525.Az

Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər


 

Zamanların mozaikası: <b style="color:red">hadisələr və şəxsiyyətlər</b>

(Əvvəli 14 yanvar sayımızda)

Henrixin düşüncələri əvvəllər Portuqaliya cəmiyyətində anlaşılma ilə qarşılanmadı. Dəniz ekspedisiyalarının əleyhdarları təkrar edirdilər ki, bunlar krallığın əsas məsələsi olan mavrlarla mübarizə kimi bir işdən diqqəti yayındırır.

Həqiqətən də, bu səfərlər uzun müddət Portuqaliyaya birbaşa gəlir gətirmədi. Bu vəziyyət məhz o vaxta qədər davam etdi ki, Afrikadan qara qullar axını gəlməyə başlandığı bir dövr meydana gəldi. Doğrudan da bu səfərlərə heç də az məbləğdə xərc tələb olunmurdu, belə ki, silah və gəmi qayırmaq üçün müxtəlif materialları, bəzən isə həm də gəmilərin özünü portuqaliyalılar Hollandiyadan və Almaniyadan satın almağa məcbur olurdular. Lakin Henrix Dəniz Səyyahı təslim olmurdu və varlı portuqaliyalıların diqqətini uzaq dəniz səyahətləri ideyasına cəlb etmək istəyirdi, onlardan ekspedisiyanı təchiz etmək üçün maliyyə vəsaitləri almağa ümid edirdi. Bu cəhdlər portuqaliyalılarda cənub istiqamətində sonrakı səfərlər üçün həvəs oyatdı.

1434-cü ildə portuqaliyalılar ilk avropalı kimi, Qərbi Afrikanın Boxador burnunu ötüb keçdilər, bu Kanar adalarından cənubda idi. 1441-ci ildə onlar Kabo-Blanko burnuna, bir il sonra isə Yaşıl buruna çatdılar, bunlardan sonra isə tropiklərə yol açıldı.

Sonrakı onilliklərdə ekvatora yaxınlaşma davam etdi. Lakin onu üzüb keçməkdən dənizçilər uzun müddət ərzində qorxurdular. Köhnə rəvayətlərdə deyilirdi ki, bu en dairələrində su qatılaşır və hətta qaynaya bilər, bu da adamları  cənubdakı  dənizlərdən özlərini qorunmağa məcbur edirdi. Yalnız 1473-cü ildə Lopo Qonsalvis bu əfsanələri təkzib etdi, o, öz gəmisinə və komandasına heç bir ziyan dəymədən ekvatoru ötüb keçə bildi.

Hindistana dəniz yolunun açılması isə əslində təbii fəlakət hesabına mümkün oldu. 1488-ci ilin yanvarında Bartolomeu Diaş Qərbi Afrikanın sahilinə güclü tufan vaxtı gəlib düşdü və onun gəmisini qasırğa açıq dənizə aparıb çıxardı. Bir gün sonra o, yenidən sahilə yaxınlaşdı və məlum oldu ki, Diaş özündən asılı olmayaraq, Afrikanın cənub qurtaracağını, ona dövrə vurmaqla ötüb keçmişdir. Dənizçi səyyah bu nöqtəni Tufanlar burnu adlandırdı, sonralar Portuqaliya kralı II Juan ona yeni, daha nikbin ad verdi və bu Xoş Ümid burnu adı indiyədək qalır.

On il sonra Portuqaliyadan dörd gəmidə üzən Vasko da Qama Yaşıl burnu keçdikdən sonra, öz sələfinin məsləhəti ilə sahildən uzaqlaşdı, açıq okeana çıxdı və geniş dövrə vurub, Xoş Ümid burnunun yanına gəldi. Vasko da Qama onu burulub şimala yol götürdü. Şərqi Afrikanın sahilləri boyu üzərək o, elə bir yerə çatdı ki, orada sonralar liman şəhəri Mozambikin əsası qoyuldu. Burada bu vaxt artıq ərəb tacirləri işləyirdilər. Ərəblər portuqaliyalıları soyuq qarşıladılar. Qərbi avropalılara onlar, məlum səbəblərə görə etibar etmirdilər. Bir qədər şimalda, indiki Keniyadakı Mombasa rayonunda, bu etibarsızlıq açıq düşmənçiliyə keçdi. Yerli əhali hətta portuqaliyalıların flaqman gəmisini tutmağa çalışdılar. Vasko da Qama təcrübəli ərəb losmanının müşayiəti ilə Hind okeanında üzməsini davam etdirdi. 1498-ci ildə portuqaliyalılar Hindistanın cənubi-qərb sahilində olan liman şəhəri Kalikutda sahilə çıxdılar. Burada da onları inamsızlıqla qarşıladılar.  Artıq burada işləyən ərəb tacirləri xüsusən düşmənçilik əhvali-ruhiyyəsində idilər. Çox böyük zəhmət hesabına Vasko da Qama bir neçə ticarət sövdələşməsi bağladı və üç ay sonra, sentyabrda Lissabona qayıtdı. Lakin bu ekspedisiyadan sonra Avropa ticarəti üçün tamamilə yeni bir epoxa başlandı.

Yerin şar forması şəklində olduğunu bilən Avropa dənizçiləri Hindistana Avropa ətrafı ilə deyil, sadəcə qərbə tərəf üzməklə oraya çatmaq istəyirdilər. Genuyalı Xristofor Kolumb on il ərzində uğursuz olaraq ispan və portuqal saraylarını buna inandırmaq istədi. Portuqaliya kralı II Juan onun planını rədd etdi, ispan hökmdarları II Ferdinand Araqonu və İzabella Kastiliyalı onun ideyasının icrasını ilbəil təxirə salırdılar. Nəhayət, 1491-ci ildə kraliça İzabellanın növbəti qəbulundan sonra Kolumba qərbə ekspedisiyanı təchiz etmək tapşırığı verildi. 3 avqust 1492-ci ildə Kolumbun donanması - “Santa Mariya” flaqman gəmisi, “Ninya” və “Pinta” karavellaları ispan limanı Palosdan qərbə tərəf üzdü. Kolumb marşrutu hazırlayanda birinci növbədə öz həmvətənlisinin tərtib etdiyi xəritədən istifadə etmişdi. Onda göstərilənə görə, Avropa ilə Asiya arasında məsafə o qədər də böyük deyildi. Belə ki, Çinə olan məsafə 5.000 dəniz mili uzunluğunda göstərilirdi, əslində isə bu məsafə az qala 2,4 dəfə çox idi. Kolumbun özü isə güman edirdi ki, bu rəqəm 3500 dəniz milinə bərabərdir. Belə ki, 12 oktyabr 1492-ci ildə, səfərin 74-cü günü üfüqdə torpaq görünəndə o, əmin idi ki, bu yapon adalarından biridir. Əslində isə bu, Baham arxipelaqının tərkibindəki adalardan biri idi və indiyədək ona Kolumbun verdiyi adı - San-Salvador adını saxlayır.  Cəsarətli göyərçin (Kolumbun adı olan söz italyanca “göyərçin” deməkdir) Avropadan pərvazlanıb, naməlum torpağa düşdü və dünyanın sərhədlərini görünməmiş qaydada genişləndirdi.

15 gün sonra Kolumbun gəmiləri Kubanın sahillərinə çatdı. Dənizçilər üç ay ərzində Karib dənizi sularında üzdülər, güman edirdilər ki, Çini və Hindistanın sahillərinə çatacaqlar. Daha üç dəfə üzüb, Kolumb ilk dəfə qitənin özünə ayaq basdı. 1506-cı ildəki öz ölümünə qədər o, bu əminliyini qoruyub saxlayırdı ki, Asiyaya yol açmışdır.

1493-cü ildə Kolumbun kəşfi barədə xəbər yayıldıqda, İspaniya ilə Portuqaliya arasında münaqişə baş verdi. Portuqaliyalılar deyirdilər ki, İspaniya Boxador burnundan cənuba və şərqə olan bütün torpaqlara onların sahib olması barədəki hüququnu pozmuşdur. Bunu isə Hindistanın sahillərinə onların çatmasını qabaqlayıb, Roma papası bir qədər əvvəl təsdiq etmişdi. Hətta onlar Kolumbun müəyyən etdiyi adaları tutmaq üçün hərbi ekspedisiya hazırladılar. Bu mübahisənin həlli üçün İspaniya Romaya müraciət etdi. 1493-cü ilin martında papa VI Aleksandr dərc etdiyi bullada Atlantik okeanından keçən xətt üzrə iki dövlətin ağalıq sferasını dəqiqləşdirdi. Bu xətdən qərbə olan ərazilərin İspaniyaya məxsus olduğu, şərqə tərəf isə Portuqaliyaya məxsus olduğu təsdiqlənirdi. Papa bullası əsasında İspaniya və Portuqaliya 1494-cü ildə Tardessilyada öz müstəmləkə torpaqlarını bölüşdürmək barədə müqavilə bağladılar. Bu müqaviləyə görə, Xristofor Kolumbun işini davam etdirən dəniz səyyahlarının açdığı torpaqlardan Portuqaliyaya sonralar yalnız bir tək Braziliya qaldı. Müqaviləyə görə isə bu ərazi İspaniyanınkı olmalı idi.

Lakin Kolumbun planlarının həyata keçirilməsi çox baha olduğu kimi, həm də olduqca cəsarətli olduğundan, tez icra olunmadı, xeyli uzandı. Yalnız altı il sonra o, yenidən dənizə çıxa bildi. O, Böyük admiral və Yeni Dünyanın vitse-kral rütbələri ilə yanaşı, gözlənilən mənfəətin onda bir hissəsini almaq hüququ əldə etdi. San-Salvadorda sahilə çıxdıqdan sonra Kolumb iki həftə ərzində Baham adaları arasında üzdü, sonra o, Kubaya çatdı, sonra Haitiyə üzdü. Burada o, ispan koloniyası yaratdı. 1493-cü ildə o, İspaniya sahillərinə gəlib çatdı. 1504-cü ilə qədər Kolumb Amerikaya əlavə üç səfər etdi. 

İspaniya ilə Portuqaliya arasında yeni torpaqların bölünməsi barədə müqaviləyə baxmayaraq, Yer kürəsinin tədqiq olunmamış hissələrinə Avropanın digər ölkələrindən olan dəniz səyyahları nüfuz etməyə başladılar. Belə ki, ingilislərin xidmətində olan genuyalı Covanni Kabato (Con Kabot) 1497-1498-ci illərdə Nyufaundlend adası rayonunda Şimali Amerika sahillərinə çatdı. Sonralar Şimali Amerikanın şərq sahilinin sonrakı tədqiqatında ingilislərlə yanaşı, fransız kəşfiyyatçıları da iştirak etdilər. Belə ki, Sakit okeana şimali-qərb keçidini fransızların xidmətində olan florensiyalı Covanni Verratsono və Jan Kartye axtardılar.

XVI əsrin ortalarından Sibir ətrafı ilə Çinə şimali şərq dəniz yolunu açmaq üçün həmçinin cəhdlər edildi. 1552-ci ildə London tacirləri bu məqsədlə ekspedisiya təşkil etdilər. Üç gəmidən ikisi Kola yarımadasında qışlamağa məcbur oldu, orada dənizçilərin hamısı məhv oldu. Üçüncü gəmi isə Ağ dənizə çıxıb Şimali Dvina çayının mənsəbinə çatdı. Sonrakı illərdə ingilislər daha iki belə səfər etdilər, lakin hər yer buzla örtüldüyündən, gəmilər Karsk dənizinin girişindən uzağa gedə bilmədilər. XVI əsrin sonunda holland Vilhelm Barentsin rəhbərliyi  altında üç ekspedisiya Atlantik okeanından Sakit okeana olan şimali-şərq keçidini axtarmaq üçün yollandı. Lakin buzlarla yolu kəsilən holland gəmiləri Yeni Torpaqdan uzağa gedə bilmədilər, orada Barents dəfn edildi. O, özünün son ekspedisiyası vaxtı bu adalarda qışlamanı keçirərkən həlak olmuşdu.

Onu da qeyd etmək lazımdır ki,vikinq Layf Eriksson Şimali Amerika qitəsini kəşf etdikdən yalnız 500 il sonra başqa bir avropalı ilk dəfə Yeni Dünyaya ayaq basdı - 12 oktyabr 1492-ci ildə Genuya mənşəli ispan kapitanı Xristofor Kolumb Baham arxipelaqının adalarından birində lövbər saldı.

Portuqaliya dəniz səyyahı Vasko da Qama ilk dəfə Hindistana dəniz yolunu açıb, ölkənin qərb sahilində olan Kalikutda quruya ayaq basdı. Bu yolun axtarışı hər şeydən əvvəl iqtisadi səbəblərlə əlaqədar idi. Cənubi-Şərqi Asiyadan ədviyyat və Hindistandan olan digər malların ticarəti o vaxtlar ərəb tacirlərinin əlində idi. Portuqaliyalılar istəyirdilər ki, Hindistanla birbaşa əlaqələrə girsinlər, bu işdə ərəblərin vasitəçiliyindən azad olsunlar.

Hindistana dəniz yolunun açılması Qərbi Afrika sahillərini tədqiq etmiş portuqaliyalıların səyahətləri ilə hazırlanmışdı. Onların içərisində isə birinci Henrix Dəniz Səyyahı olmuşdu. 1488-ci ildə Bartolomey Diaş Xoş Ümid burnunu dövrə vurub keçdikdən sonra Vasko da Qamanın kəşfi üçün bünövrə hazırlanmışdı.

Vasko da Qama öz səyahətinə 1497-ci ildə başladı, onun donanması bir neçə karavelladan ibarət idi. Onlar yolda on üç həftə oldular və nəhayət, Xoş Ümid Burnuna gəlib çatdılar. Vasko da Qama sahil boyu ilə deyil, açıq dənizdə üzdüyünə görə onun yolu Diaşın ekspedisiyasınınkından xeyli gödək oldu. Afrikanın cənub qurtaracağını burulub keçən Vasko da Qama 25 dekabrda sahil zolağı yanından keçdi, buranı Milad bayramı şərəfinə Natal-Milad (Anadan olma) sahili adlandırdı. 7 aprel 1498-ci ildə isə portuqaliyalılar Mombasaya (müasir Keniyada) çatdılar, sonra şimala doğru üzdülər. Malindidə o, fərasətli ərəb naviqatoru ilə müqavilə bağlamağa və onun xidmətindən istifadə etməyə nail oldu. Vasko da Qamanın ərəbin idarə etdiyi gəmiləri 20 may 1498-ci ildə Hindistanın Malabar sahilindəki ticarət metropoliyası olan Kalikuta gəlib çıxdı.

Orada o, Portuqaliya ticarət qəsəbəsi tikməyə başladı. Kalikutun kralı ilə (Samurinlə) uzun danışıqlardan sonra ticarət müqaviləsi bağlandı. 1498-ci ilin oktyabrında hind malları yüklənmiş gəmilərdə Vasko da Qama geriyə qayıtmağa başladı.

Ağır səyahətdən sonra - gəmi heyəti təzə meyvələr olmamasından və ərzaq çatışmamazlığından, tsinqadan və distrofiyadan əziyyət çəkirdi. - 1499-cu ilin avqustunda Portuqaliya donanması Lissabon sahilində lövbər saldı. Burada kral və xalq Hindistana dəniz yolunu kəşf etmiş adamı hərarətlə qarşıladı.

(Ardı var)

 





03.04.2017    çap et  çap et