525.Az

Oralarda kimlər var- İnqilab Həsənli


 

“MAŞINI YOLUN KƏNARINA VERİB SAXLADIM VƏ ZÜLÜM-ZÜLÜM AĞLADIM”.

Oralarda kimlər var- <b style="color:red">İnqilab Həsənli</b>

ONLAR NƏ DEDİLƏR :    

...1968- ci ilin payızı idi. Böyük yazıçımız İsmayıl Şıxlının məşhur “Dəli Kür” romanı kitab şəklində nəşr olunmuşdu. Bu əsər tez bir zamanda oxucuların diqqətini cəlb etmiş (axı, o vaxtlar kitabı hamı oxuyurdu, xüsusən də “Dəli Kür” kimi əsəri), ədəbi hadisəyə çevrilmişdi. O vaxtlar mənim də mənsub olduğum  tələbə nəslinin toplaşdığı yerlərdə hamı bu əsər barədə danışır, qəzetlərdə məqalələr dərc olunur, müzakirələr keçirilirdi.

Belə müzakirələrdən biri Mərkəzi Şəhər Kitabxanasında oldu. Bu tədbiri mərhum şairimiz Ağacavad Əlizadənin rəhbərliyi ilə həmin kitabxanada fəaliyyət göstərən ədəbiyyat dərnəyinin üzvləri təşkil etmişdilər. İsmayıl Şıxlının özü də tədbirdə iştirak edirdi.

Yaxşı yadımdadır. Məclisdə jurnalist Aslan Zeynallı roman barədə geniş məruzə etdi. Daha sonra çıxışlar başlandı. Çıxış edənlər arasında o illərin tələbələri- sonradan gözəl bir şair kimi tanınan, mərhum Eldar Baxış, mərhum jurnalist Qasid Nağıoğlu, habelə mənim tanımadığım bir neçə şəxs də vardı. Hamı öz ürək sözlərini söyləyir, iradlarını və arzularını müəllifə bildirirdi. Çıxış edənlərdən bəziləri müəllifdən xahiş edirdilər ki, “Dəli Kür”ün ikinci hissəsini də qələmə alsın.

Daha sonra o vaxtlar hələ şəxsən tanımadığım İnqilab Tərtərli ( elə bu soyadı 1960- cı illərdə qəbul etdiyinə görə İnqilab müəllimi alqışlamaq olar) adlı bəstəboy bir gənc çıxış etdi. Onun öz yaşına uyğun olmayan, daha çox ağsaqqal söhbətini xatırladan təmkinli çıxışı hamı tərəfindən razılıqla qarşılandı...

Filologiya elmləri doktoru Adilxan Bayramov:

(Ardı yazının sonunda)
______________________________________________________________________________________

– İnqilab əfəndi, mənə elə gəlir ki, bir az qapalı həyat yaşayırsan. Yazarlar camiəsində az görünürsən. Nədir bu özünə qapanış? Bir incikliyinizmi var? Dostlardanmı xəyanət görmüsən yoxsa...

– Əvvəla onu deyim ki, mən ümumiyyətlə qapalı yaşamağı bacarmıram. Heç vaxt, heç kimdən, hətta məni istəməyənlərdən belə heç nəyi gizlədə bilmirəm... O ki, qaldı sizin təbirinizcə desək, yazarlar camiəsində az görünməyimə, bu mənim şəxsi həyatımla bağlıdır...Dörd övladım var, dördü də qızdır və onarın uşaqlıq illəri, yeniyetməlik çağları elə dövrə düşdü ki, qələmlə çörək qazanmaq sadəcə olaraq mümkün deyildi. Odur ki, doxsanıncı illərin əvvəllərində kiçik sahibkarlıqla məşğul olmağa başladım. Və çox şükürlər olsun ki, ailəmi ayaqda tutmağı bacardım... Əlbəttə, birdən-birə qələm yerə qoyub pul dalınca qaçmağım heç də asan başa gəlməyib mənə. Gündüzlər birtəhər başımı qatsam da, gecələr yuxum ərşə çəkilirdi; yaza bilmədiyim mövzular, deyə bilmədiyim sözlər içimi göyür-göyür göynədirdi... Bir müddət qələm dostlarımdan qaçıb gizləndim. Döyüş yoldaşını meydanda tək qoyub qaçan qorxaq əsgər kimi onları görəndə xəcalət çəkirdim... Heç yadımdan çıxmır, satıcını çörək yeməyə göndərmişdim, satılan malların yerinə yenisini qoyurdum. O vaxt təzə çıxan və çox dəbdə olan “Absalyut” arağını qaldırıb piştaxtaya qoymaq istəyirdim ki, doğma bir səs eşitdim, başımı qaldırdım ki, uşaqlıq dostum şair Dilsuzdu. Nə təhər özümü itirdimsə, araq şüşəsi əlimdən düşüb çilik-çilik oldu... Və mənə elə gəldi ki, o şüşə qırıqları bir cərrah bıçağı kimi içimdəki yaradan da betər ağrı verən nəyi isə kəsib atdı...Daha heç kimdən gizlənmirdim, əksinə, bütün qələm dostlarımı daha tez-tez görmək, onlarla birlikdə olmaq istəyirdim. İndi də yaddan çıxmaqdan, unudulmaqdan qorxurdum... Bir neçə ilin sözüdü; bir gün şair Adil Şirin mənə zəng elədi və dedi ki, dünən hardaydın, qardaş, səni görmədim, toya niyə gəlməmişdin? “Nə toy, – dedim,- xəbərim yoxdu”, “Vaqif Bəhmənlinin nəvəsinin kiçik toyuydu”... Daha heç nə eşitmədim, eləcə gücüm ona çatdı ki, maşını yolun kənarına verib saxladım və zülüm-zülüm ağladım.

– Çox işlənmiş sual olsa da, bilmək istərdim, jurnalistikanı seçməyində bir təkan olubmu, yoxsa, Allaha təvəkkül deyib o vaxtın ən gözəl fakültələrindən biri olan jurnalistikanı qazanmışdın?

– Jurnalistika fakültəsinə gəlişimi qətiyyən təsadüf saymıram. Ona görə ki, hələ orta məktəbdə oxuyarkən məktəbimizin divar qəzetinə məqalələr, şeirlər yazar, şəkillər çəkərdim, necə deyərlər, məktəbimizin həm “şairi” idim, həm də “rəssamı”. Elə o illərdə də qəti qərarımı vermişdim; mütləq jurnalist olacam... Ancaq indi çoxları üçün təəccüblü görünən əcaib bir əngəl bu arzuma çatmağımı bir neçə il ləngitdi. O dövrdə Azərbaycan Dövlət Universitetinin iki əsas fakültəsinə – jurnalistika və hüquq fakültələrinə ən azı iki il iş stajı olmayanın sənədlərini götürmürdülər. Bu səbəbdən mən də 1965-ci ildə sənədlərimi verə bilmədim. Bundan xəbər tutan anam sənəd qəbulunun sonuncu günü – iyul ayının 31-də (indiki kimi yadımdadır, bazar günü idi) səhər tezdən Bakıya gəldi və dedi ki, Dəmir-yolu Vağzalının yanında bir institut var, gördüm sənəd götürürlər, dur gedək ora. Anamın sözündən çıxa bilmədim və sənədlərimi AZİ-nin (indiki Neft Kimya Akademiyası) İqtisadiyyat fakültəsinin Əməyin iqtisadiyyatı və təşkili şöbəsinə verdim və qəbul olundum. Ancaq nə illah eləyirdimsə, nə 90 dəqiqənin çox hissəsini arxasını bizə çevirib yazı lövhəsini düşmən malı kimi döyəcləyən müəllimlərimizə, nə də hələ heç adını belə bilmədiyim professorların lövhəyə yazdıqlarıynan bərabər dediklərini də bitdə-bitdə qalın dəftərlərinə köçürən tələbə yoldaşlarıma uyuşa bilmirdim. Axır ki, bir ay iyirmi günlük “əsirliyimə” son verdim; oktyabr ayının 19-da dərsdən çıxıb Sumqayıta – özünün qaldığı fəhlə yataqxanasında mənə sığınacaq verən və hamıya kiçik qardaşımdı deyib mənə arxa, dayaq olan, uşaqlıq dostum, kəndçimiz İmranın yanına deyil, qatara minib birbaşa rayonumuza – Tərtərə getdim...

... Üç ay keçdi, beş ay keçdi, bilmirəm, bir gün şair Famil Mehdi (torpağı nurnan dolsun) “Bakı” qəzetinə göndərdiyim şeirlərim barədə xoş sözlər yazdı, nümunələr çap elətdirdi və çox çəkmədi ki, bu fövqalədə hadisə məni yenidən Bakıya qaytardı. Bu böyük və yad bir şəhərdə üzümə açılan ilk qapı da elə son dərəcə mehriban və xeyirxah insan olan Famil müəllimin qapısı oldu... Məni Azərbaycanın kitab xəzinəsi hesab olunan “Kitabxana kollektoru” deyilən bir idarədə işə də Famil müəllim düzəltdi. Hər ay aldığım maaşın demək olar ki, çox hissəsini müdirə verib satışda olmayan çox nadir kitablar alırdım.Çoxlarının həsəd aparacağı kitabxna yaratmışdım. İşləyə-işləyə Xarici Dillər İnstitutu nəzdindəki ikiillik ingilis dili kursunu bitirdim... 1969-cu ildə jurnalisitika fakültəsinə qəbul oldum...

– Ömür yolu deyilən bir yol təbii ki, hər bir adam üçün təkrarsız hesab olunur. Keçdiyin bu ömür yolundan razısanmı?

– Hər kəsin ömür yolu onun alın yazısıdır və bu yolun haradan başlayıb, nələrdən, kimlərdən keçəcəyini ulu yaradandan başqa kimsə bilmir, bu yazını pozmağa kimsənin gücü çatmır. İnsan övladının gücü bircə ona çatır ki, keçib gəldiyi yola boylanır, yaşadıqlarını birər-birər yada salır, saf-çürük eləyir və tanrının ona bəxş elədiyindən ya razı qalır, ya da narazı.Mən çəkdiyim bütün əziyyətə, yaşadığım böyük acılara rəğmən Allahımdan çox razıyam. Elə təkcə ona görə ki, ULU YARADAN dünyanın bütün yaxşılıqlarını özündə cəm eləyən, son dərəcə mehriban, xeyirxah, övladı yolunda çəkdiyi heç bir əziyyətdən bezməyən, usanmayan cəfakeş, eyni zamanda çox ağıllı və müdrik bir ANAsını mənə qismət eləmişdi...Atam istər vəzifəsinə (anamla evlənəndə kolxoz sədri olub), istərsə də sözünün kəsərinə, ağırbatman davranışına görə təkcə Kolanı mahalında deyil, bütün Tərtər rayonunda seçilib-sayılan, böyük hörmətə, nüfuza sahib bir kişi olub. Və anam atamın nə vaxtsa ona dediyi bir kəlmə sözün yalan olduğunu eşidən gün çoxlarının həsəd apardığı belə bir ƏRDƏN, dağ kimi ARXAdan ömürlük imtina eləyib, qırx günlük körpəsini – məni bağrına basıb atamla onu birləşdirən bütün bağları bir yolluq qırıb...Belə bir atalar sözü var, deyir, “yetim yekəlir, yamanlıq tanrıya qalır”. Mən də Gülüstan xalanın və onun məndən xeyli böyük olan uşaqlarının qayğısıynan, əziz-xələf briqadir oğlu kimi anamla birlikdə cəmi iyirmi-iyirmi beş evdən ibarət olan balaca kəndimizi ev-ev, ocaq-ocaq gəzə-gəzə, əzizlənə-əzizlənə böyüyürdüm. Ancaq bu qədər sevgi, əzizlənmə mənə heç bir güzəşt, necə deyərlər, xüsusi imtiyaz vermirdi...

Olurdu ki, yoldaşlarımdan kiminləsə sözümüz çəp gəlirdi, dalaşırdıq, döyürdüm, ya döyülürdüm, fərqi yox idi, hər dəfə, günah məndə olmayanda belə, anam mənə təpinir, məni tənbeh edirdi: “ayıb olsun, utanmırsan, adam da qardaşıynan dalaşar?” – deyirdi. “Yediyim” şillə-təpiyin göynərtisi canımdan çıxmamış məni döyən uşağın başını sığallayıb üzündən öpürdü: “bilirəm, səndə günah yoxdu, sən ağıllısan, sən İnqilabın qardaşısan” deyirdi. Beləcə kəndimizin bütün oğlan uşaqları dönüb olurdular mənim “qardaşım” və daha heç kimin mənimlə dalaşmağa həvəsi qalmırdı. Elə mənim özümə də kiminləsə dalaşmaq, döyüb, döyülmək ləzət eləmirdi. Bu münvalla heç özüm də hiss eləmədən bir də gördüm ki, yaşıdlarımdan uzaqlaşmışam, “böyüyüb böyük kişi” olmuşam, başlamışam özümdən böyüklərnən oturub-durmağa, dostluq eləməyə. Deyəsən, elə onlar da kəndimizin yekə-yekə kişiləri də mənimlə – bir qonşunun toyuğuna daş atmayan, gördüyünü, eşitdiyini kimsəyə deməyən – xəbərçilik eləməyən “ağıllı-kamallı” briqadir oğluynan dostluqlarını özlərinə “şərəf” bilirdilər...Bir sözlə, anam mənə elə bir tərbiyə verib, elə bir əxlaq dərsi keçib, atdığım hər addımıma, hər hərəkətimə elə bir düzən verib ki, ömrümün bu ağsaqqal çağında belə o düzəni pozmağa hünərim çatmır...Sonralar, çox-çox sonralar həyatda gördüklərim, eşitdiklərim, bir jurnalist kimi qələmə aldıqlarım hər dəfə məni təəccübləndirib, heyrətləndirib: necə olur axı, övlad onu dünyaya gətirən, böyüdüb boya-başa çatdıran ata-anasından imtina eləyir, qardaş-qardaşa düşmən kəsilir, qohum-qohuma, qonşu-qonşuya güllə atır?! Hər dəfə də bu qənaətə gəlmişəm ki, bütün bu insanlıqdan uzaq hadisələrin kökündə, mayasında nəsə vaxtında düzgün verilməyən bir tərbiyə, bir əxlaq məsələsi var.

ONLAR NƏ DEDİLƏR (ardı):
Filologiya elmləri doktoru Adilxan Bayramov:

...İnqilab Tərtərli əsərin ikinci hissəsinin yazılması ilə bağlı təklifə öz münasibətini belə bildirdi: “Dəli Kür”ün ikinci hissəsinin yazılmasının tərəfdarı deyiləm. Qəti deyirəm: bu romanın ikinci hissəsi qələmə alınsa, “Dəli Kür” “Dəli Kür”lükdən çıxacaq. Ona görə ki, müəllif demək istədiklərinin hamısını elə burada deyib...”

Sonda İsmayıl Şıxlını danışdı. O, burada səslənən fikirlərə də münasibət bildirdi və dedi: “İnqilab Tərtərlinin fikri ilə tam razıyam. “Dəli Kür”ün ikinci hissəsini yazmaq mənim üçün asandır. Əsərdəki bir sıra obrazları şəhərə gətirib inqilabçı da edə bilərəm. Lakin mən bunu etməyəcəyəm”.

Tofiq Abi, mən İnqilab Tərtərlinin Azərbaycan Dövlət Universitetində oxuduğu zaman, habelə Azərbaycan Radiosunda işlədiyi illərdə müşahidə etdiyim bir sıra insani keyfiyyətləri barədə də danışa bilərəm. Ancaq mənə elə gəlir ki, 45 il (!) bundan qabaq şahidi olduğum və indi “Sarının kafesi”ndə sənə danışdığım bu kiçik xatirə çox şey deyir...   

(Hər iki hissə davam edəcək.)

[email protected]
tofigabdin.com

 





29.04.2013    çap et  çap et