525.Az

Həyat bahasına qazanılan əbədiyyət


 

Həyat bahasına qazanılan əbədiyyət<b style="color:red"></b>

2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan Silahlı Qüvvələri tərəfindən aramsız olaraq güclü artilleriya atəşinə tutuldu.

Buna cavab olaraq, mülki şəxslərin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirləri həyata keçirildi. Erməni tərəfin atəşkəsi pozması səbəbindən başlanan dördgünlük müharibənin nəticəsində bir neçə yaşayış məntəqəsi, eləcə də strateji əhəmiyyətli yüksəkliklər işğaldan azad olundu. Bu, böyük qələbə idi!

Həmin döyüşlərdə neçə vətən oğlu qəhrəmanlıqla həlak oldu. Axı müharibə heç vaxt itkisiz olmur, qələbə qansız-qadasız qazanılmır! O günlər torpaq uğrunda şəhid olan oğullarımızın qara xəbəri ilə qələbə müjdəsini qoşa alan xalqımız kədərlə sevinci birgə yaşadı. Həmin vaxtlar hamı ordumuzun qüdrətindən, igid oğullarımızın şücaətindən ağızdolusu danışır, qələbə sevincini fərəhlə, ruh yüksəkliyi ilə bölüşürdü.

O günlər vətən yolunda canlarını fəda edən qəhrəman oğullarımız kimi səni də şəhidliyə aparan yol cəbhənin içindən keçdi, Fərman Əsədli. Cəsarətin, qorxmazlığınla qəhrəmanlıq tariximizin yaddaşına köçdün... Vətənə, ailənə başucalığı gətirmiş şərəfli ömründən qürur duyan atan - keçmiş hərbi komissar, polkovnik-leytenant Elçin Əsədovla yaxın günlərdə olan görüşümüzdə həyat yolunun yığcam, amma mənalı, ibrətamiz yaşantılarından xəbərdar olunca qəlbimi həyəcan bürüdü. Atan, gözlərinin aynasında açıq-aşkar sezdiyim ağrı-acını səsindəki nikbinliyi, məğrurluğu ilə gizlətməyə çalışırdı. Dağ boyda dərdə - oğul itkisinə tablaşıb, ürəyinin sızıltısını için-için çəkən atanın qarşısında özünü-sözünü necə itirməyəsən...  

Bu söhbətlərdə məni ən çox təsirləndirən bu oldu ki, sən bir Azərbaycan vətəndaşı olaraq, düşmənin sərhəd boyu hücumundan xəbər tutan andan bir mülki vətəndaş kimi, könüllü olaraq, ürəyinin hökmü ilə özünü müharibənin od-alovuna atdın. Bu hərəkətin, davranışınla sən təkcə göz açdığın ailənə, kökünə, nəslinə mənsub olmadın, bütövlükdə xalqına, vətəninə oğul olmaq haqqına yetdin. Sənin bu cəsarətli addımın ailənin nəsil davamçısı kimi sıradan bir oğul olmadığını, daha böyük missiya ilə həyata gəldiyini düşünməyə əsas verdi.

O gün cəbhə bölgəsində göstərdiyin şücaət haqqında eşidib-bildiklərim nə nağıldı, nə də xalq tərəfindən yaradılmiş qəhrəman obrazına vurğunluğum. Bu, gənc ömründə (heç vaxt qocalmayan!) səni ali bir mərtəbəyə ucaldan qeyrətin, ləyaqətinlə yazdığın həyatının qəhrəmanlıq səhifəsidir. Bu gün cismani yoxluğun bir acı həqiqət kimi ortada olsa belə, valideynlərinin, ahu baxışlı gözəl yarının, şirin-şəkər, bircə qız balanın ömründə səsinlə, nəfəsinlə dipdiri qalmağın da taleyin qədərinə doğmalarının mərdanə dözümü tutarlı sübutdur...

Vətən yolunda canlarından keçən oğullarımız haqqında yazılmış bir çox əsərlər bütün zamanlarda  gənclərin vətənpərvərlik duyğularını coşdurub. Bu igidlərin özlərinə məxsus taleləri olsa da, onları birləşdirən mənəvi yaxınlıq, oxşar xususiyyətlər həmişə məndə belə bir inam yaradıb ki, cəsarətli, fədakar insanları mübarizə meydanına çəkən də vətən sevgisi, ana torpağa bağlılıq olub. Bu gün də şahidi olduğumuz Qarabağ döyüşlərində mərdliklə vuruşan, həlak olan oğullarımızın hansı birinin həyatı ilə tanış oluruqsa, onların uşaqlıqdan, yeniyetmə çağlarından fərqli keyfiyyətlərə malik olduqlarının fərqinə varırıq. Fərmanın da yaşadığı az ömründə bizi duyğulandıran, qürurlandıran və ... kövrəldən keçdiyi qısa həyat yolunun ibrətamizliyi oldu.

... Aprelin 2-də bacısı Lalənin həyat yoldaşı Sadiq Əliyevlə Tərtərə, cəbhə bölgəsinə getməsi, bir gündə vaxtın və fiziki gücün imkan verdiyi qədər fürsətdən yararlanaraq, can fədasınacan olan müddətdə top mərmisi düşən, güllələr yağan yerlərdə yaralıların olub-olmadığını bilməkdən ötrü dəfələrlə od-alovun içinə atılması həqiqətən böyük fədakarlıq idi. Bu, torpağına bağlı olan bir vətən oğlunun qəhrəmanlıq tariximizin səhifəsinə öz qanı ilə yazdığı tərcümeyi-halının qırmızı rənglə seçilmiş sətirləri  idi. 

Yazı üzərində işləyərkən ürəyimdən, həmin gün son anadək Fərmanın yanında olan Sadiqlə görüşmək keçdi. Elçin müəllimin vasitəsilə zəngləşib vədələşdik. Ertəsi gün onunla redaksiyada görüşdük. Uca boylu, ilk baxışdan qayğılı, təmkinli görünən bu gəncin az yaşında böyük bir məktəb keçdiyini hiss etdim. Sadiq həmin gün cəbhədə olduqları o qanlı-qadalı gündə şahidi olduğu hadisələri mənimlə bölüşdü. 

... Aprelin 2-də səhər saat 7-də dostlarımdan biri zəng edib, Ermənistan silahlı qüvvələrinin gecədən bütün cəbhə boyu güclü artilleriya ilə hücuma keçdiklərini dedi. Bütün Gəncə əhli həyəcanla müharibədən danışırdı. Fərmanla danışıb, eşitdiklərimi ona söylədim. O, bir an da fikirləşmədən, "hazırlaş, Tərtərə gedirik"- dedi. Şəhərdə bir neçə yerə dəyəndən sonra Fərmanın "Niva" markalı maşını ilə Goranboydan Tərtər istiqamətinə hərəkət etdik. Səhər saat 9-da artıq Tərtərdə idik. Rayona girəndə yolboyu hərbi yük maşınları ilə rastlaşırdıq. Onlar döyüşlər gedən ərazilərdən mülki əhalini çıxarırdılar. Rayonun içilə keçib-getdikcə gördüyümüz hər şey, insanların vahiməsi, güllə səsləri, mərmilərin gurultusu, mülki şəxslərin təlaşı, həyəcanı bütün aydınlığı ilə müharibənin dəhşətlərini göstərirdi. Top-güllə səslərini yaxından eşidirdik. Tərtərin içindən Şıxarxa tərəf döndük. Rayonun çıxacağında ağaclıqlarda hərbçilər, rütbəli şəxslərlə rastlaşırdıq. İkimiz də hərbi xidmətdə olmuşduq, təlimlər keçmişdik. Gəncədən çıxanda da bu niyyətdə idik ki, cəbhədə nə kömək lazımdırsa edəcəyik. Avtomat versələr döyüşəcəyik.      

Qarşıda post qurulmuşdu, dörd əsgər bura nəzarət edirdi. Onlara yaxınlaşıb maşını bir tərəfdə saxladıq. Dedik, Gəncədən bura əsgərlərimizə köməyə gəlmişik, icazə verin akoplara (səngərlərə) gedək. Qəti etiraz etdilər. Həmin gün ətraf rayonlardan da xeyli gənclər kömək üçün buraya gəlmişdilər. Nəzarətçilər qarşılarını kəsib irəli getmələrinə icazə vermirdilər. Bu dəfə biz də əsgərlərə kömək məqsədilə gələn gəncləri başa salır, deyirdik ki, dövlətimizin güclü nizami ordusu var, narahat olmayın, hər şey yaxşı olacaq, biz qalib gələcəyik...

Burda yolun sağ tərəfi Tərtər çayı, solu isə əkin sahələri, traktor yolu idi. Onlar həmin yolla döyüş bölgələrinə sarı irəlililəyib, şəxsi heyətin olduğu səngərə çatırlar. Tabor komandiri mülki şəxsləri səngərdə görüncə narahat olub, dərhal onların geri qayıtmalarına göstəriş verir. "Biz bura əsgərlərimizə köməyə gəlmişik, döyüşlərdə həlak olanlardan artıq deyilik, icazə verin torpağa olan borcumuzu azacıq da olsa verək,”- deyiblər. Bundan sonra onlara səngərdə oturub avtomatın darağına güllə doldurmağa icazə veriblər.

Sadiq xatırlayır ki, düşmənlər topu hara atırdısa, bilirdik, orda şəxsi heyət var, 3-4 dəqiqə gözləyirdik, sakitlik olan kimi dərhal maşını ora sürürdük. Əsgərlərlə hal-əhval tuturduq, yaralanan, həlak olan varmı, nə edə bilərik, deyə xəbər alırdıq. Nəhayət, gəldiyimiz posta qayıtdıq. Burda cəbhədən gələn iki hərbi yük maşınının posta çatmamış xarab olaraq yolda qaldığını gördük. Maşından başı çıxan Fərman dedi ki, onun akkumulyatoru sıradan çıxıb. Dərhal mülki əhalinin olduğu yerdə maşınlardan birinin akkumulyatorunu çıxararaq postdakı əsgərlərin icazəsi ilə maşına tərəf götürüldük. Fərman akkumulyatoru hərbi maşına qoyandan sonra sürücü əsgər Şirinovun yerinə keçib maşını gülləbaranın altından çıxardı. Demə, həmin maşında bir neçə əsgərimizin cənazəsi varmış. Onları gətirib rayondakı hərbi hissəyə təhvil verdik. Sonra geriyə qayıdıb yenidən döyüş bölgələrini gəzirdik ki, birdən köməyimizə ehtiyac yaranar...

Axşam saat 7-nin yarısında evlərinə qayıtmaq istəyərkən bir nəfər kapitanın yolun kənarı ilə döyüş bölgəsinə getdiyini görürlər. Yol uzaq, həm də təhlükəli olduğundan kapitanı maşınla hərbi hissənin yerləşdiyi Şıxarxa aparırlar. Bu dəfə maşını Sadiq sürür. Əsas postu, Nəzarət buraxılış məntəqəsini (NBN) ötüb, çay boyu gedərək Şıxarxa çatanda görürlər ki, açıq hədəfdədirlər. Qum-çınqıl karxanasını təxminən 500 metr keçdikdən sonra qəflətən düşmənin "D-30" top mərmisi avtomaşının yaxınlığında partlayır... Doğmaları xəstəxanaya çatıb, içəri keçəndə gözlərini əbədi yummuş Fərmanın başının üstündə hərbçilərin, iş yoldaşlarının, dostlarının dayanıb göz yaşı tökdüklərini görürlər...

Həmin gün döyüşlərdə sağ qalmış kapitan Mübariz Rəhimov Elçin müəllimin evinə gələrək, həyatını xilas etdiyi üçün Fərmana borclu olduğunu, onun ruhu qarşısında baş əydiyini deyib və belə bir övlad tərbiyə etdikləri üçün onlara dərin minnətdarlığını bildirib.

Fərmanın anası dəftər vərəqinə yazdığı 20 səhifədən (çətin ki, 26 ilin hadisələri 20 səhifəyə sığa! Hər günün, ayın illərdə toplandığı xatirələri yazmaq özü ana üçün başdan-başa ağrıdı...) ibarət xatirəsini mənə yollayıb. Boy-buxunlu balasının, ciyərparasının səsindən-nəfəsindən, şirin təbəssümündən, qüvvətli qollarının arasında yaşadığı xoşbəxt anlarından doymayan təmkinli, dözümlü Xatirə ananın Fərmanlı günləri qəlbimə köz saldı, yandırdı, ağrıtdı məni... 

Bu xatirələr mənə ən ümdəsi ondan ötrü qiymətli oldu ki, doğulandan cismani yoxluğuna qədər olan  zaman çərçivəsində onu əsl vətən oğlu kimi görə bildim. Uşaqlıq çağlarının dəcəlliyi, müəllimləri ilə yaxınlığı, qoçaqlığı, ağlı, zəkası ilə bütün nəslin, kökün sevimlisi olması, kimsəsiz uşaqların halına yanması, onlara tez-tez yardım etməsi, ailəcanlı, dostcanlı olması onda özünəxas keyfiyyətlərin formalaşmasına zəmin yaradıb. İndi Fərmanın yaşadığı ömrə nəzər salanda görürük ki, o, 25 yaşın çərçivəsinə ən azı 80 illik ömür qədər məna sığışdıra bilib...

Azərbaycanın hərb tarixinə Aprel döyüşləri kimi daxil olan qələbəmizin yazılmasında şəhid Fərman Əsədlinin də öz dəst-xətti var. Bütün gəncəlilərin tanıyıb sevdiyi, əməllərindən qürur duyduğu vətən oğlunun xatirəsi bu gün də, sabah da əziz tutulacaq. Xalqımız torpaqlarımızın bütövlüyü uğrunda rəşadət göstərərək canlarından keçən vətən oğulları ilə həmişə fəxr edir.

 





04.04.2017    çap et  çap et