü ildə gənc ikinci leytenant kimi polkovnik Filipp Petenin piyada polkuna götürüldü. Sonralar de Qoll öz gəncliyini belə xatırlayırdı: “Mən hesab edirdim ki, həyatın mənası Fransa naminə böyük igidlik göstərməkdir və elə gün gələcəkdir ki, mənə belə imkan qismət olacaqdır”. Onda ölkəsinə xidmət barədə mistik bir vəzifə, borc hissi meydana gəlmişdi.

Hərbi karyerası onun fərasətli, zəhmətkeş, qızğın gənc zabit, orijinal ağla malik olan bir adam, özünə yüksək dərəcədə güvənən olduğunu və qeyri-adi igidliyə malik olacağını biruzə verirdi. Birinci Dünya müharibəsində o, Verdendə vuruşmuşdu, üç dəfə yaralanmış və iki il səkkiz ayı müharibə əsirliyində keçirmiş, bu vaxt altı dəfə qaçmağa cəhd etmiş və adı üç dəfə rəsmi məlumatlarda qeyd olunmuşdu. Əsirlik ərzində alman müəlliflərini mütaliə edir, Almaniya barədə daha çox şey öyrənir. Məhz o vaxtlar o, yeni kitabı olan “Düşmənin ölkəsində nifaq” əsərini yazır və 1916-cı ildə çap etdirir. De Qoll əsirlikdən yalnız 11 noyabr 1918-ci ildə, sülh razılaşmasından sonra azad edilir. İki il Polşada hərbi məktəbdə taktikadan dərs deyir. Vətənə döndükdən sonra, 1921-ci ildə aprelin əvvəlində evlənir və ilin sonunda onun oğlu olur. Uşağı onun gələcək antoqonisti marşal Petenin şərəfinə Filipp adlandırır.

Sen-Sirdə oxuduğu illərdən və iki illik xüsusi strategiya və taktikanı öyrədən hərbi kollecdə oxuduqdan sonra marşal Peten tərəfindən 1925-ci ildə Ali Müharibə Şurasının qərargahına irəli çəkilmişdi. 1927-1929-cu illərdə və yenidən 1936-38-ci illərdə Reynlandı işğal edən orduda mayor kimi xidmət edəndə o, alman təcavüzü təhlükəsini və fransız müdafiə cəhdinin adekvat olmadığını görməyi bacarmışdı. O, həmçinin iki ili Orta Şərqdə keçirmiş, dörd il Milli Müdafiə Şurasının katibliyinin üzvü kimi çalışmışdı.

Onun yazıçılıq karyerası Almaniyada mülki və hərbi hakimiyyətlərlə əlaqədar öz təəssüratlarını təhlil etdikdə başlanmışdı. 1932-ci ildə “Gələcəyin ordusu” əsərini yazmışdı. O, professional, yüksək dərəcədə mexanikləşmiş və mobil kiçik ordu ideyasını müdafiə edirdi. Statik nəzəriyyə isə Majino xəttinə (bu fransızların Almaniya sərhədində 980 kilometr məsafədə uzanan möhkəmləndirilmiş müdafiə sistemi idi, müdafiə naziri olmuş general Majinonun adını daşıyırdı) arxalanırdı. Bu xətti tikməkdə başlıca məqsəd Fransanı alman hücumundan müdafiə etmək idi. Ancaq de Qollun belə orijinal baxışları onu hərbi rəhbərlik arasında qeyri-populyar etmişdi və 1938-ci ildə yazdığı tarixi əsər olan “Fransa və onun ordusu” kitabı onu hətta marşal Petenlə mübahisə etməyə aparıb çıxarmışdı. Bunlardan əlavə o, “Şpaqanın ucunda” əsərini yazmışdı.

İkinci Dünya müharibəsinə bir gün qalmış, 31 avqust 1939-cu ildə o, yazırdı: “Mənim üzərimə dəhşətli mistifikasiyada rol oynamaq düşüb. Bir neçə yüngül tank, hansılara ki, mən komandanlıq edirəm, yalnız tozcuqdur. Biz hərəkət etməsək, bu müharibəni biabırçı qaydada uduzacağıq”.

İkinci Dünya müharibəsi başlandıqda o, 5-ci fransız ordusuna bağlı olan Saardakı tank briqadasının komandiri idi. Müharibə başlamamışdan bir gün əvvəl o, bu vəzifəyə təyin olunmuşdu. 1940-cı ilin mayında 4-cü zirehli divizionda o, müvəqqəti briqada generalı oldu, bu rütbəni o, ömrü boyu saxladı. İki dəfə öz tank müharibəsi nəzəriyyəsini tətbiq etmək üçün imkana malik oldu. Nəticədə o, baş komandan general Maksim Veyqan tərəfindən 2 iyun tarixli depeşada “yüksək enerjili və igid lider” kimi xatırlanmışdı. İyunun 6-da o, Pol Reyno hökumətinə müdafiə və müharibə nazirinin müavini kimi daxil oldu və müharibənin davam etdirilməsi imkanlarını öyrənmək üçün bir neçə dəfə tapşırıqla İngiltərəyə getdi. Reyno hökuməti marşal Peten hökuməti ilə əvəz edildikdə, axırıncı almanlarla atəşkəs axtarmaq məqsədini güdürdü, ona görə də de Qoll İngiltərəyə yollandı.

Hələ 22 iyun 1940-cı ildə Almaniya ilə Fransa arasında sülh müqaviləsi imzalanmamışdan əvvəl general de Qoll Londondan radio ilə çıxış edəndə (18 iyun) fransızları natsist Almaniyası ilə mübarizəni davam etdirməyə çağırdı. O, bir gün əvvəl Fransanı tərk etmiş və həmin vaxtdan Londondan fransız müqavimət hərəkatına başçılıq etməyə başlamışdı. De Qoll Böyük Britaniyada fransız Milli Komitəsini yaratdı və həmvətənlərini işğalçılarla mübarizəni dayandırmamağa çağırdı. De Qoll öz həmvətənlərindən dəstək aldı. Fransada güclü müqavimət hərəkatı formalaşdı.

De Qoll “Ümid memuarları”nda bunu belə təsvir edir: “Öz ruhumu və şərəfimi xilas etmək üçün digər hansısa bir köməkdən məhrum olmaqla, heç kəsə məlum olmayan bir de Qoll Fransa üçün məsuliyyəti öz üzərinə götürməli idi”. Radio ilə müraciətində belə sözlər işlətmişdi: “Heç nə itirilməmişdir, çünki bu müharibə dünya müharibəsidir. Bir gün gələcək ki, onda Fransa azadlığını və əzəmətini qaytaracaqdır. Bax buna görə də bütün fransızlara hərəkət etmək, özünü qurban vermək və ümid naminə mənim ətrafımda birləşmək barədə müraciət edirəm”. O, Peten hökumətini xəyanətdə ittiham etdi.

Fransanın faktiki təslimçiliyindən və sülh imzalandıqdan bir neçə gün sonra Vişi kurort şəhərində çağırılmış fransız Milli Məclisi 74 yaşlı marşal Filipp Petenin 17 iyunda yaradılmış hökumətinə bütün Konstitusiya səlahiyyətlərini verdi (10 iyul 1940-cı il). Bu hökumət alman qoşunları tərəfindən işğal edilmiş Vişidə yerləşirdi. Marşal Peten Almaniya ilə danışıqlar aparmaq imkanı axtarırdı. Fransa siyasi rəhbərliyi hələ Almaniya ilə sülh bağlamamışdan əvvəl kollaboratsionistlərə və müqavimət tərəfdarlarına bölünmüşdü.

Populyar əfsanəyə baxmayaraq, o, çıxışında məşhur “Fransa döyüşü uduzmuşdur, lakin müharibəni uduzmamışdır” sözlərini deməmişdi. Bu kəlmə İngiltərə poçtunda meydana çıxmışdı. Lakin vurğu tam eyni idi: müharibə uduzulmamışdır, Fransa tək deyildir.

General de Qoll Londondan fransız müqavimətinə başçılıq edəcəkdi. 2 avqust 1940-cı ildə fransız hərbi məhkəməsi onu öz iştirakı olmadan mühakimə etdi və ölümə məhkum etdi, həm də hərbi rütbəsindən məhrum etdi və mülkiyyətinin müsadirə edilməsinə göstəriş verdi.

De Qoll döyüşkən ruhda idi, müharibə dövrü karyerasına siyasi lider kimi nəhəng vədlərlə başladı. Bu vaxt o, bir ovuc siyasi tərəfdarlarına və volyuntorlara malik idi. Bunlar Azad Fransız Qüvvələrini əmələ gətirməli idi. Onun heç bir siyasi statusu yox idi və faktiki olaraq İngiltərədə və Fransada tanınmırdı. Nəyə nail olmuşdusa, yalnız fərdi qaydada bunları etmişdi. Öz missiyasına mütləq inamı, liderlik keyfiyyətinə yiyələnməsi barədə özünü inandırmasını yazılarında səmimi şəkildə təsvir edir. Memuarlarında onun özünü Fransaya bütöv qaydada həsr etməsini, Fransa maraqları naminə vuruşmaq üçün möhkəm xarakteri (İngiltərədə tez-tez həmçinin üzə çıxan inadkarlığı), həm də sərəncamında olan bütün resursları aydın şəkildə göstərilir.

De Qoll Londonda çox sayda çətinliklərlə üzləşməli oldu: “Mən əvvəllər öz timsalımda heç nəyi təmsil etmirdim... Fransada heç kəs yox idi ki, mənim barəmdə zəmanət versin, ölkədə heç bir şöhrətə malik deyildim. Xaricdə mənə heç bir etimad və mənim fəaliyyətimə haqq qazandıran nəsə bir şey yox idi”. Buna baxmayaraq, de Qoll Çörçillin dəstəyini qazana bildi. O, de Qollu “bütün fransızların başçısı” kimi tanıdı.

Hərbi məsələyə gəldikdə, başlıca vəzifədə “Fransız imperiyasını” – Afrikadakı, Hind-Çindəki və Okeaniyadakı geniş müstəmləkə ərazilərini fransız vətənpərvərlərinin tərəfinə keçirmək idi. De Qoll öz hərəkatının milli və tarixi köklərini nəzərə çarpdırır. O, “Azadlıq” ordeni təsis edir, orden fransız millətinin simvolu olan Lotaringiya xaçını təsvir edir.

Ser Uinston Çörçill özünün “Onların ən yaxşı saatı” əsərində öz unudulmaz qonaqları ilə toqquşmalarını belə təsvir edir: “O, britaniyalılara kobud olmalı idi ki, fransızlara əyani şəkildə sübut etsin ki, o, britaniyalıların marionetkası deyildir. O, bu siyasəti yorulmadan həyata keçirirdi. O, bir gün hətta bu texnikanı mənə izah etdi. Mən onun probleminin qeyri-adi qaydada çətin olduğunu anlayırdım. Mən həmişə onun güclü möhkəmliyinə valeh olurdum”.

Onun qabiliyyətlərinin öz həmvətənlərinin gözündə böyüməsinin faktı onda idi ki, həm sol siyasətçilər, katolik dininə sitayiş edən karyera qulluqçuları onun siyasi liderliyini tezliklə qəbul etdilər, həm də sağda olanlar üçün bu adam milli qəhrəman və o vaxtlar fransızların yeganə feldmarşalı olan Filipp Petenə qarşı qiyam qaldırmış bir şəxs idi. Ancaq müharibənin gedişi, Londondan radio ilə çıxışı, Azad Fransız Qüvvələrinin fəaliyyəti və Fransada müqavimət qruplarının əlaqələri tədricən onun liderliyinin milli qaydada tanınmasına gətirib çıxardı. Lakin onun müttəfiqləri tərəfindən tam tanınma yalnız Parisin azad olmasından və zəfər nümayişindən sonra gəldi. Bütün şübhələrin arxasında fransız xalqı onu qəbul etdi.

Londonda de Qollun Britaniya hökuməti ilə əlaqələri heç də asan olmamışdı və o, özü də bu gərginliyə çox hallarda əlavələr edirdi. 1943-cü ildə o, qərargahını Əlcəzairə köçürdü, burada o, Fransa Milli Azadlıq Komitəsinin prezidentinə çevrildi. Bu Azad Fransızların müharibə cəhdlərinə başçılıq edən mərkəzi təşkilat idi. İlk əvvəllərdə general Henri Jiro ilə birgə prezidentlik edirdi. 1943-cü ilin noyabrında Jiro Komitənin tərkibindən çıxarıldı. 4 iyun 1944-cü ildə Çörçill de Qollu Londona çağırdı ki, ona müttəfiq qoşunlarının iki gün sonra Normandiyaya çıxarılması barədə məlumat versin. De Qolla başa saldılar ki, onun xidmətinə ehtiyac duymurlar. Bu, əslində ABŞ-ın Ruzvelt hökumətinin yeritdiyi xəttdən irəli gəlirdi. De Qoll qəti etirazını bildirdikdə, ona fransızlar qarşısında radio ilə ayrıca çıxış etmək hüququ verildi. General müraciətində “Döyüşən Fransa”nın təmsil etdiyi hökumətin legitimliyini bəyan etdi və onun amerikan komandanlığına tabe edilməsi planlarına qarşı qətiyyətlə çıxış etdi.

(Ardı var)

 





29.04.2013    çap et  çap et