525.Az

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər


 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər<b style="color:red"></b>

I cild (noyabr 1918 - aprel 1920)

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov

Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev) 

(Əvvəli 18 mart sayımızda)

Bəhram bəy Axundov - (Bitərəf) Möhtərəm məbuslar! Qabaqkı natiqlərin dediklərini eşitdiniz, ələlxüsus Əhməd bəy Pepinovun.

Bən də bunların dediklərinə şərik olmaqla bərabər, Könüllü Ordu həqqində bir neçə söz demək istərdim. Denikin ətrafına toplananlar kimlərdir? Lyaxov kimdir? Lyaxov haman adamdır ki, neçə il bundan əvvəl İran inqilabı əleyhinə qalxıb İran demokratiyasını əzdi. Böyük alimlərdən müctəhid Məlikül Mütəkəllimini asdırdı. İmdi Lyaxov və onun kibi generallar Denikin ətrafına yığılmışlardır. Həmin Lyaxov əvvəl fikrində tutub ki, Badkubəyə gəlib bizim demokratiya və hürriyyətpərvər üləmamızı da parçalasın. Ona görə bitərəflər namindən keçən natiqlərin dediklərini müdafiə edərək təklif ediyoram ki, bizə yaxın olan Dağıstan hökumətinə axır qanımıza qədər kömək edib canımızı da onlara fəda edək. (Alqış).

Yusif Əhmədov - (Tacirlər nümayəndəsi) Möhtərəm məbuslar! Bəncə böylə məsələlər ki, indi eşitdiniz, həmişə inqilabdan sonra olar. İnqilab öylə bir şeydir ki, ondan sonra böylə çıxışlar təbiidir. Bir məmləkətdə ki, inqilab oldu, orada yaşayan cəmi cəmaət bir rəydə ola bilməz. Ən şədidləri olduğu kibi, rəhmlisi də olar. Bunun bir çarəsi var. Olmasın Denikin, Lyaxov olsun, İvanov və qeyrə. O qara qüvvələr Bakıda, Gəncədə, Şamaxıda, hər yerdə, hətta Avropada da var. Lakin avropalılar dəqiqdirlər. Hər bir qorxuyu vüquindən qabaq bilib çarəsini edərlər. Üç gün əvvəlki hadisə buna bir dəlildir. Onlar öz başlarına getmədilər. Qara qüvvə var. Şimdi düşünməlidir, nə yapmaq ki, bu iş qorxusuz, qan tökməksizin bərtərəf olsun. Nə təhər etmək ki, qan tökülmədən işlər yaxşılaşsın? Necə ki, müttəfiqlər hal-hazırda cəmi Avropaya hakimdirlər və həqləri də varmış görünür ki, bu qüvvə ittihaddan hasil olmuşdur. Deməli, müttəfiq qüvvə lazımdır. Öylə ittifaq qarşısında əmin olunuz ki, qara qüvvə bərtərəf olar. Bu saat bu qara bəlanın rəfi üçün bütün Qafqasiya millətləri bilafərq: erməni, gürcü, azəri türklər və sairləri lazımdır ittifaq etsinlər. Əqidəm budur ki, nə qədər Qafqasiyadakı cümhuriyyətlər bir olmasalar, nifaqları olsa bu qara qüvvələrin təcavüzü olacaqdır. Əvvəl evin içini düzəltmək lazımdır. Əgər bu olmasa qara qüvvələr daha da güclənib gələcəklərdir. Denikin qorxulu degildir. Hətta bir məmləkət üçün beş məmləkət də qorxulu olmaz, əgər o məmləkət içində birlik ola. Yeganə bir çarə varsa, o da ittifaqdır.

Doğrudan da o bəlalar nə səbəbdəndir? Bizim biri-birimizlə anlaşa bilmədigimizdən. Bu mülahizələr ilə dörd müstəqil hökumət yaklaşsın hərgah Denikin bu dörd hökumətin birləşdigini görsə, cürət edib gəlməzdir ki, şimdi onlara güc çatmaz, getmək nahaqdır. Hal-hazırda bizim özümüzdə hakim bir millət var. Onlar ilə bir yerdə iş görməliyiz. Necə ki, şimdiyə qədər müraciət ediyorduq. Şimdi də deməliyiz ki, bu vəqtədək nə olmuşsa bizim səhvimizdən idi, bundan sonra hər nə olsa sizin öhdənizədir. O Şimali Qafqasiya cəmaəti ki, Denikin qüvvəsini öz toprağına buraxıb, öylə güman ediblər ki, qabaqca onlara verilən söz doğrudur. Onlar Şimali Qafqasiyaya müraciət etdikdə qüvvələri yox idi. Varsa da az və əhəmiyyətsiz idi. Fəqət böylə intriqalar, vədlər ilə Dağıstanda özünə bir qədər qüvvə tədarük etdi. İmdi Dağıstan hökumətini tanımamağa, onların hüququnu qəsbə çalışıyorlar. Bən təklif edərdim müttəfiqlərə denilsin ki, parlamanı olan məmləkətlərdə böylə xətti-hərəkət yürütmək olmaz. Sizlər razısınızmı ki, millətlər biri-birilə vuruşsunlar, siz ki haman qüvvəyə kömək ediyorsunuz, o qüvvənin millətlərə əziyyət etməsinə və onları qırmasına tərəfdarsınızmı? Hərgah böylə yolsuzluqlar ədəb dairəsində bərtərəf edilməsə gərək hər millət özü-özünü saxlasın. Bənim birinci təklifim budur ki, Qafqasiya cümhuriyyətləri birləşsinlər, ikinci təklifim budur ki, müttəfiqlərə məlum edilsin ki, Şimali Qafqasiya Cümhuriyyətinə edilən hücumun qabağını saxlasınlar. Hərgah saxlamasa biz özümüz istiqlalımızın bəqası üçün o hücumun qabağını saxlamaq qəsdilə Şimali Qafqasiya Cümhuriyyətinə kömək edəcəgiz. (Alqış).

Aslan bəy Qardaşov - (Əhrar) Bir vilayətə ki xaricdən qorxu ola, zənn edirəm heç bir firqə olmaz ki, mübarizədən boyun qaçırsın. Bəndən qabaqkı natiqlər məsələyi ətraflıca söylədiklərindən bu barədə çox danışmağı lazım bilmiyorum. Natiqlərin sözlərinə və görülən tədbirlərə iştirakla bərabər onu da deyirəm ki, Zaqafqasiya hökumətlərinin birligi əmələ gəlməsə, mübarizə işi çətin olacaqdır. Ona görə ümidvarız ki, hökumət tərəfindən bu barədə lazımi tədbirlər görüləcəkdir. (Alqış).

Malxazov - (Erməni fraksiyası) Rus dilində bir nitq söyləyir.

Soltan Məcid Qənizadə - (İttihad) Rəisi-Vükəla həzrətlərinin oxuduğu məktubdan hamı firqələr razı qalıb səmim qəlb ilə iştirak ediyorlar. Parlaman dəxi cəmaət nümayəndələrindən ibarət olub hamının fikrini təmsil etdigindən demək bütün millət dağıstanlı qardaşlarımıza kömək etmək istiyor. Çünki onlara vurulan zərbə bizim cigərimizə və ürəgimizə dəyən kibidir. Onlar ayrı, biz ayrı degiliz. Xudanəkərdə Dağıstana bir qəza olarsa bizə olmuş kibidir. Bir az fasilədə onların başına gələn bizim başımıza da gələ bilər. Bu Azərbaycan bayrağının bir ucu Dağıstan hökumətinin çiynindədir. O yıxılarsa, bizim bayrağımız da yıxılar. Bən deyərəm ki, bu məsələ barəsində parlamanda çox danışmaq lazım degildir. Tezlik ilə iş görmək, Əhməd Cövdət mərdanəlik ilə dedi ki, əgər müttəfiqlər doğrudan da asayiş üçün gəlmişlər, qüvvətlərini götürüb Dağıstanı xilas etsinlər. Çünki biz onlara özümüzə yaxın kibi baxırız. Əgər Dağıstan fövt olsa, biz də olarız. Bən deyərdim hökumət bir layihə düzəltsin ki, lazım olduğu zaman Denikin və Könüllü Ordu ilə mübarizə üçün hamımız silahlanıb dağı aşaq və dağıstanlı qardaşlarımızın harayına çataq. (Ümumi alqış).

Sədr - Müsavat tərəfindən bir təklif varid olmuşdur.

Katib (oxuyur) Azərbaycan Məclisi-Məbusanı qara irtica qüvvəsinin qardaş Şimali Qafqasiya Cümhuriyyətinn hüququna təcavüzünü şiddətlə protesto edərək bu hüququn müdafiəsi yolunda hökumətin görəcəgi hər növ qəti tədbir və qərarlarını təsvib edər.

Təklif mütəhədül-ara qəbul olunur.

“Azərbaycan”, 12 mart 1919, № 135

Müin - köməkçi 

Azərbaycan Məclisi-Məbusanında  17-ci iclas. 17 mart 

Sədr - Həsən bəy Ağayev

Katib - Əhməd Cövdət

Sədr - Parlamanın iclası açılır. Bugünki yövmiyyəyi-müzakiratımız Divani-Rəyasət tərəfindən bu qərar üzrə tərtib verilmişdir:

1) Daxil olmuş vərəqə və kağızlar. O cümlədən təşriyyə komisyonu intixabı, Gürcüstan və Ermənistan ilə post-teleqraf münasibəti həqqindəki qanun layihəsi;

2) Hökumət təşkili barəsində;

3) Məclisi-Məbusan nizamnaməsinin üçünci qiraəti;

4) Hökumət məmurlarına bayram münasibətilə fevral maaşının 75 faiz miqdarında birdəfəlik müavinəti-nəqdiyyə verilməsi layihəsi;

5) Şəki şəhərinə səpmə yatalaq ilə mübarizə etmək üçün 2 yüz min manat faizsiz istiqraz verilməsi layihəsi;

6) Zabit namizədlərinin maaşlarını müəyyən etmək üçün layihəyi-qanuniyyə;

7) Etibarnamə komisyonunun məruzəsi;

8) Yollar və qara yollar və onların təmirat və inşasının təriq və məabir nəzarəti ixtiyarına verilməsi xüsusunda layihəyi-qanuniyyə.

9) Məclisi-Müəssisan intixabı qanunnaməsinin təbi üçün 20 min rublə verilməsi;

10) 1918-1919 sənələri üçün vilayət və dairələr vergisi məhkəmələrinə intixab qəvaidi xüsusunda layihəyi-qanuniyyə;

11) Gömrük idarəsinin mücəddədən təşkili xüsusunda layihəyi-qanuniyyə;

12) Azərbaycan vilayət sənaye vergisi məhkəməsinin təşkili həqqində qanun layihəsi;

13) Vergilər xüsusundakı şikayətlərə baxmaq üçün maliyyə naziri əndindəki şuranın ali bir məhəll olması həqqində qanun layihəsi;

14) Post və teleqraf qanunnaməsinin 131 və digər maddələrinin ləğvi xüsusunda layihəyi-qanuniyyə və qeyri-cari məsələlər.

Hərgah yövmiyyəyi-müzakiratın bu cür tərtib olunmasına etiraz yoxsa qəbul olunur.

Son zamanlar görürsünüz ki, layihələr gün-gündən artır, bu layihələr parlamanda qəbul edildikdən sonra surətə salmaq üçün bir təşriyyə komisyonu lazımdır. Rica edirəm iclasın axırında həmin komisyona namizədlər göstərəsiniz. Söz Əhməd Cövdət əfəndinindir.

Əhməd Cövdət - Ruznameyi-müzakiratın tərtibatı xüsusunda deyərdim ki, fraksiyamız tərəfindən maliyyə işləri xüsusunda hökumətə verilmiş sualda yövmiyyəyi müzakirata daxil edilsin.

Sədr - Bu sual yarım saat bundan əvvəl bənə verilibdir. Hərgah nizamnamə üzrə getsək, bu sual ruznameyi-müzakiratın axırına salınıb axırda müzakirə olunmalıdır. Hərçənd nizamnamə hələ qəbul olunmayıbdır. Lakin izin versəniz, daxil olmuş məktublar, vərəqlər cümləsinə salarıq.

Səslər - Sualdır?

Sədr - Sualdır, bu barədə danışmaq istəyən varsa buyursun, sual maliyyə işləri barəsindədir, hərçənd nizamnamə qəbul olunmayıbdır. Amma iki dəfə oxunubdur. Hər halda bu sualı axırda elan edəcəyəm.

Keçən iclasların birində mənə tapşırılmışdır ki, bir şəxs tapıb hökumət təşkilini ona həvalə edim, imdi o adam tapılıbdır. Yusif bəy Nəsibbəyovdur. Hökumət təşkili ona həvalə olunmuş o da bu barədə lazımi təşəbbüsatda bulunur. Keçəlim növbədəki məsələyə bir də onu ərz edim ki, yeni əzalardan Cəlil bəy Sultanov Zəngəzur tərəfindən Məclisi-Məbusana gəlmişdir. Bən bilmək istərdim ki, hansı fraksiyona mənsubsunuz.

Sultanov - Gələn iclasda elan edərəm.

Sədr - Divani-Rəyasətdən bixəbər sizi fraksiyalardan birinə yazıblar. Deməli gələn iclasda hansı fraksiyaya mənsub olduğunuzu məlum edəcəksiniz. Keçəlim növbədəki məsələyə. Məclisi-Məbusanın Nizamnaməsi.

Söz məruzəçi Qara bəy Qarabəyova verilir.

Qarabəyov - Nizamnamə üçüncü dəfə oxunmalıdır. İki dəfə oxunmuşdur. Hərgah parlaman razı olursa, üçüncü dəfəsini oxumayalım. Çünki Nizamnamə əvvəlcə hamı fraksiyalara paylanmışdır. Hamı Nizamnamədən xəbərdardır. Özü də uzundur. Hərgah parlaman razı olarsa bir daha oxumayalım. Böyləcə qəbul edəlim. Onsuz da başqa məsələlər çoxdur. Komissiya böylə təklif edir. 

(Ardı var)

 





03.04.2017    çap et  çap et